Söhbət tanınmış yazıçı-jurnalist, nüfuzlu ədəbiyyatşünas Sona xanım Vəliyevanın “İşığa gedən yol” romanından gedir. Ötən il işıq üzü görmüş və ədəbi-mədəni aləmdə hadisəyə çevrilmiş bu fundamental əsər dərhal ziyalılar arasında böyük əks-səda doğurdu.
Böyük Həsən bəy Məlikzadə Zərdabinin nəsillərə örnək olan həyat yoluna iri planda işıq salan irihəcmli romanın ilk oxucularından biri, üstəlik, görkəmli maarifçi- mütəfəkkirin zəngin irsini yarım əsrdən artıq müddətdə tədqiq etmiş qocaman zərdabişünas kimi mən də zamanın sifarişini cavablandıran bu qalın və sanballı kitabı böyük maraqla, dərindən təsirlənərək oxuyub başa çatdırdım. Romanın Həsən bəyin həyat və yaradıcılığının bədiiləşmiş təsvirinə həsr olunmuş ilk və böyük əsər olduğunu yəqin edib çox sevindim.
Etiraf edim ki, Həsən bəy Zərdabinin elmi-publisistik yaradıcılığının və ictimai fəaliyyətinin fəlsəfi əsasları ilə bağlı gənclik illərimdə namizədlik və doktorluq dissertasiyaları müdafiə etsəm də, illər boyu silsilə məqalələr yazsam da, bu mövzunun dərinliyi və genişliyi gələcəkdə Həsən bəyin həyatı və irsi ilə bağlı daha əhatəli araşdırmalar aparılacağına, müxtəlif səpkili əsərlər yaradılacağına məndə həmişə böyük inam yaradıb. Buna görə də Zərdabi ilə bağlı ortaya çıxan hər bir məqalə, kitab mənim xüsusi marağıma səbəb olmuş, yeni dəyərli əsərin yaranmasına ürəkdən sevinmişəm. Sona xanımın “İşığa gedən yol” romanını mütaliə edərkən xüsusi sevinc hissi yaşadım. Bu da səbəbsiz deyildi.
Mən Zərdabi irsini, əsasən, fəlsəfi cəhətdən araşdırdığımdan onun həyat və yaradıcılığına aid bir çox təfərrüatlar, təfsilatlar diqqətimdən kənarda qalırdı. Lakin bunların araşdırılmasını daim zəruri saymışam. Düzü, Sona xanımın Həsən bəyin həyat və yaradıcılığının geniş bədii mənzərəsini yaradan romanını oxuyarkən Zərdabi ilə bağlı məndə yaranmış narahatlıq bir çox cəhətdən aradan qalxdı. Romanı oxuya-oxuya Həsən bəy Zərdabinin ömür yoluna boyaboy işıq salan əsərdə yer alan fakt və hadisələri, təfsilat və təfərrüatları yenidən yaşamalı oldum. Zərdabi dövründə baş vermiş tarixi proseslərin, Azərbaycanda cərəyan etmiş maarifçilik hərəkatının, xalqımızın mədəni-mənəvi, intellektual inkişafının ümumi mənzərəsi təsəvvürümdə bir daha canlandı.
Roman əvvəldə dediyim kimi, irihəcmlidir. Sona xanım indiyəcən vərdiş etdiyimiz “fəsillər” bölgüsündən kənara çıxaraq, əsərin əsas bölmələrini müvafiq illər, aylar üzrə sıralayıb. Məsələn, “İyul, 1848-ci il, Kür çayının sahilləri”, “1852-ci il, iyul-avqust”, “1856-cı il, Zərdab” və s. Bu təqdimat əsərin sonuna qədər davam edir. Belə üslub oxucunun diqqətini Həsən bəy Zərdabinin həyatı və yaradıcılığı ilə bağlı müəyyənedici rol oynayan konkret ayların, illərin hadisələri, faktları üzərində cəmləşdirməyə imkan verir.
Bölmələr bir-birini əvəz etdikcə, oxucunun xəyalında Həsən bəyin həyatının və yaşadığı mühitin çox aydın, əhatəli və inandırıcı mənzərəsi canlanır. Sanki, müəllif Zərdabini onun müasiri kimi doğma kəndindən başlanan və” işığa doğru gedən ömür yolunu” addım-addım izləyir və böyük mütəfəkkirin həyat və mübarizəsinin maraqlı epizodlarını incəliyinə qədər qələmə alır. İlk dəfə olaraq, bu əsərdə Zərdabinin ailə şəcərəsi – babası Rəhim bəy, atası Səlim bəy, anası Mənzər xanım, qardaşları, qohum-əqrəbası barədə müfəssəl bilgi verilir.
İllər boyu zərdabisevərlərdə, elə onun araşdırıcılarının özündə də belə sual yaranıb: necə oldu ki, Zərdab kimi gözdən-qulaqdan uzaq bir kənddən Həsən bəy kimi ətraf aləmə işıq salan böyük bir maarifçi, ictimai həyatın bir sıra yönlərində sivil əsaslar yaradan həqiqi xalq xadimi, dərin bilikli təbiətşünas çıxıb? Müəllif bu sualı, sanki, cavablandırırmış kimi, həmin fenomenal hadisənin haradan və necə qaynaqlandığını ardıcıl araşdırmışdır. Həsən bəyin boya-başa çatdığı ailədəki mədəni mühitin, maarifçilik ab-havasının, babası Rəhim bəyin və atası Səlim bəyin təkcə Zərdabın deyil, ətraf bölgənin də nüfuzlu, kübar insanları olmasının dolğun bədii boyalarla oxucuya təqdim olunması həmin suala xeyli dərəcədə aydınlıq gətirir.
Həsən bəyin Zərdabda molla yanında dərsdən uzaqlaşaraq Şamaxıdakı dördsinifli rus məktəbində, sonra Tiflis gimnaziyasında əla qiymətlərlə oxuması, dövlət hesabına Moskva Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini elmlər namizədi dərəcəsi ilə bitirməsi onu gələcəyin milli maarifçisi kimi yetişdirir.
Beləcə yazıçı-alim Həsən bəy Zərdabinin həyatının və yaradıcılığının diqqətçəkən, mühüm, təyinedici rol oynayan hər bir məqamının mənzərəsini təfsilatı ilə təsvir edir. Müəllif geniş elmi araşdırmaların nəticələrini əlvan bədii təqdimata çevirməyi bacarır, Həsən bəyin həyat və fəaliyyətinin bədiiləşmiş salnaməsini məharətlə yaratmağa nail olur. Bu da zərdabisevərlərin romanı oxumaq həvəsini və marağını qat-qat artırır. Bir neçə konkret məqam üzərində dayanmaq istərdim.
Oxucularımıza məlumdur ki, Həsən bəy Zərdabi xeyriyyə cəmiyyətini yaradarkən, Azərbaycanın bir çox şəhərlərinə, bölgələrinə səyahət edir. Sona xanım bu misilsiz “xeyriyyə marafonu”nun da əhatəli mənzərəsini yaradır. Bununla oxucunun təsəvvüründə Həsən bəyin bədii obrazının ən mühüm cizgiləri canlanır.
Zərdabinin mükəmməl obrazı onun ömür yolunun bir sıra məqamlarının konkret hadisələr, əhvalatlar fonunda bədii dövriyyəyə cəlb olunması ilə daha da dolğunlaşır. Sona Vəliyevanın yaratdığı bədii tablolar əsasında “işığa gedən yol”un hüdudları gen-bol göz önündə canlanır. Həsən bəyin evlənmə tarixçəsi bu tablolar içərisində ən təsirlilərindəndir. Tiflisdə “Müqəddəs Nina” qızlar məktəbinin yetirməsi olan balkar qızı Hənifə xanım Abayevanı müəllifin bədii təqdimatında Həsən bəy Zərdabinin nəinki ömür-gün yoldaşı, eyni zamanda, maarifçilik fəaliyyətində sadiq köməkçisi, zərif və mərd türk qadını kimi görürük.
Xatırladaq ki, “milli ziyalı qadınlarımızın anası” titulunu qazanmış bu nurlu insan həm də Bakıda açılmış qız məktəbinin müdirəsi olmuş, Həsən bəyin vəfatından sonra da uzun müddət maarifçilik işini davam etdirmişdir. Hənifə xanım Həsən bəyin Pəri, Midhət, Səffət, Qəribsoltan kimi yüksək ideallarla tərbiyələnmiş övladlarının anası idi. Yazıçı Həsən bəyin və Hənifə xanımın ailəsi ilə bağlı çox təsirli və ibrətli bədii lövhələr yaradıb. Oxucu bu müqəddəs ailənin övladlarının yeni Azərbaycan mədəniyyətinin təşəkkülü prosesində yaxından iştirakını böyük sevgi və təqdirlə izləyir.
Sona xanım Həsən bəyin maarifçilik fəaliyyətini ardıcıl bədii-elmi araşdırmadan keçirir, bu misilsiz xidmətin ən maraqlı, diqqətçəkən yönlərini bədii boyalarala oxucuların nəzərinə çatdırır. “Əkinçi” qəzetinin nəşri dövründən tutmuş 16 illik “Zərdabdakı sürgün illəri”nə, Bakıya qayıdandan sonra ömrünün sonunadək “Kaspi” qəzetində və şəhər dumasında davam etmiş coşqun fəaliyyətədək Həsən bəyin ictimai həyatının və publisistik yaradıcılığının heç bir mühüm anı müəllifin diqqətindən kənarda qalmayıb. Bir çox hallarda Sona xanım “sözü Həsən bəyin özünə verir”, onun əsərlərindən parçaları ustalıqla bədii mətnə qoşur.
Böyük maarifçi şair Seyid Əzim Şirvani ilə bağlı bədii tablolar, görkəmli ədib və ictimai xadim Nəriman Nərimanovun, Həsən bəyin kürəkəni, Rusiya imperiyasında türk-müsəlman elitasının öncülü Əlimərdan bəy Topçubaşovun bədii obrazları oxucunu dərindən həyəcanlandırır, ciddi düşündürür. Əsərdə bu işıqlı şəxsiyyətlərlə yanaşı, milli burjuaziyanın lideri, Həsən bəy Zərdabi ilə sıx dostluq əlaqələri saxlamış xeyriyyəçi-milyonçu Hacı Zeynalabdin Tağıyevin gerçək ştrixlərlə işlənmiş portreti də layiqli yer alıb. Zərdabi ailəsinin yaxın dostu, böyük maarifçi, Krım türklərinin lideri İsmayıl bəy Qaspralı ilə bağlı tarixi epizodların əsərə daxil edilməsi Həsən bəy Zərdabinin ömür yolunun kifayət qədər dolğun əks etdirilməsinə xidmət edir.
Həsən bəy Zərdabinin həyat və yaradıcılığından bəhs edən çoxsaylı mənbələr içərisində orijinallığı, təsirliliyi və mükəmməlliyi ilə seçilən “İşığa gedən yol” romanı zərdabisevərlərə, eyni zamanda, zərdabişünaslığa Sona xanım Vəliyevanın sanballı və layiqli töhfəsidir.
İzzət RÜSTƏMOV,
BDU-nun kafedra müdiri,
fəlsəfə elmləri doktoru, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.