Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin yubileyi ATU-da qeyd edildi

“Bu ləyaqətli insan hər işi şərəflə, peşəkarlıqla, vətənpərvərliklə yerinə yetirib”

Dünən Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında görkəmli dövlət və elm xadimi Əziz Əliyevin anadan olmasının 120 illik yubileyinə həsr olunmuş geniş toplantı keçirilib.

Tədbiri giriş nitqi ilə açan  ATU-nun rektoru, professor Gəray Gəraybəyli böyük alim Əziz Əliyevi xalqımızın tarixində, tibb elmində böyük rolu olan nadir şəxsiyyət adlandırdı: “Dünyada elə insanlar var ki, onlar təmsil etdikləri millətin, dövlətin həyatında böyük iz qoyurlar. Əziz Əliyev məhz belə insanlardan idi. Əziz Əliyevin həyat və fəaliyyəti barədə danışmaq həm asan, eyni zamanda, çətindir. Tarixin heç də asan olmayan dövründə çalışan bu ləyaqətli insan hər işi şərəflə, peşəkarlıqla, vətənpərvərliklə yerinə yetirib”.

Rektor G.Gəraybəyli Tibb Universitetinin fəaliyyətində danılmaz rolu olan görkəmli alimin Azərbaycan səhiyyəsi üçün peşəkar  kadrlar yetişdirdiyini bildirdi: “Bu universitetə rəhbərlik etdiyi illərdə Əziz Əliyev ali təhsil müəssisəsinin işini daha da təkmilləşdirdi. Həmin illərdə Tibb Universiteti üçün Azərbaycan dilində çoxlu sayda kitab yazılıb. Əziz Əliyev səhiyyənin maddi-texniki bazasının təkmilləşdirilməsinə, peşəkar kadrların hazırlanmasına böyük önəm verib. Həmçinin, ATU-nun kitabxanası da  professor Əziz Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə yaradılıb. Hazırda bu kitabxana bir milyona qədər adda tibbi ədəbiyyata malikdir”.

Professor Gəray Gəraybəyli qeyd etdi ki, o,  bu günlərdə Dağıstanda olub və orada da, ümumiyyətlə, elmin və təhsil sisteminin inkişafının banisi sayılan Əziz Əliyevin yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Mahaçqaladakı tədbirlərin iştirakçısı olan rektor G.Gəraybəyli bildirdi ki, Dağıstanda bu gün də Əziz Əliyevin xidmətləri unudulmur, xatirəsi əziz tutulur.

Daha sonra ATU-nun təlim və tərbiyə işləri üzrə prorektoru, professor  Rafiq Məmmədhəsənov alimin həyat və fəaliyyəti haqqında  danışaraq qeyd etdi ki, bacarıqlı səhiyyə təşkilatçısı, Əməkdar həkim, tibb elmləri doktoru, professor Əziz Əliyevin milli tibb kadrları və səhiyyə işçilərinin hazırlanmasında çoxşaxəli fəaliyyəti və müstəsna xidmətləri xüsusilə vurğulanmalıdır.

Uşaq xəstəlikləri kafedrasının müdiri, akademik Adilə Namazova Əziz Əliyevi xeyirxahlıq mücəssəməsi adlandırdı. ATU-nun II cərrahi xəstəliklər kafedrasının müdiri, Elmi Cərrahiyyə Mərkəzinin direktoru, akademik Böyükkişi Ağayev, ATU-nun  stomatologiya  kafedrasının müdiri, professor Tamara Hüseynova yubilyarın ailəsi, övladları, nəvə, nəticələri ilə tanış olduqlarını qeyd edərək,  Ə.Əliyevlə bağlı xatirələrini bölüşdülər.

Natiqlər qeyd etdilər ki, səhiyyəmizin, elm və təhsil sahəsinin böyük bir dövrü Əziz Əliyevin adı ilə bağlıdır. Onun ana dilimizdə nəşr edilmiş əsərləri milli səhiyyə tarixində mühüm yer tutur. Bundan əlavə, həm də nəzərə çatdırıldı ki, Əziz Əliyev müxtəlif məsul vəzifələrdə çalışarkən özünü təcrübəli dövlət xadimi və səhiyyə sahəsinin bacarıqlı təşkilatçısı kimi göstərib.

Əziz Əliyev 1932-1938-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutuna rəhbərlik edib, Azərbaycan SSR xalq səhiyyə komissarı, 1951-1959-cu illərdə Azərbaycan Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru vəzifələrində işləyib. 1952-ci ildə Bakıda Zaqafqaziya və Şimali Qafqaz respublikalarının travmatoloq və ortopedlərinin elmi-praktiki konfransının təşkil edilməsində Əziz Əliyevin böyük xidmətləri olub.

Tədbirdə Əziz Əliyevin mənalı ömür yolu və çoxşaxəli siyasi fəaliyyəti barədə fotoslayd nümayiş etdirildi.

Qeyd edək ki, rektor Gəray Gəraybəylinin ümumi redaktorluğu ilə ATU-da “Əziz Əliyev-120” adında kitab da nəşr olunub. Burada Əziz Əliyevin 120 illik yubileyi münasibətilə universitetdə təşkil olunan elmi-praktik konfransın materialları, o cümlədən görkəmli dövlət və elm xadiminə həsr olunmuş xatirələr yer alıb.

Sonda alimin nəvəsi, tibb elmləri doktoru Tamfira Əliyeva babasının xatirəsinə göstərilən diqqətə görə dövlətimizin başçısı İlham Əliyevə və tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında