Elm və mədəniyyətimiz dərindən təhlil edildikcə, ölkəmizin inkişaf tarixi və onun mərhələləri daha da aydın görünür. Bu sahədə Azərbaycan alimləri şərəfli yol keçmiş, eyni zamanda, dünya elmi ilə inteqrasiyada inkişaf edərək həmin sahəyə dəyərli töhfələr vermişlər.
Bu gün başqa elm sahələrində olduğu kimi, tarix elminin də qarşısında daha böyük vəzifələr durur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqdakı məruzəsində demişdir: “Biz öz tariximizi, bu reallıqları dünya miqyasında daha da dolğun təqdim etməliyik … İlk növbədə, bizi tanısınlar, görsünlər ki, nə qədər zəngin tariximiz var… Bizə qarşı təxribatlar aparılır… Cənubi Qafqazın tarixi ilə bağlı yalan, uydurma əsasında kitablar dərc edilir, tədqiqatlar keçirilir”.
Dövlət rəhbərinin qarşıya qoyduğu vəzifələr baxımından bu yaxınlarda işıq üzü görmüş AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Tamilla Kərimovanın “Azərbaycan Milli Elmlər Akademiyasının yaranması” kitabı mühüm əhəmiyyət kəsb edir. 30 çap vərəqi həcmindən çox olan kitabda Azərbaycan elm tarixinin və elmi təfəkkürünün formalaşmasının 1945-ci ilə qədərki dövrü və eləcə də AMEA-nın yaranması tarixinin fundamental məsələlərindən bəhs edilir. Tədqiqatın aparılmasında 900-dək nüfuzlu mənbələrdən istifadə edilmişdir. Bir çoxu ilk dəfə çap edilən qiymətli şəkillər illüstrasiya olunur. A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun rəhbərliyi ilə yüksək səviyyədə yerinə yetirilən tədqiqat əsərləri sırasında haqqında bəhs etdiyimiz elmi tədqiqatın özünəməxsus xüsusi yeri vardır.
Müəllif zaman və məkan amilini düzgün qiymətləndirə bildiyindən coğrafi - siyasi vəziyyətin dünya ölkələrinə və regionlara təsirindən və əks-təsirdən düzgün nəticə çıxara bilmişdir. Eyni zamanda, bir çox ölkələrin elmi məlumatlarında azərbaycanlı alimlərin nailiyyətlərinin yayılması ilə IX-XII əsrlərdə ölkəmizin də çiçəklənmə dövrü keçməsi ətraflı şərh edilir. Azərbaycanda ədəbiyyat, hüquqşünaslıq, təbiətşünaslıq, riyaziyyat, coğrafiya, astronomiya, təbabətin müxtəlif sahələri və s. yüksək inkişaf səviyyəsinə çatmışdır. Həmin sahələr üzrə tanınmış Azərbaycan alimlərinin Naxçıvandan, Şirvandan, Dərbənddən, Marağadan, Təbrizdən və başqa şəhərlərdən çıxaraq Bağdad, Qahirə, İsgəndəriyyə, Kufə, Bəsrə, Dəməşq və s. kimi elm, təhsil, mədəniyyət mərkəzlərində fəaliyyət göstərmələri, azərbaycançılığın yayılmasından, alimlərimizin Azərbaycan sərhədlərindən kənara çıxmasından bəhs edilir.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə Azərbaycanda elmi təfəkkürün yeni inkişaf mərhələsinə qədəm qoyuldu. 1919-cu ildə Azərbaycanda ilk ali təhsil və elm mərkəzi, demokratik Azərbaycan mədəniyyətinin bayraqdarı olan Bakı Dövlət Universiteti yaradıldı.
1923-cu ildə yaranan respublikanın ilk elmi qurumu Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti 1929-cu ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutuna (AzDETİ) çevrildi. İnstitutun 7 müstəqil şöbəsi təşkil olundu. Sonrakı inkişaf mərhələsi təsdiq etdi ki, AzDETİ-nin yaradılması Azərbaycan xalqının həyatı və fikri tərəqqisi, milli mədəniyyətin elmi əsaslar üzərində qurulmasında yeni bir səhifə açmış oldu.
Otuzuncu illərin əvvəllərində SSRİ EA Zaqafqaziya filialının Azərbaycan şöbəsinin (EAZFAzŞ) yaradılması ilə daha önəmli işlər həyata keçirilirdi. Azərbaycan xalq təsərrüfatının yenidən qurulması və coşqun inkişafı məhsuldar qüvvələrin inkişafına kompleks yanaşma tələb edirdi. Həmin məqsədlə yeni düşüncəli kadrların hazırlanmasına ehtiyac yaranırdı. Mövcud elmi müəssisələr və ali məktəblər bu tələbin öhdəsindən gələ bilirdilər. EAZFAzŞ-in strukturunda elmin mühüm sahələri əhatə edilirdi. Eyni zamanda, sahəvi elmi komissiyalar təşkil edilmiş və elmi tədqiqat işləri 3 əsas istiqamətdə – təbiət elmləri, texnika və ictimai elmlər sahəsində aparılırdı.
Kitabın müəllifi AMEA-nın hər bir elmi tədqiqat institutlarının yaranması və inkişaf etdirilməsinin keçdiyi yolu işıqlandırdıqca, belə fikir ifadə edir ki, elə təkcə həmin dövrlərdə alimlərin yaratdıqlarına görə bugünkü nəsil fərəh hissi keçirir. Məsələn, Geologiya İnstitutunun yaranması ilə onların nəinki Azərbaycan və eyni zamanda, dünya əhəmiyyətli tədqiqatları bir çox xarici alimlərin diqqətini cəlb edirdi.
Azərbaycan kimyaçılarının yeni texnoloji kəşfləri elmə yeniliklər verməklə yanaşı, neftqazma, neft istismarı sahələrinin təkmilləşdirilməsinə, xaricdən gətirilən bəzi xammalların Azərbaycanda istehsalına və yeni növ xammalların alınmasına şərait yaratmasının başlanğıcını qoymuşdur. Deyilənlər kimya elminin sahələrini inkişaf etdirməklə yanaşı, geokimya, fiziki-kimya, termokimya və mikrokimya sahələrinin inkişafına şərait yaratmışdır.
Hələ 1933-cü ildə EAAzFAzB-in tərkibində yaradılmış, 1941-ci ildə yenidən təşkil edilən EAAzF-in Energetika İnstitutu Bakının və sonralar Mingəçevirin energetika mərkəzinə çevrilməsində xüsusi rola malik olmaqla, məhsuldar qüvvələrin inkişafına təkan vermişdir. Həmin sahədə yanacaq, hidroenerjidən istifadə sahəsində mühüm tədqiqatlar aparılmaqla yanaşı, Günəş və külək enerjisindən istifadə, su mənbələrinin kadastrı və s. öyrənilməyə başlanmış, az vaxtda Azərbaycan fizikləri müxtəlif tədqiqatların aparılması üçün xüsusi cihaz ixtira etmiş, onların bir çoxu müvəffəqiyyətlə istehsal sahələrinə tətbiq edilmişdir. Fizika sektoru və sonralar institut kimi fəaliyyət göstərən Fizika İnstitutunda Azərbaycanda güclü fizikşünaslar yetişməklə yanaşı, həmçinin institutla ittifaqın bir çox alimlərinin fəaliyyətləri ilə bağlı olmuşdur və yaxud da keçmiş SSRİ-in bir çox fizikşünasları ilk fəaliyyətlərinə buradan başlamışlar: İ.V.Kurçatov, Y.B.Lopuxin, V.Q.Dorfman və başqaları.
Biologiya elmi də genişmiqyaslı inkişaf etdirilməklə üç istiqamətdə aparılırdı: Botanika, Zoologiya institutları və Torpaqşünaslıq sektoru. Hər üç qurumun fəaliyyəti nəticəsində Azərbaycanın flora və faunası öyrənilmiş, onların xalq təsərrüfatında yeri müəyyən edilmişdir.
1935-ci ildən fəaliyyətə başlayan SSRİ EA-nın Azərbaycan sahəsində çox mühüm təşkilatlanma baş verdi. 1935-ci ildən keçən on ilin beş ili müharibə dövrünə təsadüf etsə də, həmin dövrdə başlanğıcını 30-cu illərdən götürən Azərbaycan elmi yeni statusunu – akademik elmi statusunu qazanır. İkinci ən mühüm cəhət odur ki, SSRİ EA Azərbaycan şöbəsində geologiya, kimya, fizika sahəsində fəaliyyət göstərən sektorlar, laboratoriyalar və s. müvafiq elmi tədqiqat institutları yaradaraq elmi təşkilata çevrilməyə başlamışlar.
Humanitar elmlər sahəsində də böyük işlər görülmüşdür. 1935-ci ildən fəaliyyətə başlayan Azərbaycan bölməsində fəaliyyət göstərən tarix bölməsi Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutuna çevrilmişdir.
Ədəbiyyat və Dil İnstitutunun alimlərinin qarşısında duran təxirəsalınmaz məsələlərdən biri Azərbaycan ədəbiyyatı tarixini, şifahi xalq poetik yaradıcılığı nümunələrini tədqiq etmək, müxtəlif dövrlərdə yaşayıb-yaratmış söz ustalarının əlyazmalarını, divan və külliyatlarını toplayıb tədqiq etmək və klassik irsin qiymətli nümunələrinin aşkara çıxarılmasına şərait yaratmaq olmuşdur.
1937-ci ildə SSRİ EA Azərbaycan filialında coğrafiya sektoru təşkil edildi. Tədqiqatda göstərilir ki, ilk növbədə, respublikanın təbii ehtiyatlarının öyrənilməsi ilə rayonlaşdırılma aparılması, Azərbaycanın iqlimi, Qafqazın şərq hissəsində müasir buzlaşmalar, Xəzər dənizinin cənub və orta hissəsinin relyefi, çayların Xəzərin su rejiminə təsiri, quru subtropiklərin iqlim xarakteristikası, Azərbaycanın fiziki və iqtisadi-coğrafi xarakteristikası tədqiq edilməyə başlanması idarəetmədə mühüm əhəmiyyət kəsb etmişdir.
1938-ci ildə yaradılan iqtisadiyyat sektoru, əsasən, neft iqtisadiyyatı, pambıqçılıq kolxozlarında əməyin təşkili və s. mövzular tədqiq edilirdi. Bu sahədəki tədqiqatlar qismən də siyasi-iqtisadi məzmun kəsb edirdi.
Fəlsəfə sektoru Azərbaycanda ictimai fikir tarixinin öyrənilməsi ilə məşğul olmuşdur. Xüsusilə Azərbaycanın mütəfəkkir yazıçı və ictimai fikir tarixi nümayəndələrinin fəlsəfi dünyagörüşləri təhlil edilmişdir. Qısa vaxt ərzində antik və eləcə də yunan fəlsəfəsi şərh edilmiş, Nizaminin, İbn-Sinanın, Nəsirəddin Tusinin, Füzulinin, Bəhmənyarın və b. fəlsəfi təlimləri təhlil edilmişdir.
SSRİ EA-nın vitse-prezdenti O.Y.Şmidt Bakıya gələrkən (1941) Azərbaycan filialının fəaliyyəti ilə tanış olduqdan sonra elmi-tədqiqat institutlarının fəaliyyəti haqqında yüksək fikir söyləyərək axırda aşağıdakıları bildirmişdir: “Bu, qüvvətli kollektivdir və özünü gələcək Azərbaycan Elmlər Akademiyasının rüşeymi hesab etməyə bütün əsasları vardır”.
Monoqrafiyada göstərildiyi kimi, 30-cu illərdən başlayan kütləvi repressiya respublikada elmin inkişafına ciddi zərbələr vurdu. Əsrlər boyu formalaşan mədəniyyət və elmin bir çox sahələri inkar edilirdi. Tarix boyu inkişaf etməkdə olan elm və onun nümayəndələri burjuaziya və sovet elmi kimi süni olaraq iki cəbhəyə bölünür və biri digərini inkar edirdi. Göstərilənlərin ziyanları təkcə elmə və alimlərə deyil, bütün insanları və cəmiyyəti zülmə salmış, itkilərə səbəb olmuşdur.
Keçmiş SSRİ EA Azərbaycan filialının elmi müəssisələrinin fəaliyyətinin yenidən qurulmasının ilk yekunları müharibə başlanandan cəmi iki ay sonra nəzərdən keçirildi. Filialın Rəyasət Heyəti hərbi dövrün qarşıya qoyduğu vəzifələrin çox qısa vaxtda həyata keçirilməsi barədə respublika hökumətinə məruzə təqdim edilmişdir. Elmin istehsalatla əlaqəsi həmişəkindən daha artıq dərəcədə möhkəmlənmişdir. Müharibə ərəfəsində bütövlükdə İttifaqda istehsal edilən yüksək növlü aviasiya benzininin və sürtkü yağlarının 85 faizi, kerosin və liqroinin 90 faizi, avtotraktor və sənaye yağlarının 96 faizi, yüksək növlü mazutların, demək olar ki, 100 faizi Azərbaycanın payına düşürdü. Göstərilən məsul vəzifənin yerinə yetirilməsində Azərbaycanın kimyaçı, geoloq, mexanik, riyaziyyatçı, təbiətşünas və s. sahədən olan alimləri əvəzedilməz xidmətlər göstərmişlər. Müharibənin nəticələri şərh edilərkən bu cəhəti önəmə çəkmək gərəkdir ki, müharibə dövründə itirilən canlı qüvvənin əhalinin ümumi sayına görə müqayisəsində Azərbaycan 1-ci, Ukrayna 2-ci, Özbəkistan-3-cü, Rusiya 4-cü yeri tutmuşdur.
1942-ci ildə Azərbaycan hökuməti “Azərbaycan SSR ali məktəblərinin işinin yaxşılaşdırılması tədbirləri haqqında” qərar qəbul etmişdir. Bir ay müddətində ali məktəblərin, institutların, digər elm və təhsil müəssisələrinin tematik planlarını yenidən nəzərdən keçirərək aktual müdafiə əhəmiyyəti kəsb edən elmi tədqiqat işlərinin yerinə yetirilməsinə ciddi nəzarət edilirdi. Azərbaycanın kimya, geologiya, fizika sahəsində çalışan alimləri strateji əhəmiyyət kəsb edən xammalların texnologiyalarının, yataqlarının kəşfində əvəzsiz xidmətlər göstərmişlər. Xüsusilə alim Y.Məmmədəliyevin rəhbərliyi ilə kimya və neft – kimya sahəsində böyük kəşflər həyata keçirilmişdir. Geoloq alimlər strateji əhəmiyyətli mineral yataqlar kəşf etmişlər.
Kitabda göstərilir ki, ölkə rəhbərliyi tərəfindən Azərbaycan alimlərinin düşmən üzərində qələbənin təmin edilməsində xidmətləri yüksək qiymətləndirərək respublikanın 100 nəfərdən çox alimi SSRİ orden və medalları ilə təltif edilmişdir. Azərbaycan alimlərindən 7 nəfəri Dövlət mükafatına layiq görülmüş, 50 nəfər elmi əməkdaşa “Azərbaycanın Əməkdar elm və texnika xadimi” fəxri adı verilmişdir.
Müharibə dövründə Azərbaycanın nəinki canlı əsgər qüvvəsi, eyni zamanda, alimləri də faşizm üzərində qələbənin qazanılmasında müstəsna xidmətlər göstərmişlər. SSRİ EA-nın rəhbərliyi akademiyanın Rəyasət Heyətində və heyətin yaratmış olduğu xüsusi komissiyanın yekun iclaslarında Elmlər Akademiyasının Azərbaycan filialının işinə yüksək qiymət vermişdir.
1945-ci il yanvarın 23-də SSRİ hökuməti SSR EA-nın və Azərbaycan SSR Xalq Komissarları Şurasının təqdimatına əsasən, Bakı şəhərində EAAzF-ın yenidən təşkil edilməsi və Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması barədə qərar qəbul etmişdir. Mürəkkəb və məsuliyyət tələb edən hazırlıq işləri başa çatdıqdan sonra SSRİ XKS-nın qərarına müvafiq olaraq Azərbaycan SSR XKS öz qərarı ilə 1945-ci il martın 27-də SSRİ EA Azərbaycan filialı və respublikanın bir sıra başqa elmi-tədqiqat müəssisələri bazasında Azərbaycan SSR Elmlər Akademiyasını təsis etdi. Akademiyanın ilk prezidenti görkəmli alim Mirəsədulla Mirqasımov, Rəyasət Heyətinin üzvlüyünə isə Azərbaycanın tanınmış qabaqcıl alimləri və ictimai xadimləri seçilmişlər.
Şövqi Göyçaylı,
BDU-nun coğrafi ekologiya
kafedrasının müdiri, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.