20 il əvvəl ilin, ayın bu vədəsində –1996-cı il oktyabrın 29-da böyük ideallar şairi, mənzum dramaturgiyamızın banisi, müdhiş repressiya qurbanı Hüseyn Cavidin döğulub-böyüdüyü Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin iştirakı ilə əzəmətli məqbərəsinin təntənəli açılışı olmuşdu. Azərbaycan mədəniyyəti tarixinə qızıl hərflərlə yazılan həmin hadisə həm də yaddaşlarda ədalətin təntənəsi günü kimi yaşayır.
Sovet totalitarizminin tüğyan etdiyi ədalətsizlik dövründə Hüseyn Cavid “insanları xöşbəxtliyə çıxarmış” sosializmin " tarixi nailiyyətlər"indən yazmağı özünə rəva bilməmiş, Stalini, nefti, pambığı mədh etməkdən boyun qaçırmışdı. Ona görə də bu mətin şəxsiyyət Uzaq Şərq buzlaqlarına, Maqadana sürgün edilmiş, sonra Zabaykalyeyə gətirilmişdir. Buradakı ağır şəraitə dözməyən şair xəstələnmiş və 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində faciəli surətdə dünyadan köçmüş, daha doğrusu, böyük ideallar və xalqının istiqlal mübarizəsi yolunda qurban getmişdir.
Ulu öndər Heydər Əliyevin hələ covet dövründə Hüseyn Cavidin qərib məzarının Vətənə köçürülməsini təşkil etməsi, şəhid şairin cənazəsinin qalıqlarının Naxçıvanda dəfn edilməsi xalqımızın öz milli dəyərlərinə dərin bağlılığının, böyük şəxsiyyətlərinə sahib çıxmasının bariz nümunəsi olmuşdu. İllər keçəndən sonra müstəqillik qazanmış ölkəmizin Prezidenti Heydər Əliyevin Hüseyn Cavidə onu dünyaya bəxş etmiş Naxçıvanda məqbərə ucaltdırması isə xalqımızın tarixi ədalətsizliklərin qalıqlarını inamla aradan qaldırmasının təntənəsini göstərirdi.
Xoşbəxtlikdən, Azərbaycan Dövlət Teleradiosunun əməkdaşı kimi, mən də Naxçıvanda keçirilən həmin təntənələrin iştirakçısı olmuşdum. O vaxta qədər olduğum təyyarə limanlarının heç birini həmin gün Naxçıvan hava vağzalındakı kimi izdihamlı görməmişdim. Bütün şəhər bura axışmışdı-- cavanlı- qocalı, uşaqlı- böyüklü, qızlı- oğlanlı hamı əllərində gül-çiçək dəstəsi Bakıdan Cavidin məqbərəsinin açılışı mərasimində iştirak etmək üçün Naxçıvana gələn Azərbaycan Prezidenti Heydər Əliyevi və onu müşayiət edən görkəmli ziyalıları qarşılamağa yığışmışdı. Şüarlar yazılmış transporantlar, bayraqlar və bir yanda da boynu qırmızı ipək lentlə haşiyələnmiş qurbanlıqlar hamımızı gözləyən misilsiz Naxçıvan görüşlərinin başlanğıc mənzərəsi idi.
Həmin o unudulmaz günlərdə daha bir nəfərin həyatında uğurlu dəqiqələr başlamışdı. İsa Həbibbəyli Y. Məmmədəliyev adına Naxçıvan Universitetinə rektor təyin edilmişdi. Hazırda Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəylinin təəssüratını da o dəqiqələrdə elə təyyarə limanında lentə almışdım.
– Bu gün bütün naxçıvanlıların sevincinin həddi-hüdudu yoxdur. Ən başlıcası odur ki, hörmətli Prezidentimiz Heydər Əliyev böyük bir ziyalı ordusu ilə gəlib. Bu gəlişin xoş məramları çoxdur. Ən vacibi odur ki, bu gün Naxçıvanda bu torpağın şöhrətini dünyaya yaymış Hüseyn Cavidin məqbərəsinin açılışı olacaq. Bu vaxta qədər Hüseyn Cavid həqiqi qiymətini almamışdır. Mənə elə gəlir ki, o, əsl qiymətini Prezidentimizin iştirak etdiyi bu tədbirdə alacaq. Hüseyn Cavidə qoyulan bu möhtəşəm abidə, ümumən, Azərbaycan ədəbiyyatının repressiyaya uğrayan nümayəndələrinin şərəfinə ucalır. Bir sözlə, bu gün açılışına toplaşdığımız həmin abidə Azərbaycan ədəbi ictimaiyyətinin üzərindəki ləkəni bir növ silib-aparacaq. Bu gün biz H. Cavidin bəraətini bayram etdiyimiz üçün çox xoşbəxtik. Bunun üçün isə möhtərəm Prezidentimiz Heydər Əliyevə minnətdarıq.
Azərbaycan Prezidenti Heydər Əliyev və onunla gələn nüfuzlu heyət Naxçıvan torpağına qədəm qoydu. Hüseyn Cavid günlərinin təntənəsi də elə buradan başlandı. Hamı maşınlara əyləşib, şəhərin mərkəzinə doğru irəliləmək istəyirdi. Naxçıvanlılar isə yollarda, sanki Prezidenti aparan maşının qarşısına sədd çəkmişdilər. Üçillik ayrılıqdan sonra onu yenidən yaxından görmək istəyirdilər. Ulu öndərin əyləşdiyi maşına əllərini sürtməklə təsəlli tapırdılar. Ardınca gül-çiçək atmaqla öz məhəbbətlərini bildirirdilər. Yolboyu qurban kəsməklə niyyətlərini ifadə edirdilər.
Beləcə, maşın karvanı və insan axını addım-addım şəhərə doğru irəliləyirdi. İnsanlarda bu sevinc coşqunluğunu yaradan, əlbəttə, ölkə Prezidenti idi.
Yolboyu həmsöhbətlərim olan tanınmış ədəbiyyatşünaslarımızla da müsahib oldüm. Bəkir Nəbiyev və Yaşar Qarayev də həmin anlarda Hüseyn Cavidə məhəbbət, tarixi qədirbilənlik üstə köklənmişdilər. Bəkir müəllimin sevincdən gözləri yaşarmışdı:
– Uzun illər boyu yad torpaqda, qərib diyarda olan, sonralar isə doğma yurda qovuşan Cavidin, həqiqətən də, bayram günüdür. Yaradıcılıq sahəsində ən varlı, ən zəngin, şəxsi tale baxımından isə ən binəsib Hüseyn Cavidin bayramı hər bir azərbaycanlının doğma bayramıdır ki, bundan hər bir ziyalıya, alimə pay düşür.
Yaşar müəllim də Cavid günlərinin dəyərindən söz açdı:
– H.Cavidin bu tarixi məqbərəsinin açılışı onun anadan olması gününə təsadüf edir. Ona görə də bu açılışı biz bir mədəniyyət, poeziya bayramı kimi müşahidə edirik. Elə bil ki, bütün Naxçıvan yollara çıxıb, maşınımız insan selində axan körpünü, gəmini xatırladırdı. Ümumxalq bayramı kimi cəmiyyətimizin bütün təbəqələri tərəfindən Cavid poeziyasının nə qədər böyük ehtiramla qarşılandığının burda şahidi oluram. Onun əsərləri, şübhəsiz ki, təkcə Naxçıvan, Azərbaycanda deyil, bütün türk dünyası miqyasında sevilir, tamaşaya qoyulur, tədqiq olunur, araşdırılır.
Naxçıvanın gəzməli-görməli yerləri tədbirin əsas marşrutu idi. Şəhərin mədəni və tarixi abidələri önündə ayaq saxlayan ümummilli lider Heydər Əliyev, nəhayət, Hüseyn Cavid məqbərəsinin ucaldıldığı meydanda maşından düşdü. Burda da Naxçıvan şəhərinin daha bir izdihamı öz möhtəşəmliyi ilə adamı heyrətə salırdı. İnsan dənizini yara-yara, gurultulu alqışlar altında mikrofona yaxınlaşan ölkə rəhbəri axır ki, öz arzularına çatdı. Ağ örpəkli abidə önündə bu sözləri dilə gətirdi:
– Mən çox şadam ki, on beş il bundan əvvəl qəbul etdiyim qərar bu gün həyata keçir. Mənim arzularım həyata keçirilir. Mən sizi və özümü də bu münasibətlə təbrik edirəm. H. Cavidin məqbərəsi Naxçıvanın memarlıq tarixinə yeni bir səhifədir. Naxçıvanda böyük milli və mədəni memarlıq abidələrimiz var. Bu abidə də həmin ənənələrin davamıdır. Ümidvaram ki, bu abidə də "Möminə Xatun" abidəsi kimi əsrlər boyu yaşayacaq. Gələcək nəsillər bu günü xatırlayacaq və bu abidəni yaradanları unutmayacaqlar. Mən bu abidəni yaradanlara, bunun inşası ilə məşğul olanlara – memar Rasim Əliyevə və heykəltəraş Ömər Eldarova təşəkkürümü bildirirəm. Bizim memarlarımız, heykəltəraşlarımız, rəssamlarımız, mədəniyyət xadimlərimiz Azərbaycan memarlıq mədəniyyətini bundan sonra da yüksək səviyyədə davam etdirəcəklər. Mən sizin hamınızı bu bayram münasibətilə təbrik edir, H.Cavid məqbərəsini təntənəli surətdə açıq elan edirəm...
Həmin gün Naxçıvan torpağının yeni əbədiyyət ünvanında qurulmuş tribunada neçə-neçə görkəmli insanın ürək sözləri eşidildi, neçə-neçə acılı-şirinli xatirə səsləndi. Ulu öndər Heydər Əliyevin üzərindən ağ örpəyi götürdüyü Hüseyn Cavid məqbərəsinin əzəməti şəhərin bu güşəsinə ecazar bir gözəllik gətirdi. Məqbərəyə daxil olan hər kəsin qəlbindən qəribə hisslər keçirdi. Onlar burada, nəhayət, böyük Heydər Əliyevin istəyi və xeyirxahlığı ilə bir-binə qovuşmuş Hüseyn Cavidin, onun vəfalı həyat yoldaşı Müşkünaz xanımın və dünyadan nakam və nigaran getmiş oğlu Ərtoğrulun müqəddəs ruhlarına rəhmət diləyirdilər.
Telman QARAYEV,
Əməkdar jurnalist
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.