Koreyada “Azərbaycan günü”

Koreya Respublikasının paytaxtı Seulda türkdilli dövlətlərin mədəniyyət festivalı keçirilib. Festival çərçivəsində “Azərbaycan günü” xüsusi maraq  doğurub. Bu barədə  Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Azərbaycanın Seuldakı səfirliyinin təşəbbüsü və Koreya Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən festival Koreyada türkdilli ölkələri daha yaxşı tanıtmaq və qarşılıqlı mədəniyyət mübadiləsi aparmaq məqsədi daşıyır.

Festivalın proqramına uyğun olaraq Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Türkmənistanın incəsənət ustalarının ifasında milli günlər silsiləsi çərçivəsində keçirilən “Azərbaycan günü”ndə solistlər, saz ifaçıları, rəqqaslar, instrumental musiqiçilər koreyalı sənətsevərlər qarşısında milli musiqimizi təqdim ediblər.

Konsertdən əvvəl çıxış edən ölkəmizin Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov deyib ki, “Azərbaycan günü” iki dövlət və xalq arasında mədəni əməkdaşlıqda əlamətdar hadisədir.

Qeyd edək ki, konsertin keçirildiyi Koreya Milli Muzeyində Azərbaycan mədəniyyətini, təbiətini, memarlıq abidələrini, görməli yerlərini, mətbəxini əks etdirən fotolardan, habelə milli geyimlərdən ibarət sərgi də təşkil edilib.

Azərbaycan incəsənət ustaları paytaxt Seul ilə yanaşı, Qimhae şəhərində də konsert proqramı təqdim etmişlər. Bundan başqa, türkdilli dövlətlərin mədəniyyət festivalı çərçivəsində təşkil olunan film festivalında rejissor Rövşən İsaxın “Aktrisa” filmi Koreya dilində subtitrlə nümayiş olunmuşdur.

Festivalda Azərbaycan nümayəndə heyətinin iştirakı, sərgilərin təşkili və filmin nümayişi Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası və Bakı Media Mərkəzinin dəstəyi ilə həyata keçirilir.

M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında