Türkologiya elminin böyük təməli və müasir dövr

Birinci Türkoloji Qurultay – 90

Ümumən, dünya elminin, xüsusən də türk dünyasının böyük elmi hadisəsi olan I Bakı Türkoloji Qurultayı tarix kimi də, müasirlik baxımından da mühüm əhəmiyyətə malikdir. 1926-cı ilin 26 fevralından 5 martına kimi Azərbaycanda keçirilmiş I Türkoloji Qurultay həm də türk xalqlarının elmi-mədəni birliyinə, ortaq milli-mənəvi dəyərlərinin inkişaf etdirilməsinə, inteqrasiya proseslərinin dərinləşdirilməsinə geniş üfüqlər açan ictimai hadisə idi.

Türkologiyanı böyük və sistemli elmi təlim kimi təqdim edən Bakı Türkoloji Qurultayı o zaman beynəlxalq miqyasda da böyük əks-səda doğurmuşdu. Bu, Azərbaycanın dünya türkologiyasına, geniş mənada ümumdünya elminə çox qiymətli töhfəsi idi. Birinci Türkoloji Qurultay türk dünyasının çoxəsrlik tarixinin və böyük gələcəyinin elmi cəhətdən tədqiq edilib öyrənilməsinin möhtəşəm proqramını vermişdi.

I Türkoloji Qurultay, ilk növbədə, türk dünyasının inkişafında baş vermiş böyük mədəniyyət hadisəsi idi. Qurultay türk dünyasının mədəni birliyinin və mənəvi bağlılığının yeni tarixi epoxadakı vəzifələrini diqqət mərkəzinə çəkən böyük elmi forum idi. Bu qurultay XX əsrin əvvəllərində türkoloji elmi-mədəni mühitin ən aktual məsələlərinə: dilçilik, latın əlifbası, orfoqrafiya, tarix, ədəbiyyat, folklor, incəsənət, etnoqrafiya, terminologiya, metodika sahələrində ən aktual problemlərin həllinə, mövcud səviyyəsinə və inkişaf etdirilməsi yollarına işıq salan mühüm baxışlar sisteminin əməli-nəzəri ifadəsi idi. Türk dünyası sistemində mədəni inteqrasiyanın və maarifçiliyin nəzəri əsaslarının və təcrübi-əməli imkanlarının müəyyən edilib istiqamətləndirilməsində I Türkoloji Qurultay böyük rol oynamışdı.

Birinci Türkoloji Qurultayın 17 iclasında dinlənilib müzakirə edilən 38 məruzədə humanitar və ictimai elmlərin, türkologiyanın ən aktual problemləri əhatə olunmuş və konkret təkliflər irəli sürülmüş, mühüm qərarlar qəbul edilmişdi. Bu, planetin bərabərhüquqlu üzvü olan türk xalqlarının milli-mənəvi varlığının və gələcəyinin qurultayı idi. Ümumiyyətlə, türkologiyanın bütün genişliyi ilə beynəlxalq miqyasda inkişaf etdirilməsi baxımından I Bakı Türkoloji Qurultayının müzakirələri və direktivləri xüsusi əhəmiyyətə malikdir.

Qurultayda keçmiş Sovetlər Birliyində yaşayan türkdilli xalqların, Avropa türkologiyasının nümayəndələrinin təmsil olunması, Türkiyə və İran ziyalılarının iştirakının təmin edilməsi əhatə olunan türkoloji mühitin genişliyini, miqyasını aydın şəkildə təsəvvür etməyə imkan verir. Coğrafi cəhətdən yanaşsaq, I Türkoloji Qurultay Böyük Çöl və Bozqır landşaftında yaşayan xalqların əksəriyyətinin görkəmli nümayəndələrinin təmsil edildiyi nadir elmi toplantı olmuşdur.

Birinci Türkoloji Qurultay türk xalqları kimi, türkologiyanın da böyük coğrafiyasını bütün genişliyi və zənginliyi ilə əks etdirmişdi. Elmi fikrin və coğrafi mühitin genişliyi bu forumu böyük elm hadisəsinə çevirmişdi. Bu, türkologiyanın elmi coğrafiyası, türk xalqları coğrafiyasının isə türkologiyasıdır. Bu, Böyük Çöl və Bozqır landştaftı və mədəniyyətinin bütövlüyünün elmi-nəzəri əsaslarının bəyannaməsidir. Bu məclisin elmi-nəzəri irsi türk dünyasının dünya türkologiyasına möhtəşəm töhfəsidir. Bu toplantı dünya türkoloji mühitində Azərbaycanın yerini və mövqeyini göstərən şərəfli tarixdir.

Ölkələr üzrə I Türkoloji Qurultayın nümayəndə heyətləri həmin xalqların tanınmış, görkəmli alimlərindən və ictimai xadimlərindən ibarət olub, türkologiyanın müstəqil elm sahəsi kimi nə qədər böyük potensiala malik olduğunu bütün reallığı ilə əks etdirirdi. Məlum olduğu kimi, I Türkoloji Qurultayda Türkiyə Cümhuriyyəti 4 nəfərlik nümayəndə heyəti (onlardan 1 nəfəri alman və 1 nəfəri macar alimi olmaqla), Rusiya Federasiyası 48, Almaniya 2, Qazaxıstan 4, Özbəkistan 11, İran 1, Türkmənistan 4, Qırğızıstan 2, Gürcüstan 5, Ermənistan 2 təmsilçi ilə iştirak etmişdi. Mərkəzi hökumətlə razılaşdırmaqla Türkoloji Qurultayda Tatarıstan 10, Başqırdıstan 5, Dağıstan 6, Krım tatarları 5 nəfərlik ayrıca nümayəndə heyəti ilə təmsil olunmuşdu.

Qurultay Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin yerləşdiyi binanın böyük salonunda keçirilmişdi. Birinci Türkoloji Qurultayda Azərbaycanı Səmədağa Ağamalıoğlu, Fərhad Ağazadə, Ruhulla Axundov, Hənəfi Zeynallı, Həbib Cəbiyev, Mustafa Quliyev, Nikolay Aşmarin, Əziz Qubaydullin, Xalid Səid Xocayev, Bəkir Çobanzadə, Cabbar Məmmədzadə, Zifeldt-Simumyaqi, Artur Rudolfoviç, Pənah Qasımov, Müseyib İlyasov, Cəlil Məmmədzadə, Ayna Sultanova, Fərid Xurşid, Həmid Sultanov, Mirzə Davud Hüseynov, Hüseyn Musayev, Əhməd Pepinov, İbrahim Rza Şəbüstəri və Həsən Musayevdən ibarət nüfuzlu, beynəlmiləl heyət təmsil etmişdi. Mənbələr təsdiq edir ki, Azərbaycandan qurultayda rəsmi siyahıya daxil edilməyən, müəyyən təkliflər əsasında dəvət olunan tanınmış ziyalılar, elm adamları və yazıçılar – görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavid, tanınmış tədqiqatçılardan Vəli Xuluflu, Salman Mümtaz, İsmayıl Hikmət, Əli Nazim, Əmin Abid və başqaları da  iştirak etmişdilər.

Azərbaycan hökuməti Türkiyədən Əlibəy Hüseynzadə, Mehmet Fuad Köprülüzadə; Rusiya Federasiyasından Vasili Bartold, Sergey Malov, Aleksandr Miller; Ukraynadan Aqafangil Krımski; Qazaxıstandan Əhməd Baytursunov, Əziz Bayseyidullin, Bilal Suleyev; Özbəkistandan Mixail Qavrilov, Aşurəli Zahiri; Türkmənistandan Bekki Berdıyev, Həşim Perenqliyev; Gürcüstandan Hikmət Cövdətzadə, Bassariya Simon, Rzaqulu Nəcəfov; Tatarıstandan Qaley Əbdürrəhimov, Səttar Arifullin, Sabah Alnaqubov; Başqırdıstandan Qabdiləhəl Vilqadonov, Həbibbulla Qabibov, Kərim İdelqujin; Almaniyadan Radebold Valter  kimi tanınmış türkoloqları məclisə dəvət etmişdi. Qaraçay Umar Aliyev, yakut İsidar Baraxov, çuvaş Pamel İvanov, xakas Nikolay Ratanov, inquş Zaurbek Malsatov, çeçen Xalid Oşayev, oryot Aleksey Savaşkin, adigey Səfərbəy Siyuxov, balkar İbrahim Usbayev, noqay Əbdülhəmid Canibekov, avar Əbdüllətif Şamxalov da qurultay iştirakçıları arasında olmuşdular.

Birinci Türkoloji Qurultayda Azərbaycan ziyalıları geniş tərkibdə təmsil edilmişdilər. Qurultaya aid fotoşəkillərdən Abdulla Şaiqi və Əziz Şərifi də tanımaq mümkün olur. Bu böyük elmi forumun Azərbaycandan olan təmsilçilərinin, rəsmi və qeyri-rəsmi şəkildə iştirak edənlərin tam siyahısını müəyyən etmək qarşıda duran vəzifələrdən biridir. Bu, Azərbaycanda türkologiya elminə olan marağı ifadə etməklə bərabər, XX əsrin əvvəllərində Azərbaycan ziyalılığının inkişaf səviyyəsini aydın şəkildə təsəvvür etmək baxımından da əhəmiyyətlidir.

Birinci Türkoloji Qurultayın Bakıda keçirilməsi Azərbaycanın həmin dövr üçün geniş mənada türkologiyanın əsas mərkəzlərindən biri olduğunu göstərir. Bundan əvvəl, 1920-ci ildə Şərq Xalqlarının I Qurultayı da Bakıda keçirilmişdi. Həmin mötəbər tədbir nəticəsində Azərbaycanın türk-müsəlman dünyasında əhəmiyyətli mövqeyi və böyük intellektual potensialı diqqəti cəlb etmişdi. Azərbaycan ziyalılarının Şərq xalqlarının qurultayında və türkoloji qurultayda yaxından və fəal iştirakı ölkəmizdə yalnız dilçilik mənasında deyil, ədəbiyyat, tarix, mədəniyyət, folklor, etnoqrafiya və maarifçilik miqyasında böyük elmi və yaradıcı qüvvələrin yetişib formalaşdığını da nümayiş etdirmişdi.

 Digər ölkələrdən olan təmsilçilərin əhəmiyyətli fikir və təkliflərinin dəyərini heç də azaltmadan qeyd etmək lazımdır ki, Azərbaycan nümayəndələrinin qaldırdıqları məsələlər, irəli sürdükləri ideyalar hər iki qurultayın ana xəttinin müəyyən edilməsində mühüm rol oynamışdı. Eyni zamanda, Azərbaycanın elm, ədəbiyyat və mədəniyyət xadimlərinin türk-müsəlman dünyasının, şərqşünaslıq və türkologiya elminin görkəmli nümayəndələri ilə təması, əlaqələri baxımından da Şərq xalqlarının qurultayı və türkoloji qurultay mühüm əhəmiyyət kəsb etmişdi. Ümumilikdə isə I Türkoloji Qurultay türk dünyasında elmi-mədəni inteqrasiya ilə yanaşı, beynəlxalq miqyasda türkologiyanın inkişafına da qüvvətli təsir göstərmişdi.

Türkologiyanın yüksək inkişafı və türk dünyasında başlanan güclü inteqrasiya prosesləri qurultaydan sonrakı yeni türkoloji axını formalaşdırmışdır. Bu yeni dalğa dünyada XIX əsrdən başlanan və XX əsrin əvvəllərində sürətlə dərinləşən milli-mənəvi özünüdərk və mədəni inteqrasiya proseslərinin türkoloji mühitdəki əks-sədası idi. Sağlam milli və elmi əsasları olan həmin axının ideyasında hər hansı qarşıdurma, çəkişmə, ixtilaf, inkarçılıq meyli yox idi. Əksinə, I Türkoloji Qurultay geniş mənada türkologiyanın dünya elmi fikrinin üzvü tərkib hissəsi olduğunu göstərmişdir. Türk mənşəli xalqların nümayəndələrindən başqa, qurultayda rus, alman, macar, gürcü, yəhudi, abxaz, çərgəz və başqa xalqların nümayəndələrinin də təmsil olunması məclisin böyük elmi hadisə olduğunu bir daha təsdiq edir. İştirakçıların əhatə etdiyi coğrafiyanın genişliyi beynəlxalq miqyasda türkologiyaya olan marağın miqyasını təsəvvür etməyə imkan verir.

Birinci Bakı Türkoloji Qurultayının tribunasında “Müasir vəziyyət və türk xalqları tarixinin araşdırılmasının ən yaxın vəzifələri” (akademik Bartold); “Türk-tatar xalqlarında tarixi ədəbiyyatın inkişafı” (Qubaydullin); “Türk tayfalarının etnoqrafik tədqiqinin müasir vəziyyəti və ən yaxın vəzifələri” (Rudenko); “Anadolu və Balkan türklərinin etnoqrafiyasının tədqiqinin müasir vəziyyəti və ən yaxın vəzifələri” (Messaroş), “Qafqaz türklərinin etnoqrafik tədqiqinin ən yaxın vəzifələri” (Çursin); “Türk ləhcələrinin yaxın qohumluğu haqqında” (Bəkir Çobanzadə); “Altay dillərinin qarşılıqlı qohumluğu məsələlərinin tarixi və müasir vəziyyəti” (Poppe);  “Türk dillərinin tədqiqinin müasir vəziyyəti və ən yaxın vəzifələri” (Samoyloviç); “Qədim türk dillərinin tədqiqi” (Malov); “Türkologiyanın keçmişi və onun hazırkı vəziyyəti haqqında bəzi məlumatlar” (Aşmarin); “Türk dillərində elmi terminologiyanın yaranması prinsipləri haqqında” (Zifeldt); “Ərəb və latın şrift sistemləri və onların türk-tatar xalqları üçün tətbiqi məsələləri” (Alimcan Şərif); “Türk xalqlarında ədəbi dilin inkişafı” (Fuad Köprülüzadə); “Türk dilində imla qaydaları” (Fərhad Ağazadə); “Qərbin iki dastanında türk” (Əli bəy Hüseynzadə) kimi önəmli mövzular gündəmə gətirilmişdi.

Türkoloji Qurultayda dinlənən məruzələr elmi cəhətdən yüksək nəzəri səviyyəsi və aktuallığı ilə səciyyələnir. Məruzələrin heç birində kəskin millətçi, şovinist baxışlara yol verilməmişdir. Lakin məruzələrdə ortaq köklərə malik qohum xalqların milli-mənəvi dəyərləri əks etdirilmişdi. Bu isə türk dünyasının, son nəticədə isə dünya elm və mədəniyyətinin daha da zənginləşməsinə, inkişafına xidmət edirdi. Buna baxmayaraq, hakim sovet ideologiyasının prinsiplərinə uyğun gəlmədiyi üçün həmin türkoloji elmi axın Sovet İttifaqının ictimai-siyasi mühitində böyük vahimə və şübhə ilə qarşılanmış, sonralar ağır repressiyalara səbəb olmuşdur.

Əslində, yeni böyük sivilizasiyanın yaranmasına təkan verəcək bu prosesə hakim ideologiya pantürkizm, panislamizm baxımından yanaşaraq, sağlam düşüncəni arxa plana keçirmişdir. Ona görə də milli-mənəvi yaxınlığın və birliyin yarada biləcəyi bütövlüyə ümumi mədəni inkişafın bir parçası səviyyəsində yox, mövcud ideoloji meyarların tərs mütənasibi kimi baxılmışdır. Bunun nəticəsidir ki, I Türkoloji Qurultayın, demək olar ki, Sovet İttifaqından olan bütün əsas iştirakçıları ciddi təqiblərlə üzləşmiş, həbs cəzasına məhkum edilmiş, sürgünə göndərilmiş, ölüm hökmünün qurbanı olmuşlar.

Beləliklə, ümumtürk coğrafiyasını əhatə edən Böyük Çöl landşaftı mədəniyyəti ortaq dəyərlər və elm baxımından, sanki, dünyadan qoparılmış, bütövlük və harmoniya pozulmuşdur. Lakin nə qədər çətin olsa da, I Türkoloji Qurultayın ideyaları, çağırışları yaşamış, sonrakı dövrlərdə milli-mənəvi dəyərlərin, milli mədəniyyətlərin və ədəbiyyatın inkişafında, elmi-mədəni inteqrasiyanın formalaşmasında mühüm rol oynamışdır. Qurultayda qaldırılan latın əlifbasına keçid məsələsi XX əsrin əvvəllərində Azərbaycanda və Türkiyədə tətbiq olunmuşdur. Sonradan Sovet İttifaqı daxilində bu proses dayandırılsa və fərqli kiril əlifbası ilə əvəz olunsa da, müstəqillik epoxasında latın əlifbası ideyası yenidən dirçəldilmişdir.

 Hazırda Azərbaycanda, Türkiyədə, Özbəkistanda və Türkmənistanda rəsmi olaraq latın əlifbasından istifadə olunur. Qazaxıstan isə latın əlifbasına keçmək haqqında qərar qəbul etmişdir. Görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin 1 avqust 2001-ci il tarixli xüsusi fərmanı ilə Azərbaycanda latın əlifbasına tam keçidin təmin edilməsi I Türkoloji Qurultayın ideyalarının müstəqillik qazanmış ölkəmiz üçün nə qədər aktuallıq və müasirlik kəsb etdiyini nümayiş etdirir. Eyni zamanda, 3 oktyabr 2009-cu ildə Türkdilli Ölkələrin Dövlət Başçılarının Naxçıvan sammitində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması və səmərəli fəaliyyəti də yeni tarixi epoxada I Türkoloji Qurultayın ideyalarının işığında meydana çıxan mühüm tarixi hadisə olub türk xalqları coğrafiyasında elmi-mədəni inteqrasiyanın inkişaf etdirilməsində mühüm hadisəyə çevrilmişdir.

Beynəlxalq Türk Akademiyasının dilçilik, ədəbiyyat, arxeologiya və folklorşünaslıq baxımından apardığı çoxaspektli işlər, həyata keçirdiyi əhəmiyyətli layihələr türk xalqlarının daha da yaxınlaşmasına, ümumdünya elmi-mədəni proseslərində aktiv iştirakında şərait yaradır. Beynəlxalq Türk Akademiyasının layihəsi kimi türkdilli ölkələrin orta ümumtəhsil məktəblərində tədris olunmaq üçün qəbul edilmiş “Ortaq türk tarixi” dərsliyinin nəşr edilməsi və istifadəsinə start verilməsi, “Ortaq türk ədəbiyyatı” və “Ortaq türk coğrafiyası” dərsliklərinin hazırlanmasına başlanılması da yeni tarixi epoxada müasir türkologiyanın mühüm nailiyyətlərindən sayılmağa layiq hadisədir.

Keçmiş Sovet İttifaqı dövründən “Sovetskaya türkologiya” adı ilə Bakıda buraxılmış  elmi jurnalın müstəqillik illərində daha geniş elmi istiqamətləri əhatə etməklə, yüksək poliqrafik səviyyədə “Türkologiya” adı ilə nəşr edilərək beynəlxalq aləmdə və türk dünyasında yayılması Azərbaycanın əsas türkoloji mərkəzlərdən biri olduğunu nümayiş etdirir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının ardıcıl və məqsədyönlü fəaliyyətinin davamı olaraq Bakıda Mədəni İrs Fondunun işə başlaması müasir şəraitdə ortaq mədəniyyətlərin birgə inkişaf etdirilməsinə daha bir imkan yaradır. Eyni zamanda, 29 iyun 2015-ci ildən türk dünyasının Elmlər Akademiyaları Assosiasiyasının fəaliyyət göstərməsi ilə elm sahəsində ortaq tədqiqatların, birgə ekspedisiyaların, müştərək konfransların təşkili və həyata keçirilməsi prosesləri ardıcıl xarakter almışdır. Bütün bunlarla bərabər, türk xalqları üçün ortaq latın əlifbasının qəbul olunması və vahid terminologiyanın formalaşdırılması qarşıda duran əsas vəzifələrdən biridir. Türk xalqlarının elmi mühitini əhatə edən xüsusi elmi jurnalın təsis edilməsi də müasir mərhələdə türkologiyanın inkişafında yeni dalğa yarada bilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında” 18 fevral 2016-cı il tarixli sərəncamı böyük tarixi hadisə olan I Türkoloji Qurultayın zəngin irsini və dərslərini müstəqillik dövrü epoxasının işığında müasirlik baxımından bir daha yenidən tədqiq edib ümumiləşdirməyə, ictimai və elmi cəhətdən qiymətləndirməyə və nəticələr çıxarmağa, yeni inkişafa nail olmağa, müasir vəzifələri müəyyənləşdirməyə böyük meydan açır. Birinci Türkoloji Qurultayın 90 illik yubileyi tədbirlərinin Türkiyədə, Macarıstanda, Qazaxıstanda, Tatarıstanda da keçirilməsi elmi-mədəni inteqrasiya proseslərinin daha da inkişaf etdirilməsində ölkəmizin xüsusi rola malik olduğunu nümayiş etdirir.

Müstəqillik illərində Azərbaycan Respublikasının türkdilli dövlətlərlə, türk xalqları ilə geniş və hərtərəfli əlaqələr qurması və inteqrasiya proseslərində yaxından və fəal iştirak etməsi türk dünyasında birlik və əməkdaşlığın inkişaf edib möhkəmləndirilməsinə sanballı töhfələr verir. Ümumiyyətlə, I Türkoloji Qurultayın 90 illiyinin yüksək səviyyədə qeyd olunması və keçilmiş yolun, elmi ənənələrin araşdırılıb öyrənilməsi, müasir vəzifələrin müəyyən edilməsi Azərbaycanda və türk dünyasında, ümumən, beynəlxalq aləmdə ictimai və humanitar elmlərin, o cümlədən türkoloji elmlər sisteminin bütün yönləri ilə inkişaf etdirilməsi yoluna işıq salır.

Bu böyük elmi-mədəni hadisənin tarixi dərsləri mədəniyyətlərin dialoquna, qarşılıqlı münasibətlərin və əməkdaşlığın daha da genişlənməsinə böyük imkanlar yaradır. Bu isə öz növbəsində dünya elminin daha da zənginləşdirilməsinə, beynəlxalq inteqrasiya proseslərinin hədəflərinə doğru yeni üfüqlərin açılması deməkdir.

İsa HƏBİBBƏYLİ,
Azərbaycan Milli Elmlər Akademiyasının
vitse-prezidenti, akademik


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında