20 Yanvarı yaddaşlarda yaşadan əsərlər

Azərbaycan  Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə "20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı" təsdiq edilib. Sənəddə respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı konfrans, toplantı və mühazirələrin təşkili, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların göstərilməsi, bədii və sənədli filmlərin nümayiş etdirilməsi və bu tədbirlərin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması nəzərdə tutulub.

Həmçinin dünya ictimaiyyətinin diqqətini faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materialların verilməsi də tövsiyə olunub.

   Qeyd edək ki, ötən dövr ərzində 20 Yanvar  faciəsi  ilə bağlı qiymətli  sənət nümunələri yaradılmış, bu əsərlərdə Azərbaycanın azadlığı  yolunda şəhid olan  Vətən övladları  haqqında  bədii-sənədli materiallar əks olunmuşdur. Hazırda  elə bir muzey, kitabxana yoxdur ki, orada xalqımızın qanlı yaddaşına çevrilmiş Qanlı Yanvar faciəsi ilə bağlı kitablar, rəsm əsərləri toplanmasın.

20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin  tabeliyində olan bütün mədəniyyət müəssisələrinə bu tədbirləri yüksək səviyyədə keçirmək tapşırığı verilmişdir.

Azərbaycan Dövlət Tarix Muzeyinə  gələnlər  bir anlıq da olsa, divardan asılmış  bir xalça  önündə  ayaq saxlamadan  keçmirlər. Bu  rəssam Fəxrəddin Əli və xalçaçılar Şəkər Ələsgərova  və Ədibə Elbayeva tərəfindən sahibkar Əziz Əbdüləziz şirkətində toxunulmuş  “Şəhidlər”  xalçasıdır.   Həmin   xalçanı  sonralar  böyük vəsait hesabına əldə etmək istəyənlər olsa da, Ə.Əbdüləzizin   bu  qiymətli sənət nümunəsini  muzeyə hədiyyə etmişdi.

1991-ci ilin 20 Yanvarında bu xalça Şəhidlər xiyabanına ziyarətə gələn on minlərlə soydaşımızın  kədərini özündə yaşadan rəmz kimi xiyabanın girişindən asılmışdı.   

Əslən  Cənubi Azərbaycandan olan   rəssam Səməd Təbrizli “İlham  və Fərizə ”  adlı xalçanı  da yaradarkən sadəcə bir azərbaycanlı kimi öz  mənəvi borcunu yerinə yetirib. Təbrizli xalçaçılar tərəfindən toxunmuş bu xalçanın müəllifi Səməd bəyin sözlərinə görə, xalçada 800 min ilmə var. Onun toxunmasında 182 rəngdə yun ip boyansa da, qarışdırılan rənglərlə birgə “İlham – Fərizə ” xalçasında 230-dan artıq rəngdən istifadə edilib. Onu da deyək ki, xalçanın ərişləri uzun illər qalsın deyə, ipək ipdən hazırlanıb.

Tariximizin 20 Yanvar səhifəsi Azərbaycan kino xadimlərinin daim müraciət etdikləri mövzulardandır. Elə hadisələrin baş verdiyi həmin gecə operatorlarımız bu qətliamın ən ağrılı anlarını ekranın yaddaşına köçürmüşlər. “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən “Salnamə” sənədli filmlər studiyasında da faciə ilə bağlı və ümumilikdə Azərbaycan tarixinin qanlı səhifələrinə həsr edilmiş ekran əsərləri istehsal olunub. Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin 20 Yanvar faciəsinə həsr olunmuş sərgi və anım mərasimləri də “Salnamə” studiyası tərəfindən lentə alınır. Bütün bunlar gələcək nəsillərə ötürüləcək tarixi sənədlərin əsasını təşkil edir. “Azadlığa gedən yollar” sənədli filmində Azərbaycan tarixinə qara hərflərlə yazılmış 20 Yanvar faciəsi onun əsas süjet xəttini təşkil edir. Bu sıraya “Xatirələrdə yaşanan ömür”, “Vətən qeyrəti”, “Mən evə qayıdıram” filmlərini də əlavə etmək olar. Hərbi vətənpərvərlik mövzusunda çəkilmiş “Mən evə qayıdıram” bədii filmi ötən əsrin 90-cı illərinin real hadisələrini əks etdirir.

 “Qanlı Yanvar” bədii filmi də faciənin real hadisələri əsasında lentə alınmışdır. Filmdə Azərbaycan, ABŞ, İran, Rusiya və Türkiyənin tanınmış aktyorları rol alıblar. Film dünyanın bir sıra ölkələrində göstərilib.

20 Yanvar faciəsinə həsr olunmuş musiqi əsərləri də şəhidlərin xatirəsinin yad edilməsində önəmli rola malikdir. Son illər ərzində Qanlı Yanvara və şəhidlərə həsr olunmuş 20-dən artıq əsər yazılmışdır. Vaxtilə görkəmli bəstəkarlar Cövdət Hacıyev “Şəhidlər” simfoniyası (1990), Hacı Xanməmmədov “Əlimdə sazım ağlar” – solist və xalq çalğı alətləri orkestri üçün poeması (1991), Azər Rzayev “Bakı-90” simfoniyası, Vasif Adıgözəlov “Qəm karvanı” oratoriyası və digər əsərlər faciənin miqyasını notların dili ilə göstəriblər. Qanlı tarixdən keçən 27 il müddətində bu nümunələrin sırasına yeni-yeni əsərlər daxil olub, faciəyə sənət dili ilə yanaşmalar nümayiş etdirilib.

Bəstələnən musiqilər tanınmış musiqi kollektivlərinin, orkestrlərin ifasında hüzn günü ərəfəsində xarici ölkələrin müxtəlif konsert salonlarında da səsləndirilərək dünya ictimaiyyətinin diqqətini bir daha bu faciəyə yönəltməyə xidmət edir. Son illər 20 Yanvar faciəsi və şəhidlərə həsr olunan musiqi əsərlərinin arasında Arif Mirzəyevin “Yanvar passionları” matəm messası, Nazim Quliyevin “Şəhidlər” operasını, Oqtay Rəcəbovun “Çingiz” oratoriyasını, Zabitə Məmmədovanın “Elegiya” solist, xor və orkestr üçün əsərini, Tahir Əkbərin “Hər birimiz Mübarizik, Fəridik” balladasını qeyd edə bilərik.

Bu mövzuda yaradılan rəsm əsərlərində təkcə faciə deyil, həm də xalqın qəhrəmanlıq ruhunun nümayişi əsas motivləri təşkil edir. Ulu öndər Heydər Əliyevin 1995-ci il yanvarın 18-də Azərbaycan Dövlət İncəsənət Muzeyində keçirilən “Qanlı Yanvar” rəssamlıq sərgisindəki çıxışından sonra bədii əsərlərdə şəhidlərin ölməzliyini və müqəddəsliyini təcəssüm etdirən əsərlər yaradılmağa başlandı. Rəssamlıq sahəsində bu şərəfli tariximiz, bəlkə də, daha canlı, ifadəli və obrazlı təsvir edilməyə başlandı.

Xalq rəssamı Fərhad Xəlilov belə əsərlərin vacibliyinə toxunaraq deyib: “Xalq yaxşı günləri yaşadıqca faciələrinin də unudulmaması naminə onları gələcək nəsillərə çatdırmalıdır. Tarixin belə qanlı səhifələrinin yaddan çıxmaması üçün ən yaxşı vasitələrdən biri də rəsm əsərləridir. Belə əsərlər nə qədər çox olarsa, həmin tarixi dünya xalqlarının diqqətinə çatdırmaq da bir o qədər mümkünləşər və asanlaşar”.

Yəqin ki, Xalq rəssamı Mikayıl Abdullayevin rənglərin harmoniyasından yoğrulan “Nakamların dəfni” əsəri ilə tanışsınız. Bu əsərə tamaşa etdikcə, həqiqətən, öz xalqının qəhrəmanlığından qürur duyursan. Bu əsərdə 20 Yanvar faciəsini yaşayan bir xalqın müqəddəs ruhu təsvir olunur. Eyni zamanda, bu faciəni törədən cəlladlara qarşı rəssamın hədsiz nifrəti aydın duyulur.

Görkəmli fırça ustalarından Rasim Babayevin “Təcavüz”, Kirman Abdinin plakat janrında işlədiyi bir sıra silsilə əsərlərində, rəngkar Hacırza Fərzəliyevin “Ağlı-qaralı dünya”, Fikrət İbrahimovun “Gələcək naminə”, Həmzə Abdullayevin “Çərxi-fələk”, İsmayıl İsmayılovun “Haqq tərəzisi”, Qafar Seyfullayevin “Öncə Vətəndir...”, Asim Səmədovun “Ruhlar” və s. tablolarında qanlı gecənin ağrı-acılı yaşantıları öz bədii ifadəsini tapıb.

Qrafika ustası Arif Hüseynovun “Qara tağlı natürmort”, Fəxrəddin Əliyevin “Qara Yanvar” və Arif Ələsgərovun “20 Yanvar” əsərləri də xalqımızın imperiya təcavüzünə məruz qaldığı gecəyə həsr olunmuş bədii sənət nümunələri olmaqla yanaşı, bizi düşmənə qarşı daim ayıq-sayıq olmağa səsləyir. Xalq rəssamı Ağəli İbrahimovun fikrincə, 20 Yanvar faciəsi təsviri sənətin əbədi mövzularından biridir: “Bu tarix yaddaşlardan silinməyəcək və indiyədək olduğu kimi, bundan sonra da 20 Yanvar Azərbaycan rəssamlarının vətəndaşlıq mövqeyindən daim müraciət etdiyi mövzu kimi qalacaq. Xalq rəssamları Kamil Nəcəfzadə, Xanlar Əhmədov və başqaları da bu mövzuda yaddaqalan sənət əsərləri yaradıblar. Düşünürəm ki, nəinki rəssamlarımız, heykəltəraşlarımız və incəsənətin digər növləri ilə məşğul olan bütün yaradıcı insanlar hər zaman bu mövzuya müraciət edəcəklər”.

Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən  İncəsənət Gimnaziyasının müəllimi, rəssam İlqar Əkbərov o zamanlar faciəyə ilk münasibət bildirib. O, həmin mövzuya həsr etdiyi əsəri hadisələrin qaynar vaxtı, Bakı qan içində boğulanda, 1990-cı ildə yaradıb. “Şəhidlər” adlanan həmin əsər R.Mustafayev adına Dövlət İncəsənət Muzeyində nümayiş etdirilir. Onun fikrincə, rəssamlıqla məşğul olan yeniyetmələrə bu mövzunun mahiyyəti izah edilməlidir ki, sonralar onların düşüncələri və təxəyyülləri əsərə çevriləndə obrazlar dolğun yaradılsın. Bu təbliğin nəticəsidir ki, rəssamlığa həvəsi olan uşaqlar da həmin  mövzuya daha böyük maraq göstərirlər.

Bu illərdə işıq üzü görən bir çox bədii və araşdırma kitablarında da 20 Yanvar faciəsi öz geniş əksini tapıb. Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasından verilən məlumata görə, son illər Azərbaycan və rus dillərində Qanlı Yanvar hadisələri ilə bağlı onlarca nəşr kitabxanaya təqdim edilib. Yazıçı Vahid Məhərrəmovun “Qanlı gecə, qanlı tarix: 20 Yanvar faciəsi haqqında”, Niftalı Şıxların “Dünyamızın 20 Yanvar faciəsi”, Məzahir Süleymanzadənin “20 Yanvar: güllələnmiş qəzet”, Mədinə Qasımovanın “Ağla, qərənfil, ağla” və “Ölülər də qalib gəlir” (rus dilində), Şəmkir Təhməzlinin “1990-cı il Qanlı Yanvar izləri”, İsmixan Yusubovun “Erməni dosyesi” və faciədən bəhs edən digər əsərlər kitabxananın fondunda yer alıb.

20 Yanvar faciəsi öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini nümayiş etdirdi. Bu mövzuda  yaradılan hər bir sənət əsəri məhz bu xüsusiyyətləri əks etdirir.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında