Bir həftə Belçikada

Oxuduqlarım, eşitdiklərim, gördüklərim...

(Əvvəli qəzetimizin ötən ­sayında)

Səfərimizin bütöv bir günü Belçikanın Federal Parlamenti, Avropa Komissiyası, Avropa Şurası və Avropa Parlamenti ilə tanışlıqla keçdi. Ölkənin Federal Parlamenti tarixi bir binada yerləşir. Onun irili-xırdalı bütün zalları ilə bizi həvəslə tanış etdilər. Bələdçimiz ən xırda detallar üzərindən belə ötəri keçmədi. O, hər vəchlə çalışırdı ki, ölkənin siyasi sistemindəki mürəkkəbliyi incəliklərinə qədər bizə izah etsin. Söhbət əsnasında bələdçimiz gülə-gülə bir Belçika aforizmini də yada saldı: “Əgər bir əcnəbi Belçikanın siyasi sistemindən bəhs olunan hansısa bir mühazirəni dinlədikdən, yaxud bir sənədli filmi izlədikdən sonra onun üçün hər şeyin aydın olduğunu söyləyərsə, demək o, heç nə anlamayıb”.

Avropa Parlamentinin birinci mərtəbəsində bizi qarşılayan ilk bələdçimiz biləndə ki, Azərbaycandan gəlmişik, çox mehriban görkəm alaraq dedi ki, bu yaxınlarda Ələtdə olmuşam. Orada Azərbaycan və Avropa İttifaqının birgə inşa etdikləri dəniz limanı layihəsi ilə əlaqədar baxış və dəyərləndirmə aparırdıq. Bələdçi daha sonra belə bir məlumat da əlavə etdi ki, siz, yəni, bizim də təmsil olunduğumuz Azərbaycan heyəti indiyədək Avropa Parlamentini ziyarət edən 490-cı qrupdur.

 Daha sonra Avropa Komissiyasının rəsmisi Simon Paski Avropa Parlamentinin iş prinsipi və hədəfləri barədə geniş məlumat verdi. Maraqlıdır ki, Belçikanın rəsmi dairələri ölkəyə səfər edən insanları çox böyük həvəslə Federal Parlament və Avropa İttifaqının baş ofisi ilə tanış edirlər.

Brüsselin maraqlı ünvanlarından biri də turistlərin  az qala bütün gün ərzində qarşısında foto çəkdirdiyi Kral Sarayı və onun önündəki geniş parkdır. Bizə bildirdilər ki, bir il öncə Kral II Albert öz taxt-tacını oğlu II Flippə verib. Kral II Flipp isə Federal Parlamentin Eftanaziya haqqında qəbul etmiş olduğu qanuna imza atmamaq üçün bir günlüyə öz səlahiyyətlərini Baş nazirə həvalə edib.

Brüsseldə tanış olduğumuz maraqlı ünvanlardan biri də Atom Muzeyi oldu. Hər birinin diametri 23-25 metr olan və şərti olaraq 9 atom şarından ibarət bu metal muzey-qurğunun hündürlüyü 102, yük tutumu isə 500 tondur. Muzeyə giriş müxtəlif insan qrupları üçün 6-12 avrodur.  Qurğu “Ekspo-58” çərçivəsində 1958-ci ildə tikilib, 2006-cı ildə isə əsaslı şəkildə yenidən qurulub. Muzeyin lifti 22 saniyədən sonra bizi 92 metr yüksəyə qaldırdı. Daha sonra pilləkənlərlə 102 metrlik hündürlüyə qalxdıq. Oradan “Ekspo Belçika”, möhtəşəm Brüssel stadionu və onun yanındakı “Mini Avropa” şəhərciyini seyr etdik. Təəssüf ki, yaxınlıqdakı Kral Muzeyi və hərbi muzeylə arxayın tanış olmaq üçün vaxtımız  kifayət etmədi. Sadəcə 1881-ci ildə Belçikanın müstəqilliyinin 50-ci ildönümü münasibəti ilə inşa olunmuş məşhur üçtağlı arka – qapı önündə fotolar çəkdirməklə növbəti ünvanlara yollandıq. 

Muzeylərdən söz düşmüşkən onu da xüsusi qeyd etmək istərdim ki, Belçikada insanları, o cümlədən ölkəyə gələn rəsmi qonaqları və turistləri maraqlandırmaq məqsədi ilə olduqca rəngarəng çeşidli muzeylər şəbəkəsi yaradılıbdır. Məsələn, bir vaxtlar kömür çıxarılan mədənlərin, onlara xidmət edən müəssisə və qurğuların, müxtəlif səbəblər ucbatından iflasa uğramış tikiş və toxuculuq nəhənglərinin əksəriyyəti olduğu kimi saxlanılmaqla muzeyə çevrilmişdir.  Berinegn, Genk və Gent şəhərlərində belə muzeylərlə tanış olduq. Maraqlıdır ki, bütün gün ərzində həmin muzeylərin girişində  növbə, içərisində isə sıxlıqdır.  Başqa sözlə, əgər 35-40 il öncə belçikalılar kömür, toxuculuq və tikiş məmulatı istehsalından qazanırdılarsa, indi də heç bir iş görmədən muzeylərdə bilet satmaqla böyük gəlir əldə edirlər. Bu nümunələri gördükcə istər-istəməz sovet dönəmində gecə-gündüz işləyən Bakı, Gəncə, Sumqayıt, Şəki, Mingəçevir, Ordubad, İsmayıllı və bir sıra digər yerlərdəki müxtəlif təyinatlı iri istehsal müəssisələri gözlərim önünə gəldi. Hansı ki, ötən əsrin 80-90-cı illərində ölkədə hökm sürən xaos və özbaşınalıq şəraitində onların xeyli qisminin nəinki, dəzgah və konveyrləri, hətta kərpici-daşı da talan edildi. Məgər o yerləri muzey etmək olmazdımı? İndi həmin ünvanlara gələn axın-axın turistlər üçün bu, azmı maraq kəsb edərdi?

Belçika ilə tanışlığın növbəti ünvanları Gentdəki “Cənnət və cəhənnəm evi” (hər gün oranı minlərlə turist ziyarət edir), Antverpenin dəniz limanı və dəmir yolu vağzalı oldu. Antverpendə Skela çayı üzərindəki körpülər və sahilboyu bulvar adamda heyranlıq doğurur. 1900-cü ildə Antverpendə sırf metal konstruksiyalar üzərində inşa olunmuş beşmərtəbəli dəmir yolu vağzalı deyilənlərə görə, öz möhtəşəmliyi baxımından Avropada ən iri, dünyada isə ikincidir. Dəmir yolu stansiyası yaxınlığındakı kvartallardan biri isə dünyada almaz ticarətinə nəzarət edən yəhudi milyarderlərinin cəmləşdiyi ərazidir.

Belçikada diqqətçəkən reallıqlardan biri də ölkə miqyasında yaxınlığından – uzaqlığından asılı olmayaraq, hətta bütün şəhərlərarası magistral yollar da tam olaraq işıqlandırılır. Özü də bunun xərci Avropa Birliyinin büdcəsi hesabına ödənilir. Düşünürəm ki, əgər Türkiyəni də Avropa Birliyinə üzv etsəydilər Belçika yolları daha artıq  çıraqban olardı. Avropa bu imkanı itirdi. Ümumiyyətlə, Avropa Birliyi Türkiyəni incik salmaqla çox şeyi itirdi.  Hesab edirəm ki, Avropa rəsmiləri Türkiyənin timsalında birliyi daha da genişləndirmək və möhkəmləndirmək şanslarını dəyərləndirməməklə, əslində, bu qurumun təməlini sarsıtmış oldular. Türkiyənin də itkiləri az olmadı. Neçə onilliklərdir ki, avropalıların diktə etdiyi saysız-hesabsız, əsaslı və əsassız “şərtləri” aradan qaldırmağa sərf olunan zaman, inam və resurslar da Türkiyənin itkiləridir.

Əlbəttə, hadisələrin və münasibətlərin belə sonluqla nəticələnməsini heç kəs, xüsusən də Avropada, o cümlədən Belçikada yaşayan türklər də istəməzdi. Bu yerdə məşhur atalar sözü yadıma düşdü: “Allah pisə lənət eləsin”.

Belçikada olduğumuz bir həftənin sonuncu axşamı Rufat bəy bütün Azərbaycan heyətini özünün Beringendəki evində qonaq etdi. Belçikalı dostların da bir qismi orada idi. Sağlığına qismət olsun, hər cür şəraiti və genişliyi olan kürsülü həyət evi elə bu cür dost və qardaş məclisləri üçün inşa olunub. Rufat bəyin həyat yoldaşı Həvva xanım, oğlanları Alpər və Furkan, qızları Rabiyə və Kübra xanım elə səmimiyyət və qonaqpərvərlik  göstərdilər ki, sanki uzun illərdir yaxınlıq və dostluq etdikləri ən əziz adamlarını qarşılayırdılar. Bayramsayağı bəzədilmiş qonaq süfrəsi ətrafında gecə yarıdan keçənədək davam edən söhbət, müzakirə və xatirələr bir-birini əvəz etməkdə idi.  Sanki, məndən başqa hamı səhər erkən Belçikanı tərk edərək Bakıya dönəcəyimizi unutmuşdu.  Bu məqamda Rufat bəy bizi  yenə ötən illərin xatirələrinə apardı:--1979-cu ildə  bura gəldik. Əlimizə maya salandan sonra dayım və qardaşım kiçik bir otel aldı. Otelin altında çayxana, arxasında isə namaz yeri vardı. Adətən, günorta namaz vaxtı çayxanada adam olurdu. Mən də tez-tez oraya gələrək dayım və qardaşıma kömək edirdim. Günlərin birində  hələ saat 11 olmamış çayxana adamla doldu. Mən təəccüb qaldım, niyə birdən  bu qədər adam bura gəldi?! Dedilər ki, saat 12-nin yarısında alman telekanalında yarım saatlıq türk proqramı var. Evlərində televizor olmayanlar gəlib ki, çayxanada baxsınlar. 

Deyilən vaxtda proqram başladı. Müğənni Bediya Akartürk ... “Ya sən getmə, ya  məni də götür” mahnısını oxudu.  Baxdım ki, hamının gözlərindən selləmə yaş axır.  Görün, qərib olmaq, qürbətdə yaşamaq nə deməkdir?! İndi şükürlər olsun, evimizdə oturub az qala bütün türk kanallarını izləyə bilirik.  Ətrafımızda kifayət qədər geniş, doğma və mehriban türk əhatəsinin yaranması da bizi artıq darıxmağa qoymur.  Son vaxtlar türk əhatəsində azərilərin də görünməsi bizi daha da ürəkləndirir. Bunlar bizim gündəlik həyatımızdır.  Amma bir türk övladı olaraq ürəyimiz, canımız hər zaman Türkiyədədir.

Düşünürəm ki, Rufat bəyin  bu həzin xatirəsi həm də Azərbaycan teleradio yayımçıları üçün də faydalı bir mesaj ola bilər.  Yəni, teleradio yayımı ilə məşğul olanlar unutmamalıdırlar ki, dünyanın hansısa guşəsində qəriblik həyatı yaşayan Vətən həsrətli, yurd niskilli və xalq təəssüblü soydaşlarımız sizin proqramlarınızı izləməklə Azərbaycan ruhunu, torpaq sevgisini həm özləri yaşayır, həm də böyüməkdə olan nəsillərə ötürürlər.

Qafar CƏBİYEV,
Əməkdar jurnalist,
tarix elmləri doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında