Çox qəribə adam idi Rasim İsmayılov. Çox danışmağı xoşlamazdı. Kinostudiyaya gələndə sakitcə öz iş otağına çəkilər, yeni çəkəcəyi filmin ssenarisi ilə məşğul olar, yaxud pavilyonda hazırlanan dekorasiyalara baş çəkərdi. İşsiz dayanmağı sevməzdi.
Azərbaycan kinosunun ən qiymətli əsərlərindən bir neçəsi onun kinokamerasıdan lentə alınıb. “Yenilməz batalyon”( operator Xan Babayevlə), “Axırıncı aşırım”, “Babək”, “Dədə Qorduq”, “Gün keçdi”, “Möcüzələr adası”, “Şir evdən getdi”, “Yeddi oğul istərəm” və başqa filmlər bu qəbildəndir. İstedadlı operator idi. Obyektin hansı rakursdan daha yaxşı alınacağını seçməyi rejissorlar ona həvalə edirdilər. Obrazları kadrda hansı planda əks etdirməyi bacarırdı.
Rasim İsmayılov professional kinematoqrafçı idi. Kameranın dilini gözəl bilirdi. Milli kinomuzda neçə-neçə maraqlı kadrlara onun gözü ilə baxmışıq. İçərişəhərin nadir memarlıq nümunələrini “Gün keçdi” filmində ustalıqla lentin yaddaşına köçürüb. Tarixi filmlərimiz üçün Azərbaycanın bir çox rayonlarını dolaşıb, təbii dekorasiyalar tapmışdı. Onun operator kimi çəkdiyi filmlərdə bu sənətin çox nadir məqamları var. Bir sözlə, onun milli kinomuzun tarixində öz yeri var.
Rasim İsmayılov əslən Bakıdan idi. 1936-cı ildə doğulmuşdu. Orta təhsil alandan sonra təyyarəçi olmaq istəmişdi. Sonradan kino sənətini seçsə də, təyyarəçilər haqqında film çəkdi. “Səma ilə görüş” filmini çəkəndə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakültəsində təhsil alırdı. Elə o vaxtdan sənətə ehtiyatlı addımlarla ayaq basırdı. Amma bu addımlar tezliklə möhkəmləndi və onu sənətin uca zirvəsinə qaldırdı.
Rasim müəllim “Azərbaycanfilm”də işə başlayanda ilk dəfə “Kimi daha çox sevirik” kinoalmanaxında bir novellada operator kimi işləmişdi. “Dağ yolu ilə” adlı həmin novella Azərbaycan kinosuna yeni istedadlı operatorun gəldiyindən xəbər verirdi. Dağ meşəsinə düşən günəş şüalarının yaratdığı təbii gözəllik tamaşaçını əsl mənada sehrləyir. Müxtəlif rakurslarda lentə alınan dağ yolları, sıldırım qayaların yaratdığı poetik gözəllik filmə ayrı bir ovqat bəxş edir.
Onun operator kimi ilk böyük işi “Yenilməz batalyon” filmi oldu. Əslində, bu filmin quruluşçu operatoru görkəmli sənətkarımız Xan Babayev idi. Filmin Şəkidə aparılan çəkilişləri zamanı o, bərk xəstələnir. Soruşurlar ki, kim davam etdirə bilər sənin işini? Deyir ki, Rasim İsmayılova həvalə edə bilərsiniz. Beləliklə, biz bu filmin titrlərində operator Xan Babayevlə yanaşı, Rasim İsmayılovun da adını görə bildik. Bununla Rasimin böyük kinoda yaradıcılıq yolu başladı.
Az bir zaman içərisində “Yaşamaq gözəldir, qardaşım”, “Səmt küləyi”, “Sevinc buxtası” kimi filmlərin quruluşçu operatoru oldu. Azərbaycan neftçilərinin həyatından bəhs edən “Sevinc buxtası” dövlət mükafatına layiq görüldü. Rasim müəllimin operatoru olduğu “Yeddi oğul istərəm” filmi dövlət mükafatı almışdı.
Rasim İsmayılov “Dədə Qorqud”, “Babək” kimi tarixi filmlərin də quruluşçu operatoru olmuşdu. Belə filmlərdə operator işi olduqca çətin və məsuliyyətlidir. Gərək çəkiliş yerləri elə seçilsin ki, tarixi uyğunluq olsun. Digər tərəfdən, personajların geyim, silah və başqa vasitələri gərək dəqiq tarixi dövrə uyğunlaşdırılsın. Hər iki filmdə bu məsələlər kifayət qədər həllini tapa bilmişdir. Rasim müəllim deyirdi ki, bunun üçün çox öyrənmək lazım gəldi, müşahidələr aparmalı olduq. Döyüş səhnələri, lirik epizodlar hər iki filmdə kifayət qədər inandırıcı alınmışdı.
Müşahidələrim əsasında deyə bilərəm ki, onun rejissor kimi çəkdiyi filmlərdə operator işi daha uğurludur. On üç il ərzində yeddi bədii filmə quruluş vermişdi. “Şir evdən getdi”, “Anın quruluşu”, “İşgüzar səfər”, “Asif, Vasif, Ağasif”, “Sizi dünyalar qədər sevirdim”, “Alman klinikasına rəsmi səfər”, “Tələ” adlı bu filmlərlə rejissor kimi də Azərbaycan kinosuna öz töhfəsini verə bilmişdi. Bunlar arasında Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun həyat və döyüş yolundan bəhs edən “Sizi dünyalar qədər sevirdim” filmi kino tariximizin qiymətli əsərlərindəndir. Müharibə şəraitində yaşadığımız dövrdə bu filmin hərbi vətənpərvərlik tərbiyəsindəki rolu olduqca böyükdür.
Rasim müəllim uşaq filmlərinin də rejissoru olmuşdur. “Şir evdən getdi”, “Asif, Vasif, Ağasif” filmlərini o uşaqlarımız üçün yaratmışdı. Bu gün də uşaqlar həmin filmlərə böyük maraqla tamaşa edirlər. Deyirdi ki, uşaq filmləri çəkmək olduqca məsuliyyətli işdir. Uşaqları sevməsən, belə filmlər yaratmaq olmaz. Uşaqlarla işləmək ona zövq verirdi.
O, Qarabağ hadisələrindən də film çəkmişdi. “Tələ” adlı həmin film Dağlıq Qarabağda münaqişənin başladığı anları, hadisələrin ilkin gedişini əks etdirir.
Bu böyük sənətkar həm də mahir sənədli film ustası idi. Onun yaradıcılıq bioqrafiyasında onlarca belə film var. “Mozalan” satirik kinojurnalında da onun imzasına tez-tez rast gəlmək olur. Rasim müəllim həm də pedaqoji fəaliyyətlə məşğul olurdu. Dövlət Mədəniyyət və İncəsənət Universitetində sənətini gənclərə öyrədirdi. Üstəlik, kitab da yazmışdı. “Uçan çinarlar” kitabı əfsus ki, ölümündən sonra işıq üzü gördü.
Uzun, səmərəli həyat və sənət yolu keçmiş bu istedadlı sənətkar 2004-cü il mart ayının 3-də vəfat etmişdir. Onun əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq.
M. MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.