Onunla ömrünün lap ahıl yaşlarında, rəssamların binasında, beşinci mərtəbədəki mənzilində görüşmüşdüm. Tənha yaşayırdı, qapını da üzümə özü açmışdı. Söhbətimiz uzun çəkdi. Maral xanım gəncliyindən, Moskvada Səttar Bəhlulzadə ilə birgə təhsil aldığı illərdən, Xınalığın atqalxmaz yollarında çəkdiyi əziyyətli günlərindən danışdı. Danışdıqca da kövrəlirdi, deyirdi ki, indi o taqətim yoxdu, amma dağlara bir də qalxmağı elə istərdim ki...
Dağların rəngləri onun qəlbini oxşayırdı, Xınalığın rəng çalarları rəssama yeni mövzular verirdi. Aylarla bu çılpaq dağlarda öz əsərlərini yaradırdı. Doğulduğu Bakının qumlu dəniz sahilləri ilə Şahdağın qarlı zirvələrinə ucalan yamaclarda hansısa oxşar paralellər axtarırdı. Hər ikisinin sərt təbiəti onun fırçasından çıxan əsərlərdə elə təbii görsənirdi ki, tamaşaçılar istər-istəməz bu lövhələrə böyük həvəslə baxırdılar.
Maral xanım tərcümeyi-halından da geniş söhbət açmışdı. Demişdi ki, 1916-cı ildə anadan olub. 1930-1933-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda oxumuş, 1934-1940-cı illərdə Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsilini davam etdirmişdir. İnstitutu bitirdikdən sonra onu Moskvanın bədii ədəbiyyat nəşriyyatlarından birinə kitab illüstratoru təyin etdilər, amma Maral gözlənilmədən uğurla başladığı karyerasını yarımçıq qoymaq qərarını verib, Bakıya qayıtdı. Bundan az sonra Böyük Vətən müharibəsi başladı və gənc rəssam istedadının bütün gücünü hərbi vətənpərvərlik mövzularına həsr etdi.
Maral Rəhmanzadə professional rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın idi. O, danışırdı ki, mən qadın mövzusuna həmişə məsuliyyətlə yanaşmışam. Bu mövzunu mənə ətrafımda olan qadınlar diktə edirdi. Onun Azərbaycan qadınlarına həsr edilmiş ilk diplom işi Surikov məktəbinin rektoru, məşhur rəssam və sənətşünas İqor Qrabar tərəfindən hələ o vaxt yüksək qiymətləndirilib. Qadın gözəlliyi, zərifliyi, istedadı, əzəməti bu rəsmlərin başlıca qayəsini təşkil edir. Maral xanım Rəhmanzadə Azərbaycan təsviri incəsənətinin elə bir simasıdır ki, o, hər zaman ətrafa işıq saçıb, hər kəsi öz cazibəsində saxlamağı bacarıb. "Cəbhə rəfiqələri", "Qadın ansamblının çıxışı", "Haqsızlıq", "Köləlik simvolu" kimi əsərləri bu qəbildəndir.
Xalq rəssamı Maral Rəhmanzadə Azərbaycanın müxtəlif dilbər guşələrində, səfalı yerlərində tez-tez ezamiyyətlərdə olurdu. O, keçilməz dərələri və qayalıqları mətanətlə aşaraq, təbiətin ecazkar gözəlliklərini yorulmadan müşahidə etməklə sənətin tərcüməyə ehtiyacı olmayan dili ilə bəşər övladına çatdırırdı.
Onun məşhur dağ kəndi Xınalığa həsr edilmiş işlərini, ümumilikdə isə yaratdığı bu seriyanı rəssamın yaradıcılığının incisi hesab etmək olar. Xınalıq kəndinin özünəməxsus fakturasını, təbii xüsusiyyətlərini, adət-ənənələrini, etnoqrafiyasını yüksək məharətlə və xüsusi zövqlə təsvir edib. Rəssamın Xınalıq seriyasından "Xonça aparırlar" (1964) adlı əsərində dağların zirvəsində salınmış Xınalıq kəndinin tikililəri fonunda bir dəstə milli geyimli qız-gəlini xonçalarla təsvir edib. Əsərin bədii ifadə və emosional təsir yükü çox qüvvətlidir. Bunu obrazların lirik, axıcı siluetləri daha da artırır. Bu xüsusiyyətləri "Dağların başında" (1964) , "Dağ kəndi Xınalıq. Atlılar" (1964) və s. əsərlərinə də şamil etmək olar.
Maral Rəhmanzadə müasir milli rəngkarlıq məktəbinin inkişafında yüksək xidmətləri olan sənətkarlarımızdandır. O, təsviri sənətimizin zəngin ənənələrini davam etdirməklə yetmiş ildən artıq bir dövr ərzində səmərəli fəaliyyət göstərmiş, mənaca dolğun, təbii və yaddaqalan lövhələr yaradaraq, Azərbaycan rəssamlıq sənətinə layiqli töhfələr vermişdir. Mahir fırça ustasının müxtəlif mövzularda əsərləri mədəniyyət tariximizə boyakarlığın qiymətli nümunələri kimi daxil olmuşdur.
Rəssam qrafika sahəsində xüsusilə məhsuldar çalışmışdır. Onun yaratdığı silsilələrdə Azərbaycanın füsunkar təbiəti dərin emosionallıq və böyük ustalıqla tərənnüm edilmişdir. Kitab qrafikası sahəsində klassiklərimizdən Nizami Gəncəvinin, Şah İsmayıl Xətainin və Məhəmməd Füzulinin kitablarına verdiyi bədii tərtibatlar və çəkdiyi çoxsaylı illüstrasiyalar oxucuya əsərlərin məzmun və qayəsinin obrazlı çatdırılmasında əhəmiyyətli vasitə olmuşdur.
Bu böyük fırça ustasının Vətənimizin ayrı-ayrı guşələrinin, o cümlədən Naxçıvanın, Lənkəranın, Şamaxı və Qubanın qədim tarix və təbiət abidələrini, əsrarəngiz mənzərələrini əks etdirən milli koloritli əsərləri qrafik elementlərin lakonikliyi və güclü səmimiyyəti ilə seçilərək müəllifinə rəğbət qazandırmışdır. Doğma yurdun təbii gözəlliklərini sevməyə və qorumağa çağıran həmin əsərlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynamışdır.
Onun portret janrında yüksək sənətkarlıq nümunəsi sayılan əsərləri isə son dərəcə özünəməxsusluğu və nikbin ruhu ilə səciyyələnir.
Maral Rəhmanzadə bir sıra xarici ölkələrin həyatından eskizlər çəkmiş, silsilə qravüralar yaratmışdır. Bununla yanaşı, rəssamın əl işləri London, Moskva, Nyu-York, Paris, Tokio və dünyanın digər şəhərlərinin tanınmış muzeylərində, rəsm qalereyalarında və mötəbər sərgi salonlarında uğurla nümayiş etdirilməklə Azərbaycan boyakarlığına beynəlxalq miqyasda şöhrət gətirmişdir. Onun xarici ölkələrdə dəfələrlə təşkil olunmuş fərdi sərgiləri mədəniyyətimizin təbliğinə xidmət etmişdir.
Maral xanım milli təsviri sənətin inkişafındakı böyük xidmətlərinə görə bir çox orden və medalla təltif edilmiş, müstəqil respublikamızın ali mükafatlarından olan "Şöhrət" ordeninə layiq görülmüşdür.
Müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, respublika Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Maral Yusif qızı Rəhmanzadə 2008-ci il martın 16-da ömrünün 92-ci ilində vəfat etmişdir. Onun işıqlı xatirəsi də əsərləri kimi xalqımızın yaddaşında əbədi yaşayacaqdır.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.