Görkəmli iqtisadçı alim, unudulmaz insan

Naxçıvan Dövlət Universitetində görkəmli iqtisadçı alim, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor Aqil Əliyevin anadan olmasının 90 illiyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə birgə elmi-praktiki konfrans keçirilib.

NDU-nun rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov yubiley məclisini giriş sözü ilə açaraq görkəmli iqtisadçı alimin Azərbaycan iqtisadiyyatının bugünkü inkişafında, iqtisad elminin müxtəlif elmi-nəzəri konsepsiyalarının formalaşmasında və tədrisindəki xidmətlərindən danışıb. Ali məktəb rəhbəri qeyd edib ki, tanınmış alim respublikamızın ali təhsil sistemində uzun illər məhsuldar və səmərəli fəaliyyət göstərib, kadr hazırlığı məsələsinə böyük diqqət və qayğı ilə yanaşıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti, iqtisad elminin inkişafındakı xidmətləri yüksək qiymətləndirilib. Alim “Şöhrət” və “Qırmızı Əmək Bayrağı” ordenləri, bir sıra müxtəlif mükafatlarla təltif edilib.            

AMEA-nın Naxçıvan Bölməsinin sədri, AMEA-nın həqiqi üzvü İsmayıl Hacıyev “Aqil Əliyev görkəmli elm xadimi kimi” məruzəsində bildirib ki, görkəmli alim iqtisadiyyatın aktual problemlərinə dair sanballı elmi araşdırmaların, 200-dən artıq elmi əsərin, o cümlədən 30-dan çox monoqrafiya və kitabın müəllifidir. Onun əsərləri Moskvada, Sankt Peterburqda, Çexiyada və digər xarici ölkələrdə çap olunub. Sosial rifahın yüksəldilməsi, səhiyyənin iqtisadi problemləri, kənd və şəhər arasında iqtisadi tarazlıq və digər məsələlərin elmi tədqiqi ilə məşğul olan görkəmli alim beynəlxalq və respublika səviyyəli elmi məclislərdə məruzələrlə çıxış edib.

Universitetin iqtisad fakültəsinin dekanı, dosent Mehdi Bağırovun “Aqil Əliyev Azərbaycan iqtisad məktəbinin tanınmış simalarından biri kimi”, dünya iqtisadiyyatı kafedrasının müdiri, dosent Ceyhun Mahmudovun “Azərbaycan iqtisad elminin inkişafına Aqil Əliyev töhfələri”, AMEA-nın Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun iqtisadiyyat şöbəsinin böyük elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Sevinc Cabbarovanın “Aqil Əliyev və məhsuldar qüvvələr nəzəriyyəsi” mövzusunda məruzələri dinlənilib.

Konfransda Azərbaycan iqtisad elminin görkəmli nümayəndəsi Aqil Əliyevin zəngin elmi yaradıcılığından, məhsuldar qüvvələrin yerləşdirilməsi və inkişafı ilə bağlı elmi konsepsiyalarının əhəmiyyətindən, iqtisadi proqnozlarının bütünlüklə özünü doğrultmasından, eləcə də “Azərbaycanın sosial-iqtisadi inkişafında islahatların rolu”,  “İpək Yolunun bərpası bəşəriyyətin tərəqqi yoludur”, “Naxçıvan qədim diyardır”, “Milli iqtisadiyyatımızın aktual problemləri”, “Demokratikləşmə milli iqtisadiyyatımızın inkişafının əsasıdır”, “Naxçıvan Muxtar Respublikası (nailiyyətlər, problemlər)” kimi əsərlərindən ətraflı bəhs olunub.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında