Məşədixanım Sədulla qızı Nemətova

Azərbaycan elminə ağır itki üz vermişdir. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun epiqrafika şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü Məşədixanım Nemətova 2016-cı il dekabrın 26-da vəfat etmişdir.

Məşədixanım Sədulla qızı Nemətova 1924-cü ilin yanvarın 5-də Bakının II Zabrat kəndində anadan olmuşdur. 1941-ci ildə orta məktəbi, 1948-ci ildə isə Azərbaycan  Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirmişdir. 1954-cü ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmiş, 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin 4 mart 2009-cu il tarixli sərəncamı ilə Azərbaycanda epiqrafik irsin tədqiqi sahəsində xüsusi xidmətlərinə görə“Şöhrət” ordeni ilə təltif edilmişdir.

Məşədixanım Nemətova 60 illik elmi fəaliyyəti dövründə Azərbaycanın bütün tarixi ərazisini, o cümlədən Qərbi Azərbaycanı, Dağıstanı, Gürcüstanı addım-addım gəzərək, ərəb qrafikasının mürəkkəb oxunan, kufi kitabələrini oxumağa müvəffəq olmuş və onların tarixi əhəmiyyətini müəyyənləşdirmiş, elmi qiymətini vermişdir. Azərbaycanın iqtisadi-siyasi, sosial-mədəni tarixi – memarlıq, sənətşünaslıq, filologiya, islam fəlsəfəsi, toponimika, etnogenez və s. problemlərə dair bir çox nadir sənədlərlə Azərbaycan tarixşünaslıq bazasını zənginləşdirmişdir.

Alim Zəngəzurun Urud abidələrinə əsasən azərbaycanlıların Cənubi Qafqazın aborigen sakinləri olmasını sübut edən zəngin məlumat bazasına yeni faktlar əlavə etmişdir. Məşədixanım Nemətova İlisu sultanlarının məzar daşlarında olan kitabələrə əsaslanaraq  onların Gürcüstan müəlliflərinin yazdığı kimi gürcü əsilli deyil, Azərbaycan əsilli olmalarını sübut etmişdir.

Məşədixanım Nemətova Azərbaycanın epiqrafik abidələrini geniş tədqiq etmişdir. Zəngəzur, Laçın, Kəlbəcər, Gürcüstan və Şirvanda, digər bölgələrdə aşkar etdiyi XIV-XIX əsrlərə aid at və qoç heykəlli və başdaşı formalı məzar daşlarında türk tayfalarına məxsus damğaların əsasında Cənubi Qafqazda türk tayfalarının yayılma arealını müəyyənləşdirmişdir.

AMEA-nın müxbir üzvü Məşədixanım Nemətova respublikanın ictimai-elmi həyatında yaxından iştirak etmişdir. O, Arxeologiya və Etnoqrafiya İnstitutunun, Milli Azərbaycan Tarixi Muzeyinin Elmi şuralarının üzvü kimi ictimai elmlərin istiqamətləndirilməsinə və inkişaf etdirilməsinə də öz töhfəsini vermişdir.

Azərbaycanda epiqrafikanın bir elm kimi təşəkkülü və inkişafı Məşədixanım Nemətovanın adı ilə bağlıdır. Bütün elmi fəaliyyəti dövründə o, 12-dən artıq monoqrafiya, 200 elmi məqalə nəşr etdirmişdir. Məşədixanım Nemətovanın çap etdirdiyi 6 cildlik “Azərbaycanın epiqrafik abidələrinin toplusu” tarixşünaslıq elminə böyük xidmətdir. Onun rəhbərliyi ilə  yeni nəsil tarixçilər hazırlanmışdır.

Görkəmli alim Məşədixanım Nemətovanın xatirəsi Azərbaycan elmi ictimaiyyətinin yaddaşında, onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

Azərbaycan Milli Elmlər Akademiyasının
Rəyasət Heyəti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında