Dekabrın 2-də İçərişəhərdəki “Art Garden” sərgi salonunda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə azərbaycanlı kulinar, yazıçı və fotoqraf Stalik Xankişiyevin “Kazan, kulinarnıy samouçitel” və “Plov, kulinarnoye issledovaniye” kitablarının təqdimatı keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.
Əvvəlcə rejissor Şamil Nəcəfzadənin Azərbaycan mətbəxindən bəhs edən sənədli filmi təqdim olunub. Filmdə Azərbaycan mətbəxində 2000-dən çox xörək növünün olduğu, xalqımıza məxsus çörək növlərinə hələ X–XII əsrlərə aid tarixi yazılarda rast gəlindiyi bildirilir. Qeyd olunur ki, milli kulinariyamızda hər bir yeməyin adının öz mənası var.
Təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, bu tədbir çox əlamətdar bir gündə keçirilir. Belə ki, bu günlərdə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən 11-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən UNESCO-ya birgə təqdim edilən “Lavaş, katırma, jupka, yufka - nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti” UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu münasibətlə bütün iştirakçıları təbrik edən nazir deyib ki, UNESCO ilə əməkdaşlığın inkişafında, mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın müstəsna rolu var.
Azərbaycan mətbəxinin zənginliyindən söz açan Ə.Qarayev bildirib ki, milli kulinariyanın tarixi bütövlükdə, mədəniyyətimizin mühüm tərkib hissəsi olmaqla çox qədimlərə gedib çıxır. Bu mətbəx min illər boyu əcdadlarımız tərəfindən nəsildən-nəslə ötürülərək bugünkü səviyyəyə gəlib çatıb.
Azərbaycan mətbəxinin dünyada tanıdılması istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdıran nazir vurğulayıb ki, təqdimatı keçirilən kitablar milli mətbəx nümunələrimizin daha geniş coğrafiyada tanınmasında mühüm əhəmiyyət kəsb edəcək.
Stalik Xankişiyevə yeni yaradıcılıq uğurları arzulayan nazir deyib ki, Azərbaycan mətbəxinin təbliğində onun əməyi danılmazdır.
Tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək müəllifin işini yüksək qiymətləndiriblər.
Bildirilib ki, Stalik Xankişiyev bir sıra telekanallarla əməkdaşlıq çərçivəsində, müəllifi olduğu kitablarda, televiziya verilişlərində Azərbaycan milli mətbəxinə geniş yer ayırır. “Böyük İpək Yolu” mükafatını qazanan Stalik Xankişiyevin müəllifi olduğu “Bazar, qazan və dəstərxan” kitabı “İyirmi ildə milli mətbəx haqqında ən yaxşı kitab” nominasiyası üzrə qalib olub. Azərbaycan milli mətbəx nümunələrinin təbliğində səmərəli fəaliyyət göstərən S.Xankişiyevin “Kazan, kulinarnıy samouçitel” kitabı 2015-ci ildə “Qurman” kulinariya kitabları beynəlxalq müsabiqəsində birinci yeri tutub. “Plov, kulinarnoye issledovaniye” kitabı isə bu il həmin müsabiqənin milli mətbəx haqqında ən yaxşı nominasiyasında qalib gəlib.
Tədbirin iştirakçılarına minnətdarlığını bildirən müəllif deyib: “Azərbaycan kulinariyası haqqında kitabımın ilk dəfə milli mətbəx nominasiyasında qalib gəlməsi mənim üçün tarixi hadisədir. Müsabiqədə Finlandiya, Meksika, Hindistan kimi zəngin mətbəxi olan 205 ölkənin milli mətbəxi təmsil olunurdu. Bu qələbəmdə mənə böyük dəstək verən Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rolunu xüsusi qeyd etmək istəyirəm. Qalib olarkən bu sözləri dedim: “Azərbaycan adı sizin üçün kulinariya xəritəsində yeni bir addır, lakin siz bu adı yaxşı yadınızda saxlayın. Siz bu ada hələ çox rast gələcəksiniz”.
Həyatının böyük bir hissəsini biznesə həsr etdiyini söyləyən S.Xankişiyev öz xoşbəxtliyini kulinariyada tapdığını bildirib.
Milli mətbəximiz haqda yeni kitab - “Təndir” üzərində işlədiyini söyləyən S.Xankişiyev Azərbaycan mətbəxini dünyada təmsil etməyə, daha da yaxından tanıtmağa çalışdığını bildirib. “Bir azərbaycanlı olaraq milli mətbəximizin beynəlxalq aləmdə qəbul olunması, başqaları tərəfindən mənimsənilməməsi üçün əlimdən gələni edəcəyəm”, - deyə müəllif vurğulayıb.
Təqdimat mərasimi musiqili proqramla başa çatıb.
AZƏRTAC
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.