Azərbaycanda pedaqoji elmin inkişafında böyük xidmətləri olan görkəmli alim, pedaqogika üzrə elmlər doktoru, professor, Beynəlxalq Pedaqoji Akademiyanın akademiki, Əməkdar elm xadimi Fərrux Rüstəmov respublikamızda və onun hüdudlarından kənarda yaxşı tanınır. O, bir sıra xarici ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda ölkəmizi layiqincə təmsil etmiş, pedaqogika elminin nəzəri və praktiki problemləri ilə bağlı 30-dan artıq kitab, 500-dən çox elmi-pedaqoji və publisistik məqalə nəşr etdirməklə Azərbaycan pedaqogikaşünaslığının salnaməsini yaratmıdır.
Bu yaxınlarda çapdan çıxmış “Azərbaycan pedaqogikaşünaslığı” (Bakı. 2016) dərsliyi onun yaradıcılığının zirvəsi sayıla bilər. Bir elmi-tədqiqat institutunun yerinə yetirə biləcəyi bu işi illərlə səbr və təmkinlə təkbaşına görən, pedaqogika elmimizin bir əsrlik tarixini yazan Fərrux müəllimin savadına və zəhmətsevərliyinə heyran qaldım. Onun pedaqoji fəaliyyətini sələflərinin və müasirlərinin yaradıcılığı kontekstində təhlil etməyə çalışdım. Professor Əhməd Seyidov Azərbaycan pedaqoji fikir tarixini, akademiklər Mehdi Mehdizadə və Hüseyn Əhmədov Azərbaycan məktəb tarixini tədqiq etməklə, yeni bir elmi istiqamətin əsasını qoyduqları kimi professor Fərrux Rüstəmov da pedaqogika nəzəriyyəsinin, pedaqogika tarixinin və pedaqoji tənqidin respublikamızda bir əsrlik inkişaf tarixini araşdırmaqla, mövcud tədqiqatları ümumiləşdirməklə Azərbaycan pedaqogikaşünaslığını yaratmağa nail olmuşdur. Onun qələmindən çıxan hər bir iri həcmli, geniş məzmunlu, dərin elmi siqlətli əsər kimi bu kitab da öz monumentallığı, yeniliyi, orijinallığı ilə seçilir. Müəllif yeni bir elmi istiqamət müəyyənləşdirməklə kifayətlənməmiş, elmi ideyalarını tədrisə gətirmiş, “Azərbaycan pedaqogikaşünaslığı” fənninin ali pedaqoji məktəblərin magistratura pilləsinin tədris planına daxil edilməsinə nail olmuş, fənnin proqramını və dərsliyini hazırlamışdır.
900 səhifəyə yaxın həcmi olan dərslik 7 fəsildən ibarətdir. Kitabın birinci fəsli “Azərbaycanda pedaqoji elmin nəzəri-metodoloji problemlərinin tədqiqi” adlanır. Burada Azərbaycanda pedaqoji elmin inkişafını şərtləndirən sosial-siyasi zəmin və tarixi qaynaqlar araşdırılır, pedaqogikada metodoloji prinsiplərin təşəkkülü və inkişafı nəzərdən keçirilir, pedaqoji cərəyanların mahiyyəti, əhəmiyyəti, təsnifatı və terminologiya sisteminin təkmilləşdirilməsi ilə bağlı araşdırmalar təhlil və tədqiq edilir.
Dərsliyin ikinci fəsli Azərbaycanda tərbiyə nəzəriyyəsinin inkişafına həsr edilmişdir. Müəllif bu fəsildə tərbiyənin nəzəri-metodoloji problemlərini ilə bağlı milli pedaqoq alimlərin ideya, fikir və baxışlarını rus elmi-pedaqoji fikri kontekstində tədqiq edir, məktəbli şəxsiyyətinin formalaşdırılmasının nəzəri və təcrübi məsələlərini araşdırır.
Azərbaycanda ümumi orta təhsilin məzmununun, tədris planlarının və proqramlarının təkmilləşdirilməsi, stabil dərsliklərin yaradılması, didaktikanın nəzəri problemlərinin tədqiqi kimi məsələlər dərsliyin “Azərbaycanda didaktik fikrin inkişafı” adlı üçüncü fəslində araşdırılır.
Azərbaycanda təhsil və pedaqoji fikir tarixinin tədqiqi sahəsində indiyə kimi ciddi və maraqlı araşdırmaları aparılmışdır. Məktəb və pedaqoji fikir tarixi ilə bağlı bu tədqiqatlar dərsliyin “Tarixi-pedaqoji irsin tədqiqi” adlı dördüncü fəsilndə ümumiləşdirilmişdir.
İndiyə kimi nəşr olunmuş pedaqogika kitablarında, elmi tədqiqat əsərlərində ancaq pedaqoji prosesin qanunauyğunluqlarından bəhs olunduğu halda ilk dəfə burada pedaqogika elminin inkişaf qanunauyğunluğundan bəhs olunur və onlar aşağıdakı kimi təsnif edilir:
– pedaqogika elminin inkişafının cəmiyyətin siyasi, sosial-iqtisadi, mədəni tələblərindən asılılığı;
– pedaqogika elminin əlaqədə olduğu elmlərin inkişaf səviyyəsindən asılılığı;
– Azərbaycanda pedaqogika elminin inkişafının dünya pedaqoji fikrinin ümumi inkişafından asılılığı;
– pedaqoji elmin inkişafının pedaqoji kadr potensialından asılılığı;
– pedaqoji nəzəriyyənin və praktikanın pedaqoji tənqidin səviyyəsindən asılılığı.
– pedaqoji elmin inkişafının pedaqoji mətbuatın və pedaqoji tənqidin inkişaf səviyyəsindən asılılığı.
Dərsliyin “Azərbaycanda pedaqogika elminin inkişafını şərtləndirən başlıca amillər” adlı beşinci fəslində sadalanan bu qanunauyğunluqların inkişaf parametrləri nəzərdən keçirilir, pedaqogikanın nəzəriyyəsi və tarixi ilə bağlı nəşr olunmuş dərslik və dərs vəsaitlərinin strukturu, məzmunu təhlil edilir, milli dərslik yaradıcılığındakı ənənələr ümumiləşdirilir. Pedaqoji mətbuatın yaranması müxtəlif problemlər üzrə pedaqoji ideyaların və məktəb təcrübəsinin inkişaf dinamikasını şərtləndirən əsas amillərdən biri kimi təhlilə cəlb olunur, pedaqoji elmin inkişafında pedaqoji tənqidin mühüm rol oynadığı əsaslandırılır. Bununla belə, biz də müəllifin belə bir fikri ilə şərikik ki, Azərbaycanda pedaqoji tənqidçilər nəsli formalaşmamış, pedaqoji tənqid bir elm sahəsi kimi mövcud olmamış, heç kəs pedaqoji tənqidçi sözünün ağırlığını öz üzərinə götürməmişdir.
Dərsliyin “Pedaqoji elmin inkişafında beynəlxalq əlaqələrin rolu” adlı altıncı fəslində müəllif əsaslandırır ki, pedaqogika elminin inkişafının hər bir mərhələsi milli ictimai-pedaqoji düşüncənin coğrafi sərhədindən, onun dünya pedaqogikası və təhsil mədəniyyəti ilə qarşılıqlı əlaqəsindən bilavasitə asılı olmuşdur. Pedaqoji əlaqələr sadəcə olaraq ayrı-ayrı şəxslərin, məktəbdarların, maarifçilərin arzusu və istəyi ilə şərtlənmir, çoxcəhətli tarixi inkişaf prosesinin qanunauyğun nəticəsi kimi meydana gəlir. Tarix boyu elə bir xalq olmamışdır ki, onun mədəniyyəti, ədəbiyyatı, pedaqoji fikri daim ünsiyyətdə olduğu xalqların mənəvi irsindən təcrid olunmuş şəkildə inkişaf etsin.
Dərsliyin sonuncu fəsli Azərbaycanda humanist pedaqogikanın inkişaf perspektivlərinin müəyyənləşdirilməsinə həsr olunmuşdur. Yüksək elmi-nəzəri səviyyəsi, fundamentallığı, şərh və ümumiləşdirmə üslubu ilə seçilən bu əsəri professor Əjdər Ağayev haqlı olaraq pedaqogikaşünaslığa töhfə adlandırır.Məhz belə bir mövqe pedaqogikanın sosial mahiyyətini üzə çıxarmaqla bu sahəyə diqqət və marağın artmasına səfərbəredici təsir göstərir. Dərslikdə pedaqogika elminin inkişafında xidmətləri olan 300 nəfərədək alim haqqında qısa məlumatın verilməsi, 1927-2016-cı illərdə ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi ixtisası üzrə müdafiə olunan dissertasiyaların biblioqrafiyasının və ad göstəricisinin verilməsi onu ensiklopedik nəşr kimi dəyərləndirməyə imkan verir.
Professor F.Rüstəmovun “Azərbaycan pedaqogikaşünaslığı” dərsliyi pedaqogikanın tarixi və nəzəriyyəsi ilə bağlı fəlsəfə və elmlər doktoru proqramı üzrə dissertasiyalar müdafiə edən, elmi məqalələr, dərslik, dərs vəsaiti və monoqrafiyalar nəşr etdirən tədqiqatçıların pedaqoji fikir, ideya və baxışlarının ümumiləşdirilməsinə istiqamət verə biləcək dəyərli mənbədir.
Süleyman Məmmədov,
tarix üzrə elmlər doktoru,
professor, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.