Milli Məclisin deputatı, yazıçı, Əməkdar jurnalist Elmira Axundovanın Moskvanın “Politiçeskaya ensiklopediya” nəşriyyatında rus dilində nəşr edilmiş “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” (“Ильхам Алиев. Портрет президента на фоне перемен”) kitabının noyabrın 30-da “Gülüstan” sarayında təqdimatı keçirilib.
Tədbirdə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə tədbiri açaraq Azərbaycan Respublikası dövlət mükafatı laureatı Elmira Axundovanın “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” əsərinin təqdimatının ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu bildirib.
Azərbaycan xalqının tarixində böyük şəxsiyyətlərin çox olduğunu vurğulayan akademik deyib ki, XXI əsrdə belə tarixi şəxsiyyət Prezident İlham Əliyevdir. Hər hansı şəxsin milyonlarla insandan fərqlənərək xalqı öz arxasınca aparan dahi şəxsiyyətə çevrilməsinin sirrini açmağı qarşısına məqsəd qoyan müəllif bu vəzifənin öhdəsindən uğurla gəlib, Azərbaycan Prezidenti İlham Əliyevin mükəmməl, əzəmətli, orijinal portretini öz qələminin gücü ilə yarada bilib.
Qeyd olunub ki, kitabın ağırlıq mərkəzini Prezident İlham Əliyevin müstəqil Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş siyasi fəaliyyəti təşkil edir. On ildən artıq müddətdə İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatda keçid mərhələsi başa çatıb, vətəndaş cəmiyyətinin formalaşmasının əsası qoyulub, ölkənin strateji mövqeləri möhkəmləndirilib, müdafiə qüdrəti artıb, Azərbaycan sosial-iqtisadi və mədəni-mənəvi cəhətdən inkişaf edərək regionun lider dövlətinə çevrilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2003-cü ildə öz siyasi platformasını elan etdiyini vurğulayan A.Əlizadə deyib ki, ötən müddətdə ölkəmizdəki dəyişikliklər, hərtərəfli inkişaf xalqımızın və ziyalılarımızın həmin vaxt nə qədər düzgün seçim etdiklərini göstərir. Son on beş ilə yaxın müddətdə ölkənin inkişafı sübut etdi ki, Azərbaycanı intellektin və mənəvi dəyərlərin işığında xoşbəxt gələcəyə apara bilən yeganə lider İlham Əliyevdir.
Bu gün Azərbaycanın əsas strateji hədəfinin intellektual inkişaf modelinə əsaslanan biliklər cəmiyyətinin qurulması olduğunu qeyd edən AMEA-nın prezidenti deyib: “Hazırda Azərbaycanda bütün dünyanın qibtə etdiyi və olduqca yüksək qiymətləndirdiyi multikultural və tolerant mühit yaranıb. Bütün bu uğurların əsasında İlham Əliyev tərəfindən dönməz və dinamik ritmlə həyata keçirilən dövlət siyasəti dayanır. Kitabda bu məqamlar geniş əksini tapıb”.
Əsərin Azərbaycan həqiqətlərinin rus dili vasitəsilə dünyada təbliğinə böyük töhfə verəcəyini vurğulayan akademik A.Əlizadə kitabın dünyanın aparıcı dillərinə də tərcümə edilməsinin zəruriliyini diqqətə çatdırıb. Bildirib ki, kitab olduqca mükəmməl struktura malikdir. Müəllif İlham Əliyev şəxsiyyətinin real fakt və hadisələrə əsaslanan parlaq obrazını yaratmaq üçün müxtəlif baxış bucaqları müəyyən edib. Oxucu nəşrdə İlham Əliyev ilə yaxın münasibətdə olan şəxslərin, ailə üzvlərindən tutmuş görkəmli siyasi xadimlərə qədər müxtəlif insanların Prezidentlə bağlı xatirələri, fikir və mülahizələri ilə tanış olur. Müəllif qeyd edir ki, İlham Əliyev hələ keçən yüzilliyin 90-cı illərinin ortalarından planetin aparıcı liderlərinə xas olan xüsusiyyətləri ilə dünyanın siyasi elitasının diqqətini cəlb etməyə başlayıb. Xüsusən, “Əsrin kontraktı”nın gerçəkləşməsində göstərdiyi titanik səylər, prezident seçildikdən sonra isə qlobal siyasət meydanında dünya səviyyəli lider kimi fəaliyyəti, qətiyyəti və cəsarəti çoxsaylı fakt və sənədlərin işığında oxucunun diqqətinə çatdırılır. Bu baxımdan kitabın “İlham Əliyevin neft “qambiti”, “Böyük” neftdən “böyük” siyasətə”, “Şərq və Qərb arasında”, “Böyük idman – böyük siyasət”, “Güclü lider – güclü ölkə, yaxud stereotiplərin sındırılması” və başqa fəsilləri faktlarla kifayət qədər zəngindir.
A.Əlizadə müəllif E.Axundovanı ziyalı-vətəndaş mövqeyi ilə dövlətçilik düşüncəsinin vəhdətinin təcəssümü olan belə bir sanballı kitabı ərsəyə gətirməsi münasibətilə təbrik edərək, ona yeni yaradıcılıq uğurları arzulayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov yüksək intellektə, nadir idarəçilik istedadına malik, qlobal tendensiyaları və ölkənin prioritetlərini düzgün müəyyənləşdirən lider Prezident İlham Əliyev haqqında sanballı əsərin təqdimatı münasibətilə müəllif E.Axundovanı təbrik edib. Nəşrin tədqiqatçılar üçün etibarlı mənbə olduğunu deyən U.Ələkbərov qeyd edib ki, kitab Prezident İlham Əliyevin fəaliyyətinin müxtəlif aspektlərini əhatə edir.
Nəşrin “Neft qambiti” və “Böyük” neftdən “böyük” siyasətə” bölmələri ilə əlaqədar fikirlərini bölüşən rektor bildirib ki, Azərbaycanın davamlı inkişafının uğurlarının başlıca amili insan potensialının formalaşdırılması və səfərbər edilməsidir. 2003-cü ildə Prezident İlham Əliyev tərəfindən elan edilən “qara qızıl”ın insan kapitalına çevrilməsi” konsepsiyası bir çox mühüm məsələlərin həllində əsas rol oynayıb. Formal təhsilin inkişafı, dövlət qulluqçularının, qərarların qəbulu və yerinə yetirilməsinə məsul şəxslərin ixtisaslarının artırılması, iqtisadiyyatın şaxələndirilməsi və modernləşməsi bu strategiyanın tərkib hissələridir. Bu siyasətin nəticəsi kimi, Azərbaycan beynəlxalq təşkilatların qiymətləndirmələrinə görə, 2010-cu ildən başlayaraq, insan potensialının inkişafı sahəsində yüksək nəticələr əldə etmiş ölkələr qrupuna daxil olub. Bu nailiyyət Prezident İlham Əliyevin strateji qələbəsidir.
Prezident İlham Əliyevin innovativ idarəetmədə iki yanaşmasını xüsusi vurğulayan U.Ələkbərov bildirib ki, onlardan biri dövlət inkişaf proqramlarının milli inkişaf proqramlarına transformasiyasıdır. Bu proqramların həyata keçirilməsində dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti və özəl sektor da fəal iştirak edir. Bu baxımdan Azərbaycanın birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti mühüm yer tutur. Beynəlxalq səviyyədə ölkənin imicinin formalaşması, inkişaf üçün əlverişli mühitin yaradılması, keyfiyyətli təhsil proqramları bu fəaliyyətin yalnız bir hissəsidir.
Dövlətimizin başçısının rəhbərliyi ilə reallaşdırılan bütün layihələrin birmənalı olaraq, həm milli maraqlara cavab verdiyini, həm də qlobal və regional inkişafa xidmət etdiyini deyən rektor bu baxımdan neft layihələrini xüsusi qeyd edib. U.Ələkbərov nəşrdə Prezident İlham Əliyevin insan potensialının formalaşmasına dair təşəbbüslərindən ətraflı bəhs edildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, Azərbaycanın “innovativ sıçrayışı” üçün zəmin hazırlayan potensialı – yüksək intellektli gəncləri var. Onların formalaşması, həm də həyatdan dərs almaları üçün Prezident İlham Əliyevin timsalında müdrik lider və gələcəyi proqnozlaşdıran, yönləndirən əsl rəhbər örnəyi var. Bu baxımdan kitab kadr potensialının formalaşması üçün olduqca əhəmiyyətlidir və dərs vəsaiti kimi istifadə edilə bilər.
AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, professor, Milli Məclisin deputatı Musa Qasımlı XXI əsrin görkəmli dövlət xadimi İlham Əliyevə həsr edilmiş kitabın təqdimatının mühüm hadisə olduğunu bildirib. Prezident İlham Əliyevin Azərbaycan tarixində indiyədək görünməyən mühüm uğurlara imza atdığını vurğulayan M.Qasımlı bütün bu nailiyyətlərin əsərdə yüksək səviyyədə təqdim olunduğunu qeyd edib. Diqqətə çatdırıb ki, Azərbaycan dövləti yaşadıqca tariximizin bu uğurlu səhifələrinə daim müraciət ediləcək. Çünki tarix boyu güclü dövlət xadimlərinin irsinə tez-tez müraciət olunur.
M.Qasımlı kiçik ölkə olan Azərbaycanın dünyada böyük nüfuz sahibinə, güclü siyasi aktora çevrilməsinin Prezident İlham Əliyevin ən böyük uğurlarından olduğunu bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin müdrik liderliyi sayəsində Azərbaycan Avropanın alternativ enerji mənbəyinə çevrilib. Bunun əsasında dövlətimizin başçısının planetar təfəkkürü, komanda bacarığı və alternativlər ortaya qoyması dayanır. Prezident İlham Əliyev tariximizdə ilk dəfə olaraq, kiçik ölkənin böyük siyasi aktora çevrilməsinin modelini müəyyənləşdirdi. “Bu, ilk növbədə “Cənub Qaz Dəhlizi” layihəsində özünü göstərdi”, - deyən M.Qasımlı əsərdə bu mövzuya xüsusi bölmənin həsr edildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, Prezident İlham Əliyev əsası ümummilli liderimiz tərəfindən qoyulan yeni neft strategiyasını enerjinin digər sahəsindən - qaz resurslarından istifadə edərək Azərbaycanın tranzit mövqelərini möhkəmləndirib. Bütün bu məsələlər, eləcə də Azərbaycanın müxtəlif gücləri birləşdirən əməkdaşlıq məkanına çevrilməsi, neft gəlirlərinin qeyri-neft sektorunun inkişafına yönəlməsi və digər aktual mövzular kitabda geniş dəyərləndirilib.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurların əsərdə mükəmməl formada təqdim olunmasını müəllifin böyük uğuru və peşəkarlığı kimi qiymətləndirib. Xalqı üçün əlindən gələni edən şəxsiyyətlər haqqında danışmağın böyük şərəf olduğunu deyən M.Zabelin bildirib ki, kitabı oxuduqda dövlətimizin başçısının nisbətən qısa müddətdə ölkə üçün titanik işlər gördüyünü təsəvvür etmək mümkün olur. Deputat müəllifin “Bu uğurlara nail olmaq üçün hansı keyfiyyətlərə sahib olmalısan?” sualına cavab axtardığını vurğulayaraq deyib ki, bu, gendən, fitri istedaddan, öz üzərində gərgin işləməkdən və düzgün tərbiyədən irəli gəlir. Prezident İlham Əliyevin ailəsi haqqında xatirələrini bölüşən M.Zabelin dövlətimizin başçısının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu uzaqgörən inkişaf strategiyasını uğurla reallaşdırdığını vurğulayıb.
Nəşrdə multikulturalizm kimi mühüm və həssas mövzulara da geniş yer verildiyini diqqətə çatdıran deputat bu dəyərlərin əsrlər boyu azərbaycanlılara xas olduğunu, Prezident İlham Əliyevin öz xalqının xoşbəxtliyi üçün yorulmadan çalışaraq nəhəng iş gördüyünü bildirib.
Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov qeyd edib ki, təqdimatı keçirilən kitab informativ, asan oxunan və mükəmməl formata malik sanballı elmi mənbədir. Kitabda İlham Əliyevin əhatəsində olan insanların, həmçinin görkəmli şəxsiyyətlərin fikirlərinə geniş yer verilib və bu, əsərin təsir qüvvəsini daha da artırır.
Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu daxili siyasətdən danışan politoloq nəşrdə dövlətimizin başçısının xarici siyasətinə xüsusi yer ayrıldığını bildirib. Vurğulayıb ki, kitabda Prezident İlham Əliyevin beynəlxalq aləmdə qazandığı nüfuzdan söz açılır, dövlətimizin başçısının rəhbərliyi ilə beynəlxalq mövqelərimizin möhkəmlənməsini şərtləndirən amillər ətraflı təhlil olunur.
“Bakinski raboçi” qəzetinin və “1news” informasiya agentliyinin baş redaktoru Rəhman Hacıyev dövlətimizin başçısı haqqında kitabların xaricdə çap olunmasının əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, bu kitab ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində növbəti uğurlu addımdır. Nəşrdə novatorluq hiss olunur, stereotiplər sındırılır.
“Müəllif ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev arasında müqayisəli təhlil aparır, bu iki böyük şəxsiyyətin Azərbaycana uğurlu rəhbərliyindən bəhs edir. Prezident İlham Əliyev müxtəlif nəsillərdən ibarət olan komanda formalaşdırıb və bu komandaya uğurla rəhbərlik etmək bacarığına malikdir. Gənc nəsil liderlər məhz bunu öyrənməlidirlər. Prezident İlham Əliyevin həyata keçirdiyi idarəçilik metodları əhali tərəfindən birmənalı olaraq dəstəklənir. Bütün bu məqamlar kitabda geniş şəkildə əksini tapır”, - deyə baş redaktor vurğulayıb.
AMEA-nın Ədəbiyyat İnstitutunun Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Eşqanə Babayeva bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin yorulmaz fəaliyyətini faktlarla işıqlandıran bu sanballı əsərin ilk səhifələrində “Uğurlu nüfuzlu şəxsiyyət, Prezident olmaq üçün nə etmək lazımdır?”, “Xalqın lideri missiyası nədən ibarətdir?” və digər suallara cavab axtarılır, uğur fenomeninin mahiyyəti araşdırılır. E.Babayeva müəllifin Prezident İlham Əliyevin yürütdüyü siyasətin mühüm istiqamətlərdən birini təşkil edən multikulturalizm mövzusuna geniş yer ayırmasını yüksək qiymətləndirib. Belə ki, nəşrdə multikulturalizmin Azərbaycanda həyat tərzi olduğu, xalqımızın əsrlər boyu tolerantlıq, dözümlülük nümayiş etdirdiyi, digər dinlərə və mədəniyyətlərə hörmətlə yanaşdığı real faktlarla sübuta yetirilir.
Hər bir ölkədə müstəqilliyin, dövlətçiliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişməsindən və aparıcı təbəqəyə çevrilməsindən asılıdır. Bu barədə danışan E.Babayeva qeyd edib ki, E.Axundova Prezident İlham Əliyevin gənclər siyasətindən bəhs edərkən ölkəmizin idman sahəsindəki uğurlarına geniş yer verir, “Böyük idman, böyük siyasət” bölməsində dövlətimizin başçısının bu sahədəki fəaliyyətini geniş təhlil edir.
Yazıçı-publisist Natiq Rəsulzadə “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabının nəşrinin respublikamızın siyasi və mədəni həyatında böyük hadisə olduğunu diqqətə çatdırıb. O, E.Axundovanın bir sıra sanballı fundamental əsərin, o cümlədən ulu öndər Heydər Əliyevə həsr edilən çoxcildliyin də müəllifi olduğunu xatırladıb. Bildirib ki, təqdimatı keçirilən kitabda Prezident İlham Əliyevin obrazı olduqca parlaq və hərtərəfli şəkildə işıqlandırılır. Kitab çox səmimi və yüksək peşəkarlıqla qələmə alınıb.
“İlham Əliyev gəncliyimiz üçün yaxşı nümunədir”, - deyən N.Rəsulzadə gənclərə bu kitabla yaxından tanış olmağı tövsiyə edib. Nəşrin digər xarici dillərə tərcümə olunmasının vacibliyini vurğulayan N.Rəsulzadə deyib ki, kiçik ölkə olan Azərbaycan Prezident İlham Əliyevin gördüyü işlər sayəsində bu gün dünyanın nəhəng, güclü və inkişaf etmiş dövlətləri ilə bir sırada dayanıb. Əsərdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizin dünyada təbliği istiqamətində həyata keçirdiyi çoxşaxəli fəaliyyətə də geniş yer ayrılır.
Nəşrin müəllifi Elmira Axundova 1991-ci ildə ulu öndər Heydər Əliyev haqqında ilk məqaləsindən sonra qələmə aldığı digər yazılarında və əsərlərində dahi rəhbərin həyatını, siyasi fəaliyyətini, zəngin irsini bədii-publisistik formada əks etdirməyə çalışdığını bildirərək deyib: “Bütün bu əsərlərdə paralel olaraq, ulu öndər Heydər Əliyevin ailə üzvlərinin, o cümlədən 1994-cü ildən ümummilli liderin komandasında çalışan və ulu öndərin sadiq silahdaşı olan İlham Əliyevin, humanitar məsələlərlə məşğul olan, 1990-cı illərin ortalarından başlayaraq Azərbaycan mədəniyyətinin təbliğatçısı və himayədarı Mehriban Əliyevanın, son illər ölkəmizin təbliği istiqamətində genişmiqyaslı layihələrin təşkilatçıları və rəhbərləri olan Leyla və Arzu Əliyevaların da fəaliyyətinə geniş yer verilib. Həmin əsərlərin və mənim müşahidələrimin məntiqi sonluğu kimi, XXI əsrdə baş verən qlobal çağırışlar və dəyişikliklər fonunda Prezident İlham Əliyevin portretini yaratmaq ideyası ortaya çıxdı”.
Əsərin Azərbaycan və onun rəhbəri haqqında nisbətən az məlumatlı olan xarici auditoriya üçün nəzərdə tutulduğunu qeyd edən müəllif Rusiyanın “Politiçeskaya ensiklopediya” nəşriyyatının kitabın nəşrinə böyük maraq göstərdiyini bildirib. Məlumat verib ki, bir neçə gün əvvəl Moskvada keçirilən Beynəlxalq intellektual ədəbiyyat sərgisində bu kitab “Politiçeskaya ensiklopediya” nəşriyyatının ən yaxşı nəşri kimi dəyərləndirilib. Bir neçə xarici nəşriyyat bu əsərin çap olunmasına maraq göstərir.
Kitab barədə danışan E.Axundova deyib ki, nəşrin əsas məqsədi Azərbaycan Prezidenti İlham Əliyevin portretini yaratmaq, onu öz xalqının əsl liderinə və müasir dövrün ən parlaq siyasi xadimlərindən birinə çevirən şəxsi keyfiyyətlərini əks etdirməkdir. Müəllif əsərin ərsəyə gəlməsində əməyi olan şəxslərə, xüsusən Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevə dərin minnətdarlığını bildirib. Bir çox alimlərin elmi yaradıcılığında Ramiz Mehdiyevin böyük rol oynadığını və onlara yol göstərdiyini vurğulayan E.Axundova bildirib ki, yaradıcı ziyalılar, qələm sahibləri Prezidentimiz İlham Əliyevin siyasətini fəal müdafiə etməli, bu barədə xarici auditoriyanı yetərincə məlumatlandırmalı, beynəlxalq arenada Prezidentimizin müsbət imicini geniş təbliğ etməlidirlər. Təqdimatı keçirilən kitab da məhz bu sahədə həyata keçirilən işə töhfə vermək məqsədi daşıyır.
Tədbirə yekun vuran AMEA-nın prezidenti Akif Əlizadə gərgin axtarışların bəhrəsi olan belə bir sanballı əsəri ərsəyə gətirdiyinə görə müəllifə minnətdarlığını bildirib. Qeyd edib ki, müəllif Prezident İlham Əliyev haqqında faktların, hadisələrin qiymətləndirilməsini və təhlilini tamamilə fərqli rakursdan aparıb. Əsərdə dövlətimizin başçısının portretinin yeni, maraqlı, cəlbedici, qürurverici ştrixlərini aydın görmək olur. Yazıçının istedadı da elə bundadır. Müəllif bizim gördüyümüz, lakin mahiyyətinə dərindən varmadığımız portretin cizgilərini ətraflı və özünəməxsus tərzdə təqdim edir. Siyasi publisistika ustası olan E.Axundovanın uzun illərə söykənən təcrübəsi, peşəkar fəaliyyəti olduqca mükəmməl əsərin ərsəyə gəlməsi ilə nəticələnib. Rusdilli auditoriyanın qloballığını nəzərə alsaq, deyə bilərik ki, əsər bütün dünyada geniş oxucu kütləsi tərəfindən sevilərək oxunacaq.
Prezident İlham Əliyevin dövlət başçısı kimi ən cəlbedici xüsusiyyətinin milli maraqlar uğrunda mübarizədə qətiyyətli, Azərbaycanın dostlarına qarşı səmimi və xeyirxah olduğunu qeyd edən A.Əlizadə deyib: “Bir neçə gün sonra möhtərəm Prezidentin 55 yaşı tamam olur. Bu münasibətlə sizin adınızdan Prezident İlham Əliyevi ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, Azərbaycanın çiçəklənməsi naminə titanik fəaliyyətində yeni-yeni uğurlar arzulayıram”.
Qeyd edək ki, açıq mənbələrdən götürülmüş sənədlərdən, müəllifin xalqımızın ümummilli lideri Heydər Əliyevi və Prezident İlham Əliyevi əhatə edən insanlardan şəxsən aldığı nadir müsahibələrdən istifadə olunmuş kitabda toplanmış faktlar, mülahizələr və rəylər Azərbaycan Prezidenti haqqında müfəssəl məlumat verir.
AZƏRTAC
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.