Londonda azərbaycanlı məcburi köçkünlərə həsr olunmuş fotosərgi açılıb

Son üç il ərzində dünya turu edən “Evə aparan beş yol” (“Five Roads Back Home”) adlı fotosərgi, nəhayət, noyabrın 24-də Londona da ayaq açdı.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) AZƏRTAC-a bildirilib ki, sərgidə məşhur alman fotoqraf Filip Ratmerin əsərləri sərgilənir. Londondakı “Old Truman Brewery” qalereyasında nümayiş etdirilən fotoşəkillərdə bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün təsirli və emosional simaları qara fonda yaxın rakursdan çəkilib.

Sərginin ziyarətçiləri arasında deputat Bob Bləkmanın rəhbərlik etdiyi Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun dörd üzvü də olub. Qrupun üzvləri dəfələrlə Azərbaycana səfər edərkən qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları düşərgələrə, yaşayış məntəqələrinə baş çəkib, onların həyat şəraiti ilə yaxından tanış olublar.

Qeyd edək ki, fotosərginin açılış mərasimi “London Live”, türk və Azərbaycan televiziya kanallarında işıqlandırılıb.

Tədbirdə çıxış edən TEAS-ın London ofisinin direktoru Cek Peqoraro deyib: “Ötən əsrin 90-cı illərinin əvvəlindən başlayaraq Ermənistan Azərbaycana hücum edərək Dağlıq Qarabağ regionunu və ona bitişik yeddi rayonu işğal edib. Bütün etnik azərbaycanlılar ya Xocalı kimi qırğınlar zamanı öldürülüb, ya da öz evlərindən qaçaraq Azərbaycan ərazisində məcburi köçkün və qaçqın düşərgələrində məskunlaşmağa məcbur olublar.

Bu günə qədər heç kəs öz doğma torpağına qayıda bilməyib. Mən yeddi il ərzində Azərbaycana səfər etmişəm. Hər dəfə məcburi köçkün düşərgələrini ziyarət etməyi özümüzə borc bilmişik. Dünya ictimaiyyəti tərəfindən tamamilə unudulmuş insanları görmək ürək dağlayır. Onlar hələ də ümid edirlər ki, Böyük Britaniya kimi nüfuzlu ölkələr onların məsələsi ilə məşğul olacaq və evlərinə qayıtmalarına yardım edəcək. Avropa Azərbaycan Cəmiyyətinin vəzifəsi bu insanların hüquqları uğrunda mübarizə aparmaqdır”.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə qeyd edib ki, gələn ilin fevral ayında biz erməni işğalçılarının ən böyük vəhşiliyi olan, 613 mülki şəxsin qətlə yetirildiyi Xocalı qırğınının 25 illiyini yad edəcəyik.

Diplomat TEAS tərəfindən təşkil olunan sərgini uğurlu layihə kimi dəyərləndirərək deyib: “Bu sərgi ona görə uğurludur ki, burada insan faktoru ortaya qoyulur. İnsanların yalnız bu simalara baxmağı kifayətdir. Bütün bu insanlar, təəssüf ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağdakı ermənilərlə qonşu olublar. Onların hamısı öz evlərindən zorakılıqla qovulublar”.

Səfir vurğulayıb ki, Azərbaycan qan və ya intiqam istəmir, Azərbaycan bu cür insan faciələrinin bir daha təkrarlanmamasını istəyir.

Filip Ratmer çıxış edərək deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dünyanın unudulmuş münaqişələrindən biridir. Ötən əsrin sonlarında Ermənistan və Azərbaycan arasında başlanan münaqişə minlərlə insanın həyatına son qoymuş müharibəyə çevrildi. O deyib: “Atəşkəs çox kövrək bir sülhü qoruyur. 2012-ci ildə mən münaqişə qurbanlarının yaşadığı düşərgələri ziyarət etmişəm. Bu insanlar mənə öz taleləri, ümidləri və qorxuları haqqında danışıblar, bəziləri çox həvəslə, bəziləri isə müəyyən təmkinlə.

Bu şəkillər münaqişənin qurbanı olmuş tərəflərdən birini göstərir – evlərini tərk etməyə vadar olan tərəfi. Onlar dünyanın bir çox müharibələrində məcburi köçkün olmuş bütün insanları təmsil edirlər. Onların hamısının bir istəyi var - işğal edilmiş rayonlara aparan beş yoldan birini seçmək istəyi”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında