Gəncədə “Nizami və dünya ədəbiyyatı” mövzusunda beynəlxalq elmi-praktik konfrans

Nizami Gəncəvi – 875

Beynəlxalq elmi-praktik konfransdan əvvəl Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri, nümayəndə heyəti və şəhər icra hakimiyyətinin rəhbərliyi ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoymuşlar. Daha sonra Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş “Nizami yurdu – qədim Gəncə” adlı təsviri sənət əsərlərindən ibarət sərgiyə baxış keçirilmişdir.

Sərgi ilə tanışlıqdan sonra dahi şair, böyük mütəfəkkir və filosov Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş  “Nizami və dünya ədəbiyyatı” mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlamışdır. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev konfransı giriş sözü ilə açaraq, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Latviya Respublikasının sabiq Prezidenti Vayra Vike Freyberqa və Misir Ərəb Respublikasının İsgəndəriyyə kitabxanasının direktoru İsmayıl Seragəldinə xidmətlərinə görə təşəkkür etmişdir. Bildirmişdir ki, Nizami Gəncəvinin  təbliğatı istiqamətində mərkəzin böyük fəaliyyəti var. Nizami Gəncəvinin zəngin ədəbi fəaliyyəti Yaxın və Orta Şərqin ümumi mədəniyyət mərkəzi kimi tanınan Gəncə ilə birbaşa bağlıdır. Elmar Vəliyev ulu öndər Heydər Əliyevin Nizami Gəncəvi ilə bağlı bir deyimini yada salmışdır: “Təkcə Nizami Gəncəvi kimi bir şəxsiyyəti bağışladığına görə Gəncə torpağı, gəncəlilər əbədi minnətdarlığa layiqdirlər”. İcra hakimiyyətinin başçısı vurğulamışdır ki, dahi söz ustadının 875 illik yubleyi ilə əlaqədar 2017-ci ildə də tədbirlər  davam edəcək. Elmar Vəliyev bildirmişdir ki, ümummilli lider Heydər Əliyev  Nizami Gəncəvinin dünya ədədbiyyatı sırasında layiqli yer tutması, irsinin öyrənilməsi, təbliği və kitablarının nəşri ilə bağlı 6 yanvar 1979-cu  ildə  sərəncam imzalamışdır. Daha sonra, yəni 1981-ci ilin avqustunda Nizami Gəncəvinin anadan olmasının 840 illiyinin qeyd olunması haqqında qərar qəbul olunmuşdur.

 Şairin 870 illik yubileyinin yüksək səviyyədə qeyd olunması isə  bilavasitə cənab Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilib. Ölkə başçısının 23 dekabr 2011-ci il tarixli sərəncamına uyğun olaraq, dahi şairin məqbərəsi əsaslı şəkildə yenidən qurulub. “Xəmsə daş kitabələr kompleksi” inşa edilib. Nizami Poeziya Teatrı əsaslı təmir edilərək yenidən istifadəyə verilib, AMEA-nın Gəncə Bölməsində Nizami Gəncəvi İnstitutu açılıb. Nizaminin adını daşıyan küçənin görkəmi tamamilə dəyişdirilərək ətrafı əsərləri ilə bəzədilmiş prospektə çevrilib. Mütəfəkkirin əsərləri Şərq və Qərb poeziyasına əsrlər boyu güclü təsir göstərib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, xanım Vayra Vike Freyberqa, Misir Ərəb Respublikasının İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin, Kəşmir Universitetinin İslam Tədqiqatları Mərkəzinin rəhbəri Əhməd Nasem Şah çıxışlarında Şərq xalqlarının ədəbiyyatına son dərəcə yüksək humanist ideyalar və yeni sənətkarlıq nailiyyətləri gətirən dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığını təhlil edərək möhtəşəm əsərlər yaratdığını diqqətə çatdırmışlar. Bildiriblər ki, dahi şairin əsərləri dünya ədəbiyyatı xəzinəsinin ən qiymətli incilərindəndir. Bu əsərlər bəşəriyyətin yetişdirdiyi böyük dühaların yaratdığı ölməz abidələr arasında özünə ən layiqli yeri tutur. Nizami Gəncəvi müstəsna şəxsiyyətdir ki, xalqının soykökünə xas olan ən yaxşı xüsusiyyətləri – istedad, ağıl, vicdan, şərəf, bəsirət və uzaqgörənlik kimi xüsusiyyətləri özündə birləşdirir.

AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru Xəlil Yusifli çıxışında vurğulayıb ki, bu gün dahi söz ustadının 875 illik yubileyinə uzaq ölkələrdən də çoxlu sayda tanınmış şəxsiyyətlərin toplanması onu göstərir ki, Nizami yaradıcılığı bu gün də aktualdır və dünya xalqları onu qəbul edir, əsərlərini böyük həvəslə oxuyur, tədqiq edirlər. Xatırladıb ki, Nizami Gəncəvi yaradıcılığı tədqiqatçılar üçün böyük yaradıcılıq mənbəyidir. Əsrlər, qərinələr bir-birini əvəz etsə də, Nizami irsi bundan sonra da tədqiqat mövzusu olaraq qalacaq. Onun yaradıcılığı ilə təkcə Şərq tədqiqatçıları deyil, eyni zamanda, Avropa şərqşünasları da məşğul olurlar.  Bu da onu göstərir ki, Nizami yaradıcılığı Şərqlə Qərbin fəlsəfi, bədii estetik sintezi, vəhdətidir. O, bir tərəfdən Aristoteli, Platonu mənimsəmişdirsə, o biri tərəfdən də Firdovsini, İbn Sinanı öyrənmişdir. Bu baxımdan mütəfəkkir şairin dünyagörüşündə hər iki aləmin vəhdəti yaranmışdır. Nizami yaradıcılığının gücü, qüdrəti onda idi ki, hansı mövzuya yanaşırdısa, onu özününkü edirdi.

Gəncə Dövlət Universitetinin prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə dünyanın nadir şəxsiyyətlərindən olan Nizami Gəncəvinin bəşər tarixinə verdiyi əvəzsiz incilərdən danışaraq, onun yaratdığı əsərlərin bundan sonra da min illərlə aktual olacağını diqqətə çatdırıb. Bildirib ki, Nizami Gəncəvinin yaradıcılığında dövrünün ən humanist, ümumbəşəri, ictimai-siyasi, sosial və mənəvi, əxlaqi ideyalar parlaq şəkildə öz əksini tapıb. Dahi şair üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq olub.

AMEA-nın Gəncə Bölməsinin akademik-katibi, akademik Fuad Əliyev Nizami Gəncəvi irsinidən söz açarkən deyib ki, şair əsərlərində təsvir etdiyi hadisələri Azərbaycanla əlaqələndirməyə, doğma vətəni Azərbaycanı tərənnüm etməyə çalışıb. Bu baxımdan Nizami Gəncəvi yaradıcılığında Vətən məhəbbəti doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir. Buna görə də ümummilli liderimiz Heydər Əliyev Nizami Gəncəvi yaradıcılığına çox böyük qiymət verərək deyirdi ki, bu əsərlər təkcə şeirdən ibarət deyildir. Onların hər birində böyük elm, fəlsəfə və dahi fikirlər vardır. Buna görə də onun əsərləri də, özü də yaşayır və yaşayacaqdır.

Çıxışlardan sonra  Latviya Respublikasının sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri xanım Vayra Vike Freyberqaya  Azərbaycan Dövlət Aqrar Universitetinin “Fəxri doktoru” adının verilməsi ilə əlaqədar ADAU-nun Elmi Şurasının qərarı oxunmuş, diplom və mantiya ona təqdim olunmuşdur. Misir Ərəb Respublikasının İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri doktor İsmayıl Seragəldinə isə Gəncə Dövlət Universitetinin “Fəxri doktoru” adı verilmişdir.

Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev mötəbər qonaqların hər birinə Nizami Gəncəvinin “Xəmsə”sini, eləcə də Nizami Gəncəvinin və Məhsəti Gəncəvinin portret xalçalarını hədiyyə etmişdir.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında