Bosniya və Herseqovina Cənub-Şərqi Avropada, Balkan yarımadasının qərbində yerləşir. Sahəsi 51,2 min kvadratkilometr, əhalisi 4,1 milyon nəfərdir. Şimal, qərb və cənub tərəfdə Xorvatiya, şərqdə Serbiya, cənub-şərqdə Monteneqro ilə həmsərhəddir. Cənub-qərbdə Adriatik dənizinə çıxışı var. Sahil xəttinin uzunluğu 20 kilometrə bərabərdir. Dövlət quruluşu federativ respublikadır.
Bosniya və Herseqovina Federasiyasından, Serb Respublikasından və Brçko dairəsindən ibarətdir. 1992-ci ildən BMT-nin üzvüdür, 2016-cı ilin fevralında Avropa İttifaqına daxil olmaq üçün rəsmi müraciət etmişdir. Əsas xarici ticarət tərəfdaşları Avropa İttifaqı ölkələridir. Pul vahidi konvertə olunan markadır.
Tarixə ekskurs
Ölkənin adı tarixi vilayətlərin –Bosniya və Herseqovinanın adını özündə əks etdirir. Bosniya toponimi Bosna çayının adından götürülüb. Dövlət qurumu kimi Bosniya X-XI əsrlərdə Bosna və Vrbas çayları hövzəsində yaranmışdır.
Bizans imperatoru Konstantinin məlumatına görə, serblər bu əraziyə VII əsrin birinci yarısında gələrək müasir Serbiya, Monteneqro, Bosniya və Herseqovina və Xorvatiyanın bir hissəsində məskunlaşmışlar. Balkan yarımadasında məskunlaşan serblərin ərazi birlikləri digər cənub slavyanlarında olduğu kimi, jup adlanırdı. Slavyanlar tərəfindən assimilyasiyaya məruz qalan illiriyalılar isə dağlara çəkiliblər.
Serb knyazı Çaslav Klonimiroviçin ölümündən sonra knyazlıqdan ayrılan Bosniya Bizansın hakimiyyəti altına düşsə də, bir müddət sonra ölkənin bəzi əraziləri Macarıstanın tərkibinə qatıldı.
XIV əsrdə Bosniya hakimiyyəti nisbətən möhkəmlənsə də, Bosniya kralı Stepan Tomaşeviç Osmanlı imperatorluğunun təhdidlərindən qorunmaq məqsədilə Roma və Venetsiyaya yardım üçün müraciət etdi və türklərə xərac verməkdən boyun qaçırdı. Hadisələrin belə cövlan etməsi türk sultanının qəzəbinə səbəb oldu və Sultan II Mehmet 1463-cü ildə öz ordusu ilə Bosniyanın üzərinə yeridi. Stepan Tomaşeviç edam olundu, Bosniya dövləti süqut etdi. 1482-ci ildə isə Herseqovina bütünlüklə ələ keçirildi. 1878-ci ildə Rusiya və Osmanlı imperiyası arasında bağlanan San-Stefano sülh müqaviləsinə uyğun olaraq, Bosniya və Herseqovinaya muxtariyyət verildi. Lakin elə həmin il Avstriya-Macarıstan ölkəni işğal etdi.
1913-1914-cü illərdə Avstriya-Macarıstan hakimiyyətindən xilas olmaq məqsədilə genişlənən mübarizə nəticəsində “Mlada Bosna” adlı serb millətçi təşkilatı yaradıldı. Təşkilatın fəallarından olan Qavrilo Prinsip 1914-cü il iyunun 28-də Sarayevoda ershersoq Frans Ferdinandı və onun arvadı Sofiyanı qətlə yetirdi. Bu qətl Birinci dünya müharibəsi ilə nəticələndi. Bu müharibədə Bosniya və Herseqovinanın 407 min sakini həlak oldu, bir çox yaşayış məntəqələri tamamilə məhv edildi. Ölkə ağır itkilər və məhrumiyyətlərlə üzləşdi.
1945-ci ildə Bosniya və Herseqovina Xalq Respublikası Yuqoslaviya Federativ Xalq Respublikasına daxil oldu. Ölkə 1963-cü ildə Bosniya və Herseqovina Sosialist Respublikası adı ilə Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibinə keçdi.
1992-ci ildə referendum keçirilməsindən və ölkənin müstəqilliyinin elan olunmasından sonra Bosniya müharibəsi başlandı. NATO-nun münaqişəyə müdaxiləsi 1995-ci il dekabrın 14-də Deyton sazişinin imzalanması ilə nəticələndi. Sazişdə iki hissədən – Müsəlman-Xorvat Federasiyası və Serb Respublikasından ibarət vahid dövlətin qorunub saxlanılması nəzərdə tutulurdu. 1999-cu ildə Deyton sazişinin əksinə olaraq Posavin dəhlizi üzrə arbitraj komissiyası Brçko dairəsinin beynəlxalq nəzarət altında müstəqilliyini elan etdi.
Bosniya və Herseqovinanın ümumdövlət əhəmiyyətli hakimiyyət orqanları Rəyasət Heyəti, Parlament Assambleyası və Nazirlər Şurasıdır. Parlament Nümayəndələr Palatası və Xalqlar Palatasından ibarətdir. Dövləti təşkil edən xalqların üç nümayəndəsindən ibarət olan Rəyasət Heyəti ali kollektiv icra orqanıdır və dövlətin başında durur. Rəyasət Heyəti 4 il müddətinə seçilir.
Bosniya və Herseqovinadan Rəyasət Heyətinə üzv olaraq 1 bosniyalı, 1 xorvat, Serb Respublikasından 1 serb seçilir. Seçki zamanı ən çox səs toplamış üzv sədr olur, lakin 8 aydan sonra sədr vəzifəsi digər üzvə keçir. Beləliklə, hər üç üzv 4 il ərzində iki dəfə sədr vəzifəsini tutur.
2014-cü il oktyabrın 12-də keçirilən seçkidə Bakir İzetbeqoviç (bosniyalı), Draqan Çoviç (xorvat) və Mladen İvaniç (serb) Rəyasət Heyətinin üzvləri seçilmişlər.
* * *
Təyyarə axşamdan xeyli keçmiş ehmalca hava limanına enir. Yüngül qar yağsa da, soyuq deyil. Ölkəmizin Serbiyadakı səfirliyinin əməkdaşları bizi gülərüzlə qarşılayırlar, otelə yola düşürük. Yolboyu 25 ildən artıq Sarayevoda yaşayan türk qardaşımız bizə dolğun məlumat verir, Bosniya (boşnak) dilinin serb dilindən azacıq dialektik fərqinin olduğunu bildirir.
Dinar Alpının Sarayevo vadisində təpəliklər üzərində salınmış bu şəhərin əsası 1263-cü ildə qoyulub. Əvvəllər Bosnovar, sonralar Bosna- Saray, Saray-Ova adlanıb. 1429-1878-ci illərdə Osmanlı imperiyasının, 1878-1918-ci illərdə Avstriya-Macarıstan imperiyasının tərkibində olub. Türk sultanının canişini 1850-ci ildə öz iqamətgahını bu gözəl şəhərə köçürüb. Osmanlı memarlığının incilərindən Sahzadə Camesi, Bəy Camesi, Ali Paşa Camesi, 50 mindən artıq nadir kitabın və əlyazmanın saxlandığı kitabxanası olan Kürsümlü mədrəsəsi, Osmanlı çarşısı, karvansaraylar Sarayevoya xüsusi yaraşıq verir. Osmanlı dövründə bu şəhər Böyük İpək Yolu üzərində önəmli məntəqələrdən biri olub. Sıldırımlı qayalıq üzərindəki on iki qülləli türk qalası da ulu babalarımızın möhtəşəm yadıgarlarındandır.
Enişli-yoxuşlu küçələri, təpələrin sinəsindəki qırmızı kirəmitli iki-üç mərtəbəli evləri yaşıllıqlar dövrəyə alıb. Əsrlərin tarixi, sevincli-kədərli xatirələri sükuta dalıb bu yerlərdə. Dindirsən, dil açıb danışar babalarımızın hekayətini. Ağır bir qəm çökür qəlbimə, tariximizin itib-batan səhifələri, ulularımızın nigaran ruhları əbədi məskən tapıb lal sükuta qərq olub bu yerdə.
Bristol mehmanxanasında bizi ölkəmizin Serbiya, Monteneqro və Bosniya və Herseqovinadakı səfiri, sabiq baş prokuror Eldar Həsənov qarşılayır. Açığı, bütün səfər boyu Eldar Həsənov başda olmaqla, səfirliyin əməkdaşlarının həssas və qayğıkeş münasibətindən, ölkəmizi Vətəndən uzaqlarda ləyaqətlə təmsil etmələrindən qürur duyduq. Hətta qısa müddət ərzində serb dilini belə mükəmməl öyrənə biliblər.
Ertəsi gün Azərbaycan Milli Məclisinin nümayəndə heyəti millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru Cavanşir Feyziyevin rəhbərliyi ilə Bosniya və Herseqovina Parlamentinin Yuxarı Palatasının (Xalqlar Evi) Sədri cənab Safet Softiçlə görüşə yola düşdü.
Milli Məclisin deputatları Çingiz Qənizadə və Elşad Həsənov, “Milli Məclis” jurnalının baş redaktoru Ülviyyə Abdullayeva, Milli Məclis Aparatının beynəlxalq əlaqələr şöbəsinin böyük məsləhətçisi Babək Ağayev, Paralament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı, İctimai Televiziyanın əməkdaşı Bəxtiyar Səlimov, “Diskovery Azerbaijan” jurnalının “Turan” bölməsinin redaktoru Aida Eyvazlı və bu sətirlərin müəllifi görüşdə iştirak edirdilər.
Görüşdə səfir Eldar Həsənov Azərbaycan nümayəndə heyətinin səfərinin məqsədi, Azərbaycanın siyasi, iqtisadi və mədəni sahədə qazandığı uğurlardan bəhs edərək, Bosniya və Herseqovina Parlamentində Xocalı soyqrımına dair qətnamənin qəbulu na görə parlamentarilərə ölkəmiz adından təşəkkürünü bildirdi.
Yuxarı Palatanın Sədri cənab Safet Softiç ölkəsində Azərbaycana yüksək münasibət bəsləndiyini vurğulayaraq, hər iki ölkənin eyni dövrdə müstəqillik qazandığını, oxşar problemlərlə üzləşdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, parlamentlərarası əlaqələrin genişlənməsi xalqlarımızın daha da yaxınlaşmasına, ölkələrimizin çiçəklənməsinə, beynəlxalq mövqelərimizin möhkəmlənməsinə öz töhfəsini verəcək. Palata sədri bu istiqamətdə planlı və səmərəli iş aparmağın zəruriliyini diqqətə çatdırdı.
Milli Məclisin nümayəndə heyətinin rəhbəri, millət vəkili Cavanşir Feyziyev səmimi qəbula və ölkəmiz haqqında xoş sözlərə görə Palata Sədrinə minnətdarlığını bildirdi. Qeyd etdi ki, Azərbaycan təkcə Cənubi Qafqazda deyil, regionda böyük nüfuza malik qüdrətli dövlətdir. Davos İqtisadi Forumunun rəqabətqabiliyyətlilik indeksinə görə Azərbaycan dünya dövlətləri arasında 38-ci yerdədir. Son 13 il ərzində ümumi daxili məhsul 3 dəfə artmış,
1 milyon 300 min yeni iş yeri açılmış, yoxsulluq səviyyəsi 10 dəfə aşağı salınmışdır. Bu gün Azərbaycan xarici ölkələrdə qlobal layihələrə böyük həcmdə yatırımlar həyata keçirir.
Tərəflər hər iki ölkəni maraqlandıran müxtəlif məsələləri geniş müzakirə etdilər.
Parlamentin binasında Azərbaycan-Bosniya və Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri arasında keçirilən görüş qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi istiqamətində xalqlarımızın istək və arzularının ifadəsinə çevrildi. Səfir Eldar Həsənov, Milli Məclisin deputatları Cavanşir Feyziyev, Elşad Həsənov, işçi qrupunun sədri Çingiz Qənizadə, Bosniya və Herseqovina Parlamentindəki işçi qrupunun üzvləri çıxış edərək təklif və mülahizələrini bildirdilər. Qeyd olundu ki, gənc müstəqil dövlətlər olan Azərbaycanla Bosniya və Herseqovina öz aralarında dostluq və əməkdaşlıq münasibətlərini inkişaf etdirməklə kifayətlənməməli, bütün beynəlxalq təşkilatlarda, o cümlədən BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı çərçivəsində hər zaman bir-birinə dəstək verməlidirlər. Dost ölkənin parlamentariləri Azərbaycanın iş adamları üçün əlverişli şərait yaradılacağını vurğulayaraq, ölkələrində qlobal layihələrə yatırımlara ehtiyac duyulduğunu diqqətə çatdırdılar. Qeyd olundu ki, 1994-cü ildən 2014-cü ilə qədər Bosniya və Herseqovina iqtisadiyyatına cəmi 6 milyard avro xarici investisiya qoyulmuşdur. Ağır müharibənin, millətlərarası münaqişələrin vurduğu yaralar, törədilən dağıntılar hələ də tam aradan qaldırılmamışdır.
Dost ölkənin parlament təmsilçiləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində beynəlxalq təşkilatlarda aparılan müzakirələrdə Azərbaycanın ədalətli mövqeyinə dəstək verəcəklərini ifadə etdilər. Görüş səmimi dostluq, qarşılıqlı anlaşma şəraitində başa çatdı.
Bosniya və Herseqovina Respublikasının Rəyasət Heyətinin Sədri,
Azərbaycanın böyük dostu Bakir İzetbeqoviçlə görüş
1956-cı ildə doğulmuş Bakir İzetbeqoviç Sarayevo Universitetini bitirmişdir, ixtisasca arxitektordur. 2010 və 2014-cü illərdə keçirilən seçkilərdə böyük səs çoxluğu ilə Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü seçilmişdir. Ölkənin böyük nüfuza malik siyasi və dövlət xadimidir.
Bakir İzetbeqoviç Azərbaycan nümayəndə heyəti ilə mehribancasına görüşərək xatirə şəkli çəkdirdi.
Azərbaycanın Serbiya, eyni zamanda, Bosniya və Herseqovina və Monteneqrodakı səfiri Eldar Həsənov nümayəndə heyətinin rəhbərini və üzvlərini Rəyasət Heyətinin Sədrinə təqdim etdi, səfərin məqsədi haqqında ətraflı məlumat verdi.
Bakir İzetbeqoviç 2012-ci ilin oktyabrında Azərbaycana səfərini və 2016-cı ilin aprelində İstanbulda Prezident İlham Əliyevlə görüşünü məmnunluqla xatırladı. Qeyd etdi ki, dövlətimizin başçısı ilə ikitərəfli əlaqələrin inkişafı və perspektivləri barədə səmərəli fikir mübadiləsi aparmışdır. Bu baxımdan “Cənub” qaz dəhlizi və energetika sahəsində əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin maraqları çərçivəsindədir. Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç İstanbulda görüş zamanı dövlətimizin başçısını Bosniya və Herseqovinaya səfərə dəvət etdiyini bildirdi. Qeyd etdi ki, onun Azərbaycana səfəri zamanı AZPROMO ilə Bosniya və Herseqovina arasında Anlaşma Memorandumu, təhsil sahəsində əməkdaşlıq haqqında saziş, ikiqat vergitutmadan yayınma barədə Konvensiya imzalanmışdır.
Bakir İzetbeqoviç atası Aliya İzetbeqoviçin ümummilli lider Heydər Əliyevlə dost olduğunu, ona böyük hörmət bəslədiyini qeyd etdi.
Görüşdə Milli Məclisin deputatlarının, kütləvi informasiya vasitələrinin rəhbərlərinin iştirakını yüksək dəyərləndirən Bakir İzetbeqoviç ölkələrimiz arasında qarşılıqlı səfərlərin, investisiya yatırımlarının, turizm potensialının təbliğinin zəruriliyini vurğuladı, Azərbaycanın dost ölkələr arasında xüsusi yer tutduğunu qeyd etdi.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Cavanşir Feyziyev hər iki ölkənin eyni vaxtda müstəqillik qazanmasına diqqət çəkərək Bosniya və Herseqovinanın üzləşdiyi problemlərə Azərbaycanın yaxşı bələd olduğunu bildirdi. Dost ölkənin parlamentində Xocalı soyqrımına dair qətnamənin qəbul olunmasında xidmətinə görə Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçə minnətdarlığını ifadə etdi. C. Feyziyev nümayəndə heyətinin Sarayevoya səfər proqramı barədə ətraflı məlumat verərək, gələn il yaradıcı ziyalıların qarşılıqlı səfərlərinin təşkil olunmasına dair təklif irəli sürdü.
Görüşdə əməkdaşlığın genişləndirilməsi, beynəlxalq təşkilatlarda ölkələrimizin bir-birinə dəstək verməsi istiqamətində faydalı fikir mübadiləsi aparıldı.
Bakir İzetbeqoviçin atası Aliya İzetbeqoviç görkəmli yazıçı, filosof və dövlət xadimi olmuşdur. 1970-ci ildə “İslam deklarasiyası”nı nəşr etdikdən sonra 14 il müddətinə azadlıqdan məhrum edilmişdir. Həbsdən azad olunduqdan sonra 1990-cı ildə keçmiş Yuqoslaviyanın tərkibində Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri seçilmişdir. 1990-1996-cı illərdə Prezident, 1996-2000-ci illərdə Prezident Şurasının üzvü olmuşdur. Aliya İzetbeqoviç tanınmış zadəgan ailəsindən idi. 2003-cü ildə ürək çatışmazlığından vəfat etmişdir.
Səfər zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri “Kovaçı” qəbirstanlığına gedərək, bu böyük insanın məzarını ehtiramla ziyarət etdi.
Şərqi Avropada kor və zəif görən uşaqlar, gənclər üçün yeganə mərkəz
Bu böyük ixtisaslaşmış kompleksin qarşısında nümayəndə heyətini və səfirliyin əməkdaşlarını mərkəzin direktoru, tanınmış yazıçı- alim Damir Ovçina qarşıladı. Ötən əsrin 90-cı illərində ölkədə gedən müharibə nəticəsində mərkəz dağılıb, yararsız vəziyyətə düşüb. Müxtəlif instansiyalara müraciətlərə baxmayaraq, bərpa işlərinə vəsait ayıran, yardım edən tapılmayıb. Dost ölkənin çətin günündə onun çağırışına səs verən Azərbaycan olub, Heydər Əliyev Fondu olub. Heydər Əliyev Fondunun vitse- prezidenti Leyla xanım Əliyeva bir neçə dəfə bu ölkəyə səfər edərək mərkəzin bərpası, Azərbaycan-- Bosniya və Herseqovina dostluq parkının abadlaşdırılması, bu parkda 1992-1995-ci illər Bosniya müharibəsinin və Xocalı soyqrımı qurbanlarının xatirəsinə abidə kompleksinin ucaldılnası layihəsi üzrə işlərin gedişi ilə tanış olmuş, hərtərəfli dəstək vermişdir. Layihə ölkəmizin və Heydər Əliyev Fondunun təşəbbüsü və maliyyə dəstəyi ilə reallaşdırılmışdır.
Dobrinya çayının sahilində yerləşən parkda yenidənqurma işlərinə 2011-ci ildə başlanıb. Ərazisi 1 hektar olan parkda Sarayevo sakinlərinin istirahəti üçün hər cür şərait yaradılıb, çayın digər sahilində yerləşən Dobrinya Təhsil Kompleksinə keçid üçün körpü inşa olunub.
Dostluq parkının və abidənin açılışında Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç və Leyla Əliyeva iştirak etmişlər.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın qayğısı ilə kor və zəif görən uşaqlar, gənclər üçün mərkəzdə tədris və təlim-tərbiyə prosesi üçün müasir tələblərə uyğun şərait yaradılmış, yeni texnologiyalardan istifadə olunmuşdur.
Damir Ovçina bildirdi ki, burada Şərqi Avropanın müxtəlif ölkələrindən olan gənclərin təhsil alması, cəmiyyətə inteqrasiyası üçün yaradılan şərait dünya standartlarına cavab verir: “Buna görə də biz Azərbaycan Prezidentinə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, fondun vitse-prezidenti Leyla xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Əvvəllər biz Azərbaycanı o qədər də yaxşı tanımırdıq, indi bilirik ki, bu ölkə Cənubi Qafqazın lider ölkəsidir, qüdrətli dövlətdir”.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Cavanşir Feyziyev və səfir Eldar Həsənov bundan sonra da mərkəzin problemlərinin diqqətdə saxlanılacağını, hər zaman kömək göstərməyə hazır olduqlarını bildirdilər. Azərbaycanın bu mərkəzə yardımından, humanist dəstəyindən qürur hissi ilə döyünən ürəklərimizdə xoş duyğularla oradan ayrılıb proqramdakı növbəti tədbirlərə yola düşdük.
Kitabların təqdimat mərasimi
Səfərin ən maraqlı məqamlarından biri Sarayevonun Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə boşnak dilinə tərcümə olunmuş kitabların – Xalq yazıçısı Çingiz Abdullayevin “Avropanın oppenentləri” və Milli Məclisin deputatı, fəlsəfə doktoru Cavanşir Feyziyevin “Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Azərbaycan modeli” kitablarının “Holiday” otelində təqdimat mərasimi oldu. Yüksək səviyyədə təşkil edilən mərasimdə Bosniya və Herseqovina Parlamentinin sədri Safet Softiç, Rəyasət Heyəti sədrinin iki köməkçisi, tanınmış yazıçılar, elm, mədəniyyət və incəsənət xadimləri, azərbaycanlı və türk tələbələr, ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
Xalq yazıçısı Çingiz Abdullayevin əsərlərinin bu günə qədər 32 dilə tərcümə olunması, 28 milyondan artıq tirajla nəşr edilməsi, Cavanşir Feyziyevin 6 dili mükəmməl bilməsi, yüzlərlə elmi məqalə və kitabların müəllifi olması faktı auditoriyada ciddi maraq oyatdı.
Səfir Eldar Həsənov, kitabların müəllifləri, 1531-ci ildə əsası qoyulmuş Sarayevo Universitetinin rektoru Erkan Türe, Sarayevo Elm və Texnologiya Universitetinin professoru, Bosniya və Herseqovina Yazıçılar İttifaqının sədr müavini Edin Konhodjiç, yazıçı, ədəbiyyatşünas Muyo Musaqiç, Sarayevo Universitetinin hüquq fakültəsinin dekan müavini Edin Halapiç, Amerika Universitetinin professoru Nenad Tanoviç, Sarayevo Universitetinin dekanı Metin Boşnak çıxış edərək hər iki kitab və müəlliflərin yaradıcılığı haqqında öz fikirlərini bölüşdülər. Qeyd olundu ki, Xalq yazıçısı Çingiz Abdullayevin “Avropanın opponentləri” əsəri bu dünyada, eləcə də Avropa məkanında baş verən mürəkkəb hadisələrə, Qərbin arxasında məkrli niyyətlər duran məxfi layihələrinə sistemli baxış sərgiləyən detektiv roman kimi yüksək dəyərə malikdir. Bu roman, Xalq yazıçısı Çingiz Abdullayevin sanballı çıxışı və incə replikaları auditoriyada Azərbaycan ədəbiyyatı və xalqımız haqqında dolğun təsəvvür yaratdı.
Milli Məclisin deputatı Cavanşir Feyziyev müasir dünyada baş verən prosesləri və aparıcı tendensiyaları təhlil edərək siyasətin pozitiv transformasiyasında, yeni dünya düzəninin formalaşmasında Türk Dövlətləri Birliyinin rolunun, missiyasının nədən ibarət olduğunu, bu birliyin bəşər sivilizasiyasına davamlı əməkdaşlıq, qarşılıqlı etimad nümunələri əsasında önəmli töhfələr verə biləcəyini açıqladı. Mərasimin sonunda Sarayevo Universitetinin rektoru bildirdi ki, Xalq yazıçısı, hüquq elmləri doktoru Çingiz Abdullayev və millət vəkili, fəlsəfə doktoru Cavanşir Feyziyev Bosniya və Herseqovina Yazıçılar İttifaqının fəxri üzvləri seçilmişlər. Vəsiqələr təqdim edildikdən sonra imza mərasimi oldu.
Səfər zamanı keçirilən bütün görüşlərdə və tədbirlərdə ümummilli liderimiz Heydər Əliyevə, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə böyük hörmət və ehtiramın, Azərbaycana və xalqımıza tükənməz bir sevginin şahidi olduq. Bu ehtiramın, o tükənməz sevginin arxasında fədakar insanlarımızın əməyi, xalqımızın nəcib əməlləri, yüksək insani keyfiyyətləri, mənəvi dəyərlərimiz durur. Bizi sədaqətli dost, haqq-ədalət carçısı, sivil bir ölkə kimi tanıyırlar. Bundan yana qəlbimizdə xoş duyğularla Vətənə dönürük.
Həsən Həsənov,
Azərbaycan Respublikasının
Əməkdar jurnalisti
Bakı-Sarayevo-Bakı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.