Mətbu sözün gücü: ilk qəzetlərdən sosial mediaya qədər

Dörd əsr əvvəl Avropada ilk qəzetlər, ardınca “qalın qəzetlər” – jurnallar, daha sonra “qəzetlər üçün qəzetlər” – informasiya agentlikləri yaranıb. Çap mətbuatı azad sözün, düşüncənin cəmiyyətin maariflənməsi üçün danılmaz xidmətlər göstərib. Bu gün də qəzetlər KİV-in digər növləri ilə sərt rəqabətdə öz missiyasını davam etdirməyə çalışır.

Təqribən bir əsr qabaq isə elm və texnika sahəsindəki ixtiralar yeniliklərin radio vasitəsilə efirdən səslənməsinə imkan yaradıb. Aradan heç 20-30 il keçməyib ki, “həm danışan, həm də göstərən sehirli qutu” – televiziya həyatımıza daxil olub. Vizual xəbər, canlı reportaj və şərhlər onillər boyu cəmiyyət həyatına güclü təsir göstərə bilib.

1970-ci illərin əvvəllərində  yeni innovasiyalar,  kommunikasiya texnologiyaları “dünya hörümçək toru”nu – interneti səhnəyə çıxarıb. O, özü ilə bərabər internet jurnalistikasına, sosial mediaya yol açıb. Qloballaşma prosesi sürətləndikcə,  informasiyanın bir göz qırpımında Yer kürəsinin ən ucqar nöqtəsinə çatması adi hala çevrilib.

Hazırda jurnalist peşəsinə də münasibət dəyişib. Bu vaxta qədər informasiyanı cəmiyyətə əsasən jurnalistlər təqdim ediblər. İndi bu funksiyanı hər bir internet fəalı icra edə bilir. “Redaktor qayçısı” və senzura anlayışları çoxdan unudulub. Görünən budur ki, sosial şəbəkələrdə söz, fikir və düşüncənin meydanı getdikcə genişlənir.  

Sosial medianın opponentləri də az deyil. Onlar hesab edirlər ki, burada peşəkarlıq ənənəvi jurnalistika ilə müqayisədə xeyli aşağı səviyyədədir. Amma gəlin etiraf edək ki, sosial şəbəkələrdə xəbərlər daha operativ, daha çevik, daha kütləvidir. Deməli, o, insanların həyatına daha böyük təsir imkanlarına malikdir və bu imkanlar getdikcə artır. 

 

 Çap mətbuatının yaşamaq hüququ

 

Cəmiyyətdə azad söz və fikir barədə mütərəqqi ideyalar ilk qəzetlərdən xeyli əvvəl meydana gəlib. Orta əsr  Avropasında Con Lokk (İngiltərə), Şarl Lyu Montöskye (Fransa) və digər filosoflar hesab edirdilər ki, azad mətbuat cəmiyyəti maarifləndirməklə, onu tərəqqi və sosial ədalət yoluna çıxara bilər.

 1609-cu ildə Strasburqda o zaman adı bir cümlədən ibarət olan ilk qəzet işıq üzü görüb və bundan sonra Almaniyada (o vaxt Strasburq Almaniyanın tərkibində idi), ardınca İtaliya, İngiltərədə nəşr olunan qəzetlər populyarlıq qazanıb. Mətbu söz istisnalar olsa da, cəmiyyətdə, bütövlükdə, maarifə, tərəqqiyə xidmət edib. Təsadüfi deyildir ki, XVII əsrin əvvəllərində məşhur ingilis filosofu Frensis Bekon yazıb ki, kompasın, barıtın və qəzetlərin yaranması dünyanı dəyişdirib.

 Lakin orta əsr Avropası, o dövrdə hakimiyyətdə olan monarx sülalələri mətbu sözün insanların “gözlərini aça biləcəyi”ndən çəkiniblər. Beləcə, demək olar ki, bütün ölkələrdə qəzetlərə nəzarət edən sərt senzura idarələri yaradılıb.  Hətta, Napoleon Bonopart və Otto fon Bismark kimi güclü dövlət xadimləri hakimiyyətdə olduqları dönəmlərdə ya qəzetlərlə “dost” olublar, ya da onları ciddi nəzarətdə saxlamağa çalışıblar.

Maraqlıdır ki, avropalı zəka sahiblərinin cəmiyyətdə azad sözün, mətbuatın rolu barədə fikirləri ilk dəfə okeanın o tayında, avropalıların “Yeni dünya” adlandırdıqları ABŞ-da hüquqi və praktik təsdiqini tapıb. Belə ki, bu ölkənin 1777-ci ildə qəbul edilən Konstitusiyasında dünyada ilk dəfə olaraq  qanunverici orqanın – Konqresin mətbuat azadlığına müdaxilə etməsinə qadağa qoyulub.  Ədalət naminə demək lazımdır ki, amerikalılar bu mühüm sənədin dəyişdirilməsinə bir dəfə də olsun cəhd göstərməyiblər.

 Çap mətbuatı XX əsrin əvvəllərinə kimi özünün “qızıl dövrü”nü yaşayıb. KİV-in yeni növləri yarandıqca, qəzetlərin informasiya məkanında yeri getdikcə daralıb. Onun qeyb olacağını da iddia edənlər də tapılıb. Lakin zaman göstərib ki, çap mətbuatını “hesabdan tam silmək istəyənlər” yanılırlar. Axı, bir vaxtlar kinonun da teatrı tam sıxışdırıb aradan çıxaracağını ehtimal edənlər vardı.

 Şərqin  işıqlı ziyalıları da mətbu sözə böyük ümidlər bəsləyiblər. Qürurverici haldır ki, Azərbaycanın fədakar millət fədailəri qonşu müsəlman ölkələri ilə müqayisədə bu sahədə öndə gediblər. “Əkinçi” qəzetini min bir məşəqqətlə açarkən “Heç ola bilməz ki, doğru söz yerdə qalsın” – deyən böyük mütəfəkkir Həsən bəy Zərdabinin, onun  ideyalarının davamçıları Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Üzeyir bəy Hacıbəyli və başqa millət fədailərinin xalqımızın elm, ürfan yolunda danılmaz xidmətlərini necə unutmaq olar?! 

 

  Qlobal media: doğrulmayan ümidlər

 

İkinci cahan müharibəsi başa çatanda qalib ölkələrin liderləri yeni dünya nizamı qurmağa qərar veriblər. 1948-ci ildə BMT İnsan Hüquqları Haqqında Bəyannamə qəbul edərək bütün dünyanı söz, fikir, düşüncə azadlığı prinsiplərinə əməl etməyə çağırıb. Azad, demokratik medianın qarşısında Yer kürəsinin hər yerində bəşəri, humanist dəyərlərin təşəkkül tapmasına yardım etmək vəzifəsi qoyulub.

Bir neçə onilliklər ərzində həqiqətən azad, demokratik media planetimizin siyasi, iqtisadi, mədəni həyatına güclü təsir göstərib. Hətta 1980-ci illərin sonlarında “soyuq müharibə”nin başa çatmasında medianın böyük rolu olub. Məşhur politoloq Zbiqnev Bjezinski nahaq yerə yazmayıb ki,  “Berlin divarı”nı azad, demokratik media “uçurub”.

 Lakin çox keçməyib ki, böyük dövlətlər informasiya məkanında inhisar yaratmağa cəhd ediblər. Məqsəd odlu silahdan heç də az təsirə malik olmayan informasiyaya, bütövlükdə qlobal axına nəzarət etmək, onu yönləndirmək olub. Beləcə, Qərbdən Şərqə tərəf qlobal informasiya axını, onunla bərabər Qərb düşüncə və həyat tərzinin ixracı başlayıb.

Qeyd etmək lazımdır ki, bu tendensiya dünya ictimaiyyəti tərəfindən narazılıqla qarşılanıb. Məlumdur ki, UNESCO-nun himayəsi altında bu məsələ ilə bağlı dəfələrlə beynəlxalq konfranslar, müzakirələr keçirilib. Lakin ABŞ və digər Qərb dövlətləri ilə “Üçüncü dünya ölkələri” arasında qeyri-bərabər maliyyə və texnoloji imkanlar problemin ədalətli həllinə nail olmağa imkan verməyib. 

Qloballaşma prosesi son illər qlobal informasiya axınını daha da sürətləndirib. Sirr deyil ki, dünyanın çox yerində insanlar hadisələr barədə ən operativ xəbərləri əsasən “France-Presse”, “Reuters” “The Associated Press” kimi iri informasiya agentlikərindən alır, BBC, CNN, “Fox News” kimi telekanalların gözü ilə dünyaya baxır, “The New York Times”, “The Washinqton Post”, “The Guardian” kimi nüfuzlu qəzetlərin təhlillərinə diqqət kəsilirlər.

 Qərb mediası, bu gün bir sıra ölkələrə qarşı ədalətli mövqe sərgiləmir. Məsələn, bu il iyulun ­15-də Türkiyədə dövlət çevrilişinə cəhd olub. Həmin günlərdə, təəssüf ki, Avropa mediası az qala terrorçulara dəstək nümayiş etdirib. Bu gün də Qərb mediası Türkiyəyə, onun xarizmatik lideri Rəcəb Tayyib Ərdoğana qarşı qərəzli mövqe tutur.  

Gəlin, müqayisə edək. ­Avropa mediasının hədəfinə nədənsə, zavallı ərəb qaçqınlarını ölkələrinin ərazilərinə buraxmamaq üçün uca divarlar inşa etdirən Avropa ölkələrinin rəhbərləri deyil, 3 milyon suriyalı və iraqlı qaçqını öz ərazisində yerləşdirən, onlara hər cür qayğı göstərən Türkiyənin Prezidenti tuş gəlir. Səbəb bəllidir: Qardaş ölkənin bölgədə söz sahibinə çevrilməsi Qərbdə açıq-aşkar qıcıq doğurur.   

 Qlobal media Azərbaycan vətəndaşının da ondan umduğu Qarabağ münaqişəsinə ədalətli yanaşmanı sərgiləmir. Hamı görür ki, xalqımız bu münaqişədə böyük tarixi haqsızlıqla üzləşib. Ermənistan öz havadarlarının dəstəyi ilə əzəli torpaqlarımızın bir hissəsini işğal edib. Qərb KİV-i isə erməni lobbisi, xristian təəssübkeşliyinin təsiri altında çox vaxt düzü əyri göstərir.

 

Sosial medianın dövranı?

 

 Sosial medianın çağdaş informasiya məkanında boy verməsi sürətli və ciddi dəyişikliklərə səbəb olub. Sosial şəbəkələr informasiyanın operativliyi və yayımlanması miqyası baxımından ənənəvi medianı geridə qoyub. Hətta bir vaxtlar “hökmranlıq edən” televiziyaların da ictimai fikrə təsir imkanları azalıb.

 Buna çox sayda nümunə göstərmək olar. Fikrimcə, bir fakt belə bəs edir. Belə ki, bu il Birləşmiş Ştatlarda növbəti prezident seçkiləri keçirilib. Bu ölkənin qüdrətli mediası açıq-aşkar sabiq dövlət başçısı, demokrat namizəd Hillari Klintonun tərəfində olub.  Onu təbliğ edib, rəqibi Donald Trampı isə kəskin tənqid edib.

Lakin respublikaçı namizəd medianın güclü təzyiqləri qarşısında geri çəkilməyib. Onun bu gərgin mübarizədə uğur əldə etməsində sosial medianın böyük rolu olub. Seçki texnoloqları etiraf edirlər ki,  D.Tramp məhz sosial şəbəkələrdən məharətlə bəhrələnərək, Birləşmiş Ştatların uzun onillər boyu yenilməz hesab edilən nəhəng mass-mediasına qalib gəlib. 

Yeri gəlmişkən, bu il noyabrın 25-də D.Tramp “The New York Times”-ın redaksiyasına gələrək, kollektivlə görüşü zamanı jurnalistləri qınayıb. Ekspertlər hesab edirlər ki, bu, haqlı irad idi. Belə ki, 1851-ci ildən nəşr olunan dünyanın ən nüfuzlu qəzetlərindən birinin prezidentliyə namizədlərə qarşı belə ayrı-seçkiliyə yol verməsi ciddi jurnalistikanın prinsipləri baxımından başadüşülən deyil.

Bu gün bütün dünyada qlobal medianın həqiqəti manipulyasiya etmək imkanları daralır. Sosial şəbəkələr həqiqətin dünya ictimaiyyətindən gizlədilməsinə mane olur. Ən azı, sosial media hətta qlobal dünya siyasətində haqqı nahaqdan ayırmaqda yardımçı olur.

Yenə konkret bir misal çəkmək olar. Son günlərin söhbətidir. Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Avropa Komissiyasının rəsmi Ankaranın Avropa İttifaqına (Aİ) üzv olmaq üçün danışıqları dayandırmaq barədə qərarına öz “Twitter” səhifəsində mövqeyini bildirib. O, qısa, lakonik şəkildə, Aİ rəhbərliyinin onun ölkəsinə ədalətsiz mövqe sərgilədiyini ortaya qoyub.   

Bu il noyabrın sonlarında Bakıda Dünya İnformasiya Agentliklərinin V Konqresi keçirilib. Burada iştirak edən nüfuzlu media qurumlarının rəhbərləri, mütəxəssislər müasir dönəmdə sosial medianın həyatımıza artan təsirindən söz açıblar. Yeri gəlmişkən, qonaqların çoxu Azərbaycanda internetin, sosial şəbəkələrin tam sərbəst fəaliyyət göstərməsini təqdir edib. 

Tədbirdə Yaponiyanın “JİJİ Press” agentliyinin beynəlxalq əlaqələr departamentinin rəhbəri Hiroşi Masuda ilə tanış olaraq ondan konqres barədə təəssürütlarını bölüşməsini xahiş etdim. Yaponiyalı həmkarım əvvəlcə tədbirdə ­Prezident İlham Əliyevin ingilis dilindəki parlaq nitqini dinləyərkən “bloknot”`una etdiyi qeydləri mənə göstərdi. Dedi ki, Azərbaycanın Şərqdə ilk demokratik cümhuriyyət qurması, ölkədə multikultural ənənələrin həyat tərzinə çevrilməsi barədə informasiyanı ilk dəfə dövlət başçısının nitqindən öyrənib. Bu faktlar onu yaxşı mənada heyrətləndirib.

 Prezident İlham Əliyev öz “Twitter” səhifəsində Azərbaycanın bütün taleyüklü məsələlərində vətəndaşlıq mövqeyini ortaya qoyur.  Ölkəmizdə rus, ingilis, alman, fransız, ərəb dillərini kifayət qədər yaxşı bilən minlərlə insan var. Onlar təkcə Qarabağla bağlı həqiqətləri paylaşsalar, bunun problemin ədalətli həllinə olduqca böyük təsiri ola bilər!

Ermənilər sosial şəbəkələrdə Azərbaycanın uğurlarına hər vəchlə kölgə salmağa çalışır, xalqımıza, ziyalılarımıza  qarşı çirkin təbliğat aparırlar. Onların hər bir böhtan və iftirasına ciddi və əsaslandırılan cavab verilməlidir. Bu, torpağı işğal altında olan hər bir Azərbaycan ziyalısının, jurnalistinin vətəndaşlıq borcudur. 

P.S. Bu gün dünyada ağlın, intellektin mübarizəsi gedir. İndi sosial medianın dövranıdır. Biz həmin medianın hüdudsuz imkanlarından mümkün qədər çox faydalanmağa çalışmalı, bütün dünyanı Azərbaycan həqiqətləri ilə yaxından tanış etməliyik. Unutmayaq ki, milli qeyrət və hünər zamanıdır!

Məsaim ABDULLAYEV, 
“Xalq qəzeti”

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun  keçirdiyi müsabiqəyə təqdim edilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında