Böyük təbib və filosof Əbu Əli İbn Sina demişdir: “Mən çox istərdim ki, biləm: mən kiməm və bu dünyada nə axtarıram?” Bu sualı bütün zəka sahibləri həmişə özlərinə verirlər. Bu sualın cavabı geniş dünyagörüşünə sahib olan şəxsiyyətlərin daxili aləmlərində, mənəviyyatında, yaradıcılığında öz təcəssümünü tapır. AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Aqil Əliyev belə zəka sahiblərindən idi. Doxsan illik yubileyi ərəfəsində aramızda olmadığı bir zamanda onun haqqında yazmaq, sözsüz ki, çox çətindir. Bu çətinlik onun cismani yoxluğu ilə əlaqədar olsa da, bu böyük insanın yaratdıqları, iqtisad elmi sahəsində zəngin fikirləri ilə bağlı mülahizə və ideyaları bu gün də çox dəyərli və əhəmiyyətlidir. Bu dəyərləri qiymətləndirmək heç də asan deyil.
Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Aqil Əlirza oğlu Əliyev, sözün əsl mənasında, ziyalı idi. Aqil müəllimin ziyalılığı xalqımızın əsrlərdən bəri yol yoldaşı olan mənəviyyatımızı, ədəb-ərkanımızı qoruyub saxlamaqda, onu intellektin işığında həmişə uca tutmaqdadır.
Aqil Əlirza oğlu Əliyev 1926-cı il dekabrın 10-da Vətənimizin ən qədim diyarlarından biri olan Naxçıvanda anadan olmuşdur. Atası Əlirza Cəfər oğlu Əliyev 1943-cü ildə Naxçıvan şəhərində vəfat etmişdir. Atasının vəfatından sonra ailənin bütün ağırlığı yeniyetmə Aqil Əliyevin üzərinə düşmüşdür. Müharibə illərində arxa cəbhədə çalışaraq çətinliklə ailə üzvlərinə kömək edərdi. Anası İzzət xanım sadə bir evdar qadın kimi, öz övladlarının təhsilli olmalarına çox üstünlük verərdi. Namaz qılıb oruc tutan ananın ümdə arzusu övladlarını təhsilli görmək idi. O, Məhəmməd peyğəmbərin (s.) beşikdən qəbrədək elm öyrənməyi müsəlmanlara tövsiyə edən sözlərini övladlarına xatırladırdı. Həzrət Əli (ə.) demişdir: “Elm zənginlər üçün bəzək, kasıblar üçün zənginlikdir”. Onun övladlarına tez-tez çəkdiyi bu cür misallar öz bəhrəsini verməyə bilməzdi. Odur ki, Aqil Əliyev 1946-cı ildə Bakı Dövlət Universitetinə daxil olmuş və 1951-ci ildə oranı bitirmişdir. 1953-cü ilə qədər Azərbaycan EA-nın Tarix İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır.
Onun iqtisad elminə və pedaqoji fəaliyyətə böyük marağı olduğundan 1953-cü ilin may ayında Azərbaycan Tibb Universitetinin siyasi iqtisad kafedrasında əmək fəaliyyətinə başlamışdır. Ömrünün sonuna qədər, yəni 53 il müddətində həmin universitetin siyasi iqtisad kafedrasında müəllim, dosent, professor və kafedra müdiri vəzifələrində çalışmışdır.
Aqil Əliyev 1970-ci ildə “Şəhər və kənd əhalisinin həyat səviyyəsinin bir-birinə yaxınlaşması problemləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmlər namizədi alimlik dərəcəsi almış, 1973-cü ildə dosent vəzifəsinə, 1979-cu ildə professor vəzifəsinə seçilmişdir. O, 1982-ci ildə “Şəxsi istehlakın iqtisadi problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.
A.Əliyevin elmi-pedaqoji fəaliyyəti, xidmətləri ayrı-ayrı dövrlərdə dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdir. O, 1982-ci ildə Əməkdar elm xadimi fəxri adına, “Şöhrət” və “Qırmızı Əmək Bayrağı” ordenlərinə, çoxlu sayda medal, fəxri fərman və təşəkkürnamələrə layiq görülmüşdür.
Aqil Əliyev 190-dan artıq elmi əsərin, o cümlədən 32 monoqrafiya və kitabın müəllifi olmuşdur. Çoxsaylı elmlər namizədi və elmlər doktorunun yetişməsində əvəzsiz xidmətlər göstərmişdir.
Azərbaycanda ilk dəfə olaraq “Şəxsi istehlakın iqtisadiyyatı və problemləri”, “Aqrar iqtisadiyyatın aktual problemləri”, “Kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsi problemləri” və digər sanballı monoqrafiyaların müəllifidir.
Aqil müəllimin bir alim kimi qoyub getdiyi elmi-pedaqoji irsini bir məqalədə əhatə etmək çətindir. Lakin o, elmi ideyaları, bilavasitə praktikaya tətbiq edən bir alim kimi xalqımızın tarixində özünəməxsus yer tutur.
Ulu öndərimiz Heydər Əliyevin sözləri ilə desək: “Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tutur”. Belə zəka sahiblərindən biri də Aqil müəllim olmuşdur.
Aqil müəllim zəngin elmi-pedaqoji təcrübəsi, natiqliyi, əməldə fəzilətliyi və xeyirxahlığı, fəaliyyətdə mübarizliyi və tükənməz səbri sayəsində insanlıq zirvəsini fəth etmişdir. Bu zirvə yalnız müdrik insanlara nəsib ola bilər.
Aqil müəllim bir çoxlarının dərdinə çarə tapan, işinə yarayan insan idi. O, insanın düşüncəsinin aydınlığını, şəffaflığını, saflığını sevən idi. O, heç kəsə ağır söz deməz, yaraya köz basmazdı. Yaxşı bilirdi ki, tikanlı söz qəlbi qırır, sındırır, insanın ruhi aləmini zədələyir.
Aqil müəllim sözünün qədir– qiymətini bilən idi, sözü zərgər dəqiqliyi ilə seçər, onu hədəfə vurardı. O, sözünün ağası idi, sözü ilə əməli həmişə üst-üstə düşürdü. İllər keçir, zaman dəyişir, çoxları zamana uyğun hərəkət etməyə çalışır, o isə dəyişməz idi. Ona görə də o, daim qərarlı, sakit, iradəli və seçmək qabiliyyətinə malik, seçdiyini sevən, ona vurulan, ona tapınan bir insan idi. Aqil müəllim hadisələri saf-çürük etməyi, onun səbəblərini aşkara çıxarmağı, çevik hərəkətlə ona cavab verməyi bacaran bir ziyalı idi. Bu çeviklik ona həmişə cəsarət, güc, şərəf gətirirdi.
Aqil müəllim sadə, təbii bir insan idi. Onun şəxsiyyəti haqqında o qədər maraqlı faktlar var ki, bəzən bilmirsən hansını deyəsən, hansını yazasan. Aqil Əliyev xeyirxahlığı, prinsipiallığı və mərhəmətliyi özündə təcəssüm etdirən nurlu bir sima idi. Xalqımızın ən gözəl xüsusiyyətləri olan insana yaxşılıq etmək, qayğı göstərmək Aqil müəllimin əqidə manifesti, həyat devizi idi. O, insanlara qayğı göstərirdi, onların işinə yarayırdı. Bu, onun həyatını mənalandırırdı, dəyərini, qiymətini yüksəldirdi. Aqil müəllim, sözün əsl mənasında, bir çox insanlar üçün ümid yeri idi. N.Tusinin belə bir fikrini yada salmaq çox yerinə düşür: “Başqasına etdiyin yaxşılığı unuda bilərsən, ancaq sənə edilən yaxşılığı unutmamalısan”. Bu fikir həmişə mənim qəlbimdə yaşayır. Onun insanlara səmimi, xeyirxah və qayğıkeş münasibəti bizim üçün əbədi bir örnəkdir.
Aqil müəllim həddən artıq tələbkar idi. O, biganəliyi xoşlamırdı. El- obasının qədrini bilən idi, xalqa xidməti həyatının məna və məqsədi hesab edirdi. Aqil müəllim saf əqidəsi və məsləki olan ziyalı idi. Onun əqidəsi humanizmə, həqiqətə, ədalətə söykənirdi.
Antik dövr filosofu Epikürün şagirdləri onları müəlliminə bağlayan nədir sualına belə cavab vermişdilər: “Bizi Epikürə bağlayan onun həmişə özü-özünə bərabər olmasıdır”. Bu epitet tamamilə Aqil müəllimə aiddir: o həmişə özü-özünə bərabər idi, təkrarsız idi!
Aqil müəllim insanlığı, şəxsiyyəti, səmimiyyəti uca tutub qiymətləndirən, onu qorumağı bacaran nadir bir şəxsiyyət idi. O, adamlar arasında özünün ən ülvi keyfiyyətləri ilə sayılıb- seçilirdi. Təbiətən sakit, mülayim, həddən artıq nəvazişli və qayğıkeş idi.
İşlədiyi müddətdə onun xalq və Vətən qarşısında xidmətləri layiqincə qiymətləndirilmişdir. Onun əmək fəaliyyətində çox gərgin illər də olmuşdur.
Azərbaycan KP MK-nın o zamanki rəhbərliyinin nadanlığı nəticəsində professor A.Əliyev heç bir əsas olmadan 1988-ci ildə işdən uzaqlaşdırılaraq, təqaüdə göndərilmişdir.
Lakin çox keçmədən bu səhv dərk edilmiş və professor A.Əliyev 1992-ci ildə yenidən elmi-pedaqoji fəaliyyətə qaytarılmışdır. 1998-ci ildən ATU-da “İqtisadiyyat və hüququn əsasları” kafedrasının müdiri vəzifəsində ömrünün sonuna qədər çalışmışdır.
1996-cı ildə A.Əliyev Beynəlxalq Enerji İnformasiya Elmlər Akademiyasının Azərbaycan bölməsinin həqiqi üzvü – akademik seçilmişdir.
O, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdi. 2003-cü ildə A.Əliyev Beynəlxalq Menecment Akademiyasının həqiqi üzvü olmuşdur. 2006-cı ilin yanvar ayında Beynəlxalq İqtisadçılar İttifaqının üzvü seçilmişdi.
A.Əliyev 1986-2005-ci illərdə Azərbaycanın elmi-texniki inkişafının kompleks proqramının işlənilməsində yaxından iştirak etmişdir. Əhalinin sağlamlığının qorunması problemi komissiyasının sədri olmuşdur. Əhalinin sağlamlığının qorunması bölməsinin proqramı onun tərəfindən tərtib edilərək kompleks proqrama daxil edilmişdir. O, həmçinin Azərbaycanda məhsuldar qüvvələrin yerləşdirilməsinin inkişaf sxeminin işlənib tərtib olunmasının müəlliflərindən biri olmuşdur.
Professor A.Əliyev elmi-pedaqoji institutlar və universitetlər üçün “İqtisadi nəzəriyyə” kursu üzrə yazılmış 2 cildlik dərsliyin müəlliflərindən biri olmuşdur.
A.Əliyev geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş müxtəlif jurnal və qəzetlərdə yüzlərlə elmi-kütləvi və publisistik məqalənin müəllifi olmuşdur.
A.Əliyev yüksək ixtisaslı iqtisadçı və tibb kadrlarının hazırlanmasındakı xidmətlərinə görə 1982-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
Professor A.Əliyevin ictimai fəaliyyəti də çox zəngin olmuşdur. O, dəfələrlə rayon və universitet partiya komitələrinin büro üzvü seçilmiş və bu işdə çox fəallıq göstərmişdir.
O, “Şəxsi istehlakın iqtisadiyyatı və problemləri”, “Aqrar iqtisadiyyatın aktual problemləri”, “Kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsi problemləri”, “Səhiyyədə iqtisadiyyat, planlaşdırma, idarəetmə, maliyyələşdirmə və əməyin elmi təşkili”, “ASK-nın aqrar bölməsində elmi-texniki tərəqqini sürətləndirmə problemləri” və sair sanballı monoqrafiyaların müəllifidir.
Yalnız bazar iqtisadiyyatına keçid şəraitində A.Əliyevin 80 elmi əsəri çap olunmuşdur. Onlardan “Azərbaycanın sosial-iqtisadi inkişafında islahatların rolu”, “İpək Yolunun bərpası bəşəriyyətin tərəqqisi yoludur”, “Azərbaycanda bazar münasibətləri şəraitində əhalinin sosial problemləri”, “Səhiyyənin iqtisadiyyatı”, “Azərbaycanda əhalinin səviyyəsinin yüksəldilməsinin aktual problemləri”, “Naxçıvan Muxtar Respublikası: nailiyyətlər, problemlər” (I və II cild), “Bazar iqtisadiyyatına keçid: dövlətin iqtisadi siyasəti”, “Bələdiyyələr. Metodik kömək”, “Dünya iqtisadiyyatı: müasir dövrün problemləri”, “Müstəqil Azərbaycan iqtisadiyyatının aktual problemləri” və sair sanballı kitabları yazmışdır.
Professor A.Əliyev zəhmətlə dolu ibrətamiz bir həyat yolu keçmiş, həyatını bütövlükdə xalqımızın və Vətənimizin tərəqqisinə həsr etmişdir. O, ATU-nun və respublikamızın ictimai həyatında yaxından iştirak etmişdir. Çox təəssüf ki, amansız ölüm onu sıralarımızdan tez apardı. Görkəmli iqtisadçı alim, peşəkar pedaqoq gözəl insani keyfiyyətlərini, humanistliyi, ədalətliliyi, prinsipiallığı ilə yaddaşlarda iz və işıqlı bir xatirə qoyub getmişdir.
Bütün həyatı boyu saflıq, əməksevərlilik və insansevərlilik mücəssəməsi olan Aqil müəllimin əziz xatirəsi onu istəyənlərin qəlbində daim yaşayacaqdır. Cəlaləddin Ruminin bir sözü var ki, öləndən sonra məni torpaqda yox, insanların qəlbində axtarın. Bu sözlər dostlarının, həmkarlarının, tələbələrinin, bütün xalqımızın ürəyində nəcibliyi, kamilliyi, böyüklüyü ilə əbədi yer tutmuş professor Aqil Əliyevə tam layiqdir.
Qoşqar ƏLİYEV,
ATU-nun ictimai fənlər kafedrasının müdiri,
fəlsəfə elmləri doktoru, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.