İslam tarixində şeyxülislamlığın yaranıb formalaşması, bu titulun sahə və vəzifələri, İslam aləmində mövcud olmuş şeyxülislamlar haqqında məlumat verilməsi, xüsusilə də Qafqazın dəyərli şeyxülislamlarının həyat və fəaliyyətinin araşdırılaraq kitab şəklində ictimaiyyətə təqdim edilməsi təqdirəlayiq haldır.
Azərbaycan din tarixinin bir hissəsini təşkil edən Qafqaz şeyxülislamları xalqın dini maariflənməsi, eləcə də milli, ictimai şüurunun formalaşmasında fəallıq göstərmişlər. Bu gün də onların adları xoş xatirələrlə yad edilir.
Bu fikirlər “Fairmont” otelində Milli Məclisin deputatları, bir sıra ölkələrin səfirləri, dini icmaların rəhbərləri, elm və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən “Şeyxülislamlığın tarixi” kitabının təqdimat mərasimində səsləndirildi. Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən keçirilən tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə çıxış edərək ölkəmizdə din və dövlət münasibətlərinin yüksək səviyyədə olduğunu bildirdi. Şeyxülislamlığın tarixi barədə məlumat verən QMİ sədri bildirdi ki, professor Anar İsgəndərov və iranlı alim Adil Mövlayinin müəllifi olduqları kitab gərgin araşdırma və zəhmətin bəhrəsidir. Şeyxülislamların həyat və fəaliyyətinin öyrənilməsini təqdir edən natiq qeyd etdi ki, o, özü də özündən əvvəlki bir sıra şeyxülislamların fəaliyyətindən çox şey öyrənib və nümunə götürüb.
Qafqaz şeyxülislamı Axund ağa Əlizadənin nəvəsi, Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə şeyxülislamlığın Azərbaycan tarixində roluna toxunaraq bildirdi: “Babam axund Ağa Əlizadə Azərbaycan Xalq Cümhuriyyəti və sovet Azərbaycanında şeyxülislam olub. Hörmətli Allahşükür Paşazadə isə həm Sovet Azərbaycanı dövründə bu vəzifəni icra edib, həm də müstəqil Azərbaycan dövlətində şeyxülislamdır. Hər iki şeyxülislamın dövründə xalqımız erməni işğalı və soyqırımlarla üzləşib. Şeyxülislam axund Ağa Əlizadə Moskvada keçirilən sülh konfransında müharibənin qızışdırılmasının yolverilməz olduğunu bəyan etmişdi. Şeyxülislam Allahşükür Paşazadə isə 1990-cı il yanvarın 20-də xalqımıza qarşı törədilmiş faciə ilə əlaqədar Mixail Qorbaçova müraciət etmiş, cinayətkarların mühakimə olunmasını tələb etmişdi”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı kitabın Azərbaycanın din tarixinin öyrənilməsi baxımından əhəmiyyətli mənbə olduğunu qeyd etdi. Onun sözlərinə görə, bu cür kitablarla həm tariximizi öyrənir, gənc nəslə çatdırırıq, həm də İslam dünyasına göstəririk ki, Azərbaycan Qafqazda İslamın yayılması və qorunmasında özünəməxsus rol oynayıb.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov nəşrin elmi ictimaiyyət üçün sanballı kitab olduğunu vurğuladı. Şeyxülislam Allahşükür Paşazadənin Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə bir ağsaqqal kimi mühüm roluna toxunan natiq ulu öndər Heydər Əliyevin dövlət və din münasibətlərində onun fəaliyyətinə böyük hörmət və diqqətlə yanaşdığını qeyd etdi.
Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, eləcə də digər çıxış edənlər şeyxülislamlığın tarixini öyrənmək baxımından nəşri yüksək dəyərləndirdilər.
Kitabın elmi redaktoru Qafqaz Müsəlmanları idarəsi Elmi-Dini Şuranın sədri, akademik Vasim Məmmədəliyev, rəyçilər akademik Teymur Bünyadov, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, dosent, QMİ-nin sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Qəmərxanım Cavadlıdır.
Nəşrdə şeyxülislamlıq, şeyxülislam titulunun sahələri və mərhələləri, şeyxülislam titulunun vəzifəyə çevrilməsi, Səfəvi imperiyasında şeyxülislamlıq, Qafqaz şeyxülislamlarının həyat və fəaliyyətindəki enişli-yoxuşlu, lakin şərəfli məqamlara işıq salınır. Kitabda, həmçinin şeyxülislamlıqla bağlı bir sıra maraq doğuran əlyazmaların və şəkillərin fotoları yer alır.
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.