Ustad xanəndənin ömür dastanı

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının görkəmli muğam ifaçısı, Xalq artisti, “Şöhrət” və “İstiqlal” ordenli xanəndə Əlibaba Məmmədovun çoxşaxəli həyat və yaradıcılığından bəhs edən “Bizim ustad” adlı kitabı “Nərgiz” nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunaraq geniş oxucu kütləsinə təqdim edilmişdir.

Müəllif öncə ustad xanəndəyə belə bir sualla müraciət edir: – Əlibaba müəllim, sənətkar sözünü kimə şamil etmək olar?
– Mənim balam, o şəxsə sənətkar demək olar ki, onun sənətdən danışmağa haqqı olsun. O şəxsin də sənətdən danışmağa haqqı var ki, onun böyük sənət təcrübəsi olsun.

On bölümdən ibarət bu monoqrafiya, elə bilirəm, muğamsevərlərə əsl hədiyyə oldu.

Kitabda xanəndənin həyat və yaradıcılığına aid olan bütün məlumatlar ustadın öz dilindən, maraqlı söhbətlərindən qələmə alınmışdır. Xanəndənin həyat və yaradıcılığının bütün tərəflərinin geniş təfsilatı ilə oxuculara çatdırlması kitabı daha məzmunlu və oxunaqlı edir.

“Muğam mənim həyatımdır” bölümündə Əlibaba Məmmədovun muğam sənəti haqqında fikirləri,  muğam dəsgahlarımızla bağlı məsləhətləri, təhlilləri və tövsiyələri, bir sözlə,  muğam ifaçılarına lazım olan vacib məsələlərdən ətraflı danışılır. Muğamın poeziya ilə sıx vəhdətini nəzərə alaraq, sənətkarın “Söz dünyası”  bölümündə Əlibaba müəllimin sözə, qəzələ münasibətini Məhəmməd Füzuli, Seyid Əzim Şirvani, Əliağa Vahid kimi şairlərin yaradıcılığı ilə bağlı fikirləri, eləcə də özünün yazdığı şeir və qəzəllər daxil edilib.

Məlumdur ki, Əlibaba Məmmədov yaradıcı xanəndədir. Onun bəstəkarlıq fəaliyyətindən də çox yazılıb. Zəngin repertuarının bir hissəsini onun öz bəstələri təşkil edir. Bu gün radio və televiziyanın fondunda şöhrətli sənətkarın yüzdən artıq mahnı və təsnifi xalq tərəfindən sevilərək qorunub saxlanılır. “Mahnılar və təsniflər” bölümündə ustad xanəndənin bəstələrinin yaranma tarixindən, onun  nota köçürülməsi üzərində təhlillər aparmaqla bu musiqilərin nə qədər peşəkar səviyyədə olması öz təsdiqini tapır.

“Qəlbimdə yaşayan xatirələrim və düşüncələrim” adlı bölümdə isə ustad xanəndənin unudulmaz sənətkarlar –Tofiq Quliyev, Süleyman Ələsgərov, Xan Şuşinski, Seyid Şuşinski, Cabbar Qaryağdıoğlu, maestro Niyazi, Şövkət Ələkbərova və onlarca digər sənətkar haqqında düşüncələri, eləcə də xatirələri, eyni zamanda, el şənliklərindən bəzi maraqlı əhvalatlar qələmə alınıb.

Ümumiyyətlə, “Bizim ustad”  kitabını oxuyandan sonra belə bir qənaətə gəldim ki, insan övladı hələ kitab haqqında hər şeyi deyə bilməyib. Çünki hər kitabın özünəməxsus mövzusu olduğu kimi, hər müəllifin də istənilən mövzuya fərqli yanaşma tərzi var. Müasir musiqişünaslar arasında öz dəsti-xətti ilə seçilən Səadət Təhmirazqızının qələmə aldığı bu kitab məni bir neçə cəhətdən cəlb etdi. Bir musiqi ifaçısı,  foto-müxbir və jurnalist kimi  fəaliyyət göstərdiyim 45-50 ildə daim sənətkarlar arasında olduğuma görə “Əmi” ilə ( biz Əlibabanı həmişə belə çağırmışıq) dostluq münasibətlərində olmuşam.  Odur ki, dəfələrlə dilimdən belə söz çıxıb ki, Əlibaba Məmmədovu  çox yaxşı tanıyıram. Ustad xanəndənin 70 və 85 illik yubiley yazılarını da yazmışam. Lakin “Bizim ustad”  kitabı sübut etdi ki, onun haqqında mənim də bilmədiyim çox məqam varmış. İlk dəfədir ki, Əlibaba Məmmədov yaradıcılığının hər üç qolu – xanəndə, bəstəkar və şairliyi – eyni kitabda, həm də müfəssəl şəkildə toplanıb. Uzun müddət mətbuatda çalışdığıma görə, bu sənətin dəyərli nümunələrinin daha geniş şəkildə təbliğini arzulamışam. “Bizim ustad” kitabında həmin arzum da reallığa çevrilib. Kitabın redaktoru Xalq artisti, professor Ramiz Zöhrabov, rəyçi isə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadədir.

Rafiq SALMANOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında