Tarixi qaynaqlardan məlumdur ki, Azərbaycan ərazisində qədimdən xalqımızın soy-kökündə dayanan bir çox tayfalar və qəbilələr, eləcə də müxtəlif etnik və dini qruplar yaşamışlar. Onlardan biri də adları tariximizin son minilliyinə silinməz izlərlə yazılmış məşhur Şadılılar tayfasıdır.
Şadılılar 935-ci ildən Araz və Kür çayları arasında, 951-ci ildən isə antik Atropatanın quzeyində yerləşən və daha sonra Aran adlanan bölgədə hakim tayfa sayılmışdır. Onlar bu ərazidə tam möhkəmləndikdən sonra Şəddadilər dövlətini yaratmışlar. Şəddadilərin ağsaqqalı olmuş Şadı bəyin oğlu Məhəmməd 951-ci ildə Divin camaatının dəstəyi ilə bölgəyə müstəqil nəzarəti ələ keçirmiş, 1075-ci ilədək Gəncə və Dvində, 1174-cü ilədək Anidə hökmranlıq etmiş şəddadilər sülaləsinin əsasını qoymuşdur.
1075-ci ildə səlcuqlar Gəncə, 1174-cü ildə isə gürcülər Ani şəddadilərini taxtdan salmışlar. Bu zaman Şadılıların əksəriyyəti Gəncə və Qarabağ bölgələrindən qonşu dövlətlərə – Türkiyənin Bingöl-Kığı, Tunceli-Malazgirt, Qars, Şanlı Urfa, Qəhrəman Maraş və Azərbaycanın Xorasan bölgələrinə, Qara dəniz sahillərinə getmişdir. 1198-ci ilədək Qərbi Azərbaycanın Vedi, Dvin bölgələrində yaşayan Şadılıların əksəriyyəti İraq və Suriya bölgələrinə də köç etmişdir.
Van tarixi yazarına görə, Şadılılar əslən türk olub dörd qardaşdan törəmişlər: Cəlal adlı qardaşın nəsli – Cəlalilər Van və Bəyazitdə yerləşmişlər; Heydərin davamçıları Tunceli, Kığı Ağrı tərəfdə məskunlaşmışlar; Mil adlı qardaşın övladları – Millilər müxtəlif bölgələrdə yaşamışlar; Şadı adlı qardaşdan isə Şadılılar əmələ gəlmişlər. Şadılılar müxtəlif bölgələrdə yaşayırdılar. Beləliklə, Şəddadilər dövləti iflasa uğrayandan sonra tayfanın davamçıları dünyanın bir çox bölgələrinə yayılmışlar.
Müxtəlif millətlərdən olan bir sıra tədqiqatçılar əslən türk olan Şadılıların kürd və başqa tayfalardan olduqlarını sübut etməyə çalışırlar. Ancaq tarixi faktlar göstərir ki, Şadılıların başçısı Şadı bəyin tərəfdarları, eləcə də onun davamçılarından olan Fidulin və digərləri türklərlə birlikdə başqa dövlətlərlə vuruşmuşlar, hətta tarixçilər Şəddadi dövlətinin çətin vaxtlarında türklərin onların köməyinə gəldiklərini də yazırlar.
Bəzən Səlahəddin Eyubinin də kürd olduğunu deyirlər və bunun, guya, onun özünün dilindən yazıldığını qeyd edirlər. Əslində isə tarixdən və bizim nəslin əcdadlarının şəcərəsindən məlumdur ki, Qərbi Azərbaycanın Dvin, Vedi bölgələrində yaşayan Şadılılar məhz Gəncə də mərkəz olmaqla Şəddadilər dövlətini yaradan Şadılılar olmuşlar. 1130-cu ildə Səlahəddin Eyubinin babası Şadı oğlu Eyub tayfası ilə birlikdə qırğından xilas olmaq üçün Dvin şəhərini tərk edərək İraqa gedib. O tayfa Bağdadda Bəhruzun qulluğuna qatılıb. Onlara Turqut qalasını qorumaq həvalə olunub (V.Minorski, səh.131).
1198-ci ildə Şadi bəyi Şahin şah gürcülərlə müharibədə uduzub və Şəddadilər dövləti tamamilə çöküb, gürcü kraliçası Tamaranın tabeliyinə keçib. Şadılıların bir hissəsi Xorasana köçüb. Şadılılar Gəncədən də Xorasana köçməyə məcbur olublar.
Şah İsmayıldan sonra Səfəvilər taxtında Şah Təhmasib (1524-1576); Şah Məhəmməd (1576-1587); Şah Abbas (1587-1628) padşahlıq ediblər. Şah Abbasın dövründə ölkəni qorumaq üçün Azərbaycandan köçmüş Şadılıları və kürdləri silahlandırıb sərhədlərdə yerləşdiriblər. Onların əksəriyyətini məcbur ediblər ki, şiəliyi qəbul etsinlər. Burada yerləşdirilən qaçqınlar bir-birinin dilini və adət-ənənələrini qəbul ediblər.
Xorasan əyalətinin Dağan vilayətinin Yusifcanlı obasında anadan olmuş tayfa ağsaqqalı İbrahim xan Şadılı elinin elbəyi və Şah Abbasın sərkərdəsi olmuşdur. Sonralar İbrahim xanın oğlu Cəfərqulu bəy Şadılıya Şah Abbas xan rütbəsi verib. Daha sonralar Cəfərqulu bəy Şadılı öz elinin elbəyi və Nadir şahın sərkərdəsi təyin edilib (Ənvər Çingiz, “Şadılı eli”, səh.51).
Cəfərqulu bəy Şadılının Nəcəfəli xan Şadılı adlı oğlu olub. Sonralar Səfəvilər dövləti müharibələri uduzduğuna görə yenə də köçkünlər Xorasandan Türkiyəyə və Qərbi Azərbaycanın Vedibasar bölgəsinə, bəziləri isə Gəncəyə, onun yaxınlığındakı Goranboy və Bərdə bölgələrinə köç ediblər. Maraqlı orasıdır ki, Şadılılar istər Xorasanda, istər Türkiyədə və ya Suriyada yaşadıqları yerlərə və kəndlərə Şadılı adı veriblər.
Sonralar bu ad bir az təhrif olunsa da, tayfanın davamçıları Şidli, Şadılı, Şatırlı, Şəddadi adlarını saxlamışlar. XV əsrin axırı, XVI əsrin əvvəlində, eləcə də həmin əsrin axırında Vedibasar bölgəsinə qayıdan Şadılıların haqqında mən “Şadlinskilər (Şəddadilər və Şadılılar)” kitabında ətraflı yazmışam. Vedibasara qayıdan Şadılıların bəziləri xan, bəziləri sultan və sonradan bəy tituluna layiq görülüblər. Mən Vedibasar Şadılılarının şəcərəsini qısa da olsa, oxuculara çatdırmaq istəyirəm.
1500-cü ilin axırlarında Cəfərqulu xanın övladları Xorasandan Qərbi Azərbaycanın Vedi mahalına köç ediblər. Nəcəfəli xanın oğlu Cəfərqulu xanın nəvəsinin Binnətalı sultan adlı oğlu yenidən Vedi mahalında Şadılıları bir araya toplayıb. Onun Aslan sultan və Fəti xan adlı iki oğlu dünyaya gəlib. Bu oğlanlar böyüyərək Vedi mahalında hörmət sahibi olublar. Böyük oğul Aslan sultan Vedi çuxuruna rəis olub. Fəti xan isə Vedibasar bölgəsində su təsərrüfatı məsələlərinə baxıb.
Sonralar Gülüstan və Türkmənçay müqavilələrinin iştirakçısı olan Aslan sultan Şadılı böyük nüfuz sahibi olub və 1808-ci ildə rus canişini Paskeviçlə görüşüb. O, imperator qoşunlarının bu bölgədə yaşayan türkləri qırmasına imkan verməyib. Bir müddətdən sonra Aslan sultan Şadılını Vedi mahalına yenidən rəis təyin ediblər. Beləliklə, rus işğalı dövründə bizim Şadılı nəslinin soyadını “Şadlinski”lərə dəyişiblər.
Sovet hakimiyyəti qurulduqdan sonra ermənilər Mikoyanın, Tovmasyanın, Myasnikyanın və Baqramyanın basqıları altında Qərbi Azərbaycanda yaşayan azərbaycanlıları mərhələ-mərhələ öz doğma ata-baba yurdlarından didərgin salmağa başladılar. Bu sürgünlər 1917-1920, 1931-1944, və 1948-1951-ci illərdə sovet rejiminin bilavasitə havadarlığı və daşnakxislət ermənilərin iştirakı ilə ardıcıl həyata keçirildi. Nəhayət, 1988-1990-cı illərdə SSRİ-nin sonuncu diktatoru M.Qorbaçovun xeyir-duası, onun əlaltıları olan Şahnazaryan və Aqanbekyanın fitvası ilə 200 mindən artıq azərbaycanlı işgəncələrlə Qərbi Azərbaycandan qovuldu. Ermənistanda etnik təmizləmə aparıldı. Onların çox hissəsi Bakı-Şirvan Muğan bölgəsinə, bir hissəsi isə Amur vilayətinə köç etdilər.
Şadlinskilərin də böyük əksəriyyəti 1948-ci ildə, qalan hissəsi isə 1988-ci ildə ata-baba yurdlarından didərgin düşərək, Azərbaycanın bütün bölgələrinə və Rusiyanın şimalına səpələndilər. Statistik məlumatlara görə, bizim nəsildən olan 10 mindən çox ailə Azərbaycanda dağınıq şəkildə müxtəlif rayonlarda yaşayır. Əminəm ki, vaxt gələcək, möhtərəm dövlət başçımız İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Şadılı tayfasının çağdaş davamçıları Qərbi Azərbaycana – ata-baba yurduna qayıdacaqlar.
Vaqif ŞADLİNSKİ,
Əməkdar elm xadimi, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.