Türkiyəli təhsil fədailərinin Azərbaycandakı fəaliyyətinə aid kitab

XIX əsrin sonu XX əsrin ilk yarısında Azərbaycan xalqının maariflənməsi üçün qardaş Türkiyədən  Bakıya gəlmiş müəllimlər pedaqogika tariximizdə silinməz izlər qoymuşlar. Bu gün ölkəmizdə Mehmet Cövdət, İsmayıl Hikmət Ertaylan, Əhməd Kamal və Şövkət Sürəyya Aydəmir minnətdarlıq duyğusu ilə xatırlanırlar.

Bu fikirlər gənc tədqiqatçı Elnurə Rzayevanın Anadolu türkcəsində Bakıda işıq üzü görmüş “Turana yolcu edilən eğitim sevdalıları” kitabının təqdimat mərasimində səsləndirildi. Tədbiri giriş sözü ilə açan kitabın müəllifi qeyd etdi ki, əsər  XX əsrin birinci yarısında o dövrün ziyalıları Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu,  böyük mesenat Hacı Zeynalabdin Tağıyev, eləcə də digər ziyalılarımızın təşəbbüsləri sayəsində Türkiyədən dəvət edilmiş müəllimlərin pedaqoji fəaliyyətinə işıq salır. Onun sözlərinə görə, bu müəllimlərin hər birinin pedaqoji fəaliyyəti və həyatı qardaş Azərbaycan xalqına sevgi və onun balalarının maariflənməsi, elm sahibi olması istəyi ilə yoğrulmuşdur.

“ Çar üsul-idarəsi dövründə Əli bəy Hüseynzadə başda olmaqla, ziyalılarımız  milli pedaqoji kadr yetişdirmək məqsədilə və xalqın maariflənməsi üçün İstanbuldan bir çox müəllim dəvət etmiş, Azərbaycan Xalq Cümhuriyyəti dövründə isə bu iş geniş vüsət almışdır. Kitabda haqqında bəhs etdiyim  müəllimlərin təhsil tariximizdə özünəməxsus yeri var, onların bu işıqlı əməyi həm də qardaş köməyi kimi Türkiyə və Azərbaycan arasında  tarixin sınağından uğurla keçmiş dostluq və qardaşlıq sevgisinin  örnəklərindən biridir”.

Tədbirdə çıxış edən ön söz müəllifi, professor Minəxanım Nuriyeva  kitabın məzmun və ideyasını yüksək dəyərləndirdi. Bildirdi ki, kitabda haqqında bəhs edilən müəllimlərin məqsədi çətin və kəşməkəşli dövrdə Azərbaycanda təhsili inkişaf etdirib yüksəltmək,  gənclərimizə türklük və millilik şüurunu aşılamaqla, xalqa dəyərli ziyalılar yetişdirmək idi. Türkiyədən gələrək ölkəmizdə maarif işinə töhfə verən bu fədakar elm və təhsil xadimlərinin fəaliyyətinin tədqiq edilib öyrənilməsi  təqdirəlayiq haldır. 

Azərbaycan Beynəlxalq Radiosunun şöbə müdiri, yazıçı-publisist  Natəvan Dəmirçioğlu gənc müəllifin kitabının oxucular, xüsusilə də gənc kitabsevərlər üçün maraqlı və dəyərli olduğunu bildirdi.

Qeyd edək ki, kitab “Alatoran” nəşriyyatında işıq üzü görüb.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında