“Qərbi Azərbaycan, Göyçə – erməni işğalı”

Yeni nəşrlər

Ulu yurd yerlərimizdən olan Göyçə sevgisi və  həsrəti, doğma yurda olan dərin məhəbbət  tanınmış şair, tarixi romanlar müəllifi Eldar İsmayıl yaradıcılığının ana xəttini təşkil edir. Onun qələmindən çıxan  hər bir kitab öz bədii məzmunu və məlumat zənginliyinə görə seçilir. Bu yaxınlarda işıq üzü görmüş, Eldar İsmayıl və gənc yazıçı, araşdırmaçı Gündüz Əhmədlinin qələmə aldıqları  “Qərbi Azərbaycan, Göyçə-erməni işğalı” kitabı da məhz bu qəbildəndir.

  Beynəlxalq Mətbuat Mərkəzində keçirilən  təqdimatda  kitabın redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü  Arif Məmmədli Eldar İsmayıl yaradıcılığı haqqında dolğun məlumat verdi. Bildirdi  ki, torpağa məhəbbət, Göyçə nisgili onun yaradıcılığında bədii boyalarla əks edilmişdir.  Sözügedən kitab  gərgin araşdırma məhsulu olub, ermənilərin zaman-zaman  xalqımızın başına gətirdikləri bəlalardan, erməni işğalı və tarixi saxtakarlıqlarından bəhs edir. Əsərdə xüsusən  erməni müəllif Q.K.Qabrielyanın “Mirvari Sevan” kitabındakı saxtakarlıqlar təkzibedilməz faktlarla ifşa olunur.

Natiqlər Göyçə tarixinə işıq tutan belə nəşrlərə ehtiyac olduğunu və bunun gələcək nəsillər üçün önəmini vurğuladılar.

Akademik Teymur Bünyadov, araşdırmaçı-alim Nazim Mustafa, professor Fəxrəddin Məmmədov, professor İbadulla Ağayev, dosent Nağdəli Zamanov və digər çıxış edənlər Göyçənin əbədi-əzəli Azərbaycan yurdu olduğunu, kitabın qədim yurd yerlərimizin tarixini öyrənmək üçün qiymətli faktlarla zənginliyini vurğuladılar.

“Qərbi Azərbaycan, Göyçə – erməni işğalı” kitabında bu gün Ermənistan ərazisində qalan azərbaycanlılara məxsus tarixi abidələrdən, qondarma erməni soyqırımının qabardılmasından,  ikili standartlardan söhbət açılmaqla bərabər, dünya miqyasında tanınmış ictimai xadimlərin, yazıçıların obyektiv mövqeyi də işıqlandırılır.  Xronoloji ardıcıllıqla tarixi proseslərə də toxunan müəlliflər araşdırmalarında rəsmi yazışmaları, maraqlı tarixi sənədləri oxucuların diqqətinə çatdırırlar.

  Kitabda tutarlı dəlillərlə, mənbələrə əsaslanaraq erməni yalanları ifşa edilir,  dəyişdirilmiş  tarixi yurd yerlərinin əski adlarına toxunulur, müxtəlif illərdə erməni silahlılarının törətdikləri türk-müsəlman qətliamlarından, ermənilərin bu torpaqlara köçürməsindən danışılır, eləcə də Göyçə aşıq sənəti, Qərbi Azərbaycanın görkəmli simaları haqqında da məlumatlar verilir.

Əsərdə  kənd, yer-yurd adlarının ilkin adlarının, əhalinin milli və say tərkibinin tarixi mənbələrə istinadən açıqlanması bu ərazilərdə türk tayfalarının dominantlıq etməsini bir daha təsdiqləyir.

  Sonda çıxış edən kitabın həmmüəllifi Eldar İsmayıl onların əməyini yüksək qiymətləndirdiklərinə görə hər kəsə təşəkkür etdi.

Qeyd edək ki, kitabın məsləhətçisi tarix elmləri doktoru, professor  Fəxrəddin Məmmədov, redaktorları Arif Məmmədli və Mənsur Ələkbərlidir.

Əfsanə BAYRAMQIZI, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında