Fotoqraf, şair və “ölüb-dirilən” sözlər...

Bu günlərdə Gənc Tamaşaçılar Teatrında  şair Səlim Babullaoğlunun “İlyas Göçmənin şəkil dəftəri” kitabının səhnələşdirilmiş təqdimatından ibarət “Vizual poeziya” gecəsi keçirildi. Kitabda yer alan şeirlər şairin öz ifasında şəkillərin, musiqinin və xüsusi səs effektlərinin köməyi ilə təqdim olundu. Hər  şeir bir şəklin hekayəsini  danışdı,  söz   təsvirə can verib dünya yaratdı...

Dünyanın Tanrının bir “ol” kəlməsinə öz ruhundan  üfürməsiylə  var olduğunu deyirlər.  Demək ki, mövcud olan hər şey ruha bürünmüş  söz, ya da sözə sığınmış ruhdur. Şeir yazmaq isə   sözdən yaranmışları yenidən sözə çevirmək cəhdidir.  İnsanın Yaradanına bənzəmək iddiası, ya da, bəlkə, ruhun qopduğuna dönmək sevdası ...

Fotolar   anda həbs olunan, fotoaparatın şaqqıltısıyla “güllələnib susdurulan”  sözlərdir. Türkiyəli fotoqraf  İlyas Göçmənin “üzü üzlər görmüş” “təkgözlü dostunun” “susdurduğu, udduğu və qusduğu ” anlardakı  sözlər kimi. “Təpəgözün”  susdurduğu   bu sözlərə bir az da öz ruhundan üfürüb  can verən  Səlim Babullaoğlu Yaradanına özənərək 40   kiçik  dünya yaradıb sanki. 

“İlyas Göçmənin şəkil dəftəri”ində hər yerdən qovulsa da, bağrına basdığı ləzzətdən vaz keçməyən cocuğun kədəri və cəsarəti, özündən böyüklərin oyuna qatmadığı balacanın dağ boyda ürəyi, kor gözləri gizlədən qara eynəyin gördükləri, taleyinə yazılan yazıdan xəbərsiz uşaqların cızdığı divar yazıları, göydən düşməyən, yerdən yığdığı almaları qucaqlayan qızcığazın arzusundan daha böyük olan  təmkini, arzusu qismətinə güzəştə gedən üç bacının dünyası və nələr, nələr var. Bunlar hamısı donmuş anların şairin diliylə danışdıqlarıdır.

Və bir də  “Yazılar yazılmış, mürəkkəb qurumuş, başlanğıc olmuşdu  deyə bizə yalnız ürəyi ürək kimi, çiçəyi çiçək kimi çəkmək qalırdı”,-- deyən şairin  Tanrı yox, sadəcə şair olduğunu etiraf etməsi var...

“Vizual poeziya” gecəsinə toplaşanlar çox idi. Elm və ədəbiyyat adamları, ictimai-siyasi həyatda tanınanlar və sair. Təkcə fotoqraf yox idi. İlyas Göçmən səhhətində yaranan problemə görə tədbirə qatıla bilməmişdi. Onun yerinə monitordan boylanan fotoları danışırdı  Səlimin “diriltdiyi”  sözlərlə ...

Aida AYSA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında