Azərbaycan gəncliyinin etibarlı dayağı

Gənclər Fondunun yaradılmasından 5 il keçir

Müstəqil Azərbaycanın prioritet inkişaf istiqamətlərindən biri də yeni nəslin demokratik cəmiyyətdə aktiv mövqeyini və ahəngdar fəaliyyətini təmin edən dövlət gənclər  siyasətinin gerçəkləşdirilməsidir. Ümummilli lider Heydər Əliyevin gəncliyə yüksək etimadından, xüsusi  diqqət və qayğısından qaynaqlanan bu mükəmməl siyasət son 13 ildə uğurla davam etdirilir, ölkə gənclərinin həyatında ciddi rol oynayır, konkret nəticələrlə təzahür edir.

2007-ci ilin ölkəmizdə “Gənclər ili” elan edilməsi, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, 2013-cü ildə “Gənclər üçün Prezident mükafatı”nın təsis edilməsi, respublikanın  20-dən artıq şəhər və rayonunda Gənclər mərkəzlərinin açılması  Prezident İlham Əliyevin ölkə gənclərinə, onların potensialına nə dərəcədə önəm verdiyini göstərir. Bundan başqa, dövlət başçısının 26 yanvar 2015-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2015--2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” dövlət gənclər siyasətinin yeni mərhələyə qədəm qoyduğunun parlaq göstəricisidir.

Dövlət başçısı İlham Əliyevin 19 dekabr 2011-ci il tarixli fərmanı ilə təsis olunan, 2012-ci il iyunun 8-də təqdimat mərasimi keçirilən Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu ölkəmizdə gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını təmin edir. Fondun fəal dəstəyi ilə son 5 ildə Azərbaycan gənclərinin ictimai-siyasi həyatda fəallığı daha da artıb.

 Ulu öndər Heydər Əliyev hələ 1995-ci ildə gənclərin I Forumunda çıxışında demişdi: “Elə bir gənclik yetişdirməliyik ki, sabah estafeti bizdən qəbul etməyə hazır olsun. Vətənpərvər gənc nəsil yetişib. Vətənpərvər nəsil olmasa, uğurlardan danışmaq olmaz”. Doğrudan da, gənclərin hərtərəfli himayə olunması, onların cəmiyyətə səmərəli xidməti üçün əlverişli şərait yaradılması dövlət siyasətinin mühüm tərkib hissəsidir.

Prezident İlham Əliyev müasir Azərbaycan gəncliyindən xalqımızın gözləntisinə  nəzər salaraq deyib: “Müasirlik və kreativlik, yüksək keyfiyyətli təhsil və işgüzarlıq olan yerdə gəncliyə xas yenilikçi düşüncə sivilizasiyasının bütövlükdə simasını dəyişdirə bilər. İnanıram ki, hazırda müasir dünyada qarşılaşdığımız bir çox problemlər məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində öz həllini tapacaq”. Bəli, bugünkü Azərbaycan gənci qarşısında yeni dövrün tələbləri, dəyişən dünya qaydaları, multikulturalizm və şovinizmin antoqonizmi fonunda daha ciddi, tamamilə fərqli vəzifələr durur.

Statistikaya görə, Azərbaycan əhalisinin təxminən 65 faizini yeni nəsil təşkil edir. Bu faktoru nəzərə alan dövlət siyasi, iqtisadi, mənəvi və digər resursları gənclərin inkişafına yönəltmək, gənclər siyasətini məqsədyönlü şəkildə formalaşdırıb həyata keçirməklə gələcək üçün etibarlı bünövrə yaradır. Birmənalı olaraq qeyd edilməlidir ki, dövlətin və xalqın öz gələcəyinə əminliyi məhz gəncliklə bağlıdır.

Bu gün Azərbaycanda həyata keçirilən islahatlar prosesi, ordu quruculuğu, vətənpərvərlik tərbiyəsi, sosial rifahın gücləndirilməsinə istiqamətlənən siyasət gənclər sektorunun da inkişafına təsirsiz ötüşmür və müsbət rolunu oynayır. Hazırda gənclər siyasətinin qarşısında duran əsas məqsədlər sırasında --yeni nəsilin intellektual səviyyəsinin artırılması; gənclərin və yeniyetmələrin elmə, təhsilə yiyələnmələrinə nail olunması; sahənin  maliyyə durumunun, sosial rifah göstəricilərinin yüksəldilməsi; azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin mənimsənilməsi; gənclərin dövlət və hökumət strukturlarında geniş təmsil olunması kimi taleyüklü məsələlər önəmli yer tutur.

Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin təsirli qüvvəsinə çevrilib.

Respublikamızdakı qeyri-hökumət təşkilatlarının bir çoxunun gənclərlə bağlı olması onların müxtəlif fəaliyyət sahələrində çevik təşkilatlanmasının və ümumi inkişafa töhfələrini artırmasının inandırıcı göstəricisidir. Ümumiyyətlə, vətəndaş cəmiyyətinin tərkib hissəsi olaraq gənclərin yaratdığı QHT-lərin cəmiyyətdə əsas rolu vətəndaşların tələbatının ödənilməsi istiqamətində onların potensial qüvvələrinin səfərbər edilməsindən, bu yöndə vətəndaş şüurunun artırılması və işlək mexanizmlər formalaşdırmasından ibarətdir.

Müstəqilliyimizin bərpasının 25-ci ilində bu vəzifələrin icrası, çağdaş dünyanın istinad etdiyi davranış prinsiplərinə çevik adaptasiya xüsusilə aktuallıq kəsb edir. Dünyada mövcud olan ikili standartlar, geostrateji maraqların önə keçməsi, Azərbaycan torpaqlarının 20 faizinin erməni işğalı altında olması gənc nəslin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərə bağlılıq və xalq işinə sədaqət ruhunda böyüməsini qaçılmaz edir.

Müşahidələr göstərir ki, müasir Azərbaycan gənci Avropa və dünyadakı həmyaşıdlarına nümunə olacaq səviyyəyə çıxıb. Bu gün gəncliyimiz təkcə ölkə daxilində deyil, xaricdə də Azərbaycanın təbliğatını aparır, dövlətə, millətə bağlılıq nümayiş etdirir. Gənc soydaşlarımız harada yaşamasından, təhsil almasından asılı olmayaraq, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında aktiv iştirak edir. Gənclər siyasətinin təməlində duran prinsiplər gənc nəslə uğurla aşılanır.

Müasir gənclər fəaldır, novatordur, bacarıqlıdır, bütün sferalarda öz sözünü deyir və ictimai proseslərdə yaxından iştirak edir. Gənclərin elmi, intellektual potensialını üzə çıxarmaq, onları yeni kəşflərə, uğurlara, qələbələrə istiqamətləndirmək üçün müvafiq addımlar atılır. Gənc nəslin intellektual, fiziki və mənəvi inkişafının təmin edilməsi, yaradıcı potensialının üzə çıxarılması, ictimai fəallığının artırılması, sosial-məişət problemlərinin həlli sahəsində kompleks tədbirlərin görülməsi daim diqqət mərkəzindədir.

Azərbaycanın gənclər siyasəti sahəsində qazandığı uğurlar, müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla qurulan əlaqələr, irimiqyaslı tədbirlərin təşkili sahəsində topladığı zəngin təcrübə son illər ölkəmizin region, qitə və dünya səviyyəli forumlara, konfranslara, zirvə toplantılarına və idman yarışlarına ev sahibliyi etməsinə imkan verir. Bu gün milli gənclər təşkilatları Avropa gənclər məkanında ciddi fəallıq göstərir və müxtəlif beynəlxalq qurumlarda ölkəmizi layiqincə təmsil edirlər.

 Beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində məqsədli maliyyələşdirmək, həmin sahədə konfrans, seminar, festival, olimpiada və digər tədbirlərin təşkili üzrə layihələri təsdiqləmək, maddi-texniki bazanın gücləndirilməsinə və müasir tələblərə uyğunlaşdırılmasına yardım etmək Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun əsas hədəflərindəndir. Ümumilikdə, qurumun məqsəd və vəzifələrini bu şəkildə təsnifatlaşdırmaq olar: dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin dəstəklənməsi; gənclərin inkişafını təmin edən regional və beynəlxalq proqramların işlənib hazırlanması; yaradıcı gənclərin teatr, kino, memarlıq, dizayn, müasir incəsənət sahəsində layihələrinin dəstəklənməsi; gənclər təşkilatlarının inkişafı yolu ilə vətəndaş cəmiyyəti və ictimai təşəbbüskarlığın dəstəklənməsi.

Fondun unikal xüsusiyyətlərindən biri də gənclərin fərdi layihələrinə lazımi dəstək verilməsi sayılır. Bu yanaşma gənclərə xüsusi ideya və bacarıqlarını nümayiş etdirmək üçün əlverişli imkan yaradır. Bu günə qədər artıq yüzlərlə gənc ideya və təkliflərini reallaşdırmaq üçün fondun dəstəyini qazanıb. Statistikaya görə, fəaliyyətə başladığı gündən indiyədək Gənclər Fonduna 7098 layihə daxil olub, onlardan 3341-i dəstəklənib.

Ötən dövr ərzində Gənclər Fondu yerli və regional tədbirlərlə yanaşı, beynəlxalq layihələrə də maliyyə dəstəyi verib. Məsələn, İstanbulda keçirilmiş “Dövlətlərarası əməkdaşlığın inkişafı prosesində gənc liderlərin rolu”, Vyanada keçirilmiş “Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” mövzusunda forumların, Bakıda keçirilmiş “Sərhədsiz gənclər əməkdaşlığı” adlı beynəlxalq forumun, Latviyada keçirilmiş “Azərbaycan bayrağı” adlı beynəlxalq intellektual festivalın və sair tədbirlərin reallaşmasında Gənclər Fondunun ölçüyəgəlməz xidmətləri var. Gənclər Fondu Avropanın bir sıra gənclər təşkilatları, Avropa Gənclər Fondu, Avropa İttifaqının “Gənclər Fəaliyyətdə” Proqramı ilə əməkdaşlıq edir, müxtəlif layihələrin icrasında, konfranslarda, seminarlarda, forumlarda onlarla birlikdə fəaliyyət göstərir.

Gənclər Fondunun əsasnaməsində – gənclərlə iş sahəsində ən müxtəlif sahələrdə strateji layihələri icra etmək; gənclər təşkilatlarının bu sahədə təşəbbüslərinə dəstək vermək və gənc təşkilatların fəaliyyətini stimullaşdırmaq kimi önəmli məqamlar da öz əksini tapır. Eyni zamanda, gənclərlə iş sahəsində maddi-texniki bazanın gücləndirilməsi, dövlət qurumlarında və qeyri-hökumət təşkilatlarında çalışan gənc kadrların hazırlanması da qurumun yerinə yetirdiyi əsas vəzifələrdəndir.

Əsasnamədə, həmçinin toplanan vəsaitlərdən elm sahəsində çalışan yaradıcı, istedadlı gənclərin stimullaşdırılması üçün müxtəlif mükafat, təqaüdlərin təsis olunması nəzərdə tutulur. Beləliklə, Gənclər Fondu Azərbaycan dövlətinin öz gələcəyinə, istedadlı və vətənpərvər gənc nəslə verdiyi önəmin gerçək nümunəsidir. Prezident İlham Əliyev də öz açıqlamalarında bildirir ki, Azərbaycan gəncliyinə istiqamətlənmiş siyasət, gəncliyin inkişafına qoyulmuş kapital ölkənin etibarlı gələcəyinə qoyulmuş kapitaldır. Ona görə də bu istiqamətdə dövlət siyasəti uğurla  davam etdirilir.

Bütün bunları nəzərdə tutan Azərbaycan Respublikasının, Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev ölkə başçısının birbaşa təşəbbüsü ilə yaradılan təşkilatın gənclər siyasətində mühüm vəsilə olduğunu deyir: “Mən bu gün tam əminliklə deyə bilərəm ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti bütün dövlətlər üçün nümunə ola bilər. Respublikamızda aparılan gənclər siyasəti modeli, bəlkə də dünyanın heç bir yerində yoxdur. Ölkəmizdə gənclərə xüsusi diqqət və qayğı var. Dövlət çalışır ki, heç bir gənc bu diqqət və qayğıdan kənarda qalmasın, yaradılmış imkanlardan maksimum faydalansın. Yetər ki, gənclər savadlı, bilikli və inkişaf etməyə istəkli olsunlar”.

Fondun yaradılması ilə müxtəlif layihələr vasitəsilə gənclərin peşəkar idarəetmə, liderlik bacarıqlarının və biliklərinin artırılması, onların fəal vətəndaşlar kimi cəmiyyət həyatında iştiraka cəlb edilməsi və gənclərin sosial problemlərinin həllinə yönəlmiş təşəbbüslərin dəstəklənməsi üçün də imkanlar genişləndirilir.

Onu da vurğulayaq ki, Gənclər Fondu təkcə beynəlxalq əhəmiyyətli layihələri dəstəkləmir, gənclərdə könüllülük vərdişlərinin təşəkkül tapmasında da əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mütəmadi olaraq öz çıxışlarında gənc və vətənpərvər nəslin dünya miqyasında böyük nailiyyətlərə imza atmağa qadir olduqlarını söyləyirlər. Xüsusən, Bakıda keçirilən idman və digər xarakterli beynəlxalq tədbirlərdə, “Eurovision” mahnı müsabiqəsi, ilk Avropa Oyunları, “Formula-1” və digər belə yarışmalarda fondun əməkdaşlıq etdiyi gənclər təşkilatlarının təmsilçiləri yaxından iştirak edərək könüllülük prinsipi əsasında hər zaman dövlətə və xalqa xidmət göstərməyə hazır olduqlarını ortaya qoyublar.

“ASAN xidmət” mərkəzlərində gənc könüllülərin fəaliyyətinə ictimaiyyət tərəfindən böyük rəğbət var. Azərbaycan gənclərinin vətənpərvər duyğularının inkişafında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başçılıq etdiyi “Xocalıya ədalət!” kampaniyasının yeri danılmazdır. Bu isə o deməkdir ki, Gənclər Fondu yeni nəslin sosial, fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına yaxından kömək edir.

Bəli, bu gün əminliklə demək olar ki, Azərbaycan xalqının öz gəncliyi ilə öyünməsi üçün kifayət qədər əsas var. Bu nəsil xalqımızın gələcəyinin müəyyən edilməsində, Azərbaycanın beynəlxalq təşkilatlarda fəal təmsil olunmasında öz sözünü deyir. Ölkədə həyata keçirilən gənclər siyasətinin təməlində isə yeni nəslin xalqımızın milli-mənəvi dəyərlərinə, dövlətimizin gələcəyinə sahib çıxması, onu qorumağı bacarması kimi ciddi prinsip dayanır. Gənclər zaman-zaman Azərbaycan dövlətinə, azərbaycançılıq ideologiyasına uğurlar qazandıracaq.

Günel SƏFƏROVA,
“Gənc vətəndaş” Maarifləndirmə 
İctimai Birliyinin icraçı direktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında