Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü diaspor təşkilatlarımız tərəfindən təntənə ilə qeyd edilir. Rusiya, Ukrayna, Yaponiya və ABŞ-da belə tədbirlər keçirilmişdir.
Ukraynanın paytaxtı Kiyevdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ənənəvi olaraq bayram edilir. Builki tədbir Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) Kiyev şəhər təşkilatının sədri, “Azərbaycançılıq İnstitutu” Beynəlxalq İctimai Birliyinin prezidenti Oleq Krapivin tərəfindən təşkil olunmuşdur. Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev sərbəst güləş üzrə SSRİ-nin və Azərbaycanın Əməkdar idman ustası, Əməkdar məşqçi Oleq Krapivini Prezident İlham Əliyev tərəfindən ona “Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının verilməsi münasibətilə təbrik edib. Diplomat O.Krapivinin Ukraynada Azərbaycan diasporunun birləşməsinə və formalaşmasına böyük şəxsi töhfəsini də qeyd edib.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Yaponiyanın paytaxtı Tokionun tanınmış əyləncə rayonu olan Şingukuda yerləşən “Pamukkale” türk restoranında qeyd edilib. Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmizin Yaponiyadakı səfirliyinin əməkdaşları, Azərbaycan diasporunun Tokio şəhərində yaşayan üzvləri və digər millətlərin nümayəndələri iştirak ediblər.
Mərkəzin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər və Azərbaycanın Yaponiyadakı səfirliyinin müşaviri Fərid Talıbov ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü barədə danışıb, bu günün planetimizin müxtəlif guşələrində yaşayan soydaşlarımız arasında milli birliyin formalaşmasındakı mühüm rolunu vurğulayıblar.
Yola salmaqda olduğumuz 2016-cı ilin ölkəmiz üçün uğurlu olduğunu qeyd edən çıxışçılar xüsusən aprel döyüşləri zamanı Milli Ordumuzun göstərdiyi şücaət nəticəsində işğal altında olan torpaqlarımızın bir hissəsinin azad edildiyini, Rio-de-Janeyroda keçirilmiş XXXI Yay Olimpiya Oyunlarında idmançılarımızın uğurlu çıxışlarını xatırladıblar. Bakıda təşkil edilən “Formula-1” Avropa Qran-prisinin və digər beynəlxalq tədbirlərin Azərbaycanı dünyada tanıtmaq baxımından əhəmiyyətli olduğu vurğulanıb.
Yaponiyada yaşayan həmvətənlərimizin Azərbaycanı daha yaxşı tanıtmaq istiqamətində fəaliyyətinin son illər sürətlə artdığı qeyd edilib, bu işdə cari ilin martında təsis edilən Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin bir diaspor təşkilatı olaraq mühüm rol oynayacağına inam ifadə olunub. Bayram tədbirində Azərbaycan musiqisi səsləndirilib, milli rəqslər nümayiş etdirilib.
Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən Vaşinqtonda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilən bayram tədbiri iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.
Səfirliyin mətbuat xidmətindən verilən məlumata görə, “Mayflower” hotelində təşkil edilən tədbirdə əsasən Vaşinqton və onun yaxınlığında yerləşən ştatlarda yaşayan yüzlərlə soydaşımız, o cümlədən ölkəmizin ABŞ-dakı diasporunun fəal üzvləri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov soydaşlarımızı bayram münasibətilə təbrik edərək Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən bu bayramın xaricdə həmvətənlərimiz arasında birliyin təşviqi və diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Səfir Azərbaycan Prezidenti İlham Əliyevin bayram münasibətilə dünya azərbaycanlılarına ünvanladığı təbriki qonaqların diqqətinə çatdırıb.
Sonra səfir Azərbaycanın dövlətçilik tarixindən, 1918-ci ildə ölkəmizdə müsəlman dünyasında ilk demokratik dövlətin qurulmasının tarixi əhəmiyyətindən danışıb. Bu xüsusda səfir Heydər Əliyev Fondunun dəstəyi ilə eyni adlı roman əsasında çəkilən “Əli və Nino” filmini seyr etməyi soydaşlarımıza tövsiyə edib.
Eyni zamanda, bu ilin ölkəmizin dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünün tamam olması baxımından əhəmiyyətini vurğulayan səfir E. Süleymanov aparılan məqsədyönlü siyasət nəticəsində hazırda Azərbaycanın dünyada ciddi tərəfdaş kimi qəbul edildiyini bildirib. Səfir Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət tədbirləri, o cümlədən Ermənistanın Azərbaycana təcavüzünün aradan qaldırılması, ölkənin siyasi və iqtisadi sabitliyinin təmin edilməsi istiqamətində fəaliyyəti barədə danışıb.
Səfir bildirib ki, hazırda dünyanın bir çox məkanında dözümsüzlüyün və radikalizmin artması meyilləri müşahidə edilsə də, ölkəmizin multikulturalizm modeli və mədəniyyətlərarası dialoqa verdiyi töhfələr dünyada rəğbətlə qarşılanıb.
Moskvada Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş bayram tədbiri də iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.
Tədbiri Azərbaycan Mədəniyyətinin İntibah və İnkişaf Fondu və Azərbaycan Slavyan Gənclər Assosiasiyasının (ASGA) Rusiya nümayəndəliyi təşkil edib. Fondun sədri Şamil Tağıyev qurumun il ərzində gördüyü işlərdən danışıb.
Tədbirə Ukrayna Azərbaycanlıları Konqresinin prezidenti və Ukrayna Millətlər Assambleyasının sədri Rövşən Tağıyev də qatılıb.
İsveçrənin Bern şəhərinin məşhur konsert salonlarından olan “Villa Mettlen”də ölkəmizin İsveçrə Konfederasiyasındakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir.
Tədbiri giriş nitqi ilə açan səfir Əkrəm Zeynallı dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanın keçdiyi inkişaf yolundan bəhs edib. Ümummilli lider Heydər Əliyevin dövlətçilik kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Diplomat, həmçinin 2016-cı il ərzində Azərbaycan-İsveçrə münasibətlərinin inkişafından söz açaraq əlaqələrin ildən-ilə gücləndiyini bildirib.
Azərbaycanın Cenevrə şəhərində BMT-nin bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov tədbir iştirakçılarını dövlət müstəqilliyimizin bərpasının 25 illiyi və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib.Bayram tədbiri pianoçu Etibar Əsədlinin ifasında Azərbaycan musiqi nümunələrindən ibarət konsert proqramı ilə davam edib. Sonra qonaqlara Azərbaycanın milli təamlarından ibarət ziyafət verilib.
Müxtəlif ölkələrdə yaşayan soydaşlarımız tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbirlər davam edir.
Hazırladı:
M. MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.