Nijni-Novqorodda Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert keçirilib

Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində SSRİ Xalq artisti, görkəmli opera və estrada mügənnisi, bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr olumuş konsert keçirilib. Konsert Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Nijni-Novqorod regional bölməsi, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) yerli nümayəndəliyi və Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun birgə təşkilatçılığı ilə baş tutub.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumatda deyilir ki, Dəmiryolçuların Mərkəzi Mədəniyyət Sarayında keçirilən tədbirin rəsmi hissəsində Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun prezidenti, professor Tamara Sinyavskaya, Nijegorodsk vilayətinin mədəniyyət naziri Sergey Qorin, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun təbrik məktubları oxunub.

ÜAK Nijni-Novqorod regional bölməsinin sədri Azad Səmədov və təşkilatın icraçı direktoru Roman Ağayev Azərbaycan xalqının görkəmli oğlu M.Maqomayevin xatirəsinə toplaşanlara təşəkkür ediblər. Qeyd olunub ki, M.Maqomayev və onun parlaq yaradıcılığı Rusiya ilə Azərbaycanın dost və qardaş xalqlarının mədəni irsinin ümumiliyinin bariz nümunəsidir.

ÜAK-ın təmsilçisi Anar Həsənov M.Maqomayevin yaradıcılığı, təkrarolunmaz populyarlığı, möhtəşəm və misilsiz konsertləri, dahi şair və mütəfəkkir Nizami Gəncəvi rolunu ifa etməsi, həmçinin görkəmli musiqiçinin insani keyfiyyətlərindən – təvazökarlığından və prinsipiallığından söz açıb.

Daha sonra M.Maqomayevin repertuarındakı əsərləri ifa etmək üçün Ümumrusiya və beynəlxalq müsabiqələr laureatı, Azərbaycanın əməkdar artisti Nikolay Penyakin səhnəyə çıxıb.O, M.Maqomayevin şah əsəri “Azərbaycan” mahnısını və sənətkarın repertuarından mahnılar ifa edib.

Xatirə konsertində ümumrusiya və beynəlxalq müsabiqələr laureatları Anton Utkin, İvan Boqatov, Aleksandr Tsaryov, gənc ifaçılar Araz Zeynalov və Ayturan Süleymanlı çıxış ediblər. Nijni-­Novqorodda fəaliyyət göstərən “Qarabağ” ansamblının üzvləri isə Azərbaycan milli rəqslərini təqdim ediblər.

Sergey Yeseninin şeirinə yazılmış və M.Maqomayevin dəfnində səslənən “Əlvida, Bakı” mahnısını tamaşaçılar ­böyük sənətkarın xatirəsinə hörmət əlaməti olaraq ayaq üstündə dinləyiblər.

700 nəfərlik zalda keçirilən və 4 saat davam edən konserti 1500-dək tamaşaçı sarayın dəhlizlərində və hətta foyesində ayaqüstündə dinləyiblər.

Konsert zalının foyesində Müslüm Maqomayevin həyat və yaradıcılığına həsr olunan fotoşəkillər, bioqrafik kitablar və musiqi irsindən ibarət sərgi təşkil  olunub.

Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında