Son illər Azərbaycanda qeyri-neft sektoruna göstərilən diqqət və qayğı turizmin inkişafının daha da sürətlənməsinə böyük imkanlar yaradıb. Ölkə Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq olunan milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri sırasında da ixtisaslaşdırılmış turizm sənayesi diqqət mərkəzində saxlanılıb. Həmin sənədlə ölkəmizdə turizmin gələcək inkişaf hədəfləri müəyyənləşdirilib.
Turizm müstəqil Azərbaycanda qeyri- neft sektorunda əsas istiqamətlərdən biridir. Dövlət başçısı bu sahənin tərəqqisi üçün bir sıra əhəmiyyətli sərəncamlar imzalayıb, onların reallaşması üçün mühüm tədbirlər həyata keçirib.
Turizmin inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları da ölkədə bu sahənin sürətli inkişafına əsaslı stimul yaradıb. Ölkə Prezidenti Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib: “Biz gördük ki, həyata keçirilən tədbirlər və aparılan islahatlar bu il turizmin axınına çox böyük təkan verib. Xüsusilə ərəb ölkələrindən gələnlərin sayı 20-30 dəfə artıb. Yay aylarında bizim otellərin çoxunda boş yer yox idi. Yəni, bu, ölkəmizə böyük valyuta gətirir. Ola bilər bu, bizim üçün yenilikdir. Bəlkə insanlar da buna öyrəşməyiblər. Ancaq bütün inkişaf etmiş ölkələrdə böyük turizm axını müşahidə olunur. Turizm axını o ölkələrin inkişafı, təhlükəsizliyi, xalqlarının qonaqpərvərliyi deməkdir. Bizdə də bunların hamısı var. Xalqımız qonaqpərvərdir, təhlükəsizlik təmin edilir, gözəl tarixi, mənzərəli yerlərimiz və müasir infrastrukturumuz var.”
Azərbaycan Prezidentinin imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” adlı sərəncamında dünya təcrübəsində turizm sahəsində islahatların ən uğurlu modelləri və onların ölkəmizdə tətbiqi imkanları təhlil edilib. Aparılan təhlillər nəticəsində turizm sahəsi üzrə strateji yol xəritəsi təsdiq olunub. Bu sənəddə 2020-ci ilə qədər turizmlə bağlı hədəflər, prioritetlər və tədbirlər müəyyənləşdirilib. Yeri gəlmişkən 2020-ci ilə qədər Bakının turizm imkanlarının daha da genişlənməsi əsas hədəflərdən biridir. Bu gün Bakı öz turizm imkanlarına görə turistlərin maraq göstərdiyi şəhərlərdəndir. Buradakı tarix və mədəniyyət abidələri, park və xiyabanlara, muzeylərə və digər mədəniyyət abidələrinə turistlər böyük həvəs göstərirlər. İçərişəhər Tarix-Memarlıq Qoruğu həmişə turistlərin ziyarət etdiyi məkana çevrilib. Elə Qobustan, Atəşgah qoruqları da turistlər üçün belə cəlbedici məkanlardır.
Regionlarımızda da turizmin inkişafı üçün potensial imkanlar var. Yol xəritəsində bu imkanların reallaşması istiqamətləri öz əksini tapıb. Sənəddə turizmin müxtəlif növlərinin inkişafı əsas hədəflərdəndir. Qış turizmi, çimərlik turizmi, ekoturizm, sağlamlıq turizmi bu sahənin inkişafında əsas istiqamətləri təşkil edəcək. Artıq Azərbaycanın bu sahələrdə də kifayət qədər təcrübəsi var.
Azərbaycanın turizm potensialı dünyada əsaslı şəkildə təbliğ olunur. Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq turizm sərgilərində mütəmadi olaraq iştirak edir. Turistlərin cəlb olunması üçün imkanlardan daha səmərəli istifadə olunur. Bu istiqamətdə tədbirlərin davam etdirilməsi də əsas hədəflərdəndir.
Azərbaycanda turizmin inkişafına güclü stimul verən faktorlardan biri də ölkəmizdə kecirilən beynəlxalq tədbirlərdir. Birinci Avropa Oyunları, “Formula- 1” yarışları, Mədəniyyətlərarası Dialoq forumları və Bakıda keçirilən Ümumdünya Şahmat Olimpiadası Azərbaycana turist axınını xeyli sürətləndirib. Gələn il IV İslam Həmrəyliyi Oyunları, IV Mədəniyyətlərarası Dialoq Forumu və digər beynəlxalq tədbirlərin ölkəmizə turistlərin cəlbinə əhəmiyyətli təsir göstərəcəyi şübhəsizdir.
Turizm sahəsinin inkişafı bu sahədə kadr hazırlığına da müsbət təsir göstərir. Azərbaycan Turizm və Menecment Universitetinin və turizm sahəsi üzrə ilk peşə təhsili müəssisələrinin məzunları bu gün turistlərə yüksək səviyyədə xidmətin təşkilində böyük təcrübə qazanıb. Prezidentin daha bir sərəncamı ilə 27 sentyabr ölkədə Turizm İşçiləri Günü elan olunmuşdur.
Göründüyü kimi, bu sahə ölkə rəhbərinin diqqətindədir. Bu yaxınlarda “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi haqqında” Prezident sərəncamı ilə turizmin inkişaf etdirilməsi və bu sahədə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsinə 800 min manat, o cümlədən Turizm Reyestrinin yaradılmasına 400 min manat, Bakı şəhərində ticarət festivalının (“Shopping festival”) keçirilməsinə 400 min manat vəsait ayrılması da bunun bariz ifadəsidir.
Bütün bunlar isə onu deməyə əsas verir ki, yaxın gələcəkdə Azərbaycan yüksək sürətlə inkişaf edən turizm ölkəsinə çevriləcək.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.