Dil milli-tarixi yaddaşın uzaq və yaxın yüzilliklərini, eyni zamanda, müasir səciyyəsini dürüst təyin edən, daşıyıcısı olduğu xalqın, geniş mənada, etnik-mədəni sistemin müəyyənliyini üzə çıxaran, bu istiqamətdə əyani təsəvvür yaradan əvəzsiz saxlanclar sırasındadır. O, söy-kök və tarixi yaddaşa məxsus əlamətləri özünə hopduraraq tarixin izlərini bənzərsizliklə yaşadır.
Dil həm də xalqın keçib gəldiyi mürəkkəb və zəngin sivil inkişaf
yolundakı mifik düşüncə və təsəvvürləri, etiqad və inancları, folklor və etnoqrafiya mədəniyyətini, döyüş və mübarizə səhnələrini, etnosun xarakter və psixologiyasını, obrazlı düşüncə tərzini, hissi-emosional yaşantılarını özünəməxsus bir təkrarsızlıqla gələcəyə ünvanlayır. Bu baxımdan orta əsrlərin yazılı abidələrini özləri üçün əsas araşdırma predmeti seçən tədqiqatçıların üzərinə daha ciddi, hətta deyərdim ki, ciddi olduğu qədər də məsuliyyətli vəzifələr düşür.
Dilin ən müxtəlif yaruslarında xalqın dünyagörüşünü, sənət və yaradıcılıq keyfiyyətlərini xətasız və zədəsiz şəkildə bu günə və gələcəyə çatdırmaq, orta əsrlərin qaranlıq səhifələrini ürəyinin hərarəti, gözünün nuru ilə işıqlandırmaq onlara qismət olub. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Möhsün Nağısoylu bu sahəni özünün yaradıcılıq axtarışları üçün əsas obyekt seçən tədqiqatçı mətnşünas-şərqşünas və linqvist alimlərdəndir.
Hərtərəfli elmi keyfiyyətləri olan filoloqun, o cümlədən də dilçi alimin yaradıcı fərdiyyətini dəqiq müəyyən edən xüsusiyyətlərdən biri onun dilin və o dilin təmsil olunduğu ədəbi-tarixi qaynaqların ən müxtəlif sahələrinə professional səviyyədən yanaşma nümayiş etdirməsidir.
Möhsün müəllimi ötən əsrin səksəninci illərindən tanıyıram. Elmi şəxsiyyətinə və insani keyfiyyətlərinə həmişə böyük ehtiramım olub. Onun alim obrazının həmişə gözümdə uca bir mövqe kəsb etməsinin səbəbi isə dəyişməz olaraq qalır: bu, Möhsün müəllimin insan kimi təvazökarlığı, alim kimi elmi həssaslığıdır. Bu keyfiyyətlər onu elmi axtarışlar yolunda daim irəliyə və yüksəlişə yönəldib.
Professor Möhsün Nağısoylu elmi-tədqiqatçılıq fəaliyyətinin təməli baxımından, əsasən, fars filologiyası, daha dəqiqi, farsdilli qaynaqlar üzrə ixtisaslaşsa da, onun tədqiqat sahə və istiqamətləri daha geniş və miqyaslı bir çevrəni əhatə edir. Alimin tərcümə abidələrinin araşdırılması istiqamətində uğurlu addımı olan “XVI əsr Azərbaycan tərcümə abidəsi “Şühədanamə” (poleoqrafiya, orfoqrafiya və tərcümə məsələləri)” mövzusunda namizədlik dissertasiyasında bədii mətn və tərcümədə orijinala adekvatlığın qorunması probleminin bir çox rakus və aspektlərdən araşdırılması ciddi elmi əhəmiyyət kəsb edir. Heç təsadüfi deyil ki, bu əsər ortaya çıxandan Azərbaycan elmində paleoqrafiya və tərcümə sənətinin spesifik xüsusiyyətlərini əks etdirən ilk ciddi tədqiqat kimi elmi ictimaiyyətin rəğbətini qazanıb.
Əlyazmalar üzərində işləmək səriştəsi, uzaq əsrlərin nadir nümunələrini poetika-linqvinstik yöndən tədqiqata cəlb etmək ehtirası Möhsün Nağısoylunu bu sahə ilə bağlı müqəddəs bir elm məbədinə-- Respublika Əlyazmaları Fonduna (indiki Əlyazmalar İnstitutu) gətirib. O, orta əsrlərə aid tərcümə abidələrinin mətnşünaslıq baxımından təhlilini, dil və üslub xüsusiyyətlərini, bütövlükdə isə ədəbi-tarixi əhəmiyyətini üzə çıxaran ciddi monoqrafik araşdırmalarını uzun onilliklər boyu çalığdığı bu doğma divarlar arasında araya-ərsəyə gətirib.
Professor Möhsün Nağısoylu 1988-ci ildən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Farsdilli əlyazmaların tədqiqi” şöbəsinə rəhbərlik edib. Bu elmi profili əks etdirən abidə və əlyazmaların tədqiqi sahəsində qazanılan uğurlarda onun təcrübəli və istedadlı bir mətnşünas alim kimi ciddi əməyi vardır.
Tarixi-müqayisəli şəkildə tərcümə abidələrini geniş təhlil edən görkəmli alimin “Orta əsrlərdə Azərbaycan tərcümə sənəti” (Bakı, “Elm” nəşriyyatı, 2000) monoqrafiyası da belə yorulmaz, ardıcıl, bir qədər də məşəqqətli zəhmət sayəsində meydana gəlib. Elmi tərcümeyi-halının qırx beş ildən çoxunu Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə bağlayan professor Möhsün Nağısoylunun tədqiq və araşdırmalarında orta əsr sənətkarlarının tərcümə nümunələri üstün istiqamətlərdəndir. Görkəmli alim “M.Füzulinin “Hədiqətüs-süəda” əsəri” (Bakı, 2002), “XVI əsr Azərbaycan tərcümə abidəsi “Şühədanamə” (Bakı, 2003), “Şirazinin “Gülşəni-raz tərcüməsi” (Bakı, 2004), “Əhmədinin “Əsrarnamə” tərcüməsi” (Bakı, 2004), “Həzinin “Hədisi-ərbəin” tərcüməsi” kimi sanballı monoqrafiyaları fədakar elmi fəaliyyət barədə əyani təsəvvür yaradır.
Professor Möhsün Nağısoylunun elmi axtarışlarının mühüm bir hissəsini mətnşünaslıq kimi ağır bir sahə təşkil edir. Mən burada “ağır” sözünü təsadüfən vurğulamıram. Onun elmi irsində mətnşünaslığın nəzəri və təcrübi tərəfləri bütün ağırlığı və çətinliyi ilə görünür. Sadəcə, Möhsün müəllim öz işinin ustası kimi bu ağırlığın öhdəsindən məharətlə gələ bilir. Məhəmməd Füzulinin, Sədi Şirazinin, Şeyx Mahmud Şəbüstərinin, Həzinin, Abbasqulu ağa Bakıxanovun tərcümə yaradıcılığını alim məhz əsl mətnşünas həssaslığı ilə təhlil edərək, onların gerçək mahiyyətini açan şərh və təfsir verir.
Alimin farsdilli yazılı abidələrin katoloqlaşdırılması, bu zəngin irsin Azərbaycan dilinə tərcümə olunması və nəşri istiqamətində məhsuldar fəaliyyəti seçdiyi elmi istiqamətin bütövlüyünü, sistemli səciyyə daşımasını şərtləndirir. Sədrəddin Bəlağinin “Quran qissələri”, Ə.Bəxşayişinin “Siddiqeyi-Tahirə”, Şeyx Mahmud Şəbüstərinin “Gülşəni-raz” məsnəvisini Azərbaycan dilində səsləndirməsi Möhsün Nağısoylunu orijinalı dərindən duyan, onun dilimizə uyğun variantını yaratmağa qadir istedadlı mütərcim olduğunu göstərir.
Lüğətçilik sahəsində də görkəmli dilçinin dəyərli xidmətləri vardır. Onun bilavasitə tərtib etdiyi “Farsca--azərbaycanca lüğət” buna əyani misaldır. Otuz beş min söz və söz birləşməsi olan bu fundamental sözlük lüğətçilik istiqamətindəki elmi-tarixi təcrübədə əhəmiyyətli yer tutur.
Gerçəkləşdirdiyi elmi-nəzəri və təcrübi fəaliyyətin nəticələrinə görə professor Möhsün Nağısoylu Azərbaycan elmini dünya çapında təmsil edən alimlərdəndir. O, dünyanın müxtəlif ölkələrində – Türkiyənin, Rusiyanın, Almaniyanın müxtəlif universitetlərində və elmi mərkəzlə-rində gerçəkləşən beynəlxalq elmi konfrans və simpoziumlarda elmi-nəzəri siqləti ilə seçilən məruzə və çıxışlar edib. Alim Azərbaycan dilinin, ədəbiyyatının və mətnşünaslığının ən aktual problemlərinə həsr olunan sanballı məruzələri ilə elmi çevrənin diqqətini çəkib.
Alimin kitabları Türkiyədə (“Nizami. İncilər”), İranda (“Farsca əlyazmalar toplusu”) işıq üzü görmüş, elmi məqalə və məruzələrinin mətnləri isə Ankarada, Konyada, Tehranda, Təbrizdə, Kabildə, Moskvada, Sankt-Peterburqda, Kazanda keçirilən nüfuzlu beynəlxalq elmi yığıncaqların materiallarında dərc edilmişdir.
Möhsün Nağısoylu 2015-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun direktorudur. O, dilçilik elminin aktual problemlərinin tədqiqində, yeni elmi istiqamət və sahələrin araşdırılmasında da elm təşkilatçısı kimi yorulmaz fəaliyyət göstərir. Hazırda AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu
“Dilçilik İnstitutunun əsərləri” elmi-nəzəri jurnalının baş redaktoru, Nəsimi adına Dilçilik İnstitutunun İxtisaslaşdırılmış Müdafiə Şurasının sədri, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının dilçilik və orfoqrafiya bölməsinin sədri kimi elmi-təşkilati vəzifələri də yüksək peşəkarlıqda yerinə yetirir.
İnanırıq ki, ömrünün müdriklik yaşına qədəm qoyan professor Möhsün Nağısoylu milli filoloji fikrin inkişafına bundan sonra da öz töhfələrini verəcək, dilimizin, ədəbi-bədii mədəniyyətimizin tərəqqisi naminə öz zəngin təcrübəsini və potensialını əsirgəməyəcək.
Məhərrəm QASIMLI,
Əməkdar elm xadimi,
professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.