Azərbaycanda müasir tələblərə cavab verən turizm sənayesi formalaşmaqdadır

“Azərbaycan 2025-ci ilədək həm regionda, həm də digər dünya ölkələri arasında cəlbedici turizm məkanlarından birinə çevriləcək. 2025-ci ildən sonrakı dövr üzrə perspektiv isə Azərbaycanı dünyada turistlərin ən çox üstünlük verdikləri 20 turizm məkanından birinə çevirmək, mövcud turizm ehtiyatlarından səmərəli istifadə göstəricilərinin maksimuma çatdırılmasını təmin etməkdir”.  Bu fikirlər “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə öz əksini tapıb.

Turizmin ölkəmizdəki inkişaf tempi bu hədəflərin  əsl reallıq olduğuna böyük inam yaradır. Azərbaycan Respublikasının 
Prezidenti  İlham Əliyev  turizm  sektorunun inkişafını  həmişə diqqət mərkəzində saxlamışdır. “Biz ölkəmizin turizm imkanlarını daha da geniş şəkildə təbliğ etməliyik. Çünki bizim gözəl təbiətimiz var, istənilən turizm növü Azərbaycanda  mövcuddur.”

Bu  gün ölkəmizdə  qeyri-neft sektorunun  inkişafı dövlətin əsas  strateji istiqamətlərindəndir. Qeyri-neft sektorunda  turizmin məxsusi yeri  var. Son illər  Azərbaycanda  turizm sektoruna  dövlətimiz tərəfindən böyük  qayğı  göstərilir və ölkəmizdə artıq  turizmin
infrastrukturu  formalaşdırılmışdır. Turizmin inkişafı ilə bağlı  qəbul edilmiş   dövlət proqramları  da  bu sahənin inkişafına  güclü stimul yaratmışdır.

Ölkə rəhbərinin qeyd etdiyi kimi, bu gün dünyanın bir çox ölkələrində aparıcı sənaye sahəsinə çevrilmiş turizm Azərbaycanda da sürətlə inkişaf etməkdədir. Azərbaycanın turizm sahəsində rəqabət imkanları çox yüksəkdir. Ölkəmizin təbii sərvətləri, iqlimi, zəngin mədəniyyəti və tarixi irsi cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm zəmindir. Azərbaycan turizm sənayesinin inkişafı üçün zəngin ehtiyatlara malikdir. Bu, hər şeydən əvvəl, ölkəmizin əlverişli iqtisadi-coğrafi mövqeyə malik olması ilə bağlıdır. Azərbaycan iki dünya sivilizasiyasının qovuşuğunda – Transqafqaz nəqliyyat dəhlizinin ortasında yerləşir. Bütün infrastruktur – Avropanı Qafqaz və Mərkəzi Asiya ölkələri ilə birləşdirən hava və dəniz daşımaları, magistral avtomobil və nəqliyyat yolları respublikamızın ərazisindən keçir.

Son 10 il ərzində Azərbaycanın turizm sektoru əsl investisiya “bum”u yaşayıb: mehmanxana potensialı 2,5 dəfədən çox artmışdır.Dövlətimizin  qayğısı  sayəsində  turizm inkişafımızın prioritet istiqamətlərindən birinə çevrilmişdir.  Bu sahədə  qəbul edilmiş dövlət  proqramları, davamlı olaraq həyata keçirilən tədbirlər  bu inkişafı şərtləndirən əsas amillərdəndir.

Qeyd etməliyik ki, xarici ölkələrlə  turizm əlaqələri qurulması istiqamətində  aparılan işlərin miqyası da xeyli genişlənmişdir. İkitərəfli və çoxtərəfli əməkdaşlıq   bu sahədə öz müsbət nəticələrini  verməkdədir. Çoxtərəfli əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsinin turizm siyasətinin prioritet istiqamətlərindən biri olduğunu nəzərə alaraq Mədəniyyət və Turizm Nazirliyi Ümumdünya Turizm Təşkilatı (BMÜTT), Avropa Şurası, İslam Konfransı Təşkilatı (İKT), Müstəqil Dövlətlər Birliyi (MDB), GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və s. beynəlxalq təşkilatlar  turizm sahəsində əməkdaşlığın təşkil edilməsi, mövcud proqramlara qoşulma, beynəlxalq tədbirlərdə fəal iştirakın təmin edilməsi, həmçinin yeni təklif və layihələrin hazırlanması, əməkdaşlığa dair sənədlərin imzalanması istiqamətində mühüm fəaliyyətini davam etdirmişdir.

Azərbaycan  nümayəndə heyəti  tez-tez beynəlxalq turizm sərgilərində iştirak etmiş,  ölkəmizin turizm potensialını əks etdirən   eksponatlar nümayiş etdirmişdir. Bakı şəhərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə ənənəvi olaraq “AITF” beynəlxalq turizm və səyahətlər sərgisi təşkil edilir.

Turizmin inkişafı  üçün çox mühüm tədbirlər həyata keçirilir.  Bu günlərdə “ASAN Viza” portalının təqdimat mərasimində mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib: “Turizm sahəsində viza prosedurun sadələşdirilməsi olduqca vacibdir. Bu prosedur sadələşdirilildikdə digər ölkələrdən gələn turistlərin sayında da artım qeydə alınacaq”. O, əlavə edib ki, 2016-cı ilin ötən dövrü ərzində ölkəyə gələn turistlərin sayında 11 faiz artım müşahidə olunub: “Bu il İrandan gələn turistlərin sayı 58, Rusiyadan 7,4, Qazaxıstandan 15 faizdən çox artıb”. Nazim Səmədov deyib ki, elektron viza tətbiq edildikdən sonra Azərbaycana Avropa ölkələrindən gələnlərin sayında da artım baş verib: “Hazırda bizim əsas məqsədimiz nəinki statuslu hava limanlarında, ümumiyyətlə, bütün dövlət sərhəd keçid məntəqələrində viza rəsmiləşdirilməsi imkanlarının yaradılmasıdır”.

Son illər ərəb ölkələrindən  də gələn turistlərin axını  xeyli sürətlənmişdir. Bu   isə ölkəmizə turistlərin  böyük maraq   göstərdiyini bir daha  təsdiq edir.

“Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Prezident 
İlham Əliyevin  imzaladığı sərəncam  turizm sektorunun davamlı inkişafını təmin etmək  üçün  yeni  stimul yaradıb. Bu sərəncama əsasən, ölkədə Turizm  Şurası yaradılması nəzərdə tutulur. Onun əsas məqsədi Azərbaycanda turizm sahəsində mövcud vəziyyəti təhlil etməkdən, problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsindən, dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsindən ibarətdir.

Turizm Şurasının  fəaliyyət istiqamətlərini  şərh edən Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bayramov  bildirib ki, Turizm Şurasının yaradılması bu sahədə problemləri operativ həll etməyə imkan yaradacaq. Şuranın tərkibinə iqtisadiyyatın digər sahələrinə, eləcə də turizmə aidiyyatı olan dövlət strukturları daxil ediləcək.

Azərbaycan Prezidentinin göstərdiyi diqqət və qayğı nəticəsində turizmin müasir infrastrukturu yaradılmış, yeni mehmanxanalar inşa olunmuş, regionlarda sahənin sürətli inkişafı təmin edilmişdir.

     2016-cı il  martın 16-da Azərbaycan  Prezidentinin imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” adlı sərəncamda  dünya təcrübəsində turizm sahəsində islahatların ən uğurlu modelləri və onların ölkəmizdə tətbiqi imkanları göstərilmişdir. Aparılmış təhlillər nəticəsində turizm sahəsi üzrə strateji yol xəritəsinin ilkin layihəsi hazırlanmışdır. Bu yaxınlarda isə Prezidentin fərmanı ilə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq olunmuşdur.

Söz yox ki, Azərbaycanın yüksək sürətlə inkişaf edən turizm ölkəsinə  çevrilməsi ilə bağlı   həyata keçirilən davamlı tədbirlər  yaxın  gələcəkdə nəzərdə tutulan hədəflərə  qoşulmaq imkanı yaradacaqdır.

M.MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında