Qədim tariximizin itirilən və yazılan səhifələri

MİNGƏÇEVİR ARXEOLOJİ EKSPEDİSİYASI – 70

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Oğul Sarvan! Soruşarsan axtardığın şeylər nədir?

Bu yeraltı Mingəçevir bir tükənməz dəfinədir.

Üstünü toz-torpaq almış,

Bu pas tutmuş qılınca bax!

Neçə min il bundan qabaq

At belində qılınc çalmış

Sənin şanlı babaların –

Öz ellərin, obaların

Bu torpaqda şəhər salmış.

                      

                       Səməd Vurğun

 

Dahi Azərbaycan şairi Səməd Vurğunun bu misraları arxeoloji abidələrlə zəngin olan Mingəçevirin qədim tarixinin ən dəqiq poetik tərifidir. Doğrudan da, Mingəçevir abidələri qədim tariximizin tədqiqi üçün ən sanballı mənbələrdən biridir. Bu il həmin abidələri kompleks şəkildə tədqiq edən arxeoloji ekspedisiyanın yaradılmasından 70 il keçir. Mingəçevirdə, Kür çayı üzərində su elektrik stansiyasının tikintisi ilə əlaqədar olaraq su altında qalacaq ərazidə abidələrin tədqiqi məqsədi ilə təşkil edilmiş, 1946-1953-cü illərdə geniş qazıntılar aparmış Mingəçevir arxeoloji ekspedisiyasının fəaliyyəti, bütövlükdə, Qafqaz arxeologiya elmi tarixində mühüm hadisələrdən biridir.

Görkəmli arxeoloq Saleh Qazıyevin ümumi rəhbərlik etdiyi, Azərbaycanda ilk dəfə olaraq irimiqyaslı tikinti sahəsindəki arxeoloji abidələrin öyrənilməsi üçün yaradılmış bu ekspedisiyanın nail olduğu yeniliklər bu gün də öz elmi aktuallığını saxlamaqdadır. Qədim və orta əsrlər tariximizin müxtəlif mərhələlərinə aid 20 mindən artıq maddi mədəniyyət qalıqlarının aşkar edildiyi bu qazıntılar Stalinin yaratdığı ağır siyasi rejim, üstəlik, çox çətin maddi və məişət şəraitində Azərbaycan arxeoloqlarının göstərdiyi əsl fədakarlıq idi.

1951-1952- ci illərdə bu qazıntılarda iştirak etmiş görkəmli Azərbaycan arxeoloqu İ.Nərimanov Mingəçevir arxeoloji ekspedisiyasına hazırlıq mərhələsi ilə əlaqədar xatırlayırdı: “1946-cı ildən fəaliyyətə başlayan ekspedisiyada işlərin ağırlığı ordudan qayıdıb əmək fəaliyyətinə başlayan R.M.Vahidov, Q.Y.İone və Q.M.Aslanovun üzərinə düşürdü. Onların mənzil- məişət şəraiti yaxşı deyildi. Həmin arxeoloqlar barədə Azərbaycan Elmlər Akademiyasının prezidenti Yusif Məmmədəliyevə məlumat verildi. O, Bakı Şəhər İcraiyyə Sovetinin sədri Əliş Ləmbəranskini görüşə dəvət etdi. Həmin görüşdə  arxeoloqların ev məsələsi həll olundu, hər üçü təzə mənzilə köçdü”. Əlbəttə, bütün bunlar hələ İkinci dünya müharibəsindən sonrakı ağır illərdə Elmlər Akademiyası rəhbərliyinin, dahi alim Yusif Məmmədəliyevin elmə, qədim tariximizi öyrənən, çətin çöl şəraitində çalışan arxeoloq alimlərə verdiyi yüksək dəyərin göstəricisi idi. Digər tərəfdən, bu, həm də qarşıda duran nəhəng tikinti sahəsində məhv olacaq abidələrin təxirəsalınmaz xilasetmə-tədqiqat işlərinin zəruriliyi ilə bağlı idi.

Mingəçevir qazıntılarının Azərbaycanın qədim dövr tarixinin öyrənilməsində müstəsna əhəmiyyəti barədə kitablar yazılmış, dissertasiyalar müdafiə edilmiş, çoxsaylı məqalələr nəşr edilmişdir. Onilliklər keçməsinə baxmayaraq, bu qazıntıların nəticələri bu gün də elmi əhəmiyyətini itirməmişdir. Azərbaycanın, eləcə də bütövlükdə Cənubi Qafqazın tunc, antik və orta əsrlər dövrlərinə aid elə bir sanballı tədqiqat əsərinə rast gəlmək mümkün deyil ki, orada Mingəçevir tapıntılarına müraciət edilməsin.

Kür çayı vadisi, xüsusilə də onun Azərbaycan ərazisindəki orta axarı hövzəsi qədim tarixin ən müxtəlif mərhələlərinə aid arxeoloji abidələrlə zəngindir. Həmin illərdə aparılan qazıntılar Mingəçevirdə ən qədim abidələrin erkən tunc dövrünə - e.ə. III minilliyə aid olduğunu göstərmişdir. Azərbaycanın qərb bölgəsində Kür çayının vadisi, xüsusilə də Mingəçevir və Yenikənd su anbarlarının sahillərində tunc dövrünə aid yüzlərlə qəbir abidələri, yaşayış məskənləri qeydə alınmışdır. Son bir neçə ildə bu bölgədə aparılan arxeoloji araşdırmalar nəticəsində Mingəçevir su anbarı ətrafında qədim daş dövrünə – paleolit dövrünə aid düşərgə və coxsaylı daş alətlər aşkar edilmişdir ki, bu tapıntılar da ərazidə ibtidai insanların məskunlaşma tarixinin 1 milyon ildən artıq olduğunu sübut etmişdir. Eyni zamanda, bu ərazilərdə, Kür çayı vadisində milyon illər öncə buralarda yaşamış cənub fillərinin və digər heyvanların sümüklərinə və daşlaşmış qalıqlarına rast gəlinir. Bu faktlar ərazinin arxeoloji və paleontoloji baxımdan tədqiqi üçün mühüm əhəmiyyət kəsb etdiyini göstərir.

1946-1953-cü illərdə Mingəçevir su elektrik stansiyasının tikintisi Azərbaycanın və ümumilikdə Cənubi Qafqazın iqtisadi inkişafı üçün zəruri bir layihə idi. Bu gün də bu stansiya ölkə iqtisadiyyatında mühüm mövqeyə malik infrastruktur obyektlərdəndir. Lakin bu tikinti işləri ilə əlaqədar aparılan arxeoloji qazıntılar zamanı çox mühüm elmi tədqiqat işləri həyata keçirilsə də yüzlərlə qədim abidələr öyrənilmədən həmişəlik su altında qaldılar. Hətta gələcəkdə, nə zamansa, burada sualtı arxeoloji işlər aparılarsa da, bu, həmin abidələrin çox cüzi bir hissəsi barədə səthi məlumatlar verə bilər. Əgər Mingəçevir su anbarının sahəsinin  605 kvadratkilometr  olduğunu, həmin illərdə Azərbaycan elminin texniki imkanlarının, kadr potensialının zəifliyini və ərazidə arxeoloji abidələrin əlahiddə səviyyədə sıx yerləşdiyini nəzərə alsaq, cəmi 8 il müddətində həmin sahənin yalnız bir hissəsinin araşdırıldığını yəqin etmək mümkündür. Bu barədə tunc dövrü abidələrinin qazıntılarına dair 1959-cu ildə rus dilində, Q.M.Aslanov, R.M.Vahidov və Q.Y.İonenin müəllifliyi ilə nəşr olunmuş “Qədim Mingəçevir” kitabında müəyyən məlumatlar yer alıb. Kitabda Mingəçevirdə bütün abidələrin aşkar edilmədiyi və məlum abidələrin hamısının lazımi səviyyədə öyrənilmədiyi, 20-dən artıq kurqanın aşkar edilməsinə baxmayaraq, onlardan yalnız 5-nin tam, 3-nün isə qismən tədqiq edildiyi yazılmışdır.

 Subasar ərazidə arxeoloji abidələrlə yanaşı, Azərbaycanın nadir flora və faunası da məhv edilmişdir. Mingəçevir qazıntılarında iştirak etmiş, artıq dünyasını dəyişmiş arxeoloqların söylədiklərinə görə, ərazinin su ilə tədricən doldurulması ilə çoxsaylı abidələrlə yanaşı, Kür çayı vadisinin  nadir meşələri də həmişəlik su altında qaldı.

Bütün bunlara baxmayaraq, Mingəçevir abidələri timsalında qədim tariximizin itirilmiş səhifələri ilə yanaşı, arxeoloqların gərgin əməyi nəticəsində bir sıra parlaq səhifələri də yazılmış oldu. Məhz yazıyaqədərki tariximizin böyük bir hissəsi Mingəçevir qazıntılarının nəticələri əsasında yazılmışdır. Azərbaycan və Qafqaz arxeologiyasının bir sıra mühüm problemlərinin həllinə dair faktlar ilk dəfə məhz Mingəçevir qazıntıları nəticəsində aşkara çıxarılmışdır.

Mingəçevirdə aparılan qazıntılara qədər Azərbaycanda erkən tunc dövrünə aid abidələr məlum olsa da, ilk dəfə olaraq məhz burada həmin tarixi mərhələyə aid yaşayış yeri və onunla yanaşı, qəbir abidələri kompleks halda aşkar edilərək tədqiq olunmuşdur. Bu qazıntılar bölgənin erkən tunc dövrü əhalisinin yaşayış tərzi, təsərrüfat və sənətkarlıq sahələri ilə yanaşı, dəfn adətlərinin də öyrənilməsinə imkan yaratmışdır. İlk dəfə olaraq məhz Mingəçevirdə Xocalı-Gədəbəy mədəniyyətinə – e.ə. II minilliyin ikinci yarısı – I minilliyin əvvəllərinə aid abidələr, yaşayış yerləri və qəbir abidələri kompleks halda elmi əsaslarla tədqiq edilmişdir.

Tunc dövrünün bütün bu abidələrinin qazıntıları həmin dövr əhalisinin həyat tərzinin ümumi mənzərəsi barədə ətraflı təsəvvür yaratmışdır. Qəbir abidələrinin araşdırılması məsələsində ən maraqlı məqamlardan biri qədim Mingəçevirdə insanlarla birgə atların, öküzlərin, itlərin də dəfn edilməsinin müəyyən olunmasıdır. Qazıntılar nəticəsində aşkar edilmiş minlərlə saxsı qablar, bəzək əşyaları, tuncdan silah nümunələri bölgədə minilliklər öncə müxtəlif sənətkarlıq sahələrinin inkişaf etdiyini, əhalinin uzaq ölkələrlə mədəni-iqtisadi əlaqələrinin genişləndiyini, cəmiyyətdə erkən dövlətçilik ənənələrinin əlamətləri olan iyerarxik münasibətlərin mövcudluğunu söyləməyə imkan verir.

Mingəçevir qazıntıları Azərbaycanın qədim dövlətlərindən olan Albaniyanın tarixinin, mədəniyyətinin öyrənilməsinə mühüm töhfələr vermişdir. Burada Albaniyanın antik dövrünə aid şəhər tipli yaşayış yeri və bu şəhərə aid məzarlıqda 300-dən artıq küp qəbirləri qazılmışdır. Qazıntılar göstərmişdir ki, bu dövrdə Böyük İpək Yolu üzərində yerləşən Mingəçevir şəhəri əsas ticarət və sənətkarlıq mərkəzlərindən biri olmuşdur. Diqqəti cəlb edən məsələlərdən biri Mingəçevirdəki qazıntılar zamanı Albaniyanın antik dövrünə aid katakomba qəbirlərinin aşkar edilməsidir. Arxeoloji araşdırmalarla konkret abidələrin müəyyən dil daşıyıcıları olan əhaliyə aidliyini söyləmək çətin olsa da, Azərbaycan ərazisindəki, o cümlədən Mingəçevirdə aşkar edilmiş 2 min il əvvələ aid antik dövr katakomba qəbirlərin dəfn edilmiş insanların antropoloji tipinə və digər tarixi faktlara əsasən, ciddi tədqiqatçılar tərəfindən türkdilli əhaliyə məxsus olduğu yekdilliklə təsdiqlənmişdir.

Albaniyanın tarixi, mədəniyyəti barədə yazılı mənbələrdə informasiyalar elm aləminə məlum idi. XX əsrin 30-cu illərində Albaniyanın 52 hərfdən ibarət əlifbasının olması barədə yazılı mənbələrdə məlumatlar aşkar edilmişdir. Lakin həmin illərdə bu əlifba barədə maddi faktlar mövcud deyildi və buna görə də yazılı mənbə məlumatlarını təsdiq etmək mümkün olmurdu. Mingəçevir arxeoloji qazıntılarının ən böyük uğurlarından biri məhz müxtəlif predmetlər üzərində alban əlifbası ilə yazılmış yazıların aşkar edilməsidir. Azərbaycan arxeologiya elminin tarixinə qızıl hərflərlə yazılmış bu əlamətdar hadisə xalqımızın zəngin mədəniyyətə, qədim dövlətçilik ənənələrinə, eyni zamanda, yazı mədəniyyətinə malik olduğunun əsas göstəricilərindən biridir.

Əlbəttə, Mingəçevir ekspedisiyasının uğurlarından daha ətraflı danışmaq olar. Bu ekspedisiyanın aşkar etdiyi zəngin artefaktlar hələ uzun illər arxeoloqların, tarixçilərin tədqiqat obyekti olaraq qalacaqdır. Mingəçevir ətrafında, Kür vadisində arxeoloji araşdırmaların davam etdirilməsi Azərbaycanın bu qədim diyarının tarixi barədə yeni-yeni faktların aşkarlanması ilə nəticələnəcəkdir.

Nəcəf MÜSEYİBLİ,
AMEA-nın Arxeologiya və
Etnoqrafiya İnstitutu direktorunun
 elmi işlər üzrə müavini


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında