“YARAT” Müasir İncəsənət Məkanı dekabrın 15-də Zaqatala Dövlət Rəsm Qalereyasında incəsənət həvəskarlarına “Zamanın izləri” adlı səyyar sərgini təqdim edib.
Sərginin açılış mərasimində çıxış edən “YARAT” Müasir İncəsənət Mərkəzinin ictimaiyyətlə əlaqələr departamentinin direktoru Hökümə Kərimova gələn il martın 17-dək davam edəcək sərgidə mərkəzin daimi kolleksiyasında olan foto, video və digər əsərlərin nümayiş etdirildiyini diqqətə çatdırıb. Bildirilib ki, bu səyyar sərgi ilk olaraq Qax rayonunda, sonra isə Mingəçevir şəhərində müvəffəqiyyətlə nümayiş etdirilib, tamaşaçıların rəğbətini qazanıb.
Mərkəzin fəaliyyəti barədə məlumat verən “YARAT” Müasir İncəsənət Məkanının icraçı direktoru Fərid Abdullayev deyib ki, tamaşaçılar bu sərgiyə baxdıqları zaman müasir incəsənətlə daha yaxından tanış ola biləcəklər.
Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə regionlarda təşkil edilən belə sərgilərin incəsənət həvəskarları tərəfindən həmişə böyük maraqla qarşılandığını vurğulayaraq, sənətsevərlər adından sərginin təşkilatçılarına minnətdarlığını bildirib.
Sərginin kuratoru Anna Fech “Zamanın izləri” adlı səyyar sərgi barədə məlumat verib. Vurğulanıb ki, sərginin kolleksiyasına Azərbaycan, türk, rus və gürcü rəssamlarının əsərləri daxildir. Bu kolleksiyada gündəlik həyatda rastlaşdığımız ən adi hadisələr öz əksini tapıb.
Sonra tədbir iştirakçıları kolleksiya ilə tanış olublar. Məlumat verilib ki, sərgi film və fotoqrafiya üzrə çalışan yerli və regionlarda yaşayan müasir rəssamların ətrafında hər dəqiqə baş verənləri müşahidə etmək üçün yeni üslublar təklif edir, gündəlik həyatımızın nəzərdən qaçırılan və istənilmədən unudulan bayağılığını dəyərləndirməyə çağırır.
Ekspozisiyada nümayiş etdirilən fotoqraf Sənan Ələsgərovun “Sadəliyin şəffaflığı” foto əsərlər silsiləsi tamaşaçıları bizi əhatə edən adi əşyalarda gözəllik axtarıb tapmağa, hər şeydən zövq almağa səsləyir. Rusiyalı Olqa Çernışovanın “Ekranlar” adlı video əsərlər silsiləsində də gündəlik həyatın adi, bəsit, önəmsiz hadisələri əks olunub. Rəssam əsərlərində həyatın təsadüfləri barədə düşüncələrini paylaşır, buludları seyr edərək, onları nəyəsə bənzədir.
Azərbaycanlı rəssam Fərid Rəsulovun “Ətalət” adlı video əsərində qəssabın ət doğraması lentə alınıb. Çəkilmiş videonu geriyə hərəkətləndirərkən ekranda ət tikələrə doğranmaq əvəzinə, əksinə, birləşir, ət parçaları bütöv qoyun olur. Bu video tamaşaçının qavrayışı ətrafında suallar yaradaraq, adi həyatda baş verənlərə yeni istiqamət verir. Sərgidə Fəridin “Memarlıq dixatomiyası” silsiləsinə daxil olan başqa bir əsəri də nümayiş olunur. Həmin silsilədən olan heykəltəraşlıq əsərləri köhnəni yeni ilə, keçmişi indiki zamanla birləşdirməklə, rəssamın yaşadığı şəhərdə dəyişmə modulunu əyaniləşdirir.
İlkin Hüseynovun “Rəngləri xatırlayaraq” foto silsiləsi rəssamın doğma şəhəri olan Gəncənin gündəlik reallığını əks etdirir. Rəssam fotolarında əks etdirdiyi sərt yaşayış şəraiti təsvirlərini əli ilə rəngləyib, bu isə öz növbəsində, daha yaxşı gələcək üçün ümid qığılcımıdır.
Gürcü rəssam Koka Ramişvilinin “Çay”, “Qəhvə” və “Süd” videolarında üzləri görünməyən personajlar süfrə başında oturaraq dayanmadan fincana maye süzürlər. Maye sanki sehrli bir dairəyə tökülür, çərçivədən kənara çıxmır, yerə dağılmır. Videolarda postsovet Gürcüstanının reallıqları metaforik tərzdə təsvir olunur: hərəkət varsa da, yalnız zahiridir, illüziyadır, irəliləyişə gətirib çıxarmır, çox vaxt məqsədsiz və mənasızdır.
Vyanada yaşayıb yaradan türkiyəli rəssam Nilbar Güreşin “Qapısı açıq telefon köşkü” foto silsiləsi onun doğma məskəni olan Şərqi Anadoluda infrastrukturun, o cümlədən telefon xətlərinin olmamasından, tragikomik yaşayış şəraitindən bəhs edir. Yüksək moda üslubunda çəkilmiş bu fotolar müasir dünyanın və avtomatlaşdırılmış yaşayış şəraitinin uyğunsuzluğunu əks etdirir.
Sərgidə Zamir Süleymanov və Emin Əzizbəylinin “Astar” adlı qısametrajlı filmi də nümayiş olunur. Sonu bəlli olmayan bu filmdə baş qəhrəmanın gündəlik əyləncələrindən, ictimai və şəxsi həyatda hər gün tutduğu adi işlərdən bəhs edilir.
Berlində yaşayıb-yaradan türkiyəli Nevin Aladağın “Beş daş oyunu” foto silsiləsində rəssamın Cənubi Almaniyada böyüdüyü vaxt anasından öyrəndiyi qədim Mərkəzi Asiya oyunu təsvir olunub. Fotoqrafiya silsiləsi oyunu sənədləşdirərək, ənənə, yaddaş mövzusunun və mədəni identikliyin ayinlər vasitəsilə necə ötürüldüyünü təsdiq edir.
Tanınmış Azərbaycan rəssamı Rəşad Ələkbərovun sərgidə nümayiş olunan “Şəbəkə” əsəri qədim vitraj sənəti ilə səsləşən mürəkkəb naxış sənəti olaraq, Azərbaycan memarlığının əsas özəlliklərindən birini araşdırır. Rəssam Azərbaycan mədəniyyətini müəyyən edən incilərdən biri olan şəbəkə sənətini davam etdirərək, onun yeni, ələkeçməz nümunələrini yaradır.
Sərgidə rəssam Rəşad Babayevin qarışıq texnika ilə hazırladığı “Poetik heykəl” əsəri və “Dərviş” rəngkarlıq tablosu da nümayiş olunur. Bütpərəstlik toteminə bənzəyən “Poetik heykəl” əsərinin üzərində qara ləkələrə bənzəyən heroqliflər yazılıb. “Dərviş” rəngkarlıq əsəri isə sufi cərəyanına xas olan dərviş obrazının özünəməxsus xüsusiyyətlərini təqdim edir.
Gənc fotoqraf Sitarə İbrahimovanın “Oğlan yaxşı, qız belə” foto və video layihəsində ana bətnindəki dölün qız olduğu müəyyənləşdikdə abort qərarının verilməsi halları hədəf alınıb. Müəllif bu əsərdə qadınlara qarşı kəskin gender bərabərsizliyi və ayrı-seçkiliyi barədə məlumatlandırmanı artırmağa çalışır.
“Zamanın izləri” adlı sərgi ilə tanışlıq tamaşaçılarda böyük maraq doğurub.
AZƏRTAC
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.