Bu il torpaqşünaslıq, ekologiya, torpaqların aqroekologiyası və bonitirovkası sahəsində görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA-nın aqrar məsələlər üzrə müşaviri, BDU-nun torpaqşünaslıq kafedrasının müdiri Qərib Məmmədovun anadan olmasının 70, elmi-təşkilati fəaliyyətinin 45 ili tamam olur. Qərib Məmmədov Azərbaycanın təbiətşünaslıq və ekologiya elminin tanınmış nümayəndəsi, bu sahədə əbədiyaşar alimimiz, akademik Həsən Əliyevin layiqli davamçısıdır.
Akademik Qərib Məmmədovun tədqiqatları təkcə torpaqşünaslıq və ekologiya sahəsində deyil, eyni zamanda, torpaqların coğrafiyası, meliorasiyası, rekultivasiyası, mühafizəsi, aqroekologiyası, aqrokimyası və digər elm sahələrinin inkişafı ilə bağlıdır. Bilavasitə onun rəhbərliyi ilə Azərbaycanda torpaqların aqroekoloji qiymətləndirilməsi elmi məktəbi yaradılmışdır.
Azərbaycan torpaqlarının aqroekoloji problemlərinin görkəmli tədqiqatçısı akademik Qərib Məmmədov ömrünün 45 ilə yaxın bir dövrünü elmin inkişafına həsr etmiş, bu sahədə müstəqil dövlətimizin güclənməsi naminə şərəflə xidmət göstərmişdir.
Qərib Məmmədov hələ gənc ikən elmə böyük həvəs göstərmişdir. Tələbəlik illərində Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tələbə Elmi Cəmiyyətinin üzvü olmuşdur. İnstitutu fərqlənmə diplomu ilə bitirən Qərib Məmmədov elmi fəaliyyətinə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin eroziya bölməsində başlamışdır.
1972-ci ildən etibarən Q.Məmmədov elmi fəaliyyətini AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda davam etdirmişdir. Məhz bu möhtəşəm elm mərkəzində də onun elmi potensialı, istedadı və elmi təşkilatçılıq qabiliyyəti özünü büruzə vermişdir.
1970-ci ildən etibarən institutumuzda torpaqların aqroekologiyası və qiymətləndirilməsi məsələləri geniş aktuallıq kəsb etməyə başlamışdı. Bu sahədə o, geniş tədqiqat işləri apararaq mühüm elmi nəticələr əldə etmişdir. Nəticələr onun “Azərbaycan torpaqlarının aqroekoloji qiymətləndirilməsi və bonitirovkası”, “Torpaq kadastrı, hüquqi elmi və praktiki məsələləri” monoqrafiyalarında çap edilmişdir ki, bu da elmi ictimaiyyət tərəfindən mühüm monoqrafik elmi əsər kimi qiymətləndirilir.
Akademik Qərib Məmmədov elmi yaradıcılığı dövründə özünü istedadlı torpaqşünas-ekoloq alim, bacarıqlı elm təşkilatçısı kimi göstərmişdir. O, Torpaqşünaslıq və Aqrokimya İnstitutunda kiçik elmi işçi vəzifəsindən direktor vəzifəsinə qədər yüksəlmişdir. Onun torpaqşünaslıq sahəsində elmi nailiyyətləri o dövrdə ölkə Prezidenti, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin diqqətini cəlb etmiş və onu daha məsul vəzifəyə Dövlət Torpaq Komitəsinin (1997), sonradan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (2001) sədri vəzifəsinə təyin etmişdir. Bu vəzifəni o, çox uğurla yerinə yetirmiş, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş respublikamızda torpaq islahatı işlərinin icrasında fəallıq göstərmişdir. Məhz bu dövrdə akademik Qərib Məmmədovun “Azərbaycanda torpaq islahatı, hüquqi elmi ekoloji məsələlər” monoqrafiyası nəşr edilir. Monoqrafiyada Azərbaycanda torpaq islahatı məsələləri öz əksini tapmışdır. Azərbaycanda torpaq islahatının keçirilməsinin hüquqi və elmi-ekoloji məsələləri ətraflı şəkildə təhlil edilmişdir. Müəllif monoqrafiyada torpaqların münbitliyinin bioekoloji qiymətləndirilməsinin metodiki əsaslarını, bonitirovkasını, aqroistehsalat qruplaşmaları məsələlərini, ayrı-ayrı landşaft komplekslərinin qiymətləndirilməsini və bioloji xüsusiyyətlərini araşdırmışdır.
Qərib Məmmədovun bir sıra yeni tədqiqat istiqamətləri və işləmələri torpaqşünaslıq elmini zənginləşdirməklə yanaşı, ekoloji problemlərin həllində mühüm əhəmiyyət kəsb etmişdir. O cümlədən, “Azərbaycanın torpaq fondu və onun səmərəli istifadəsi”, “Torpaq örtüyünün strukturunun və müxtəlif səbəblərdən çirklənmiş, şorlaşmış torpaqların qiymətləndirilməsi”, “Azərbaycan torpaqlarının ekoloji qiymətləndirilmə xəritəsinin tərtibi (M:1:600000)”, “Torpaq münbitliyinin konseptual və riyazi modelləşdirilməsi”, “Azərbaycanın ekoloji problemlərinin sistemli öyrənilməsi konsepsiyası”, “Respublika torpaq kadastrının rayonlaşdırılması, Azərbaycanın Torpaq və Ekoloji atlaslarının və digər çoxsaylı elmi əsərlərin müəllifi kimi akademik Q.Məmmədovun danılmaz xidmətləri vardır.
Onun “Azərbaycan torpaqlarının ekoloji qiymətləndirilməsi” monoqrafik əsəri mütəxəssislər tərəfindən torpaqşünaslıq sahəsində mühüm elmi əsər kimi yüksək qiymətləndirilmişdir. Əsərdə torpaqların ekoloji problemləri və onların qiymətləndirilməsi ilə yanaşı, Azərbaycan torpaqlarının ekoloji münbitlik modellərindən əsaslı şəkildə bəhs edilir.
Akademik Qərib Məmmədovun tədqiqat istiqamətində bilavasitə ekoloji problemlərin həllinə yönəldilmiş elmi əsərləri prioritet istiqamət təşkil etmişdir. Onun coğrafiya üzrə elmlər doktoru, professor M.Xəlilovla birgə müəllifi olduğu bir sıra əsərlər, o cümlədən, “Ekologiya, ətraf mühit və insan”, “Ekologiya və ətraf mühitin mühafizəsi”, “Azərbaycan meşələri” və s. monoqrafik əsərləri respublikamızda mövcud ekoloji problemlərin həllində dəyərli töhfə kimi qiymətləndirilmişdir.
Qərib Məmmədovun respublikamızda təhsilin inkişafında da böyük xidmətləri vardır. Belə ki, onun təşəbbüsü və akademik Abel Məhərrəmovun rəhbərliyi ilə Bakı Dövlət Universitetində əvvəlcə torpaqşünaslıq kafedrası və sonradan isə ekologiya və torpaqşünaslıq fakültəsi yaradılmışdır. Hazırda həmin fakültədə tələbələr bir neçə ixtisas üzrə, o cümlədən torpaqşünaslıq, ekologiya, aqrokimya, yerquruluşu, torpaq və şəhər kadastrı ixtisasları üzrə bakalavr, magistr və doktorantura pillələrində təhsil alırlar.
Akademik Q.Məmmədov fakültənin yeni yaranmasını nəzərə alaraq bu sahədə tələbələrin dərsliklərə olan ehtiyaclarının ödənilməsində də fəal iştirak etmişdir. Onun müəllif və həmmüəllif olduğu bir sıra dərsliklər, dərs vəsaitləri müəllim və tələbələrin stolüstü kitablarına çevrilmişdir. Xüsusilə, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ali məktəblərdə dərslik kimi təsdiq edilmiş bir neçə kitabı, o cümlədən “Torpaqşünaslıq və torpaq coğrafiyasının əsasları”, “Torpağın eroziyası və mühafizəsi”, 2 hissədən ibarət olmaqla “Aqroekologiya”, “Ensiklopedik ekoloji lüğət”, “Geodeziya”, “Hərbi topoqrafiya və geodeziyanın əsasları”, “İnsan ekologiyası”, “Sosial ekologiya”, “Mühəndis geologiyasının əsasları”, “Yerquruluşunun elmi əsasları” və “Azərbaycan ekoturizm potensialı” respublikamızın ali məktəblərində uğurla istifadə olunmaqdadır.
2014-cü ildə akademik Q.Məmmədovun məsul katibliyi ilə çap olunmuş Azərbaycan Respublikasının Milli Atlasının respublika səviyyəsində geniş təqdimatı keçirilmişdir. Azərbaycanda ilk dəfə çap edilən Milli Atlas irimiqyaslı kartoqrafik əsər kimi dövlət səviyyəsində yüksək qiymətləndirilmişdir.
Akademik Qərib Məmmədovun kadr hazırlığı sahəsində də böyük xidmətləri vardır. Onun rəhbərliyi ilə 52 fəlsəfə və 11 elmlər doktoru uğurla müdafiə edib. Hazırda da o, fəlsəfə və elmlər doktoru hazırlığı üzrə dissertant və doktorların elmi rəhbəri kimi kadr hazırlığı işlərini davam etdirir.
Q.Məmmədovun elmi fəaliyyətinin əsas nəticələri 700-dən çox elmi əsərdə, o cümlədən monoqrafiyalarda, metodiki tövsiyələrdə, xarici ölkələrdə və respublikada dərc edilən resenziyalı jurnallarda, beynəlxalq elmi konfransların materiallarında çap olunmuşdur.
Akademik Q.Məmmədovun çoxsaylı monoqrafiyaları ali məktəb dərslikləri, xəritə və atlasları, metodiki vəsaitləri, patent və səmərələşdirici təklifləri ekologiya və torpaqşünaslıq elminin inkişafında əvəzsiz xəzinə kimi qiymətləndirilmişdir. Onun milli ekologiya və torpaqşünaslıq elmimizin inkişafında misilsiz və təqdirəlayiq xidmətləri, elmi-pedaqoji fəaliyyəti, eləcə də mürəkkəb, məhsuldar, zəngin və şərəfli ömür yolu gələcək nəsillər üçün bir örnəkdir.
Qərib Məmmədov respublikamızdan kənarda, o cümlədən ABŞ, Avropa, MDB, Yaxın və Orta Şərq ölkələrində bir çox beynəlxalq səviyyəli tədbirlərdə, eləcə də konfrans və simpoziumlarda iştirak etməklə ölkənin torpaqşünaslıq və ekologiya elm sahələrini layiqincə təmsil etmiş, məruzələrlə çıxış etmişdir.
1998-ci ildə Fransanın Monpelye şəhərində keçirilən Ümümdünya Torpaqşünaslar İttifaqının XVI konqresində iştirak etməklə “Azərbaycanın kənd təsərrüfatı bitkiləri altında olan torpaqlarının antropogen amilləri, ekoloji qiymət xəritəsi və onun praktiki əhəmiyyəti” mövzusunda məruzəsi böyük maraqla dinlənilmişdir.
Təsadüfi deyil ki, alimin elmi fəaliyyəti müvafiq beynəlxalq qurumlarda da yüksək qiymətləndirilmiş və o, bir sıra elmi cəmiyyətlərin üzvü seçilmişdir: Qərib müəllim Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki, (1992) Dünya Torpaqşünaslar Cəmiyyəti İttifaqının daimi üzvü (1998), V.V.Dakuçayev adına Ümumrusiya Torpaqşünaslar Cəmiyyətinin üzvü (1994), Beynəlxalq Noosfer Akademiyasının akademiki (2001), Rusiya Təbiət Elmlər Akademiyasının akademiki (2001), Avropa Beynəlxalq Akademiyasının həqiqi üzvü (Avstriya 2001), Moldova Torpaqşünaslar Cəmiyyətinin fəxri üzvüdür. O, 2012-ci ildə BMT-nin Asiya və Sakit okean üzrə Beynəlxalq Kartoqrafik Konfransında iştirak etmiş, Asiya və Sakit okean üçün Geoməkan İnformasiyasının idarə olunması üzrə BMT-nin Regional Komitəsinin İcraçı Şurasının 11 üzvündən biri seçilmişdir. Akademik Q.Məmmədov 1998-ci ildən isə Həsən Əliyev adına Ekologiya Fondunun sədridir.
Akademik Qərib Məmmədov 2001-ci ildən Azərbaycan Torpaqşünaslar Cəmiyyətinin prezidenti, 2002-ci ildən isə Milli Ensiklopediya Şurasının üzvüdür. 2011-ci ildən isə Avrasiya Torpaqşünaslar Cəmiyyətləri Federasiyasının həmsədridir.
Qərib Məmmədov 1995-ci ildə birinci çağırış Azərbaycan Respublikası Milli Məclisin deputatı seçilmişdir. O, Milli Məclisdə Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, Dövlət Torpaq Kadastrı, Torpaqların monitorinqi və yerquruluşu, Torpaq icarəsi, Bələdiyyələrin torpaqları və əraziləri və digər qanunvericilik aktlarının qəbul edilməsində yaxından iştirak etmişdir.
Qərib Məmmədov elmi fəaliyyəti ilə yanaşı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri kimi (1997-2015) dövlət qulluğu sahəsində də fəaliyyətini şərəflə yerinə yetirmişdir.
2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə AMEA tərkibində Aqrar Elmlər Bölməsi yaradılmış və bu sahəyə rəhbərlik təsadüfi deyil ki, akademik Qərib Məmmədova həvalə edilmişdir. Hazırda Q.Məmmədov AMEA Biologiya və Tibb Elmləri Bölməsinin büro üzvü (2016) kimi elmi təşkilati fəaliyyətini davam etdirir.
Qərib Məmmədovun elmi-pedaqoji və dövlət qulluğu sahəsində nailiyyətlərinə görə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin Bürünc medalı, V.V.Dakuçayev adına medalla, Rusiya Elmlər Akademiyasının fəxri diplomu, Azərbaycan--Amerika Mədəniyyət Mərkəzinin fəxri fərmanı, Həsən Əliyev adına mükafat, fəxri diplom və medal, Kembric Universitetinin sertifikatı və "Əsrin tanınmış alimi" beynəlxalq diplomu, eləcə də bir çox orden və medalla təltif olunmuşdur.
Respublikamızda torpaq islahatının aparılmasında və torpaq ehtiyatlarından səmərəli istifadəsində xidmətlərinə görə o, Avrasiya Araşdırma Mərkəzinin “Qızıl Kürə” Milli Mükafatı ilə təltif edilmişdir.
Akademik Qərib Şamil oğlu Məmmədovu 70 illik yubileyi münasibətilə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun çoxsaylı kollektivi adından təbrik edir, torpaqşünaslıq və ekologiya elminin inkişafında xidmətlərini yüksək qiymətləndirir və yaradıcılığının müdrik çağında ona yeni-yeni uğurlar arzulayırıq.
Məhərrəm Babayev,
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü,
Qoşqar Məmmədov,
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu direktorunun elmi işlər üzrə müavini,
aqrar üzrə fəlsəfə doktoru,
dosent
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.