Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri 2016-cı il fevralın 15-də “Eynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalamışdı. Sərəncama əsasən, tədbirlər planı təsdiq olunmuş, görkəmli yazıçı-publisist və pedaqoqun yubileyi ilə əlaqədar muxtar respublikada silsilə tədbirlər keçirilmişdir.
Dekabrın 3-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Eynəli bəy Sultanovun 150 illik yubiley tədbiri keçirilmişdir.
Ali Məclisin sədri Vasif Talıbov və tədbir iştirakçıları əvvəlcə teatrın foyesində Eynəli bəy Sultanovun 150 illik yubileyinə həsr olunmuş sərgiyə baxmışlar. Burada Eynəli bəy Sultanovun həyat və fəaliyyətinə həsr olunmuş kitablar, qəzet və jurnal materialları, yubiley münasibətilə buraxılmış poçt markası, avtoreferat, görkəmli pedaqoqun həyatının müxtəlif dövrlərinə aid fotoşəkillər, müxtəlif dövrlərdə yazdığı məqalələr nümayiş etdirilirdi.
Sərgi ilə tanışlıqdan sonra tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Eynəli bəy Sultanovun anadan olmasının 150 illik yubileyi münasibətilə tədbir iştirakçılarını, muxtar respublikanın bütün yaradıcı ziyalılarını təbrik edərək demişdir:
– Böyük tarixə və zəngin mədəniyyətə malik olan Naxçıvan torpağı görkəmli sərkərdələr, siyasətçilər, ziyalılar, mütəfəkkirlər, yazıçı və şairlər yetişdirib. Onlardan biri də yazıçı-publisist və pedaqoq Eynəli bəy Sultanovdur. Eynəli bəyin fədakar ziyalı fəaliyyəti ictimai və milli fikir tariximizdə mühüm mərhələ təşkil edir.
150 il bundan əvvəl, 1866-cı ildə Naxçıvan şəhərində anadan olan Eynəli bəy Sultanov ilk təhsilini Naxçıvan qəza məktəbində almış, sonra isə İrəvan kişi gimnaziyasında oxumuşdur. Burada Avropa ədəbiyyatını və Qərb maarifçiliyini öyrənən Eynəli bəy Sultanova şəhər ibtidai məktəblərində müəllimlik etmək hüququ verilmişdir.
Quberniya dəftərxanasında çalışaraq hüquq sahəsində təcrübə qazanan Eynəli bəy Sultanov 1893-cü ildən 1903-cü ilə qədər məhkəmə və prokurorluq orqanlarında fəaliyyət göstərmiş, dairə məhkəməsi prokurorunun köməkçisi olmuşdur. Lakin bütün bunlar ona geniş mənada təmsil etdiyi xalqına xidmət imkanları yaratmırdı. Bu əqidə ilə də həyatını “müqəddəs müəllimlik sənətinə həsr edən” Eynəli bəy Naxçıvanın təhsil görmüş tərəqqipərvər gənclərini ətrafına toplayaraq, öz evində ədəbi məclislər düzəltmiş, oxuduğu kitablar, rus və Avropa yazıçılarının həyat və fəaliyyətləri barədə söhbətlər aparmış, dövrün ictimai-siyasi məsələlərini müzakirəyə çıxarmışdı.
Bu, elə bir dövr idi ki, savadsız əhalinin yeniliklərə qarşı olmalarına baxmayaraq, Eynəli bəy Sultanov xalqının maariflənməsi uğrunda çalışır və deyirdi ki, müəllim həqiqi xalq müəllimi olmalı, xalqı sevməli və xalq tərəfindən sevilməlidir. O, bütün həyatı boyu müəllimlik missiyasına sadiq qalmış, Azərbaycanın görkəmli yazıçı və publisistlərinin, mütərəqqi ziyalılar dəstəsinin ilk müəllimi və tərbiyəçisi kimi şöhrət qazanmışdır.
Eynəli bəy Sultanov hələ gimnaziyada oxuyarkən Naxçıvanda maarifçi mühitin formalaşmasında yaxından iştirak etmiş, qabaqcıl ziyalıları öz ətrafında toplayaraq 1882-1883-cü illərdə “Ziyalı məclisi”, “Müsəlman dram incəsənəti cəmiyyəti” kimi ədəbi-mədəni mərkəzlər yaratmışdır. O dövrün yeniyetmə və gəncləri üçün bu mərkəzlər, sözün həqiqi mənasında, məktəb rolunu oynamışdır. Bununla yanaşı, Eynəli bəy Sultanov “Ziyalı məclisi” üzvlərinin köməyi ilə Naxçıvanda ilk mətbəə və kitabxana da yaratmışdır.
Ali Məclisin sədri demişdir: Maarifçilik işində teatrın mühüm funksiya daşıdığını vurğulayan Eynəli bəy Sultanov 1883-cü ildə Naxçıvan teatrının yaranmasında yaxından iştirak etmiş, rejissor kimi bəzi tamaşalara quruluş vermiş, hətta aktyorluq da etmişdir. Ədəbi-bədii fəaliyyətinin Tiflis dövründə də Azərbaycan teatrının inkişafı üçün çalışan Eynəli bəy Azərbaycan teatr tənqidinin əsasını qoyanlardan biri kimi müxtəlif tamaşalara resenziyalar yazmış, ayrı-ayrı aktyorlar haqqında məqalələr çap etdirmişdir. Publisist kimi də tanınan Eynəli bəy Sultanov XIX əsrin 80-ci illərindən başlayaraq, mətbuat orqanları ilə əməkdaşlıq etmiş, qəzet, jurnal və məcmuələrdə çap olunan publisistik materiallarla xalqı oyatmağa səy göstərmiş, “Kaspi” qəzetinin İrəvan və Naxçıvan üzrə xüsusi müxbiri olmuşdur. Eynəli bəyin məqalələrində maarif, mədəniyyət, qadın azadlığı və hüquq bərabərliyi məsələləri öz geniş əksini tapmışdır.
Bildirilmişdir ki, Qarsda, İrəvanda və Tiflisdə müxtəlif vəzifələrdə, o cümlədən “Tiflis Müsəlman Xeyriyyə Cəmiyyəti”ndə və Zaqafqaziya Maliyyə Komissarlığında işləyən Eynəli bəy Sultanov ictimai xadim kimi də tanınmışdır. O, Azərbaycanda latın qrafikalı əlifbaya keçid sahəsində təşəbbüslər etmiş, 1924-cü ildə Yeni Əlifba Komitəsi Tiflis şöbəsinin katibi kimi səmərəli fəaliyyət göstərmişdir. Ədəbi yaradıcılıqla da məşğul olan Eynəli bəy məhsuldar işləmiş, hekayə, dram və şeirlər yazmışdır. Onun sadə azərbaycanlıların həyatı ilə sıx bağlı olan əsərləri xalq həyatının bədii ifadəsidir. “Mən ədib deyiləm, ancaq ədəbiyyat maraqlısıyam”, – deyən Eynəli bəy Sultanov istedadlı ədib, publisist və pedaqoq kimi xalqımızın maariflənməsində, mədəni inkişafında mühüm rol oynamış, ədəbiyyatda realizmin və vətəndaş fəallığının müdafiəçisi kimi çıxış etmişdir.
“Bədii və publisistik yaradıcılıqla yanaşı, ilk dəfə folklor nümunələrimizin toplanması ilə də məşğul olan Eynəli bəy Sultanov Naxçıvanda üç minə qədər atalar sözü toplamışdır. Elə təkcə bu faktın özü Eynəli bəyin öz xalqına, xalqının keçmişinə, zəngin söz yaddaşına və adət-ənənəsinə nə qədər bağlı olduğuna nümunədir”, – deyən Ali Məclisin sədri bildirmişdir ki, təhsil illərində rus və fransız dillərini öyrənən Eynəli bəy Sultanov tərcümə sahəsində də səmərəli fəaliyyət göstərmiş, müxtəlif xalqların qabaqcıl ədəbi nümunələrini Azərbaycan dilinə, Azərbaycan yazıçılarının əsərlərini isə rus dilinə tərcümə etmiş, bu yolla ədəbi irsimizin təbliğinə və zənginləşməsinə öz töhfəsini vermişdir.
Eynəli bəy Sultanovun bütün ədəbi və maarifçi-ictimai fəaliyyəti bir müqəddəs amala – xalqın savadlanmasına, işıqlı gələcəyinə, inkişaf və tərəqqisinə xidmət edirdi. O, Azərbaycan xalqına müraciətlə yazırdı ki, “Mən səni sevirəm, mənim xalqım! Mən inanıram, sənin irəliyə doğru hərəkətini ləngidən hər cür buxovlardan azad olacağın vaxt uzaqda deyil”. Xalqının maariflənməsində xidmətləri olan Eynəli bəy Sultanov kimi şəxsiyyətlər xalqımızın yaddaşında daim yaşayacaqlar.
Tədbirin aparıcıları Eynəli bəy Sultanovun “Dan ulduzu” jurnalında çap olunmuş “El ədəbiyyatı” məqaləsini və “Günəşin qasidi” şeirini, “Zaqafqaziya” qəzetində dərc olunmuş “Müsəlmanlar arasında ifşaedici məktublar” silsiləsindən olan məqalələrindən, “Naxçıvan şəhərində kişi gimnaziyası açmaq haqqında”, “Naxçıvan məktubları”ndan, “Azərbaycan ziyalıları haqqında” və “Son söz” məqalələrindən parçaları oxumuş, görkəmli ziyalının Azərbaycan xalqının gələcəyinə olan inamını ifadə edən fikirlərini, jurnalist Səbuhi Hüseynovun “Eynəli bəyə məktub” məqaləsini tədbir iştirakçılarının diqqətinə çatdırmışlar.
Sonra tədbir iştirakçıları Naxçıvan Dövlət Televiziyasının Eynəli bəy Sultanovun 150 illik yubileyi münasibətilə hazırladığı “Onun həyat amalı” televiziya filminə baxmışlar.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.