Qloballaşan dünyada milli mədəniyyətlərin qorunub saxlanması, onun təşviqi və təbliği yollarının müəyyən edilməsi hər bir xalqın həyatında əhəmiyyətli rol oynayır. Ona görə də müstəqil Azərbaycanda həyata keçirilən mədəniyyət siyasətində bu amilə xüsusi diqqət yetirilir. Bu gün Azərbaycan dünyada inkişaf etmiş mədəniyyətə, zəngin milli-mənəvi dəyərlərə malik bir ölkə kimi tanınır. Bu sahədə dünya azərbaycanlılarının rolunu xüsusilə vurğulamaq lazımdır. Onlar xalqımızın mənəvi dəyərlərinin dünyaya inteqrasiyasına öz layiqli töhfələrini verməklə, mədəniyyət və incəsənətimizin təbliğində əhəmiyyətli rol oynayırlar.
Azərbaycan diasporu bu sahədə dövlətimizin, onun rəhbəri Prezident İlham Əliyevin dəstəyini həmişə hiss edir, daha genişmiqyaslı fəaliyyət imkanı qazanırlar.
Cənab Prezident dünya azərbaycanlılarına ünvanladığı təbrikində demişdir: “Hazırda Azərbaycan Respublikası öz inkişafının çox məsuliyyətli bir dövrünə qədəm qoymuşdur. Biz Vətənimizin çiçəklənməsi, qüdrətinin artırılması və suverenliyinin möhkəmləndirilməsi məqsədilə qarşımıza böyük vəzifələr qoymuşuq. Həmin vəzifələrin həlli üçün bütün həmvətənlərimiz, o cümlədən xaricdə yaşayan soydaşlarımız sıx birləşməli, harada yaşamalarından asılı olmayaraq, milli maraqlarımızı qətiyyətlə qorumalı, antiazərbaycan dairələrin təxribatçı əməllərinə qarşı prinsipial mübarizə aparmalıdırlar.”
Diaspor təşkilatlarımız son illər bu istiqamətdə xüsusi fəallıq göstərirlər. Məlumat üçün bildirək ki, əgər 2002-ci ildə dünyada 200-dən bir qədər çox diaspor təşkilatımız vardısa, hazırda onların sayı 462-dir. Həm də onlar daha koordinasiyalı, sıx əlaqədə fəaliyyət göstərirlər. Daha əhəmiyyətlisi isə odur ki, 462 diaspor təşkilatı azərbaycançılıq məfkurəsi altında birləşib. Onların vahid məqsədi, müstəqil dövlətçiliyə xidmət həvəsi, milli mədəniyyəti dünyada tanıtmaq kimi yüksək amalı vardır.
Azərbaycan Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının IV Qurultayında qətiyyətlə bəyan etmişdir: "Azərbaycan diaspor təşkilatları həm kəmiyyət, həm keyfiyyət baxımından böyük yol keçmiş, güclənmiş, bu gün dünya miqyasında azərbaycanlılar və onların təmsil etdikləri təşkilatlar önəmli rol oynayırlar". Hazırda bu təşkilatlar dünya ölkələri ilə mədəni əlaqələrin genişlənməsi, müxtəlif ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günləri, dünyanın mötəbər salonlarında rəssamlarımızın sərgiləri, musiqi xadimlərimizin konsertlərinin təşkilində əhəmiyyətli layihələr reallaşdırırlar. Azərbaycan mədəniyyətinin dünyada belə geniş nüfuz qazanmasında Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir.
Fondun çoxşaxəli fəaliyyəti mədəni məkanda inteqrasiya modeli kimi bütün dünyaya örnək ola bilər. Milli mədəniyyətimiz, mənəvi dəyərlərimiz, folklorumuz, milli musiqimiz Mehriban xanım Əliyevanın fədakar fəaliyyəti nəticəsində qlobal miqyasda təbliğ olunur. Onun fəaliyyəti xoşməramlı səfiri olduğu nüfuzlu beynəlxalq təşkilat - UNESCO tərəfindən xüsusilə yüksək qiymətləndirilmişdir.
Azərbaycanın diaspor təşkilatları xarici ölkələrdəki səfirliklərimizlə də milli mədəniyyətimizin təbliğində yaxından əməkdaşlıq edirlər.Onların milli mədəniyyətin təbliği istiqamətində gördüyü işlər nəticəsində dünyanın əksər ölkələrində görkəmli elm və mədəniyyət xadimlərimiz barədə dolğun fikir formalaşıb.
Avropa ölkələrindəki diaspor təşkilatlarımızın mədəniyyətimizin təbliğindəki rolunu məxsusi olaraq deyd etmək istərdik. Fransada bu istiqamətdə görülən işlər xüsusilə təqdirəlayiqdir. Strasburqdakı “Azərbaycan evi” Cəmiyyəti, Azərbaycan Mədəniyyət Mərkəzi, “Araz” Fransa-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyası Fransada fəaliyyət göstərən başqa mədəni və dini icmalarla sıx əlaqələr qurmuşlar. Bu təşkilatların keçirdikləri tədbirlər zamanı Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti, musiqisi, Dağlıq Qarabağ münaqişəsi və Fransada məskunlaşmış azərbaycanlılarla bağlı ətraflı məlumat verilir və əvvəlcədən hazırlanmış filmlər nümayiş etdirilir.
Elə Avstriyada da milli-mədəni irsimizin təbliği və tanıdılması istiqamətində mühüm tədbirlər reallaşdırılır. Məsələn, Vyana şəhərində Avstriya-Azərbaycan Akademik Birliyinin təşəbbüsü və Avropa Komissiyasının dəstəyi ilə gənclər proqramı həyata keçirilib. Proqramda Portuqaliya, Slovakiya, Almaniya, Türkiyə və Azərbaycan gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər. Proqram çərçivəsində “Azərbaycan gecəsi” təşkil olunub. Belə tədbirlər vaxtaşırı keçirilir.
Prezident İlham Əliyev Ukrayna ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsində diasporun rolunu xüsusi vurğulayıb. “Diasporlarımız ölkələrimizi, xalqlarımızı birləşdirən təbii körpüdür. Mənə çox xoşdur ki, həm Azərbaycanda yaşayan ukraynalılar, həm də Ukraynada yaşayan azərbaycanlılar özlərini rahat, inamlı, öz evlərindəki kimi hiss edir, öz dövlətlərində bir ailə kimi yaşayır, eyni zamanda, Ukrayna ilə Azərbaycan arasında münasibətlərin, indi olduğu kimi, fəal inkişaf etməsinə çalışırlar”. Ukraynada yaşayan bir neçə yüz minlik Azərbaycan diasporu bu gün də ölkələrimiz və xalqlarımızın mədəni əməkdaşlığının genişlənməsində mühüm rol oynayır.
Ukrayna Azərbaycanlıları Konqresi hər il Novruz bayramı münasibətilə konsert təşkil edir. “Beynəlxalq Ana dili Günü” çərçivəsində Ukrayna Müdafiə Nazirliyinin Mərkəzi Mədəniyyət evində “Dil palitrası” mədəni-yaradıcılıq aksiyası keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi tədbirdə Azərbaycan, Belarus, gürcü, macar, yəhudi, moldovan, alman, rus və digər diasporların nümayəndələri iştirak ediblər. Ölkəmizi konsertdə Ukrayna Azərbaycanlıları Konqresinin “Azərbaycan” kvarteti uğurla təmsil edib.
Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təsis qurultayı ilə əlaqədar Hayfa şəhərində Azərbaycan incəsənət ustalarının böyük konsert proqramı təşkil olunub. Azərbaycandan köçmüş 800 nəfərdən çox yəhudinin iştirak etdiyi tədbirdə maraqlı kosert proqramı göstərilib. Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təsis etdiyi qurultayın keçirildiyi salonda xalqımızın zəngin mədəni irsini əks etdirən rəsm sərgisi də təşkil olunub.
Kanadada, Misirdə, Çində, Yaponiyada, Koreyada və digər ölkələrdə də Azərbaycan mədəniyyəti diaspor təşkilatlarının səyi nəticəsində geniş təbliğ olunur.
Xaricdəki Azərbaycan icmaları müxtəlif ölkələrdə keçirilən beynəlxalq mədəniyyət festivallarında da fəal iştirak edir, xalqımızın zəngin mədəni irsini tanıtmağa çalışırlar. Birləşmiş Ştatların Hyuston şəhərində türk xalqlarının festivalı keçirilib. Hyuston–Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının üzvləri Azərbaycandan gətirilmiş milli suvenirlər, əl işləri ilə bəzədilmiş guşə yaratmışlar.
Almaniyanın Maynts şəhərində milli azlıqların beynəlxalq festivalı uğurla keçirilib. Maynts şəhər bələdiyyəsinin keçirdiyi festivalda Azərbaycanı Maynts-Azərbaycan Dostluq Cəmiyyəti təmsil edib. Tədbirə ümumilikdə 34 dövlətin tanıtım stendi və 25 ölkədən folklor və rəqs qrupları qoşulub. Maynts-Azərbaycan Dostluq Cəmiyyətinin rəqs qrupunun ifasında Azərbaycanın milli rəqsləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Diaspor təşkilatlarımız Azərbaycanın tarixi şəxsiyyətlərini də unutmur, onların fəaliyyəti haqqında yaşadıqları ölkələrin ictimaiyyətini məlumatlandırmağa çalışır, xatirələrini ehtiramla yad edirlər.
Əlbəttə, bunlar son illər diaspor təşkilatlarının həyata keçirdikləri tədbirlərin bir qismidir. Son dövrlər Azərbaycan diaspor təşkilatları daha da fəallaşmışdır. Xüsusilə, erməni təcavüzkarlarının milli-mənəvi dəyərlərimizə sahib çıxmaq cəhdlərinə qarşı diaspor təşkilatları ciddi mübarizə aparır.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirmişdir ki, hər zaman bu təşkilatlara maddi dəstək verilir və lazımi vəsaitlərlə təmin edilir. 21 mart BMT tərəfindən Beynəlxalq Novruz Günü elan olunub və UNESCO-nun mədəni irs siyahısına daxil edilib. Bu tədbirlərlə bağlı Mədəniyyət və Turizm Nazirliyi ilə birgə, ya da müstəqil şəkildə diaspor təşkilatlarının layihələri həyata keçirilir, milli mədəniyyətimiz barədə məlumatlar əcnəbilərə çatdırılır.
Ümumiyyətlə, Azərbaycanın milli bayramlarını dünyanın bir çox ölkəsində yaşayan soydaşlarımız tərəfindən təntənəli şəkildə qeyd olunur. Berlindəki “Azərbaycan evi” Cəmiyyətinin keçirdiyi “Novruzunuz mübarək!” bayram şənliyində Azərbaycan incəsənət ustaları konsert proqramı ilə çıxış edirlər. Tədbirə Almaniyanın paytaxtında və onun ətrafında yaşayan həmyerlilərimiz, Türkiyə diasporunun təmsilçiləri və Berlin ictimaiyyətinin nümayəndələri qoşulurlar. Almaniyanın Oldenburq şəhərində, Hamburqdakı Almaniya-Azərbaycan Mədəniyyət Mərkəzində, Köln Azərbaycan-Türk Dayanışma Dərnəyində, Mannhaym şəhərində hər il Azərbaycan və türk icmalarının nümayəndələri Novruz bayramı ilə əlaqədər tədbirlər təşkil olunur.
Bu gün diaspor təşkilatlarımız beynəlxalq aləmdə Azərbaycan mədəniyyətinin təbliği istiqamətində davamlı iş aparırlar. Bunun nəticəsidir ki, Azərbaycan mədəniyyəti beynəlxalq miqyasda tanınır və milli-mənəvi irsimizə maraq ildən-ilə artır.
M. MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.