Milli mədəniyyətimizin inkişafında yeni mərhələ

Uğurlarla  dolu daha bir il arxada  qaldı.   Bütün  sahələrdə olduğu kimi  ötən il milli mədəniyyətimizin inkişafı, mədəni  dəyərlərimizin dünyaya inteqrasiyası, dövlət proqramlarının icra  olunması ilə bağlı   görülən işlər, həyata keçirilən davamlı tədbirlər  gələcək  mədəni tərəqqi  üçün  güclü stimul yaratmışdır. Azərbaycan  Prezident İlham Əliyevin imzaladığı mədəniyyətimizin tərəqqisinə  yönəlmiş  fərman və sərəncamlar, göstəriş və tapşırıqlar əsasında milli mədəni irsimizin, dəyər və sərvətlərimizin qorunub saxlanması, inkişaf etdirilməsi, Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində müsbət nəticələrə nail olmağa imkan  yaratmışdır.

Aprelin 25-dən 27-dək  Bakıda  keçirilən “İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” şüarı altında keçirilən Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Forumu  ilin çox mühüm və əlamətdar hadisələrindən birinə çevrilmişdir. BMT-nin Sivilizasiyalar Alyansının mədəniyyətlər və dinlərarası dialoq, sivilizasiyalar arasında hörmət və qarşılıqlı anlaşmanın təşviq edilməsi kimi ali məqsəd və məramlarına uyğun olaraq, bu forumun keçirilməsində məqsəd BMT-nin sülh və təhlükəsizlik, insan hüquqları və inkişafına dair təməl prinsipləri əsasında inklüziv cəmiyyətlərdə birgə yaşayış modellərinin müzakirəsi və həlli yollarının müəyyən edilməsi olmuşdur.

Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına, davamlı inkişafına qısqanclıqla yanaşan Ermənistanın forum öncəsi həyata keçirdiyi təxribatlarına baxmayaraq, iclasda Bakı Bəyannaməsi qəbul edilmişdir. Bəyannamədə “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” adı altında keçirilən VII Qlobal Foruma ev sahibliyi etməsi, müasir dövrdə cəmiyyətlərdə artan müxtəlifliyin fonunda inklüziv birgəyaşayışa qarşı artan təhdidlərin qarşısının alınması və irəliləyişin müəyyən edilməsi nöqteyi-nəzərindən müxtəlif dairələrin fərqli baxışlarının bir araya gətirilməsi, Bakı Prosesi və  2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi baxımından Azərbaycanın rolu təqdir edilmişdir.

İlin əlamətdar hadisələrindən  biri də  UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilmiş Novruz bayramının, Prezident İlham Əliyevin  sərəncamına uyğun olaraq Azərbaycan xalqının milli ruhunu yaşadan el bayramı kimi ölkəmizdə böyük təntənə ilə qeyd olunmasıdır. Bayram tədbirlərində respublikamızın bütün bölgələri milli adət-ənənələri, mətbəx nümunələri, kənd təsərrüfatı məhsulları, əl işləri ilə təmsil olunmuşlar. Tədbirlərdə 3000-ə yaxın mədəniyyət və incəsənət xadimi iştirak etmişdir.

Mədəniyyətin ayrı-ayrı sahərində--teatr, kino, musiqi, muzey işi, xalça sənəti, kitabxana işi sahəsində də ötən il  qazanılan  uğurlar,  mədəni inkişafımızın yeni mərhələsi kimi xarakterizə  etmək imkanı yaradır.

Azərbaycan teatrının inkişafı istiqamətində  atılmış addımlar  xüsusilə sevindiricidir. Dövlətin teatra olan qayğısının nəticələrindən danışarkən ilk növbədə teatrın qanunvericilik bazasının gücləndirilməsi, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrası ilə bağlı görülən işləri qeyd etmək yerinə düşər. Fəxrlə qeyd edilməlidir ki, bu gün dünyanın ən qabaqcıl ölkələrində Azərbaycan teatrlarının çıxışları baş tutur ki, bu da milli teatr sənətimizin nailiyyətlərini bütün dünyaya bəyan edir. Ötən il noyabr ayının 7-dən  8-dək  Bakıda "Teatr və multikulturalizm" mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı keçirilmişdir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə həyata keçirilən konfransda dünyanın 40-a yaxın ölkəsindən təqribən 150 teatr xadimi - teatr tənqidçiləri, aktyorlar, rejissorlar, rəssamlar, beynəlxalq teatr qurumlarının rəhbərləri iştirak etmişlər. Maraqlı çıxışlar, plenar iclaslar və treninqlərin keçirildiyi konfrans çərçivəsində bir sıra görüşlər də baş tutub.

Qeyd etmək yerinə düşər ki, ötən bir il  ərzində  Azərbaycan mədəniyyət və incəsənəti ABŞ, Böyük Britaniya, İran, Rusiya, Türkiyə, Almaniya, Fransa, Avstriya, Belçika, Yunanıstan, Qırğızıstan, Qazaxıstan, Gürcüstan və s. ölkələrdə yüksək səviyyədə təmsil edilmişdir.

Mədəniyyət sahəsində aparılan uğurlu dövlət siyasətinin nəticəsi olaraq son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənmişdir. ABŞ-ın “Tekstil”, Fransanın “Luvr”, Böyük Britaniyanın “Viktoriya və Albert”, İtaliyanın “Roma Sivilizasiyası”, Avstriyanın “Albertina”, Rusiyanın “Etnoqrafiya”, “Dövlət Ermitajı”, Çexiyanın “Ostrava şəhərinin tarixi”, Gürcüstanın “Milli” və dünyada böyük nüfuza malik olan digər muzeyləri ilə əməkdaşlıq müqavilələri, anlaşma memorandumları bağlanmışdır ki, bu da həmin muzeylərlə əməkdaşlığın inkişaf etdirilməsinə zəmin yaratmışdır.

Regionlarda Heydər Əliyev mərkəzlərinin fəaliyyəti üçün münbit şərait yaradılıb. Belə ki, hazırda ölkəmizdə 60 Heydər Əliyev Mərkəzi fəaliyyət göstərir. Hazırda  bu mərkəzlər müxtəlif ölkələrin analoji qurumları ilə elm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq edir, ulu öndərin böyük həyat yolunu, Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərini əks etdirməklə yanaşı, əhalinin, xüsusən, gənc nəslin mədəni həyatının təşkilində mühüm rol oynayırlar.

Ötən il ərzində Azərbaycan mədəniyyəti, incəsənəti və ədəbiyyatının inkişafında müstəsna xidmətləri olan şəxslərin yubileyləri yüksək səviyyədə qeyd edilmişdir. Onlar arasında    Xalq artistləri  Rəşid  Behbudov, Nəsibə  Zeynalova, Zeynəb Xanlarova və başqaları vardır.

Qeyd etməliyik ki, 2016-cı il ərzində Azərbaycan kitabı beynəlxalq müsabiqə və sərgilərdə uğurla təmsil olunmuşdur. Belə ki, Azərbaycan kitab sənətinin və Azərbaycan həqiqətlərinin dünyada tanıdılması məqsədi ilə dünyanın ən mötəbər beynəlxalq kitab sərgilərindən olan İngiltərənin London, İtaliyanın Turin, Türkiyənin İstanbul  və Ankara, Rusiya Federasiyasının Moskva şəhərlərində ölkəmizin nəşriyyat və poliqrafiya sənəti müvəffəqiyyətlə təmsil olunmaqla yanaşı, mədəniyyətimizin müxtəlif sahələri, milli-mənəvi dəyərlərimiz, ədəbiyyatımız, turizm potensialımız təbliğ olunmuşdur.

Azərbaycan dövlətinin milli kinematoqrafiya sənətinə diqqət və qayğısının göstəricisi olan “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” zəngin tarixə malik kinomuzun müasir mərhələdə dinamik inkişafına zəmin yaratmış və proqramın icrasını həyata keçirmək məqsədilə görülən işlər nəticəsində bu sahədə bir sıra nailiyyətlər əldə olunmuşdur. Sevindirici haldır ki, əvvəlki illərdə olduğu kimi, bu il də yeni çəkilmiş Azərbaycan filmləri Almaniya, Fransa, Avstriya, Türkiyə, Rumıniya, Rusiya, Hindistan, Qazaxıstan, Banqladeş kimi ölkələrdə keçirilən nüfuzlu beynəlxalq kino festivallarında uğurla iştirak etmişlər. Son vaxtlar  “İçərişəhər”, “Dərs”, “Onun atası”, “Qırmızı bağ” kimi  filmlərimiz  beynəlxalq  festivallarda  nümayiş etdirilmiş, milli kinomuza uğur qazandırmışdır. Bundan əlavə, dövr ərzində xalqımızın milli-mənəvi dəyərlərinə cavab verən, tariximizin qəhrəmanlıq səhifələrini işıqlandıran, cəmiyyətdə baş verən prosesləri pozitiv nəzərlərlə əks etdirən, xüsusən, Qarabağ müharibəsinə həsr olunmuş yeni filmlərin çəkilməsi və onların təqdimatlarının keçirilməsi, gənclərin kino prosesinə cəlb olunması işinin geniş vüsət alması, kino günlərinin, kino xadimlərinin yubileylərinin təşkili və s. işlər də uğurla davam etdirilmişdir. Ən önəmli belə tədbirlədən biri  iyun ayında  keçirilən III Bakı Beynəlxalq Turizm Filmləri Festivalı olmuşdur. Festivalın seçim komissiyasına 71 ölkədən 420 ekran əsəri təqdim olunmuş və komissiya tərəfindən 28 ölkədən 78 film 5 kateqoriyada yarışmaq üçün müsabiqə proqramına daxil edilmişdir.

Mədəniyyətimizin inkişafı dinamikasından danışarkən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın müstəsna xidmətlərini xüsusi vurğulamaq  lazımdır. Belə ki, ötən il də həm ölkə, həm də beynəlxalq əhəmiyyətli tədbirlərin reallaşmasında birinci xanımın himayəçiliyi, gələcəyə hesablanmış addımlar milli mədəniyyətimizin inkişafında əhəmiyyətli rol oynamışdır. Heydər Əliyev Fondunun təşkilatçılığı və dəstəyi ilə Türkiyənin Antalya şəhərində “Expo-2016” beynəlxalq sərgisi çərçivəsində Azərbaycan Milli Günü keçirilmiş, Fransa Respublikasının  Paris şəhərində “Bakının İçərişəhər divarları Parisin ürəyində” devizi altında keçirilən “Azərbaycan şəhərciyi”nin rəsmi açılış mərasiminin mədəni proqramı təşkil edilmişdir. Tədbirlər çərçivəsində Azərbaycan Dövlət Rəqs Ansamblı və muğam qrupunun ifasında milli rəqs nümunələri və muğam musiqisi təqdim olunmuşdur.

İlin mühüm mədəni  hadisələrindən biri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ötən il sentyabrın  18-dən 27-dək Bakıda Üzeyir Hacıbəyliyə həsr edilmiş VIII Beynəlxalq Musiqi Festivalının keçirilməsi olmuşdur. 2009-cu ildən başlayaraq ölkəmizdə  ənənəvi olaraq keçirilən və dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi festivalları böyük əks-səda doğurmuşdur. Festival konsertlərində dünyanın bir çox ölkələrindən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar  iştirak etmişlər.

Bu ilki festivalda Rusiya, ABŞ, İsrail, Almaniya, Türkiyə, Qazaxıstan, Moldova, İran İslam Respublikası, Gürcüstandan tanınmış  musiqiçilər və kollektivlər - “Orfeon” xoru,  “Millətlər Filarmoniyası” Gürcüstan kamera xoru, Qazaxıstan rəqs qrupu, Petr Laul, Konstantin Moskoviç, Haqai Şaham,Yustus Frans və başqaları iştirak etmişlər. Festival çərçivəsində F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 80 illiyinə həsr olunmuş yubiley gecəsinin təşkili musiqisevərlər tərəfindən rəğbətlə qarşılanmışdır. Bununla yanaşı, Qəbələ və Şəki şəhərlərində keçirilən beynəlxalq musiqi festivallarını da qeyd etmək olar.

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin illik fəaliyyətinə həsr edilmiş hesabat toplantısı da ötən  ilin mühüm mədəniyyət hadisələri  sırasındadır. Mərkəz tərəfindən ümumi iştirakçı sayı 28 min nəfərdən çox olan 100-ə yaxın metodiki təlim, elmi-praktik konfrans, seminar, həmçinin yubiley və əlamətdar tarixlər, internet aksiyalar və s. tədbirlər keçirilib.  Ötən il ərzində metodiki köməkliyin göstərilməsi məqsədilə mərkəzin 47 əməkdaşı 33 regiona ezam edilib. Təşkil edilən təlimlər ümumilikdə 43 rayonu əhatə edib. Mərkəzin işçi qrupu tərəfindən Azərbaycan mədəniyyəti ilə əlaqədar saxtalaşdırma, mənimsəmə və təhrif olunması ilə bağlı müxtəlif əcnəbi internet resurslarında monitorinq aparılıb, 246 fakt aşkar edilib.

Mədəniyyət və  tarixi abidələrin qorunması sahəsində  görülmüş  işləri də  qeyd etmək lazımdır.  Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət  qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın  icrası istiqamətində də ötən il müvafiq işlər həyata keçirilmişdir.

Dövlət proqramının və Prezidentin  digər  sərəncamı ilə  təsdiq olunmuş “Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında” “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun sərhədlərini və mühafizə zonalarını müəyyən edən xəritəsi hazırlanmış və Nazirlər Kabinetinin 23 may 2016-cı il tarixli qərarı ilə təsdiq edilmişdir. Eyni zamanda, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun inzibati binasının tikintisi ilə bağlı təkliflər, statusunun verilməsi haqqında razılaşdırılmış qərar layihəsi, Şəki şəhərinin tarixi hissəsinin inkişafı və qorunub saxlanması ilə bağlı Tədbirlər Planı hazırlanmış və müvafiq təşkilatlarla razılaşdırılaraq Nazirlər Kabinetinə göndərilmişdir.

Şəkinin tarixi hissəsinin Xan Sarayı ilə birlikdə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsi üçün hazırlanan nominasiya faylı və fəaliyyət planı Dünya İrsi  Mərkəzinə təqdim edilmişdir.

Həmçinin, Nardaran Dövlət Tarix-Mədəniyyət Qoruğunun  sərhədlərini və mühafizə zonalarını müəyyən edən xəritə və abidələrin milli pasportları hazırlanmışdır.

Milli mədəniyyətimizin  inkişafı və tərəqqisi istiqamətində  tədbirlər bu gün də  davam etməkdədir. Ölkəmiz  qüdrətləndikcə  mədəniyyət  və incəsənətimiz də yeni  zirvələr  fəth edəcəkdir.

Hazırladı:
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında