Müstəqilliyimizin bərpasının 25 illiyinə həsr olunan dəyərli əsər

Xalqımızın ən böyük nailiyyətlərindən olan dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümünü təntənəli şəkildə qeyd etdik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncam da bu sahədə bir sıra işlərin geniş vüsətlə aparılmasına imkan yaratdı.

Xalqımızın XX yüzillikdə əldə etdiyi ən böyük nailiyyətin ildönümü ziyalılarımızın da üzərinə müəyyən vəzifələr qoyur. Bu münasibətlə dövlət müstəqilliyinin əldə edilməsindən ötən müddət ərzində Azərbaycanın qazandığı nailiyyətlər və görülən işlərə ziyalı münasibətilə fərqlənən elmi əsərlərin meydana gəlməsi də əsas vəzifələrdən biri idi. Bu yaxınlarda Azərbaycan MEA Naxçıvan bölməsinin elmi işçiləri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov və filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın həmmüəllifliyi ilə çap olunan “Müstəqillik yollarında: Liderlik missiyası” əsəri də məhz ziyalı sözü və münasibəti ilə diqqəti cəlb edir. Ümumiyyətlə, əsər Azərbaycan xalqının dövlət müstəqilliyi qazanmasında ulu öndər Heydər Əliyevin göstərdiyi misilsiz xidmətləri, dövlətçiliyin möhkəmləndirilməsi, siyasi xəttin, inkişaf konsepsiyasının müəyyənləşməsində ulu öndərin uzaqgörən zəkasının oynadığı rolu, qazanılan nailiyyətləri təhlil və təqdim edir. Elə kitabın ilk səhifəsində də Azərbaycan Respublikasının dövlət müstəqilliyi qazanmasının 25-ci ildönümünün qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncam təqdim edilir.

Əsər üç bölmədən ibarətdir. Kitabın birinci bölməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yorulmaz fəaliyyəti və misilsiz xidmətlərinə, müəyyənləşdirdiyi siyasi xəttə və ölkəyə qazandırdığı əvəzsiz nailiyyətlərə həsr olunub. Əsərdə Azərbaycanın keçdiyi inkişaf yolu ilə bağlı ayrı-ayrı məqalələr təqdim edilib. “Azərbaycan xalqının ümummilli idealları və Heydər Əliyevin liderlik missiyası”, “Müstəqilliyimizi əbədi və dönməz edən şəxsiyyət”, “Milli qurtuluş tarixinin öndəri”, “Milli siyasətimizin atası”, “Əsrin müqaviləsi”- Əsrimizin mücadiləsi: böyük mücadilənin əzəmətli lideri” sərlövhəli məqalələrdə ulu öndərin dövlət müstəqilliyinin qazanılmasındakı misilsiz xidmətləri, 90-cı illərdəki qarmaqarışıqlıq və böhran, Azərbaycanı bölünmək və yox olmaqdan qurtaran dahi şəxsiyyət   Heydər Əliyevin yorulmaz fəaliyyəti, qırılmaz əzmi, uzaqgörənliyi sayəsində ölkənin keçdiyi inkişaf yolu və ümummilli  liderin dövlətçilik xətti və s. əhatəli şəkildə öz təqdimini tapır. Bölməyə başlanmazdan əvvəl ümummilli liderin müdrik kəlamının təqdim edilməsi əsərin, konkret isə bölmənin mahiyyətini açmağa bütün aydınlığı ilə imkan verir. Bölmə daxilində həm də dahi liderin Azərbaycana qazandırdığı uğurlar, o cümlədən Milli Ordunun yaranmasında ulu öndərin sərkərdəlik əzmi və uzaqgörənliyi, milli dəyərlərimizə, o cümlədən ana dilimizə, adət-ənənələrimizə, ucalıq rəmzi olan bayrağımıza göstərilən qayğı və diqqətdən əhatəli şəkildə söhbət açılır. Qəti və konkret şəkildə bildirilir ki, ümummilli liderin  müdrik siyasəti olmasaydı, Azərbaycan dövlət müstəqilliyini və milli dəyərlərini  qoruyub saxlaya bilməzdi. Bu mənada “Ərazi bütövlüyümüzün qoruyucusu, Milli Ordumuzun qurucusu”,  “Heydər Əliyevlə ucalan bayrağımız”, “Milli mənəviyyatın şəxsiyyət təcəssümü”, “Heydər Əliyev şəxsiyyəti vətəndaşlığın, azərbaycanlılığın və azərbaycançılığın meyarıdır”, “Heydər Əliyev və milli dil siyasəti”  məqalələri bu görkəmli şəxsiyyətin özünün zəngin və milli mündəricəli xarakteri, mənəviyyatı ilə mənsub olduğu xalqını uğurla təmsil edən şəxsiyyət təcəssümü olduğu və onun mühafizəsinə göstərdiyi xidmətləri konkret faktlarla təqdim edir. Əsərdə, həmçinin ölkəmizdə məhz bu müdrik liderin adı ilə bağlı dövlət siyasəti və onun ayrı-ayrı istiqamətləri, xüsusən dövlət, qadın və gənclər siyasəti təhlildən keçirilir, Azərbaycana qazandırdığı nailiyyətlər göstərilir. Əsərdə əmin-amanlıq, sülh elçisi olan dahi liderin ölkəmizə bəxş etdiyi sülh və əmin-amanlıq nailiyyəti də təhlildən keçirilərək dahi şəxsiyyətin lideri olduğu Yeni Azərbaycan Partiyasının milli dövlətçiliyimizin möhkəmləndirilməsi və inkişafı yolunda verdiyi töhfələr xüsusi yer tapır. Dahi liderin elmin və ədəbiyyatın inkişafına göstərdiyi qayğı da əsərdə təhlildən keçirilmiş, oxucuların diqqətinə çatdırılmışdır.

Kitabda  diqqəti cəlb edən özünəməxsus məziyyətlərdən biri də budur ki, ulu öndər Heydər Əliyevin müdrik siyasi xəttinin uğurla davam etdirilməsindən doğan müvəffəqiyyətlər sonuncu iki bölmədə əks etdirilmişdir. İkinci bölməyə başlamazdan əvvəl Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycanla bağlı müdrik kəlamları, özünün davam və inkişaf etdiriləcək ideyaları ilə bağlı fikirləri əksini tapıb. Bu müdrik  fikirlərdə dahi liderin: “Mən ona özüm qədər inanıram”, - deyə bəhs etdiyi böyük siyasətçi, bacarıqlı diplomat və ləyaqətli siyasi varis  İlham Əliyev haqqındakı təəssüratları  epiqraf olaraq seçilib. Sonra dahi liderin siyasi kursunun uğurlu davamçısı Prezident İlham Əliyevin həyat və fəaliyyət amalı ilə bağlı müdrik fikirləri oxucuların diqqətinə çatdırılıb. Sonrakı məqalələrdə məhz Azərbaycanda ümummilli lider Heydər Əliyevin müdrik siyasi kursunun cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və dövlət müstəqilliyi tariximizdə xüsusi mərhələ təşkil edən 2003-cü ildən məharətli siyasi xadim və xalqının maraqlarının müdafiəçisi olan  İlham Əliyevin ölkə rəhbərliyinə gəlişi ilə əldə edilən nailiyyətlər geniş təhlil olunub. “Qələbə əzmli lider”, “İlhamlı sabahın aydın, Azərbaycan”, “Böyük zəfərlərə aparan lider” başlıqları altında cənab İlham Əliyevin ölkəyə rəhbərliyə gəlməsindən sonra ulu öndərin müdrik siyasi kursunun uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın keçdiyi sürətli inkişaf yolu, bölgələrin abadlaşması, infrastruktur layihələrin uğurla həyata keçirilməsi, ölkədə özəl sektorun inkişafı və iqtisadiyyatın dayanıqlılığının təminatı, Azərbaycanın dünyada nüfuzunun artması, beynəlxalq təşkilatlara üzvlüyü və maraqlarının beynəlxalq aləmdə dəstəklənməsi, aparılan uğurlu ordu quruculuğu, ölkənin siyasi və iqtisadi inkişafdan kosmik gücə malik bir ölkəyə çevrilməsi və başqa prioritet məsələlər faktik materiallar əsasında təhlil və təqdim edilib.

Kitabın üçüncü bölməsində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilən Heydər Əliyev siyasi kursunun blokada şəraitində olmasına baxmayaraq, muxtar respublikaya qazandırdığı sürətli inkişaf, abadlaşma və dirçəliş söhbət mövzusuna çevrilir. Muxtar respublikaya uğurla rəhbərlik edən Ali Məclisin sədri haqqında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fikirləri təqdim edilib. Muxtar respublika rəhbərinin “Yol düzgün seçiləndə, milli maraqlara və dövlətçiliyə sədaqət olanda, adamların qayğısı və ehtiyacları hədəfə alınanda istənilən möcüzəni yaratmaq olar” fikri seçilərək həm rəhbərin fəaliyyət prinsipi, həm də Heydər Əliyev siyasi kursunun fəlsəfəsi kimi epiqraf olaraq təqdim olunur. Bu bölmədə təqdim olunan “Naxçıvan möcüzəsini yaradan zəka”, “Dinamik inkişafın Naxçıvan nümunəsi”, “Naxçıvanın quruculuq və inkişaf fəlsəfəsi”, “Ordu quruculuğunun Naxçıvan nümunəsi”, “Naxçıvan Muxtar Respublikasında ictimai sabitlik təmin olunur”, “Naxçıvandan dalğalanan müstəqillik rəmzi” kimi məqalələrdə muxtar respublikadakı genişmiqyaslı abadlıq-quruculuq işlərinin nailiyyəti olan müasir və abad Naxçıvan, inkişaf etməkdə olan muxtar respublikanın iqtisadiyyatı, yaranan yeni istehsal sahələri, uğurla aparılan kənd quruculuğu və nümunəvi imkanlara malik kəndləri və sair  mövzular şərh olunan məsələlər sırasındadır.

Beləliklə, əsər Azərbaycan xalqının dövlət müstəqilliyinə həsr olunan qiymətli çap məhsullarından biridir. Əsərin elmi redaktoru, akademik İsmayıl Hacıyev, rəyçiləri AMEA-nın müxbir üzvləri, tarix üzrə elmlər doktoru, professor Fəxrəddin Səfərli və filologiya üzrə elmlər doktoru, professor Əbülfəz Quliyevdir. Naxçıvanın “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çap edilən əsər həm də nəfis tərtibata malikdir. Kitab bütün oxucu  kütləsinin diqqət və marağına səbəb olacaq bir əsərdir. 

Əbülfəz QULİYEV,
 AMEA-nın müxbir üzvü, 
filologiya üzrə elmlər doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında