2017-ci il yanvar ayının 7-də Azərbaycan arxeologiya elminin görkəmli nümayəndələrindən biri, tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü İdeal Həmid oğlu Nərimanovun (1927-2006) anadan olmasının 90 illiyi tamam olur. Qarabağda – Ağdam şəhərində dünyaya göz açan İdeal Nərimanov ömrünün 60 ilə yaxın bir dövrünü Azərbaycanda arxeologiya elminin inkişafına, yazıyaqədərki qədim tariximizin arxeoloji qazıntılarla öyrənilməsinə sərf etmişdir.
İ.Nərimanov Ağdamda 1 nömrəli orta məktəbi bitirib, 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. Üç il sonra təhsilini Leninqrad Dövlət Universitetinin tarix fakültəsində davam etdirmiş, 1950-ci ildə universiteti bitirib Bakıya qayıdaraq Azərbaycan Elmlər Akademiyasının Tarix Muzeyində işə qəbul olunmuşdur. SSRİ EA-nın Maddi Mədəniyyət İnstitunun aspiranturasında təhsil alaraq, orada “Gəncəçay rayonunun arxeoloji abidələri” mövzusunda namizədlik dissertasiyası, 1982-ci ildə isə Gürcüstan EA-da “Azərbaycanın ən qədim əkinçi-maldar əhalisinin mədəniyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Hər iki dissertasiya kitab halında müvafiq olaraq 1958 və 1987-ci illərdə nəşr olunmuşdur.
Hələ gənc arxeoloq olaraq İ.Nərimanov 1951-1952-ci illərdə o dövrdə bütün Qafqaz arxeologiya elmi tarixində ən iri layihələrdən olan, görkəmli Azərbaycan arxeoloqu S.M.Qazıyevin rəhbərlik etdiyi Mingəçevir arxeoloji ekspedisiyasının qazıntılarında iştirak etmişdir. Bu ekspedisiyada fəaliyyəti onun bir arxeoloq kimi yetişməsində mühüm rol oynamışdır.
İ.Nərimanov elmi karyerasına hələ gənc mütəxəssis olaraq tunc dövrünün tədqiqatçısı kimi başlamışdır. Onun namizədlik dissertasiyası da Gəncəçay hövzəsinin əsasən son tunc – ilk dəmir dövrü Xocalı-Gədəbəy mədəniyyəti abidələrinə həsr olunmuşdur. Bu əsərində İ.Nərimanov XIX əsrin axırlarından başlayaraq İkinci dünya müharibəsinə qədərki müddətdə bölgədə əcnəbi və yerli şəxslər tərəfindən aparılmış qazıntıların nəticələrini ümumiləşdirərək təhlillər aparmış, üç min il əvvəlki qədim tarixin ümumi mənzərəsini yarada bilmişdi.
1953-1960-cı illərdə Mil-Qarabağın arxeoloji abidələrinin tədqiqatlarını həyata keçirən, tanınmış sovet arxeoloqu A.A.İyessenin rəhbərlik etdiyi “Örənqala” ekspedisiyasının işində İ.Nərimanov artıq təcrübəli arxeoloq kimi iştirak etmiş, 1959-1960-cı illərdə bu böyük ekspedisiyanın rəis müavini olmuşdur. Örənqala yaxınlığında yerləşən bir qədim yaşayış məskənindən toplanmış xalkolit (eneolit) dövrünə aid arxeoloji materialların İ.Nərimanov tərəfindən araşdırılması, demək olar ki, onun sonrakı elmi fəaliyyətində erkən əkinçilik mədəniyyətlərinin tədqiqi istiqamətinin müəyyən edilməsinə stimul vermişdir.
XX əsrin 50-ci illərinin sonları – 60-cı illərinin əvvəllərinə qədər Azərbaycanda və bütövlükdə Cənubi Qafqazda erkən istehsal dövrü keramikalı neolit abidələri O.Həbibullayevin Naxçıvanda qazdığı I Kültəpə qədim yaşayış yerinin alt təbəqəsi istisna olmaqla, öyrənilməmişdir. Həmin illərdən başlayaraq İ.Nərimanov bütün Şimali Azərbaycan üzrə erkən sivilizasiyaların əsasını təşkil edən neolit və xalkolit mədəniyyətlərinin tədqiqinə başlamışdır. Onun 20 ildən artıq müddətdə Gəncə-Qazax, Qarabağ, Mil, Muğan bölgələrində apardığı irimiqyaslı çöl tədqiqatları nəticəsində e.ə. VI-IV minilliklərə aid 50-dən artıq abidə aşkar edilmiş, bir sıra abidələrdə geniş qazıntılar aparılmışdır.
İ.Nərimanovun bu elmi problemlə bağlı tədqiqatlarından danışarkən ilk növbədə onun Gəncə-Qazax bölgəsindəki arxeoloji qazıntılarından bəhs etmək lazımdır. Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarının əraziləri neolit və xalkolit dövrlərinə aid abidələrlə zəngindir. Bu dövr abidələri həmin bölgədə ilk dəfə olaraq məhz görkəmli alimin araşdırmaları ilə aşkara çıxarılmış və tədqiq edilmişdir. Bunlardan Qazax rayonundakı Babadərviş və Ağstafa rayonundakı Töyrətəpə neolit dövrü yaşayış yerlərini göstərmək olar. Töyrətəpədə arxeoloji kəşfiyyat işlərinin nəticəsi olaraq İ.Nərimanov C.Rüstəmovla birgə 1960-cı ildə nəşr etdirdikləri məqalədə bu abidənin məhz neolit dövrünə aid olduğunu yazmışlar.
Həmin ildən başlayaraq İ.Nərimanovun Ağstafa rayonu ərazisindəki neolit dövrü Şomutəpə yaşayış yerində apardığı qazıntılar bütün Qafqaz arxeologiyası üçün ilk dəfə olaraq həmin dövrə aid yeni bir arxeoloji mədəniyyətin – Şomutəpə mədəniyyətinin kəşf edilməsi ilə nəticələnmişdir. Azərbaycan elmindəki bu yenilik keçmiş SSRİ-nin elmi ictimaiyyəti tərəfindən qəbul edilmiş və yüksək qiymətləndirilmişdir. Azərbaycanda erkən istehsal dövrünə aid belə bir arxeoloji mədəniyyəti kəşf etdiyini İ.Nərimanov 1966-cı ildə Praqada keçirilən “Tarixəqədərki və prototarix dövrünün tədqiqatçılarının VII beynəlxalq konqresi”ndəki məruzəsində elan etmişdir. Alim bu mədəniyyətə Şomutəpə ilə yanaşı, Ağstafa rayonu ərazisindəki Töyrətəpə və Qarğalartəpəsi kimi qədim yaşayış məskənlərini də aid etmişdir. Həmin illərdə indiki Gürcüstan ərazisindəki Borçalı mahalında, Kür vadisində hələ bu tip abidələr məlum deyildi. İ.Nərimanovun tədqiqatları Gürcüstan arxeoloqları üçün də istiqamətverici olmuş və həmin ildən onlar da göstərilən ərazilərdə Şomutəpə tipli Şulaveris-qora, Aruxlo (əslində, yaxınlıqdakı Azərbaycan kəndi olan Arıxlının gürcücə təhrif olunmuş variantıdır) və s. abidələr aşkar etmişlər. Lakin Gürcüstan alimləri həmin abidələri arxeologiya elminin qanunlarına zidd olaraq süni şəkildə Şomutəpə mədəniyyətindən ayrı təqdim etməyə cəhdlər göstərmişlər və bu qeyri-elmi yanaşmalar bu gün də davam etməkdədir. Ən yaxşı halda onlar bu mədəniyyətin adını təhrif edərək Şulaveri-Şomutəpə mədəniyyəti kimi təqdim edirlər. Lakin bütün bunlar görkəmli alim İ.Nərimanovun yeni elmi kəşfinə kölgə sala bilmədi. Sonrakı araşdırmalar, xüsusilə də son illərin arxeoloji qazıntıları Şomutəpə mədəniyyətinin daha qədim, yerli zəmində meydana çıxdığını sübut etdi.
İ.Nərimanov Qarabağda, o cümlədən doğulub boya-başa çatdığı Ağdam rayonu ərazisində geniş arxeoloji araşdırmalar aparmışdır. Yalnız Ağdam rayonu ərazisində neolit və xalkolit dövrlərinə aid 30-a yaxın abidə aşkar etmiş, onlardan İlanlıtəpə və Çalağantəpə yaşayış yerlərində irimiqyaslı arxeoloji qazıntıları həyata keçirmişdir. Bu qazıntılar əsasında İ.Nərimanov Qarabağda bəhs olunan dövrdə əhalinin təsərrüfat həyatı və bu abidələrdə aşkar etdiyi qəbirlər əsasında dəfn adətlərinin xüsusiyyətlərini şərh etmişdir. Arxeoloq Çalağantəpədəki e.ə. V minilliyin əvvəllərinə aid qəbirlərdən birində trepanasiyalı kəlləsi olan skelet aşkar etmişdir. Bütün Yaxın Şərq və Qafqaz üçün bu qəbildən ən qədim tapıntı olan bu kəllənin aşkar edilməsi hələ 7 min il əvvəl Azərbaycanda insanın kəllə sümüyündə tibbi, cərrahi əməliyyatın aparıldığını sübut edir.
Görkəmli alim bu abidələrdən aşkar etdiyi arxeoloji materialları Naxçıvandakı I Kültəpə yaşayış yerinin tapıntıları ilə müqayisəli şəkildə təhlil edərək, hər iki bölgənin abidələrinin vahid mədəni ənənələrdə birləşdiyini əsaslandırmışdır. Bütövlükdə, Qarabağın neolit və xalkolit abidələrini Şomutəpə və Kültəpə mədəniyyətləri, Muğan abidələri ilə müqayisəli təhlil edərək İ.Nərimanov Azərbaycanın bu dövr mədəniyyətlərinin ümumi inkişaf prinsiplərini və istiqamətlərini müəyyən edə bilmişdir.
Ən erkən sivilizasiyanın vətəni olan Yaxın Şərqdə -- Mesopotamiyada arxeoloji qazıntılar aparmaq hər bir arxeoloqun ən böyük arzusudur və belə bir alim xoşbəxtliyi hər arxeoloqa qismət olmur. 1969-cu ildə sovet rəhbərliyi tərəfindən, bu gün Qərb siyasətçilərinin avantürist əməlləri nəticəsində müharibələrin viran qoyduğu qədim Mesopotamiya torpağına – indiki İraq ərazisinə arxeoloji ekspedisiya göndərilmişdir. Bu ekspedisiyaya dərin elmi biliklərə malik arxeoloqlar cəlb edilmişdilər. 1984-cü ilə qədər fəaliyyət göstərən bu ekspedisiyaya SSRİ EA Arxeologiya İnstitutunun o zaman direktor müavini işləyən həmyerlimiz, əslən Zaqataladan olan dünya şöhrətli arxeoloq Rauf Munçayev rəhbərlik edirdi. O, təcrübəli və elmi kəşfləri ilə yaxşı tanınan yaxın dostu və həmkarı İ.Nərimanovu da bu ekspedisiyaya daxil etmişdi. İ.Nərimanov on il (1971-1980) ardıcıl olaraq bütün qazıntı mövsümlərində həmin ekspedisiyanın tərkibində qədim Mesopotamiya ərazisində arxeoloji qazıntılar aparmışdır.
Mesopotamiya təcrübəsi 80-ci illərin əvvəllərində Qarabağda arxeoloji qazıntılar aparan İ.Nərimanova bir sıra mühüm elmi problemlərin həllində mühüm rol oynadı. Belə ki, həmin illərdə Ağdam rayonu ərazisindəki e.ə. IV minilliyin birinci yarısına aid Leylatəpə yaşayış məskənində qazıntılar zamanı İ.Nərimanov Azərbaycan arxeologiyası üçün yeni faktlar – fərqli memarlıq və dəfn adəti, əvvəllər məlum olmayan minlərlə arxeoloji materiallar aşkara çıxardı. O, hərtərəfli elmi təhlillər əsasında bütün bu tapıntıların ən yaxın analoqlarının məhz Mesopotamiyada olduğunu müəyyən etdi və Azərbaycanda daha bir arxeoloji mədəniyyəti – mənşəyi ilə Yaxın Şərqə bağlı olan Leylatəpə mədəniyyətini kəşf etdi. Bu mədəniyyət istehsalatda o dövr üçün ən mükəmməl texnologiyaların tətbiqi, çox yüksək inkişaf səviyyəsi ilə özündən əvvəlki və sonrakı arxeoloji mədəniyyətlərdən köklü surətdə fərqlənirdi.
Bütövlükdə, Qafqazda arxeoloji mədəniyyətlər barmaqla sayılacaq qədərdir. Bir alim fəaliyyətində Azərbaycanın hüdudlarından da kənara yayılmış iki arxeoloji mədəniyyəti kəşf etmək hər bir tədqiqatçının öhdəsindən gələ biləcəyi iş deyil. İ.Nərimanov əsil alim bacarığı, mükəmməl elmi bilikləri ilə Azərbaycanın qədim tarixinə dair iki arxeoloji mədəniyyəti – Şomutəpə və Leylatəpə mədəniyyətlərini arxeologiya elminə gətirə bilmişdi. Məhz bu abidələrin qazıntıları ilə Azərbaycanda hələ 8-6 min il əvvəl Yaxın Şərq sivilizasiyaları ilə sıx təmasda erkən istehsal mədəniyyətinin mövcudluğu sübut edilmişdir.
İ.Nərimanov həm də vətənpərvər bir alim idi. Qarabağın işğal edilməsi onun bütün həyat tərzinə, düşüncələrinə ağır təsir göstərmişdir. Yaxın dostu Rauf Munçayev xatırlayır ki, “1995-ci ildə Almaniyanın Saarbryukken şəhərində Cənubi Qafqaz arxeologiyasına aid keçirilən konfransda İ.Nərimanov da iştirak edirdi. Arxeologiyaya dair məruzəsi üçün ona söz verildi və İdeal heç kəsin gözləmədiyi halda Bakıdan özü ilə gətirdiyi Azərbaycanın xəritəsini qarşıdakı lövhədən asdı. O, həyəcanla bu xəritədə Azərbaycanın və Ermənistanın coğrafi yerləşməsini, Qarabağn və ətraf rayonların ermənilər tərəfindən işğal edildiyini, Ermənistanın bu ərazilərə heç bir aidiyyatının olmadığını izah edirdi. Konfrans iştirakçıları bu gözlənilməz hərəkətdən nə edəcəklərini bilmirdilər və yalnız dinləyirdilər. Mən ona əvvəlcə elmi məruzəsini etməyi, sonda isə bu məsələlərdən daha geniş danışmağı təklif etdim. Lakin həmin məqamda İdealı saxlamaq mümkün deyildi. O, Qarabağın əzəli Azərbaycan torpağı olduğunu və Ermənistan tərəfindən işğal olunduğunu konfrans iştirakçılarının diqqətinə çatdırdıqdan sonra elmi məruzəsinə başladı”.
Böyük alim, vətənpərvər ziyalı İ.Nərimanovun zəngin elmi irsi Azərbaycan arxeoloqlarının bugünkü və gələcək nəsilləri üçün böyük elmi məktəbdir.
Nəcəf Müseyibli,
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu direktorunun
elmi işlər üzrə müavini, tarix üzrə elmlər doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.