Mədəniyyət xəbərləri

 Bayraq Günü  münasibətilə  ölkəmizdə silsilə tədbirlər keçirilir. Noyabrın 6-da  Azərbaycan Xalça Muzeyinin uşaq muzeyi şöbəsi tərəfindən keçirilən “Mənim bayrağım” adlı tədbir də bu qəbildəndir.

Tədbirdə şöbənin dərnək üzvlərinin əl işlərindən ibarət “Mənim bayrağım” adlı rəsm sərgisi və dekorativ tətbiqi sənət nümunələrinin nümayişi, həmçinin Avropa Liseyi şagirdlərinin ifasında Bayraq Gününə aid mahnılar və şeirlərdən ibarət ədəbi musiqili kompozisiya təqdim olunmuşdur.

Tədbirin keçirilməsində əsas məqsəd uşaqlara və gənclərə tariximiz, milli adət-ənənələrimiz və dəyərlərimiz haqqında geniş məlumat verməkdir.

Tədbirdə “Naxışlar aləminə səyahət” (milli geyim növləri, xalça elementləri təsvir olunması), “Özün toxu”(kilim, palaz toxunuşunun nümayişi), “Öz xalçanı yarat” (kompüterdə naxışlar vasitəsilə xalça kompozisiyalarının yaradılması), “Face-art” (Vətənə sevgi hissini uşaqlara aşılamaq üçün, üz və əllərinə xüsusi boyalarla dövlət atributlarının təsviri) məktəbli şagirdlər tərəfindən maraqla qarşılanıb.

*  *  *

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə son illər Azərbaycana dair nəşr olunmuş kitablar Özbəkistan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına və Ə.Nəvai adına Özbəkistan Milli Kitabxanasına hədiyyə edilib.

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, "Azərbaycanı tanıyaq", "Azərbaycan tarixi hər bir ölkədə" layihələri çərçivəsində hər il Özbəkistan kitabxanalarına Azərbaycana dair yüzlərlə kitab hədiyyə edilir.

Qeyd edək ki, yaxın günlərdə isə Daşkənddə yeni fəaliyyətə başlamış Özbəkistan və Orta Asiyanın ən böyük kitab satışı və informasiya mərkəzi olan "Kitab aləmi" Mərkəzində "Azərbaycan guşəsi"nin yaradılması nəzərdə tutulur.

*  *  *

Moskva Dövlət Akademik Filarmoniyasında Rusiyanın ən böyük müasir musiqi forumlarından biri “Digər fəza” adlı V Beynəlxalq Aktual Musiqi Festivalı keçirilmişdir. Noyabrın 2-dən 6-dək davam edən festivalda müasir bəstəkarların əsərləri səslənmişdir.

Mədəniyyət və Turizm Nazirliyinin maliyyə və təşkilatı dəstəyi ilə festivalda Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri də iştirak etmişdir.

Noyabrın 5-də təşkil olunmuş konsert proqramında Azərbaycanın görkəmli bəstəkarı, professor Fərəc Qarayevin “Serenada”, alman bəstəkarı K.Ştokxauzenin “Qruplar” və italyan bəstəkarı Luçano Berionun “Simfoniya” əsərləri səslənmişdir. İlk dəfə olaraq bir konsertdə üç böyük kollektiv – Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Fuad İbrahimov), “Questa musica” ansamblı (dirijor Filip Çijevski) və Rusiya Dövlət Orkestrinin (dirijor Vladimir Yurovski) solistləri eyni səhnəni bölüşmüşlər. Bu konsert proqramı böyük maraq doğurmuş və festivalın əsas hadisəsinə çevrilmişdir.

Hazırladı: M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında