Qaqauzlara vəfa borcu

Azərbaycanda Atatürk Mərkəzində “Qənirə Paşayeva ilə addım-addım Qaqauz yeri” kitabının təqdimatı keçirildi. Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru, Milli Məclisin deputatı Nizami Cəfərov türk dünyası ünvanlı kitabların yazılmasını və Atatürkün adını daşıyan elm-mədəniyyət ocağında təqdimatının, müzakirəsinin keçirilməsini təqdirəlayiq hal olaraq qiymətləndirdi.

Kitabın mühüm və fərqli məziyyətlərini diqqətə çatdıran professor – əgər bu kitab müstəqil dövləti olmayan, nisbətən azsaylı türk xalqına aiddirsə, habelə türk dünyasını, doğrudan da, addım-addım gəzən, öyrənən bir millət vəkili tərəfindən yazılıbsa, bu fakt, görülən işin dəyərini daha da artırır, – dedi.

Kitabın yazılma səbəbi haqqında danışan müəllif Q.Paşayeva, Qaqauz yerinin Azərbaycandan min kilometrlərlə uzaqda yerləşməsinə, qaqauzların başqa dini dünyagörüşünə sahib olmalarına baxmayaraq, bizi birləşdirən saysız-hesabsız ortaq dəyərlərin olduğuna diqqət çəkdi: “İstərdim, Azərbaycan oxucusu, özəlliklə gənclərimiz qaqauz yerinin türk dünyasının bir parçası olduğunu, qaqauzların dili, mədəniyyəti, məişəti və s. ilə bizlərdən olduğunu bilsinlər. Mən Qaqauz yerini doğrudan da addım-addım gəzmişəm, o coğrafiyanı, qaqauz ruhunu ruhumla duymuşam. Özü də, bu kitab bir akademik nəşr deyil, elmi üslubda yazılmayıb və deyə bilərəm ki, məqsədyönlü olaraq, mövcud format və üslub seçilib – yəni, hər kəsin oxuya, anlaya biləcəyi bir masaüstü kitab olsun. Mən çox şadam ki, qaqauz yerində olarkən ümummilli liderimizin xatirəsinin əbədiləşdirildiyini gördüm. Ümumiyyətlə, Qaqauz yerinin Azərbaycanla, qardaş Türkiyə ilə bağları həm tarixi baxımdan, həm də çağdaş dövrümüzdə diqqətəlayiqdir”.

Sonra Milli Məclisin deputatları Ü.Ağayeva, S.Əliyeva, D.Cəbrayılova, Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin başçısı İ.Yıldırım çıxış edərək, belə bir kitabla gənclərimizi Qaqauz yeri, xalqı ilə tanış etdiyinə görə müəllifə təşəkkür etdilər. Digər çıxışların ümumi ruhu bu fikirlər üstündə köklənmişdi ki, təqdim edilən bu kitab doğma yurddan didərgin düşənlərin köçündən tutmuş, ta 1990-cı ildə muxtariyyət alana qədərki dövrünü əks etdirən və bu gün adət-ənənələrini yaşadan xristian türkləri haqqında məlumat toplusudur.

Yazıçı və şairlər, jurnalistlər, QHT rəhbərləri və başqa kitabsevərlər, türkoloqlar, ictimai fəallar, oxucular “Qənirə Paşayeva ilə addım-addım Qaqauz yeri”nin məziyyətləri, müəllifin mövzuya yanaşma tərzi, bundan öncəki kitabları və ümumən yaradıcılıq yolu haqqında fikirlərini bölüşdülər. Bildirdilər ki, kitab, təxminən, 250 min qaqauzun – xristian türkünün yaşadığı Qaqauz yeri, onların tarixi, mədəniyyəti, məişəti, duyğu-düşüncələri haqqında yığcam bir topludur. Qaqauz yerinin fəxri vətəndaşı və yüksək dövlət mükafatı ilə təltif edilmiş Q.Paşayevanın qaqauzlara vəfa borcunu layiqincə qiymətləndirməsi kimi şərh olunan yeni nəşr, həm də, müəllifin türk dünyası mövzusuna ardıcıl müraciəti, münasibəti kimi təqdir olundu.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında