Qəbələdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Madrid Klubunun X yüksək səviyyəli toplantısının açılışı olub

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Madrid Klubunun birgə təşkilatçılığı ilə Qəbələdə X yüksək səviyyəli toplantının açılış mərasimi keçirilib.

DİDK-dan AZƏRTAC-a bildiriblər ki, toplantıda Dövlət Komitəsinin sədri Nazim İbrahimov çıxış edərək il ərzində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən görülmüş işlərin səmərəli nəticələr verdiyini diqqətə çatdırıb. Tədbirin Qəbələdə keçirilməsinin təsadüfi olmadığını söyləyən N.İbrahimov  paytaxt Bakı ilə yanaşı, bölgələrin də sürətlə inkişaf etdiyini vurğulayaraq deyib: “Bugünkü tədbirin Qəbələdə keçirilməsi bir daha sübut edir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə nəinki ölkəmizin paytaxtı, hər bir şəhər və kənd də inkişaf edir”. 

Komitə sədri İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Serageldinə Azərbaycanın böyük şairi Nizami Gəncəvinin irsinin təbliğində göstərdiyi xidmətlərə görə təşəkkürünü bildirib.

Sonra dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 875 illik yubileyi ilə bağlı videoçarx nümayiş etdirilib. Videoçarxda Azərbaycanın görkəmli incəsənət xadimlərinin ifasında Nizami Gəncəvinin bəzi poemalarından parçalar səsləndirilib.

Tədbirdə çıxış edən Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqa tədbir çərçivəsində keçiriləcək panel iclaslarında müzakirə ediləcək mövzular barədə məlumat verib. Qəbələnin füsunkar gözəlliyə malik olduğunu vurğulayan sabiq Prezident Madrid Klubunun iclaslarının iki gün ərzində bu şəhərdə keçiriləcəyini bildirib. O, çıxışında xalqlar arasında tolerantlıq məsələlərinə, dünyada baş verən siyasi proseslərə də toxunub.

Niderlandın sabiq Baş naziri Vim Kok zorakı ekstremizmin fəsadlarından danışaraq bildirib ki, terrorizmin qurbanları daha çox qadınlar və uşaqlar olur. O, həmçinin son aylar Avropaya güclü miqrant axınının, ABŞ-da keçirilən prezident seçkilərinin qlobal proseslərə təsirindən söhbət açıb.

Serbiyanın sabiq prezidenti Boris Tadiç çıxışında dünya siyasətinin texnoloji proseslərə uyğun olaraq dəyişikliyə məruz qalmasından, demokratiyanın hazırkı durumundan danışaraq deyib: “Bu gün demokratik qaydalar və dəyərlər dünyada mövcud situasiyalara uyğun şəkildə dəyişir. Bu gün bizi düşündürən əsas məsələ artan zorakı ekstremizmin qarşısını almaq üçün hansı qaydaları qəbul etməkdir. İndi dünyada baş verən prosesləri əvvəlkindən daha çox təhlil etməliyik”.

İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Serageldin dünyada terror hadisələrinin baş verdiyi coğrafiyanın daha da genişləndiyini söyləyib.

Dekabrın 11-dək davam edəcək tədbirdə 20 ölkədən sabiq dövlət və hökumət başçıları olmaqla, ümumilikdə 50-dək tanınmış siyasi və ictimai xadim, ekspertlər, alimlər iştirak edirlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında