“Azərbaycan Respublikasının tarixi” ikicildliyinin təqdimat mərasimi keçirilib

Oktyabrın 13-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Azərbaycan Respublikasının tarixi” ikicildliyinin təqdimat mərasimi keçirilib.

 Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu, Prezident Kitabxanası və “Azərbaycan Tarixçiləri” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə kitabın əhəmiyyətindən danışılıb.

Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov  təqdim olunan əsər haqqında qısa məlumatında qeyd edib ki, fundamental elmi araşdırma olan “Azərbaycan Respublikasının tarixi” ikicildliyinin nəşri müstəqil Azərbaycanın elmi həyatında mühüm hadisədir. Nəşrin tarixşünaslıq elmimizə mühüm töhfə olduğunu bildirən M. Orucov bu sanballı əsərin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə  həsr olunduğunu vurğuladı. Kitabın özəlliklərindən biri də son 25 illik dövlətçilik tariximizin  nəşrdə öz əksini tapmasıdır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev çıxış edərək deyib ki, bugünkü təqdimatın mühüm əhəmiyyəti var. Ona görə ki, bu günlər Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ölkəmizin hər yerində dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü geniş  qeyd olunur.

Azərbaycanın dövlətçilik tarixinin son 25 illik dövrünə nəzər salan Prezident Administrasiyasının rəsmisi kitabın məziyyətlərindən, tarixi əhəmiyyətindən söz açıb.

Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunmuş əsərin elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik Akif Əlizadə, elmi redaktoru isə AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur. Geniş tədqiqatçılar heyəti tərəfindən yazılmış əsər Azərbaycanın müstəqillik dövrü tarixinin akademik səviyyədə araşdırılması yolunda ilk təşəbbüsdür. Əsərin 1-ci cildi 1991-2003-cü illəri, yəni, tariximizin Heydər Əliyev dövrünü, 2-ci cildi isə 2003-2016-cı illəri – Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş tarixi nailiyyətləri və ölkədə aparılan böyük quruculuq, abadlıq işlərini əhatə edir. Birinci cilddə 1991-ci il Azərbaycan dövlətçiliyinin bərpası, bütövlükdə, xalqımızın qədim dövlətçilik ənənələrinin dirçəlişi ili kimi qiymətləndirilir. Bu məsələnin araşdırılmasına ayrıca fəsil həsr olunub. Cilddə itirilmək təhlükəsi ilə üz-üzə qalmış Azərbaycan dövlətçiliyini xilas etmək üçün Heydər Əliyevin rəhbərlik etdiyi qurtuluş mərhələsinə geniş yer verilib. İkinci cilddə isə 2003-2016-cı illərdə ölkədə aparılmış geniş islahatlar proqramının icrasına, böyük quruculuq və abadlıq işlərinə, xarici siyasət sahəsində əldə olunmuş uğurlara, Heydər Əliyev Fondunun fəaliyyətinə ayrı-ayrılıqda fəsillər həsr olunub.

“Azərbaycan Respublikasının tarixi” ikicildliyinin materialları tanınmış tarixçi-alimlər tərəfindən yazılıb. Hər iki cilddə müstəqil Azərbaycanın xarici siyasətinə dair fəsillərin müəllifi isə bu sahənin görkəmli mütəxəssisi, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovdur.

Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında