Dünya şöhrətli tədqiqatçı alim

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun tektonofizika və geomexanika şöbəsinin müdiri, akademik Hətəm Hidayət oğlu Quliyev   1947-ci il yanvarın 6-da Füzuli rayonunda dünyaya göz açıb. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirdikdən sonra AMEA-nın Riyaziyyat və Mexanika İnstitunda elmi fəaliyyətə başlayıb. Sonrakı elmi həyatı isə uzun müddət Kiyev şəhəri ilə bağlı olub. Ötən əsrin 80-ci illərində akademik Midhət Abbasovun dəvəti ilə Vətənə qayıdıb. Elmi fəaliyyətini AMEA-nın Dərin Neft Quyuları İnstitutunda davam etdirib. Dünyanın əksər ölkələrində elmi məruzələrlə çıxışlar edib.

...İnsanlar Yerin yaranması, inkişafı, bəşəriyyətin mövcudluğunun tarixi kimi məsələlərlə   daim maraqlanırlar. Bu problemlər geologiya elmində böyük tədqiqat obyektləridir. Yerin öz daxili inkişafının və ətraf kosmosun təsiri nəticəsində onun insan yaşayan üst qatında böyük və təhlükəli geoloji proseslər baş verir və belə hadisələrin tətbiqi də həmişə gündəmdə duran məsələlərdəndir. Həmin məsələlərin tədqiqat üsullarının çox hissəsini isə geofiziki axtarışlar təşkil edir. Geofiziki tədqiqatların əsasını fundamental fiziki sahələrin müasir riyazi üsullarla tədqiqi, bu tədqiqatlar bazasında Yer, Günəş sistemi, habelə kainatın konkret problemlərinin çözülməsi üsulları, tədqiqat texnikasının və texnologiyalarının hazırlanması, ayrı-ayrı məsələlərin həlli və nəticələrin şərhi təşkil edir. Son illər müasir informasiya texnologiyalarının geniş tətbiqi bu istiqamətdə ciddi inkişafa səbəb olub. Sevindirici haldır ki, sözügedən sahədə Azərbaycan alimləri də ciddi işlər aparır  və uğurlu nəticələr əldə edirlər. 

Azərbaycan iqtisadiyyatının çox böyük seqmentini təşkil edən neft və qaz sənayesinin axtarış-kəşfiyyat, yataqların təhlili, layihələndirilməsi, istismara hazırlanması, işlənilməsi və monitorinqi məsələlərinin həlli geoloji və geofiziki tədqiqatların nəticəsindən birbaşa asılıdır. AMEA-nın institutlarında bu istiqamətlərdə geniş tədqiqatlar aparılır, onların nəticələri geniş surətdə praktikada tətbiq olunur və bir sıra hallarda dünya elm ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Bununla bağlı aparılan tədqiqatlarda, alınan nəticələrdə və əldə olunan uğurlarda AMEA-nın Geologiya İnstitutunun tektonofizika və geomexanika şöbəsinin rəhbəri akademik Hətəm Quliyevin əvəzolunmaz xidmətləri var.

Akademik Hətəm Quliyevin əsas elmi nəticələrinə Yerin təkamülünün qeyri-dayanıqsızlıq konsepsiyasının yaradılması, bu təkamülün öyrənilməsi üçün qeyri-klassik xəttiləşdirilmiş yanaşmanın işlənib hazırlanması, Yer təkinin struktur inkişafının riyazi-geodinamik modelinin nəzəri əsasları, Yer təkində qırışların və yarıqların əmələ gəlməsi mexanizmləri, habelə onların üçölçülü qeyri-klassik nəzəriyyəsi, Yer təkində mühitin sıxlığının dərinlik üzrə paylanmasının tam qeyri-xətti məsələsinin dəqiq həlli, bu həllin müxtəlif süxurlar üçün dayanıqsız olduğunun isbatı, sıxlıqdan asılı olaraq deformasiya proseslərinin və faza keçidlərinin başvermə ardıcıllıqları probleminin həlli və bir sıra digər elmi istiqamətlər üzrə mühüm işlər daxildir. 

Akademik aləmin əbədi dövranı paradiqması baxımından kosmologiyanın bəzi məsələləri, zaman məfhumu, zamanın bir istiqamətliyi, müasir geodinamikanın seysmik proseslərə təsirinin modelləşdirilməsi və s. kimi dəyərli  əsərlərin müəllifidir.

Hətəm müəllim respublikamızın, eləcə də xarici ölkələrin nüfuzlu elmi qurumlarında təmsil olunub. O, Beynəlxalq Geofizika İttifaqının Azərbaycan bölməsinin vitse-prezidenti,  Amerika Neftçi Mühəndislər Cəmiyyətinin, Amerika Neftçi Geoloqlar Cəmiyyəti Azərbaycan bölməsinin, Mühəndis Geoloqlar və Geofiziklərin Avropa Assosiyasiyasının, İqtisadi Geologiya üzrə Beynəlxalq İttifaqın,  habelə beynəlxalq “Geofizika”, T.Şevçenko adına Kiyev Milli Universitetinin “Vestnik”, “Geodinamika” jurnallarının redaksiya heyətinin üzvü,   Oksford Akademiya İttifaqının təsisçisi  və s. kimi elmi statuslara malik alimdir.

Akademik Hətəm Quliyevin elmi nailiyyətləri dünyanın bir sıra nüfuzlu alim və mütəxəssisləri tərəfindən qəbul olunur və bəyənilir. Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, həmin akademiyanın Geosferlərin Geodinamikası İnstitutunun elmi rəhbəri B. Aduşkin: “Akademik H.Quliyevin elmi işləri struktur əmələ gəlmənin, seysmik kəşfiyyatın, müasir geodinamikanın, zəlzələlərin geodinamikasının fundamental problemlərinə həsr olunmuş və mühüm nəticələr əldə edilmişdir”.

Ukrayna Elmlər Akademiyasının Geofizika İnstitutunun direktoru, akademik B. Starostenko: “Ukrayna geofizikləri arasında akademik H. Quliyev böyük elmi nüfuzu olan görkəmli alim kimi məşhurdur. Onun elmi araşdırmaları geologiyanın, geofizikanın, seysmologiyanın, geomexanikanın, deformasiyaya uğrayan bərk cisim mexanikasının və kosmologiyanın inkişafına mühüm töhfələr vermişdir”.

Norveçin Bergen Universitetinin geofizika üzrə fəxri professoru Karsten M. Stortbedet: “Professor H.Quliyevin işləri yerin daxili dinamikasının öyrənilməsində çoxdan mövcud olan qarmaqarışıqlığı, pərakəndəliyi və qeyri- müəyyənliyi aradan qaldırmışdır. Onun elmə verdiyi töhfələri: süxurların daxili qeyri-dayanıqlığı, deformasiyaların mexanikası, kütlə axını və axın problemləri, mineral sistemlərdə deformasiya prosesləri və s. böyük əhəmiyyətə malikdir. Alimin elmi nəticələri imkan verir ki, biz təbiəti daha dolğun və düzgün dərk edək, onun faydalı resurslarından yararlanaq”.

Beynəlxalq Geofizika Cəmiyyətinin prezidenti, BP şirkətinin baş geofiziki Leon Tomsen: “H.Quliyevlə Bakıda 1997-ci ildə mühazirələrlə çıxış edərkən tanış oldum. Onun mürəkkəb geofiziki problemlərin araşdırılmasında qeyri-klassik nəzəriyyəni tətbiq etməsinə və geodinamika problemi ilə bağlı dərin biliyinə heyran qaldım...”.

BP şirkətinin işlənmə üzrə vitse-prezidenti Dr. Greg Riley: “Dr. H.Quliyevi fundamental elmi nəticələri neft problemlərinin geofiziki tədqiqatlarına tətbiq edən böyük alim kimi tanıyırıq. Biz onunla 15 ildən artıq bir müddətdə Cənubi Xəzər hövzəsinin müxtəlif sahələrində birgə elmi tədqiqatları müvəffəqiyyətlə yerinə yetirmişik. Bu əməkdaşlıq iki və üç ölçülü geofiziki məlumatların geniş istifadəsinə, seysmik anizotropiya probleminin həllinə və öyrənilən sahələrin petrofiziki modellərinin qurulmasına imkan vermişdir...”. 

Bu səpkili rəyləri artırmaq da olardı. Ancaq fikrimizcə, elə göstərilənlər Hətəm Quliyevin elmi uğurlarının nə qədər böyük olduğunu bir daha sübut edir.

Akademik Hətəm Quliyev görkəmli elm xadimi olduğu qədər də dərin ədəbiyyat, incəsənət, musiqi, folklor, tarix, adət-ənənə  xiridarıdır. O, xalqımızın mənəvi tarixinə yaxından bələd olan çox gözəl tədqiqatçı-alimdir. Böyük təfəkkürə malik, insanlığın ən yüksək zirvəsində dayanan, sevinci-kədəri ilə hər kəsin qəlbinə yol tapan, bu gün də sıralarımızda olan, fəxrlə adını çəkdiyimiz əvəzsiz insan, müəllim, alim   Hətəm müəllimin 70 illik yubileyi münasibətilə onun dostlarının, həmkarlarının hamısının öz ürək sözləri, fikirləri var. Onların hamısı akademiki ürəkdən təbrik edir, onun xeyirxahlığını daim xatırlayırlar.

Hətəm  müəllim heç vaxt insanlara öz isti, doğma münasibətini əsirgəməyib, hər zaman onların qeydinə qalıb, onlara dəyərli və ağıllı məsləhətlər verib.

Sevimli müəllimimiz, dostumuz Hətəm müəllimə, böyük alim və xeyrxah insana Azərbaycan və dünya elminin inkişafında daha böyük uğurlar və sağlam həyat, uzun ömür arzulayırıq.

Akif MUSAYEV, 
AMEA-nın müxbir üzvü,
Əlövsət ƏLİYEV,
“İnformasiya və cəmiyyət”
 İctimai Birliyinin rəhbəri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında