Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə paytaxtımızda “Multikulturalizm və teatr” mövzusunda keçirilən IV Bakı Beynəlxalq Teatr Konfransı noyabrın 8-də işini plenar iclaslarla davam etdirib.
Günün ilk növbəti plenar iclası Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Xalq artisti Azərpaşa Nemət və Litvanın tanınmış teatrşünası Violeta Podolskaytenin moderatorluğu ilə baş tutub. Çıxışlarda müasir dövrdə teatr identifikasiyası və teatrşünaslığın inkişafı üçün aktual olan məsələlərə toxunulub.
İranlı rejissor Əli Xoşqoftari “Gənc nəslin tamaşaları ictimai hadisə kimi” adlı məruzəsində qeyd olunan mövzuda əsas problemli məsələlərə toxunmaqla onların həll və inkişaf yollarından danışıb.
Rusiyalı teatrşünas Aysılu Saqitova “Rifkat İsrafilov - Başqırd teatrının reformatoru”, Qazaxıstanın tanınmış teatrşünas rejissoru Gülnar Jumaseyitova “Yüzlərlə mədəniyyətin yer aldığı dünyada qazax xoreoqrafiyasının milli özünəməxsusluğunun axtarışları”, İtaliyadan olan teatrşünas İrina Markezini “Kontora qayıdış. İtaliya təcrübəsi” və özbəkistanlı sənətşünas Temur Rəşidov “Mərkəzi Asiya mədəniyyətində və incəsənətində milli və regional identifikasiya problemləri” mövzularında çıxış ediblər.
Plenar iclasın ikinci hissəsində Gürcüstan, Rusiya, Azərbaycan, Ukrayna və Macarıstandan olan teatrşünasların “Tbilisidə Azərbaycan teatrı - keçmişi, bu günü, gələcəyi və inkişaf perspektivləri”, “Müasir teatrda immersivlik təcrübələri”, “Multikultural dəyərlər və mədəniyyətlərarası dialoq”, “Müasir teatr sənətində festival formasının funksiyaları”, “Kalibanın epiloqu” və “Müasir Azərbaycan teatrının sosiologiyası multikultural dəyərlər aynasında” kimi mövzularda məruzələri dinlənilib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Məryəm Əlizadə və Yunanıstanın Aristotel Universitetinin Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının üzvü, “Tənqidi səhnələr” veb-jurnalının baş redaktoru, professor Savas Patsalidisin moderatorluğu ilə reallaşan növbəti iclasda “Tərcümə pyesləri Azərbaycan səhnəsində”, “Mən sadəcə başqasıyam”, “Multikulturalizm və qarışıq reallıq (Texnologiyalar sayəsində tamaşanın təsirini artırmaq imkanları), “Milli teatrlar çoxmədəniyyətli regionda”, “Uşaq və gənclər teatrlarının əhəmiyyəti” mövzularında çıxışlar dinlənilib.
Fasilədən sonra davam edən sonuncu plenar iclasda Peter Paxl (Almaniya) “Bayroyt və Bakı - Reynin qızılı və təmiz neft”, Azaliya Balqazina (Rusiya) “Çoxmədəniyyətlilik və teatrların nəzdindəki muzeylərin problemləri”, Şuntaro Yoşida (Yaponiya) “Yano Hideyukinin əsərləri: “Şahinin quyusunda” əsəri çərçivəsində əcnəbi və qarışıq mədəniyyətlərin təqdimatı”, Sayid Kazemian (İran) “Teatr və sosial şəbəkələr”, Vasil Vovkun (Ukrayna) “Musiqili teatrlarda qarşılıqlı layihələr”, Atis Rozentals (Latviya) “Alvis Xermanisin “Brodski/Barışnikov” tamaşasına Latviya, ABŞ, İsrail və Rusiya mətbuatının reaksiyası” mövzularında məruzələrlə çıxış ediblər.
Tədbirdə yekun vuran konfransın Təşkilat Komitəsinin rəhbəri, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev iki gün ərzində dinlənilən məruzələrdən, konfrans çərçivəsində keçirilən seminar, ustad dərsi və treninqlərdən, həmçinin Azərbaycan teatrının inkişafı naminə son illər görülən işlərdən söz açıb.
Bildirilib ki, tədbirdə 38 ölkədən 150-yə yaxın teatr mütəxəssisi iştirak edib.
Prezident İlham Əliyevin iştirakçılara ünvanlandığı məktuba diqqət çəkən Ə.Vəliyev bildirib ki, bu, bütövlükdə, Azərbaycana, mədəniyyətimizə qarşı iştirakçılarda son dərəcə böyük rəğbət, sevgi hissləri oyadıb. İki gün ərzində qonaqlar multikulturalizm dəyərləri ilə yaşayan Azərbaycan xalqının yaşam tərzi, düşüncəsi, adət-ənənəsi ilə daha yazından tanış olmaq imkanı əldə ediblər.
Ölkəmizdə mədəniyyətə verilən yüksək qiymətdən söz açan nazir müavini qeyd edib ki, Azərbaycan dövləti mədəniyyətin inkişafı və təbliği üçün mümkün olan hər şeyi edib. 2006-cı ildə qəbul olunmuş “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, ölkə başçısının “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 19 fevral tarixli Sərəncamı, 2009-cu ildə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı” milli teatrımızın maddi-texniki bazasının möhkəmləndirilməsi, kollektivlərin yaradıcılıq potensialının inkişaf etdirilməsi baxımından mühüm dövlət sənədləridir. Bu proqramdan irəli gələrək həm Bakıda, həm də regionlarda yeni teatr binaları inşa edilib. Bu gün respublikamızda 26 dövlət teatrı, “ÜNS” Yaradıcılıq Səhnəsi, bələdiyyə, özəl və 56 xalq teatrı fəaliyyət göstərir. Dövlət proqramında bütün bu teatrların inkişafı ilə bağlı məsələlər qeyd olunub.
Ədalət Vəliyeva diqqətə çatdırıb ki, on ildə, ümumilikdə, 873 əsər tamaşaya qoyulub. Onlardan 260-ı dövlət sifarişi əsasında hazırlanıb. Bu müddət ərzində Azərbaycan teatr kollektivləri 28 ölkədə 83 dəfə qastrol səfərində olub. 13 teatrın nəzdində teatr studiyaları yaradılıb ki, bu da yaradıcı gənclərin cəlb olunmasında mühüm əhəmiyyətə malikdir. Həmçinin teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülüb. Dövlət vəsaiti hesabına Bakıda və regionlarda 89 reklam lövhəsi quraşdırılıb ki, burada teatrlar öz reklamlarını yerləşdirə bilərlər. Bu illər ərzində 30-dan çox teatrşünasın kitabı nəşr edilib, Azərbaycan teatrının salnaməsi yazılıb, eyni zamanda teatrımızın 3 cilddən ibarət ensiklopediyası hazırlanır. Ötən müddət ərzində mədəniyyət sahəsində çalışan 800-dən çox insana orden, medal və fəxri adlar verilib. 88 teatr sənətçisi ömürlük Prezident təqaüdünə layiq görülüb. Bununla yanaşı, istedadlı gənclərə təqaüdlər verilir, xarici ölkələrdə təcrübə keçməyə göndərilir.
Nazir müavini vurğulayıb ki, ölkə başçısının 2013-cü ildə imzaladığı müvafiq sərəncamla hər il martın 10-u Azərbaycanda Milli Teatr Günü kimi qeyd edilir.
Teatrımızın beynəlxalq əlaqələrindən danışan Ə.Vəliyev qeyd edib ki, bu gün Azərbaycan teatrı BTİ (Beynəlxalq Teatr İnstitutu), BTTA (Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyası), ASSITEJ (Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası), UNIMA (Beynəlxalq Kukla Teatrları İttifaqı), IFTR (Beynəlxalq Teatr Tədqiqatları Federasiyası), MTBA (Musiqili Teatrların Beynəlxalq Assosiasiyası) kimi beynəlxalq teatr təşkilatlarında uğurla təmsil olunur. Bununla yanaşı, ölkəmiz beynəlxalq teatr, musiqi və film festivallarına, simpoziumlara, müsabiqələr və digər tədbirlərə ev sahibliyi edir.
Torpaqlarımızın işğal altında olduğunu, mədəniyyət nümunələrimizin dağıntılara məruz qaldığını söyləyən Ə.Vəliyev ölkəmizdə dünya praktikasında az rast gəlinən qaçqın teatrlarının mövcud olduğunu deyib. İrəvan, Şuşa, Ağdam, Füzuli teatrları hazırda bu vəziyyətdə fəaliyyət göstərirlər.
Konfrans müddətində 48 məruzənin dinlənildiyini diqqətə çatdıran Ədalət Vəliyev tədbirdə iştirak edən qonaqlara minnətdarlığını bildirib.
Sonda konfrans iştirakçıları xatirə şəkli çəkdiriblər.
AZƏRTAC
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.