Bəşəriyyət çox mürəkkəb dövrünü yaşayır. Bu mürəkkəblik həyatın bütün sahələrində – siyasi, mədəni, iqtisadi sahələrdə dərin böhranlarla müşayiət olunur. Sonu məlum olmayan siyasi proseslər, milli-mənəvi dəyərlərdə baş verən dəyişikliklər, ən əsası isə, maddi rifaha canatma bütün dünyada çox güclü şəkildə özünü göstərir. Xoşagəlməz cəhətlərdən biri də ondan ibarətdir ki, daha çox maddiyyat əldə etmək üçün heç nədən çəkinilmir. Yəni hər bir üsul burada yetərlidir. Belə bir zamanda kitab yazmaq, insanları biliyə, mədəniyyətə, əxlaqa, düşüncəyə dəvət etmək olduqca təqdirəlayiq hadisədir. Professor Əli Rzayevin “Şəxsiyyət. Dövlət. Möcüzə...” kitabının yalnız mündəricatına nəzər yetirdikdə artıq belə bir qənaət hasil olur ki, əsər müəllifin böyük zəhməti sayəsində araya-ərsəyə gəlib. Belə ki, ilk baxışdan sanki birbaşa əlaqəsi olmayan mövzular bir-biri ilə son dərəcə üzvi şəkildə əlaqələndirilib və mövzuların təqdimatında yalnız yüksək təfəkkürün reallaşdıra biləcəyi bir ümumiləşdirmə gerçəkləşdirilib. Bu isə, öz növbəsində, şəxsiyyət, dövlət, cəmiyyət, həmçinin ən qədim insan sivilizasiyası, bəşər mədəniyyət tarixinin mühüm mərhələsi hesab olunan Şumer mədəniyyəti və dünyanın müqayisəyəgəlməz möcüzəsi olan Quran haqqında müəllifin ətraflı tədqiqatlarından alınan nəticələrdə öz əksini tapıb.
Dünyada ayırıcılıq meyilləri bu gün son dərəcə güclənib. Bu istiqamətdə Şərq və Qərb dövlətləri arasında destruktiv, intolerant münasibətlərin çoxalması daha çox özünü büruzə verir. Yəqin ki, bunun tarixi kökləri vardır, çünki Qərb mədəniyyəti hər zaman bütöv şəkildə nəzərdən keçirildiyi halda, müxtəlif tarixi dövrlərdə Şərq mədəniyyətini parçalamaq istəkləri həmişə müşahidə olunub. Bu mənada Şərq mədəniyyətini elmi ədəbiyyatda ardıcıl olaraq “ərəb”, “müsəlman”, “islam”, “ərəbdilli” və ya Orta Şərq, Cənubi Asiya, Cənubi-Şərqi Asiya, Uzaq Şərq, Mərkəzi Asiya və ərəb-müsəlman sivilizasiya zonalarına bölürlər. Təbii ki, belə yanaşma mahiyyəti təhrif edir. Belə ki, böyük bir tarixi zaman çərçivəsində bəşəriyyətə görkəmli fikir dühalarını bəxş edən, dünya sivilizasiyasının gələcək inkişafına təkan verən bir mədəniyyəti lokal dil və din spesifikliyi çərçivəsinə sığışdırmaq, sözsüz ki, gerçəkliyi əhatə etmir və məsələyə belə münasibət dünya mədəniyyətinin parçalanmasına səbəb olur. Lakin Əli müəllimin təqdim etdiyi bu dəyərli əsərdən və ümumiyyətlə, bu səpkidə yazılan kitablardan belə bir qənaət formalaşır ki, artıq dünya mədəniyyətinin bütöv şəkildə tədqiq edilməsi zərurəti açıq-aydın şəkildə özünü göstərir. Yəni yalnız məsələyə tamlıqda yanaşma dünya mədəniyyətinin tarixi inkişafı proseslərinə obyektiv fikir formalaşdırmaqla yanaşı, həm də elmi dövriyyədə, ictimai fikirdə mövcud olan bir çox qeyri-obyektiv fikirlərə də işıq sala bilər.
Müəllif kitabın hər bölümündə müxtəlif mövzulara istər Şərq, istərsə də Qərb alimlərinin, mütəfəkkirlərinin fikirlərini məntiqi ardıcıllıqla, mövzuya müvafiq şəkildə təqdim edir və bu fikirlərdə hər iki dünyanın insanı üçün mühüm olan dəyərlərin nə qədər oxşar mahiyyət daşıdığı üzə çıxır. Qeyd edilən mövzu ilə əlaqədar olaraq “Şərq və Avropa elminin sintezi: əsas istiqamətlər” yarımfəslində bu iki mədəniyyətin iç-içə, qarşılıqlı əlaqədə və bir-birinə təsiri nəticəsində dünya mədəniyyətini zənginləşdirdiyi qələmə alınmış, məsələlərə konkret münasibət bildirilmişdir.
Kitabın “Şəxsiyyt” bölümündə insan və şəxsiyyət anlayışlarına aid bir sıra mühüm məqamlar müəllif tərəfindən elmi şəkildə, bütün təfərrüatları ilə təhlil edilib. İnsanın şəxsiyyət olaraq əsas keyfiyyəti onun məqsədyönlü fəaliyyətində təzahür edir. Şəxsiyyət özünün aktiv fəaliyyəti sayəsində yaşadığı mühiti dəyişdirmək iqtidarına malikdir. Yəni şəxsiyyət yalnız ictimai münasibətlərin daşıyıcısı deyil, həm də fərdi xüsusiyyətlərinə, özünəməxsusluğuna, təcrübə və intellektinə, mütəşəkkilliyinə və peşakarlığına, ona məxsus olan mədəniyyətinə müvafiq olaraq bu münasibətlərə təsir etmək qabiliyyətinə sahibdir. Başqa sözlə, səxsiyyət ictimai və sosial fəallığı ilə seçilən, fərd olaraq təkrarolunmaz varlıqdır.
Müəllifin bu bölümdə ləyaqət anlayışına ayrıca yer verməsi və bu kateqoriyanı ən incə detalarına qədər tədqiq etməsi təsadüfi xarakter daşımır. Belə ki, şəxsiyyəti xarakterizə edən ən ümdə xüsusiyyətlərdən biri də məhz onun ləyaqətli olmasıdır. Həyatın bütün dönəmlərində mövcud şərait və situasiyadan asılı olmayaraq, insan öz şərəf və ləyaqətini dünyanın bütün var-dövlətindən, şan-şöhrətindən, lazım gələrsə, həyatından belə üstün tutmağı bacarmalıdır. Təbii ki, bu asan məsələ deyil, çünki hər kəs Allahın insanlar qarşısında qoyduğu bu çətin sınaqdan çıxmaq iqtidarına malik deyil. Kitabı oxuyan hər bir kəs “Ləyaqətli şəxsiyyət olmaq nə deməkdir?” sualına ətraflı cavab tapa bilər. Müəllif ləyaqət anlayışına dair istər Şərq, istərsə də Qərb alim və mütəfəkkirlərinin fikir və mülahizələrini, aforizmlərini ətraflı şəkildə kitabda təqdim edib. Bu məqamda bir məsələni xüsusilə qeyd etmək istərdim ki, etikanın ənənəvi kateqoriyası sayılan, insan və cəmiyyət həyatında mühüm mahiyyət daşıyan ləyaqət amilinə Prezident İlham Əliyev də çox böyük qiymət verir. Bu mənada onun bir çox çıxışlarında bu yüksək insani keyfiyyət ardıcıl olaraq qeyd olunur: “Hər kəs ləyaqət, ədəb-ərkan, vətənpərvərlik hissini özü ilə irəli aparmalıdır”. Möhtərəm Prezidentimiz 2016- il oktyabrın 2-də Roma Papası Fransiskin Azərbaycan Respublikasına səfəri zamanı Heydər Əliyev Mərkəzində ictimaiyyət nümayəndələrinin qarşısında çıxışında da demişdir: “Azərbaycanda əsrlər boyu bütün dinlərin, xalqların nümayəndələri sülh, ləyaqət, mehribanlıq şəraitində yaşamışlar, bu gün də belədir”.
Müəllif dövlət mövzusunu istər tarixilik, istərsə də müasirlik baxımından ətraflı şəkildə təhlil edib. Bu gün ayrı-ayrı dövlətlərin sərhədlərindən kənara çıxan ümumdünya iqtisadi-siyasi, mədəni bir sistem formalaşır. Bu sistemin formalaşmasında dövlətlər eyni, bərabər hüquqlar səviyyəsində olmadıqlarına görə qarşılıqlı əlaqələr və qarşılıqlı münasibətlərdə müxtəlif səpkili problemlər meydana çıxır. Belə əlaqələrin sırasında, fikrimizcə, daha çox zərər görən milli-mənəvi dəyərlərdir. Digər tərəfdən, milli-mənəvi dəyərlərin istər dövlətçilik, istərsə də dövlətin qorunub saxlanılması baxımından mahiyyəti olduqca böyükdür. Məhz milli-mənəvi dəyərlər dövlətin də, dövlətçiliyin də varlığını təyin edən mühüm strukturlardan biridir. Bu baxımdan belə bir ciddi problemin ətraflı təhlili olduqca yerinə düşüb. Müəllif öz ənənəsinə sadiq qalaraq, burada da istər Qərb, istərsə də Şərq alimlərinin, mütəfəkkirlərinin müdrik kəlamlarını təqdim etmiş, məsələyə münasibətlərini geniş şəkildə şərh etmişdir.
Kitabın “Dövlət və dövlətçilik” adlanan bu fəslində müəllif Hegelin məşhur “Xalqın taleyi süquta sürətlə yaxınlaşanda onu yalnız dahi xilas edə bilər” fikrini epiqraf olaraq təqdim etmişdir. Bu sətirləri oxuyan zaman təbii olaraq gözümüzün önünə ulu öndər Heydər Əliyev gəlir. Adətən, yaşadıqları zamanı qabaqlayan insanlar dahi hesab olunurlar. Məhz Heydər Əliyevin müstəsna uzazqgörənlik bacarığı tarixin çox sərt dönəmlərində Azərbaycanı böyük bəlalardan xilas etdi və gələcək inkişaf yolunu müəyyənləşdirdi. Təsadüfi deyildir ki, bu qeyri-adi bacarığına görə dünyanın ən inkişaf etmiş ölkələrinin dövlət başçıları və görkəmli siyasətçiləri Heydər Əliyevi dahi şəxsiyyət, böyük siyasətçi və dövlət xadimi kimi qiymətləndirirlər. Heydər Əliyev şəxsiyyətinin dahiliyini səciyyələndirən cəhətlər çoxdur, lakin Azərbaycan Respublikasının həyatında təsadüf edilən iki böhranlı mərhələdə xalqın və ölkənin xilası naminə atdığı qətiyyətli addım onun müstəsna tarixi nailiyyətidir.
Kitabda Şumer sivilizasiyası ətraflı şəkildə araşdırılıb, bu mədəniyyətə dair faktlar, fikir və mülahizələr ümumiləşdirilərək təqdim edilib. Belə yanaşma oxucuda bu unikal mədəniyyət haqqında bitkin fikrin formalaşmasına imkan yaradır. Artıq sübut olunub ki, Şumer sivilizasiyası Yer üzünün ən qədim sivilizasiyasıdır. Haradan yarandığı dəqiq məlum olmayan bu unikal sivilizasiya bəşər tarixinin ən yüksək inkişaf mərhələsininin əlamətlərini özündə təcəssüm etdirir. Kitabda bu sivilizasiyanın dünyaya bəxş etdiyi “möcüzə”lər haqqında bilgi və məlumatlar ətraflı şəkildə öz əksini tapıb. Doğrudan da, dünya mədəniyyəti tarixində ölçüyəgəlməz izlər qoyub getmiş bu sivilizasiya insanda heyrət doğurur.
Bir çox “ilk”lərin məhz Şumerdə yarandığı iddia olinir. Şumerlər çox gözəl səyyah və tədqiqatçı olublar. Dünyada ilk gəminin ixtirasının da şumerlərin adı ilə bağlı olduğu məlumdur. Buna sübut olaraq Sumer sözlərinə aid lüğətlərdən birində ölçüsünə, təyinatına və yükdaşıma qabiliyyətinə görə 105 gəmi növü qeyd edilir. Kosmoqoniyanın və kosmologiyanın ilk olaraq şumerdə yarandığı, ilk atalar sözləri və aforizmlər məcmuəsinin meydana gəldiyi də bu mədəniyyətlə əlaqələndirilir. Ədəbi müzakirələrin, kitab kataloqlarının, vergilərin tətbiq edilməsinin, qanunların qəbul edilməsinin və sosial reformaların da ilk olaraq Şumerlər tərəfindən həyata keçirildiyi tarixə məlumdur. Əli müəllim tarixi faktlara əsaslanaraq, bəşər mədəniyyətində dərin izlər qoymuş bu sivilizasiya haqqında olduqca maraqlı və düşündürücü məlumatlar irəli sürmüşdür. Məhz bu məqamı əsərin mühüm məziyyətlərindən biri kimi dəyərləndirmək lazımdır.
Bu gün dünyada izahı mümkünsüz olan hadisələr baş verir. Sanki kimsə bilərəkdən insanların ən həssas hisslərinə toxunaraq onları hiddətləndirib öz niyyətini həyata keçirməyə cəhd edir. Sitayiş etdiyi din hər bir xalqın mənəvi həyatında çox böyük mahiyyət daşıyır. Bu hisslərlə oynamağı heç bir xalq özünə rəva bilməz. Dünyanın aparıcı qüvvəyə sahib dövlətləri öz siyasətlərini yeritmək üçün məhz bu amildən çox bacarıqla istifadə edirlər. Əsasən, İslam dininin daşıyıcıları arasında nifaq salaraq, bir tərəfdən varlanmaq, digər tərəfdən isə onsuz da Qərbdən geridə qalan Şərqi daha da geri salmaq niyyətlərini hələ ki, həyata keçirməyə müvəffəq olurlar.
Dinin cəmiyyətdə rolu olduqca böyükdür. Qeyd edək ki, XX əsrin axırlarında artıq sekulyarlaşma (sekulyarlaşma XIX əsr Qərb fikrinin məhsuludur və dini təsəvvürdən dünyəvi təsəvvürə keçidi ehtiva edir) mühüm paradiqma kimi nəzərdən keçirilmirdi, daha çox postsekulyar dünyadan danışılırdı. “Postsekulyarlıq” imanla elmin vəhdət şəklində fəaliyyət göstədiyi bir cəmiyyəti nəzərdə tutur. XIV əsrdə yaşamış İbn Haldun və yaxud XIX əsrdə yaşayıb-yaratmış Con Ctüart Mill, Bertran Rassel belə bir fikir irəli sürmüşlər ki, ayrı-ayrı insanlar dinsiz yaşaya bilərlər. Əxlaqi şüur insanı insan edən amildir. Amma cəmiyyət dinsiz yaşaya bilməz. Çünki din özü də bu və ya digər şəkildə əxlaqla əlaqədardır. Təbii ki, din öz-özlüyündə humanist, demokratik dəyərlərə əsaslanırsa, çox gözəl işlər görə bilir. Cəmiyyəti idarə etmək təşəbbüsləri irəli çıxdıqda isə, dəhşətli bir təzad yaranır ki, bu gün gözlərimizin önündə fanatizmin, fundamentalizmin, terrorizmin baş alıb getdiyini müşahidə edirik. Bu baxımdan kitabda ayrıca bir fəsildə Quranın bir möcüzə kimi təqdim edilməsi, bu ətrafda irəli sürülən orijinal fikirlər bu gün dünyada İslam dini haqqında dövriyyəyə buraxılmış yanlış təsəvvürləri alt-üst edir. Bu xüsusda kitabda diqqətimi çəkən ümdə məqamlardan biri də müəllifin Napoleon Bonapartın belə bir fikrinə müraciəti oldu: “Dünyanın bütün alim və mütəfəkkirlərini bir yerə yığaraq, yeganə doğru və insanları səadətə aparacaq tək bir vasitə olan Quranın prinsiplərinə əsaslanaraq, müştərək bir rejim quracağım dövrün çox yaxın olduğuna ümid edirəm”. Napoleonun Məhəmməd peyğəmbərə (s.) rəğbəti tarixdən məlumdur. Öz memuarlarında o yazırdı ki, Məhəmməd öz həmvətənlərini inandıra bildi ki, yalnız bir Allah vardır. Bir neçə ilə o, dünyanın yarısını fəth etdi və 15 il ərzində o, insanların qəlbini saxta allahlardan xilas etdi, İsanın (ə.) və Musanın (ə.) davamçılarının edə bilmədikləri qədər büt, bütpərəslik məbədlərini aradan qaldırdı.
Akademik Vasim Məmmədəliyevin “Ön söz” yazdığı, elmi redaktoru hüquq üzrə elmlər doktoru, professor Mirağa Cəfərquliyev, rəyçiləri fəlsəfə üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi Rəfiqə Əzimova və hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov olan bu fundamental əsər tarixi faktlarla və onları əsaslandıran mənbələrlə zəngindir. Müəllif tərəfindən təqdim edilən fikir, mülahizə, ideyalar təhrif olunmadan, müvafiq mənbələrə əsaslanaraq, oxucuya təqdim edilir. Bu məqam əsəri oxunaqlı etməklə yanaşı, həm də olduqca geniş tarixi faktları, məlumatları lokonik, ardıcıl, məntiqi və elmi şəkildə oxucuya təqdim edir.
Kitabın mövzu dairəsi olduqca genişdir, biz bunlardan bəziləri üzərində dayandıq, lakin əminliklə deyə bilərik ki, bu dəyərli əsər oxucularda böyük maraq doğuracaq və elmi ictimaiyyət tərəfindən yüksək şəkildə qəbul ediləcəkdir.
Afaq Rüstəmova,
fəlsəfə elmləri doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.