Vyana Ştraus Festival Orkestrinin Heydər Əliyev Mərkəzində konserti olub

Məşhur Vyana Ştraus Festival Orkestri dekabrın 1-də Heydər Əliyev Mərkəzində “Mənim həyatım: sevgi və şövq” adlı konsert proqramı ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva konsertdə olub.

Konsertdə dünya şöhrətli avstriyalı bəstəkar, “Valsın kralı” İohan Ştrausun, həmçinin digər Vyana klassiklərinin – ata İohan Ştraus, Karl Mixael Tsirer, Karl Tseller, Yozef Ştraus, Eduard Ştraus və Luici Arditinin əsərləri ifa olunub.

Orkestrin yaradıcısı və bədii rəhbəri Peter Qut Ştraus dövrünün ənənələrinə sadiq qalaraq konsertdə həm skripkada ifa edib, həm də dirijorluq edib. İohan Ştraus ənənəsinin davamçısı olan sənətkarın ifası böyük maraqla qarşılanıb.

Peter Qut bu dəfə də konsert boyu tamaşaçılarla səmimi ünsiyyət qurub. O, Bakıya ikinci dəfə gəlişindən və nadir memarlıq nümunəsi olan Heydər Əliyev Mərkəzində bir daha konsert verməyindən böyük şərəf duyduğunu bildirib.

Proqramda operettalardan parçalar orkestrin solisti Elizabet Yarman (soprano) tərəfindən təqdim olunub. Solist öz ifası və yüksək artistik məharəti ilə tamaşaçıları ifa olunan əsərlərin qəhrəmanlarına qısa zaman kəsiyində olsa da yaxınlaşdırıb.

Qeyd edək ki, Peter Qut konsertdən əvvəl jurnalistlərə müsahibəsində Bakıya hələ ilk gəlişində bu şəhərin gözəlliyinə və müasirliyinə valeh olduğunu söyləyib. Vyanada gözəl tikililərin olduğunu qeyd edən görkəmli musiqiçi Heydər Əliyev Mərkəzinin zalında akustikanın mükəmməlliyini xüsusilə vurğulayıb. O, həmçinin diqqətə çatdırıb ki, Vyana musiqisi çox müsbət və optimistdir. Təəssüf ki, dünyanın bəzi ölkələrində müharibə gedir, böhranlar baş verir. Bizim orkestr musiqinin dili ilə insanlara dünyanın gözəl olduğunu aşılamağa, konsert müddətində tamaşaçılara xoş anlar bəxş etməyə çalışır.

Xatırladaq ki, Vyana Ştraus Festival Orkestri Heydər Əliyev Mərkəzinin səhnəsində ilk dəfə 2014-cü ildə çıxış edib və tamaşaçılara bayram əhvali-ruhiyyəsi yaşadıb.

Ştraus Festival ­Orkes­tri Vyananın əsl musiqi ənənələrinin qoruyucusu, Avropanın aparıcı musiqi kollektividir. 1978-ci ildən fəaliyyət göstərir və Vyana şəhərinin rəsmi orkestridir.

Dünya şöhrətli orkestrin Bakıda ikinci çıxışı da tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb.

Konsertdən sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyana Ştraus Festival Orkestrinin yaradıcısı və bədii rəhbəri Peter Qutla görüşüb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında