Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi və Əməkdar mədəniyyət işçisi, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, tarix elmləri doktoru. professor Abuzər Alı oğlu Xələfovun 85 yaşı tamam olur.
A.Xələfov Azərbaycanda kitabxana işinin inkişafı sahəsində misilsiz xidmətləri olan bir alim və elm təşkilatçısıdır. Onun ən böyük xidmətlərindən biri Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsinin yaradılması ilə bağlıdır. 25 il həmin fakültənin dekanı vəzifəsini yüksək peşəkarlıq və məsuliyyətlə, təşkilatçılıq bacarığı, idarəçilik səriştəsi ilə icra edən alim ixtisaslı kitabxanaçı kadrların hazırlanmasında, sahənin elmi potensialının möhkəmlənməsində böyük zəhmət və əmək sərf etmişdir. 1955-ci ildən--Bakı Dövlət Universitetində müəllim kimi fəaliyyətə başlayandan bu günə kimi Azərbaycanda kitabxanaşünaslıq və kitabşünaslığın ayrı-ayrı problemləri üzrə ilk elmi-tədqiqat işi aparmış, ali kitabxanaçılıq təhsilinin inkişafına dəyərli töhfələr vermiş, yüzlərlə kitabxanaçı kadrın, alimlərin yetişməsində böyük xidmətlər göstərmişdir.
Professor Abuzər Xələfov elmlə təhsili birləşdirən, təhsildə elmi meyarların öyrənilməsinə üstünlük verən, kitab mədəniyyətinin yüksəlişini maarifçilik işi kimi dəyərləndirən ziyalılardandır. Bu gün respublikamızın elə rayonu, şəhəri, kəndi yoxdur ki, oradakı kitabxanalarda və digər mədəniyyət müəssisələrində Abuzər müəllimin tələbələri çalışmasınlar.
A.Xələfovun rəhbərliyi ilə təhsildə yeni proqramlara keçilməsi, milli-mədəni və əxlaqi dəyərlərimizin, ədəbi irsimizin, tariximizin, müasir texnologiyaların tələbələrə daha səmərəli şəkildə öyrədilməsi xüsusi diqqətdə saxlanılmışdır.
Alimin tədqiqatları milli mədəniyyətimizin, kitab və kitabxanaçılıq tarixinin, ali kitabxanaçılıq təhsilinin, kitabxanaşünaslıq elminin öyrənilməsi baxımından olduqca dəyərlidir. O, ömrünü Azərbaycanda çoxəsrlik kitabxanaçılıq işinin tarixinin öyrənilməsinə, tədqiqinə həsr etmiş, əldə olunan fakt və rəqəmləri dövrün ictimai-siyasi hadisələri fonunda tarixilik və elmilik prinsiplərinə uyğun qiymətləndirməklə sanballı monoqrafiyalar, dərsliklər, dərs vəsaitləri hazırlamışdır. A.Xələfovun Azərbaycanda kitabxana işinin tarixi inkişafına dair çoxsahəli tədqiqatları sayəsində ərsəyə gəlmiş “Azərbaycanda kitabxana işinin tarixindən (1870-1920)” (1960), “Azərbaycanda kitabxana işinin tarixi (1933-1958)” (1974), “Azərbaycan ali kitabxanaçılıq təhsili” (1998), “Azərbaycanda kitabxana işinin tarixi: ən qədim dövrdən XX əsrə qədər” (2004), “XXI əsrin əvvəllərində Azərbaycanda kitabxana işinin əsas inkişaf istiqamətləri: mülahizələr, təkliflər və proqnozlar” (2006), “Azərbaycanda kitabxana işinin tarixi: XX əsrin birinci yarısında” (2007), “Azərbaycanda kitabxana işinin tarixi: XX əsrin ikinci yarısında və XXI əsrin əvvəllərində” (2010), “Kitabxana və cəmiyyət” (2011), “Kitabxanaçılığın tarixi və metodologiyası” (2014) əsərləri Azərbaycanda milli kitabxanaşünaslıq elminə dəyərli töhfələr hesab edilir.
A.Xələfovun elmi yaradıcılığında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin elmi-nəzəri irsinin öyrənilməsi və təbliği də əhəmiyyətli yer tutur. Onun “Heydər Əliyev. Biblioqrafik məlumat kitabı“, “Heydər Əliyev və Azərbaycanda kitabxana işi”, “Azərbaycanda kitabxana işinə dair Heydər Əliyev doktrinası uğurla davam edir” kitabları bu baxımdan diqqətəlayiqdir.
Alimin Təhsil Nazirliyində “Kitabxanaşünaslıq və biblioqrafiya” istiqaməti və ixtisası üzrə dövlət standartlarını hazırlayan işçi qrupunun rəhbəri olmuşdur. O, respublikada kitabxanaşünaslıq elminin inkişafı sahəsində, həmin sahənin hüquqi-normativ bazasının yaradılması yolunda ciddi işlər aparmış, 1998-ci ildə onun sədrliyi ilə ölkədə kitabxana işi sahəsində dövlət siyasətinin əsasını təşkil edən “Kitabxana işi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi hazırlanmış və Milli Məclis tərəfindən qəbul edilmişdir.
A.Xələfov çalışdığı sahədə hər zaman yeniliklərin tətbiqinə üstünlük vermişdir. 1999-cu ildə Bakı Dövlət Universitetində “Kitаbхаnа prоsеslərinin kоmpütеrləşdirilməsi” elmi-tədqiqat laboratoriyasını (ЕTL) yaratmış, 2007-ci ildə isə kitabxanaların kompüterləşdirilməsinin baza prinsiplərindən bəhs olunan “Kitabxanaların kompüterləşməsinin əsasları” adlı dərsliyi çap etdirmişdir.
Alim BDU-nun “Elmi əsərləri”nin kitabxanaşünaslıq və biblioqrafiya seriyasının redaktoru, eləcə də “Kitablar aləmində”, “Mədəni- maarif işi”, “Bakı Universiteti. Elmi Xəbərlər”inin, “Kitabxanaşünaslıq və biblioqrafiya” və “Dil və ədəbiyyat” jurnalları redaksiya heyətlərinin üzvü, eyni zamanda, “Kitabxanaşünaslıq və informasiya” elmi-nəzəri və praktik jurnalın təsisçisi və baş redaktorudur.
2015-ci ildə bütün kitabxana ictimaiyyəti çox əlamətdar nəşr olan “Azərbaycan kitabxana ensiklopediyası” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”na müvafiq olaraq Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Milli Kitabxanasının birgə layihəsi kimi işıq üzü görmüşdür. Ensiklopediyanın hazırlanmasında adı çəkilən nəşrin redaktoru kimi onun xüsusi göstərişləri və dəyərli məsləhətləri əhəmiyyətli rol oynamışdır.
A. Xələfov 1961-ci ildə “Azərbaycanda kitabxana işinin tarixindən (1920-1932)” mövzusunda namizədlik, 1975-ci ildə isə “Azərbaycanda kitabxana işinin tarixi (1933-1958)” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Alim 300-ə yaxın еlmi əsərin, 10 mоnоqrаfiyа, 30-dаn çox kitаbın, dərslik və dərs vəsаitlərinin müəllifidir. Abuzər müəllim indiyədək 20-dən çox еlmlər nаmizədi və elmlər dоktоru yеtişdirmişdir.
Kərim TAHİROV,
Azərbaycan Milli Kitabxanasının direktoru,
Əməkdar mədəniyyət işçisi, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.