Amansız repressiyaların çoxsaylı qurbanları arasında tanınmış yazıçı Seyid Hüseynin də adı var. Sovet totalitar rejimi onun və ailəsinin başına gətirilən əzab və müsibətlərdə birbaşa günahkardır. Hətta SSRİ-nin son illərində belə ədəbiyyat sahəsində bir sıra yazıçı və şairlərin yaradıcılığı hərtərəfli tədqiq olunsa da, ədəbiyyat müntəxəbatlarında yer alaraq geniş təbliğ edilsə də, Seyid Hüseynin yaradıcılığı bir qədər kölgədə qalmışdır.
Onun “yığcam” avtobioqrafik məlumatları ikinci dərəcəli ədib kimi tərtib olunaraq, içində çoxlu “ağ ləkə” qoyulmuşdur. Bu gün dərindən araşdırdıqda məlum olur ki, əslində, Seyid Hüseyn çoxsaylı maraqlı hekayələri, nəşr olunan kitabları təbliğ olunmuş bəzi yazıçıların yaradıcılığından daha məhsuldar və daha sanballı idi. Seyid Hüseyn özü bir sıra ədiblərin yaradıcılığını tənqidi nöqteyi-nəzərdən təhlil etmiş və məqalə halında dərc etdirmişdir. Nəinki sovet dövrünün şair və yazıçılarının, hətta C.Məmmədquluzadə, N.Vəzirov, M.Ə.Sabir, Ə.Haqverdiyev, N.Nərimanov, F.Köçərli, M.S.Ordubadi, S.M.Qənizadə, Y.V.Çəmənzəminli, A.Divanbəyoğlu, M.Hadi, A.Səhhət, C.Cabbarlı, A.Şaiq və başqa ədiblərin yaradıcılıqları, realist ədəbi tənqidin aparıcı nümayəndələrindən biri kimi Seyid Hüseynin diqqətini daha çox cəlb etmiş, o, həmin ədiblərin əsərlərinin hər biri haqqında məqalələr yazıb çap etdirmiş, hər bir əsəri layiqincə qiymətləndirməklə yanaşı, əsərlərdə nəzərə çarpan ideya və sənətkarlıq qüsurlarını da obyektiv mövqedən tənqid etmişdir. Bu baxımdan Seyid Hüseyn irsinin müasir dövrdə layiqincə tədqiq edilmədiyi qənaətinə gəlmək olar.
Qısa dosyesi: 1887-ci il yanvarın 25-də Bakıda anadan olub. Beş yaşında atasını itirdikdən sonra babası Mirsadiq Mirhəsənin himayəsində böyüyüb. Əvvəl mollaxanada, sonra isə dövrünün görkəmli maarifçi xadimlərindən olan Mahmudbəy Mahmudbəyovun müdir olduğu “Rus-tatar” məktəbində 4 ilə yaxın təhsil almışdır. Azərbaycan, rus, fars dillərini mükəmməl öyrənmişdir. Babasının vəfatından sonra ailənin yükü 17 yaşlı S.Hüseynin üzərinə düşmüşdür. O, “Kaspi” mətbəəsində işə girərək 1912-ci ilədək orada mürəttiblik etmiş, 1920-ci ildən “Kommunist” qəzeti redaksiyasında ədəbi işçi kimi fəaliyyət göstərmiş, Bakının orta məktəb və texnikumlarında müəllimlik etmiş, ömrünün son illərində isə “Azərnəşr”in bədii ədəbiyyat şöbəsinin redaktoru olmuşdur. Bədii yaradıcılığına 1907-ci ildə başlayan S.Hüseyn qəzet və jurnallarda müxtəlif imzalar altında hekayə, məqalə və felyetonlar çap etdirmişdir. Müəllifin müxtəlif illərdə “Ağ valideyn, yaxud zavallı Məşədi Zaman”, “Qaçaq oğul, yaxud ata məhəbbəti”, “Yeni həyat yollarında” və s. kitabları nəşr olunmuşdur. 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş, milli ədəbiyyatımızın zənginləşməsi üçün səy göstərmişdir.
Seyid Hüseyn C.Məmmədquluzadənin “Ölülər” komediyasının ilk tamaşası ətrafında gedən müzakirələrdə iştirak etmiş, əsərə öz layiqli qiymətini vermişdir. O, əvvəlcə “Ölülər” haqqında təəssürat”, sonra isə “Ölülər” və onun tənqidləri haqqında bir mütaliə” adlı məqalələrini dərc etdirərək, bu əsəri “ədəbiyyatımızda inqilab törədə biləcək məziyyətdə” olan bir əsər kimi dəyərləndirmişdir.
Ancaq repressiya dalğası Azərbaycan ədəbiyyatının bir çox görkəmli xadimləri kimi, ondan və ailəsindən də yan keçməmişdir. 1936-cı ildə o, Yazıçılar İttifaqının üzvlüyündən çıxarılmış, əsərlərinə siyasi don geyindirilmiş və adına “xalq düşməni” damğası vurulmuşdur. Yazıçı 1937-ci il iyulun 15-də Şüvəlandakı bağında həbs olunmuş, saxta ittihamlar əsasında ən ağır cəzaya – güllələnməyə məhkum edilmişdir. Uzun sürən əzablı işgəncələrdən sonra, 1938-ci ilin əvvəllərində rejimin çıxardığı hökm yerinə yetirilmişdir.
Yazıçının ailəsinin qara günləri bundan sonra başlanır. Həyat yoldaşı Ümgülsüm də şairə kimi tanınmışdı. 1899-cu ildə Bakının Novxanı kəndində doğulmuş Ümgülsüm Sadıqzadə hələ 9 yaşından şeir yazmağa başlamış, 1914-cü ildən “İqbal”, “Yeni iqbal”, “Açıq söz” “Azərbaycan”və s. mətbuat orqanlarında hekayə və şeirlərini çap etdirmişdir. Onun 200-dən artıq şeiri və 1 poeması bizə gəlib çatmışdır. O, həmçinin, “Vətən sevgisi”, “Solğun çiçək” və s. hekayələrin müəllifidir. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında onun haqqında yazılır: “Ü.Sadıqzadə 1918-ci ildə AXC-nin yaranmasını sevinclə qarşılamış, milli dövlətimizi vəsf etmiş, bu böyük hadisəyə “Türk Ordusuna”, “Ey Türk oğlu”, “Çəkil, dəf ol”, “Əsgər anasına”, “Dərdli nəğmə”, “Yurdumuzun qəhrəmanlığına”, “Yollarını bəklədim” adlı şeirlər həsr etmişdir. Ümgülsümün milli cümhuriyyətin devrilməsi ilə əlaqədar yazdığı “Hicran” və “Bayrağım enərkən” şeirləri Azərbaycan ədəbiyyatında bolşevik işğalı barədə yazılmış ilk ən dəyərli əsərlərdəndir. Vətənini, torpağını, müstəqilliyini sevən istənilən şəxsin bu şeiri oxuyarkən hissləri coşmaya bilmir. “Bayrağım enərkən” şeirində şair deyirdi:
Yazıq səni Bayrağım,
endirdilər, öyləmi?
Səni yıxıb devirən o zəhərli ruzigar,
O haqq yeyən haqsızlar,
vəhşilər, tanrısızlar
Yanar ocağımı da
söndürdülər, öyləmi?
Bir röyamı oldu o gördüklərim həpsi?
Bağlandımı üzümə türk elinin qapısı?”
1920-ci ildə S.Hüseynlə xoşbəxt ailə həyatı qurmuş Ümgülsüm təkcə ərinə görə yox, həm də öz milli düşüncəsinə və şeirlərinə görə təqib olundu. Həmin dövrdə milli dəyərlərə azacıq sadiqlik, torpağına azacıq fərqlə bağlılıq dərhal nəzərə çarpır və cümhuriyyət düşmənlərini birləşdirirdi. Sözün həqiqi mənasında, insanın cınqırını belə çıxara bilmədiyi bir dövr yaşanırdı. 1937-ci il noyabrın 11-də repressiya cəlladları şairəni həbs edib, üç övladını ondan ayıraraq, özünü də sürgün etdilər. Ümgülsümün ən böyük “günah”larından biri də milli ideoloqumuz, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin yaxın qohumu (əmisi qızı) olması idi. Seyid Hüseynin oğlu məşhur Xalq rəssamımız Oqtay Sadıqzadənin acı xatirələri ailənin çəkdiyi iztirabları daha aydın əks etdirir:
“O vaxt mənim 16 yaşım vardı. Valideynlərimin ikisi də 1937-ci ildə tutuldu. Atam Seyid Hüseyn güllələndi, anam Ümgülsüm isə şimala – Mordva vilayətinə sürgün olundu. O vaxt xalamgilin bağlarında qonaq idim. Xalamın böyük oğlu Rəsulu bağda olarkən tutdular və üç gündən sonra güllələdilər. Eyni gündə də öz bağımızda atamı tutmuşdular. Atamı ya millətçi, ya da Məhəmməd Əminin qohumu olduğuna görə həbs etdilər.
Mən onda rəssamlıq məktəbində oxuyurdum. Atam həbs olunandan sonra xalq düşməninin ailəsi kimi bizim yaşamadığımız acı qalmadı. Həm iş, həm də oxumağımızla bağlı çox əziyyətlər çəkdik. Məni Rəssamlıq Məktəbindən qovdular. O vaxt müəyyən adamlar həbs olunanda rəsmi surətdə işlədikləri və oxuduqları yerlərə xəbər verməli idilər. Bibim oğlunu da tutmuşdular. Məni bu barədə rəsmi məlumat yazıb, məktəbə təqdim etməyə məcbur etdilər. Ərizəni yazandan sonra məktəbin direktoru İsmayıl Axundov məni çağırıb: “Atanı-ananı tutdular, indi də gəlib səni tutsalar, gərək mən cavab verəm. Səni istəyirəmsə, özümü səndən çox istəyirəm. Sabahdan dərsə gəlmə”, – dedi. Mən məktəbə bərpa olunmağım haqqında bir neçə dəfə Mədəniyyət İdarəsinə müraciət elədim. Bir gün komissiya təqdim olunan ərizələrə baxmaq üçün vaxt təyin elədi. Komissiyaya rəhbərliyi Ruhulla Axundov edəcəkdi. Həmin gün Ruhulla Axundovun da tutulduğunu eşitdik. Sonra idarəyə Davud Rəsulzadəni rəhbər təyin etdilər. O da ərizələrə baxmaq üçün vaxt müəyyənləşdirdi. Həmin gün onu da tutdular. Sonra Mirzə İbrahimov bizə kömək etdi və məktəbə bərpa olunduq. Üzeyir bəy də həmin komissiyanın üzvü idi. Hər yerdə çətinlik idi. Sonralar da bizimlə işləməyə qorxurdular... Anam Ümgülsümü də Seyid Hüseynin həyat yoldaşı və Məhəmməd Əminin qohumu olduğu üçün həbs etdilər. Onun həbsində bolşeviklər əleyhinə yazdığı şeirlərin də rolu vardı. Anamın yazdığı “Bayrağımız enərkən” şeiri o zaman çox yayılmışdı. Müşfiqin yoldaşı Dilbəri də tutmuşdular. Mənim anamla bir kamerada saxlanırdı. Sonra ruhi xəstə olduğu üçün onu azad etdilər”.
Ümgülsüm xanım uşaqlarına, demək olar ki, hər gün məktub yazır, onlarla maraqlanırdı. Gözlərinin zəifləməsi Ümgülsüm хanımın məktub yazmasına maneçilik olurdu. 1943-cü ildə o, SSRİ XDİK-nın Xüsusi Müşavirəsinə ərizə ilə müraciət edərək azadlığa buraхılmasını хahiş edir. Onun azad olunmasına yalnız 1944-cü ilin aprelində qərar verilir. Lakin Ümgülsüm хanımın Bakıda yaşamasına qadağa qoyulur və o, Şamaxıya köçməyi qərara alır. Burada cəmi 3 ay yaşayan Ümgülsüm хanım 15 yaşlı qızı Qumralın qolları arasında gözlərini əbədi yumur.
Ailənin təqibləri bununla da bitmədi. 1941-ci ildə bolşeviklər Seyid Hüseynin 20 yaşlı oğlu Oqtayı da həbs edərək sürgünə göndərdilər. O.Sadıqzadə: “1946-cı ildə sürgündən azad olaraq Bakıya qayıtdım. Evimizi möhürləyib hökumətə vermişdilər. Həmin evin aşağısında bibimgil olurdu. Mən bir il gözləyəndən sonra heç bir xəbər-ətər çıxmadığını görüb, həmin möhürü açdım. Əlimdə sənətim vardı, orda-burda işləyib az-çox qazanırdım. O biri uşaqlar isə məndən kiçik idi. Evdə özümdən kiçik iki qardaşım, bir bacım vardı. Kiçik qardaşım Cığatayı da xalq düşməninin oğlu kimi həbs etmişdilər. O, işçi batalyonundan xəstə qayıtdığı üçün vəfat etdi. Beləliklə, bizim nəsildən 13 nəfər repressiyanın qurbanı oldu”.
Anası Ümgülsümü də görmək O.Sadıqzadəyə qismət olmur. Çünki anası qayıdıb gələndən üç ay sonra dünyasını dəyişmişdi. O.Sadıqzadə yalnız sürgündən qayıdandan sonra anasının ölümündən xəbər tutur: “Atamın ölümü haqqında isə üç müxtəlif versiya söyləyirlər. Moskvadan alınan rəsmi məlumatda onun 1939-cu ildə güllələnməsi yazılmışdı. Digər bir məlumatda onunla bir tutulanlardan bəzisinin Bakıda, Qum adasında güllələndiyi bildirilir. Sənədlərin birində isə guya onların ürək xəstəliyindən, öz əcəlləri ilə vəfat etməsi yazılıb.
Göründüyü kimi, Seyid Hüseynin güllələnməsi əslində onun ailəsinin faciələrinin başlanğıcı idi. Oğlu Oqtayı hərbi xidmət adı ilə Biləcəriyə çağırıb, oradan “Nasosnı”ya (indiki H.Z.Tağıyev qəsəbəsi) aparmış, orada digər “xalq düşmənlərinin” övladları ilə bir yerdə hərbi aerodromun tikintisinə cəlb etmiş, əslində isə bir növ katorqa cəzasına məhkum etmişdilər. Gənc Oqtayı hələ Orta Asiyaya sürgün gözləyirdi. Çox sonralar xilas olaraq Vətənə dönən bu mətin adam sonradan öz unikal bacarığı ilə Azərbaycanın tanınmış rəssamlarından birinə çevrilib. Həyatın bu çətin və haqsız iztirabları onu sındırmadı – desək, daha doğru olardı. İnsan haqlı olduğunu biləndə, başına gələnlərin Vətən üçün, millət üçün gəldiyini anlayanda əlbəttə ki, daha güclü, daha əzmkar olur. Bunu milli ideyalarımıza sadiq, haqqında söz açdığımız görkəmli ziyalılarımızın və övladlarının həyatında asanlıqla görə bilirik.
Beləliklə, Seyid Hüseyn və Ümgülsüm xanımın həyat dramının xülasəsi nə qədər təəssüfedici olsa da, bir o qədər də şərəfli səhifələri ilə zəngindir. Əlbəttə, illər keçdikdən sonra başına dəhşətli təqiblər və işgəncələr gətirilmiş bu ailə bəraət aldı. Lakin bəraət hökmü çıxmazdan hələ çox-çox öncə, ailənin başçısı və xalqın sevimli yazıçısının ömür kitabı qırılarkən Seyid Hüseyn və Ümgülsüm Sadıqzadənin birgə qurduğu ocaq cəllad bolşeviklər tərəfindən söndürülmüşdü... Doğrudur, ailənin varisi kimi Oqtay Sadıqzadənin bəraət alması və sonradan Azərbaycanın ən məşhur rəssamlarından birinə çevrilməsi təsəlli kimi qiymətləndirilə bilər. Amma fikrimizcə, ən böyük təsəlli hər iki mücahid yazıçımızın uğurlarında həyatlarını qurban verdikləri milli bayrağımızın, müstəqilliyimizin, milli dövlətimizin 1991-ci ildə yenidən bərpa olunması ilə baş verdi. Azərbaycan öz müstəqilliyinə, üçrəngli bayrağına yenidən sahib olmaqla, bir daha milli ideyaların ölməzliyi həqiqətini üzə çıxartdı.
Anar TURAN,
“Xalq qəzeti”
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.